Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2016/2024 19.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kənd (sabiqdə) sakini olmuş cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və Cavabdeh4 aid Gədəbəy rayonun Novoivanov kəndində yerləşən 1957-ci il tarixdə inşa edilmiş 48 kv.m fərdi yaşayış evinin, Gədəbəy rayon AİK-nın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsinin və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN-255566 və AN- 255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onunla cavabdehlər arasında xx.xx.1999-cu il tarixdə sadə razlaşma yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il tarixdə Novoivanovka kənd sakini olmuş Cavabdeh1 Pavloviçdən 1957- ci il tarixdə inşa edilmiş ümumi sahəsi 48 kv.m fərdi yaşayış evini, Gədəbəy rayon AİKnın xx.xx.1988-ci il tarixli 08 nömrəli qərarı ilə Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-066D, KOD 50500028 saylı şəhadətnamə əsasında 0.25 ha həyətyanı torpaq sahəsini və AİK-nın xx.xx.2007-ci il tarixli 3 nömrəli qərarı əsasında AN-255566 və AN255578 saylı torpaq sahəsinin plan və ölçü sənədi əsasında verilmiş ümumilikdə 1.83 ha kənd təsərrüfatı məqsədi ilə verilmiş torpaq sahəsini sadə razlaşma yolu ilə 15.000000 (on beş milyon) manat rus rubluna almışdır. Cavabdeh və ailə üzvüləri sözügedən evi yaxın qonşuların iştirakı ilə ona satması barədə qonşuluq aktı tərtib edilmişdir. 1999-cu il tarixdən daimi olaraq həmin fərdi yaşayış evində yaşayır, həyətyanı və pay torpaq sahələrini ailə üzvüləri ilə idarə edirlər. Həmin vaxt cavabdehlər ona RFR-nın Saratov şəhərində olan qohumlarının yanına getdiklərini, orada məskunlaşdıqdan sonra qayıdıb gələcəklərini və lazımı sənədləri rəsimləşdirəcəklərini bildirsələr də, bir daha qayıtmamışlar. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da, bu mümkün olmamışdır. Sözü gedən fərdi yaşayış evi və torpaq sahələri həmin vaxtdan da onun istifadəsindədir. O, bu barədə DƏDRX-nin 11 saylı ərazi idarəsinə müraciət etsə də, onun sənədləri qəbul edilməmişdir. Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı qətnaməsi ilə (hakim Marif Kazımov) iddia tələbi təmin edilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9099.93 kv.m torpaq sahəsi, AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən, Cavabdeh1 Pavloviçin mülkiyyətinə verilmiş 9200.04 kv.m torpaq sahəsi, J№ 066D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə və Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 adına olan fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və X14 arasında bağlanmış 17 aprel 1999-cu il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır və ona görə də, həmin əmlak barəsində sərəncam verilə bilməz. Məhkəmənin bu mövqeyi əsassızdır və məhkəmənin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun deyil. İddiaçı sözügedən yaşayış evinin aldığını qeyd etsə də, Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş formada alqı-satqı müqaviləsi (yazılı formada, tərəflərin imzası ilə, notarial qaydada təsdiq edilmiş) bağlanmamışdır. İşdə iştirak edən cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və Cavabdeh4 sonuncu yaşayış yeri üzrə işə baxılmanın vaxtı və yeri haqqında müvafiq icra hakimiyyətinə çatdırılmış və məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 135.3, 147-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndələri X22 məhkəmə kollegiyasının əvvəlki iclasında, X15 isə hazırkı iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, iddia ərizənin dəlillərinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməməsini, Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X26 ifadəsində göstərdi ki, o, tərəflər arasında akt tərtib edilən vaxt Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəsi işləmilş, 1999-cu ildə həmin kənddə icra nümayəndəsi işləyən zaman cavabdehlər özlərinə məxsus sözügedən yaşayış evini və torpaq sahələrini İddiaçı satmışlar. Həmin tarixdən həmin evdə iddiaçı və ailə üzvləri yaşayır. O, həmin akt üzrə imzaların həqiqiliyini təsdiq etmişdir. Cavabdehlərə aid yaşayış evi və torpaq sahələri 1999-cu ildən iddiaçının istifadəsindədir. Cavabdehlər isə 1999-cu ildə Rusiyaya getmişlər və harada yaşamaları məlum deyildir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)- 702/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: sadə yazılı formada bağlanmış 17 aprel 1999-cu il tarixli əqddən görünür ki, iddiaçı Hacıyev X18 rayonu, Novoivanovka kənd sakinləri Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və X14 ilə şahidlərin iştirakı ilə sadə yazılı formada əqd bağlamaqla, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini,1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və 1957-ci tarixdə tikilmiş fərdi yaşayış evini razılaşdılmış 15000000 rus rubluna almış və həmin məbləği Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və X10 ödənilmişdir. Gədəbəy rayon İHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 109 saylı arayışdan görünür ki, Hacıyev X2 sakini olmuş X23 məxsus olan (0.25 ha həyətyanı və 1.83 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini) fərdi yaşayış evini 1999-cu il tarixdə sadə razılaşma yolu ilə( qonşuluq aktı) ilə almış və həmin tarixdən bügünkü günədək həmin evdən və həyətyanı və pay torpağından o istifadə edir. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli, 16 nömrəli məktubdan görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Novoivanovka kənd X11 1996-2000-ci illərə dair 2 nömrəli Təsərrüfatbaşına kitabında 103cü şəxsi hesabında sorğuda qeyd olunan X27 adına təsərrüfat qeyd olunmuş və qeyd edilən ailə üzvləri var; ailə başçısı xx.xx.1958-ci il təvəllüdlü X27, xx.xx.1969-cu il təvəllüdlü X20, xx.xx.1989-cu il təvəllüdlü X21, xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4. Həmin təsərrüfatın təsərrüfatın torpaq qrafasında 0.25 na torpaq sahəsi qeyd olunmuşdur. J№ 066D KOD 50500028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahəsi verilmişdir. X24 kitabında uçota alınmış AN 255566 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Gədəbəy rayonu, Novoivanovka kəndində Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m torpaq sahəsi verilmişdir. X24 kitabında uçota alınmış AN 255578 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı iləGədəbəy rayonu, Novoivanovka kəndində Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9200.04 kv.m torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X16 bildirmişdir ki, o, Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. İddiaç onun həmkəndlisi və qonşusudur. İddiaçı alqı-satqı müqaviləsinin predmeti olan evi və torpaq sahələrini 1999-ci il tarixdə cavabdehlərdən almışdır. Həmin tarixdən həmin evdə iddiaçı və ailə üzvləri yaşayır. Alqısatqı zamanı o da iştirak etmişdir. X1 birinci instansiya məhkəmə iclasında X6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdirlər. Alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlərlə aralarında olan torpaq sahəsinin alğı-satqısına dair əqdi tamamilə icra etmiş olduğundan, cavabdehlər əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdıqlarından, iddia təmin edilməli, həmin torpaq sahəsinin alğı-satqısına dair İddiaçılə Cavabdeh1 Pavloviçə, Cavabdeh2 Mixayılovnaya, X13 və X14 arasındakı alğı-satqı müqaviləsi bağlanmış hesab edilməli, torpaq sahəsi İddiaçı mülkiyyətinə verilməlidir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ölkədə aparılan torpaq islahatınadək kəndlərdə mövcud olmuş kolxozçu həyəti həmin ailə üzvlərinin birgə mülkiyyəti hesab olunmuşdur. Kolxozçu həyətinin qeydiyyatı kənd təsərrüfatıbaşına kitablarda aparılmış və bu həyətin əmlakı barəsində sərəncam vermək hüqununu həyata keçirmək üçün onların əlavə olaraq qeydə alınmasına zərurət olmamışdır. Ev təsərrüfatlarının uçotu kitabına əsasən cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və X8 adına 1957-cı il tarixdə tikilmiş ümumi sahəsi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Həmçinin Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m və 9200.04 kv.m torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahələri verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahələrinə və fərdi yaşayış evinə cavabdehlər Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 1999-cu il tarixədək hüququnu mülkiyyətə qanuni gözlənti hüququ kimi qiymətləndirir. Belə olan halda, cavabdehlərin qeyd edilən fərdi yaşayış evi və torpaq sahələri ilə bağlı sərəncam vermək hüququ olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-cı maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin: Maddə 43. Əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, alqı-satqı müqaviləsinin predmeti olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi təsərrüfatbaşına kitabda cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və X8 adına olunmuş, həmin vaxt onların həmin evə və torpaq sahələrinə mülkiyyət hüquqlarına gözləntiləri olmuş, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 16 iyul 2007-ci il tarixli, 3 saylı qərarı ilə Cavabdeh1 Pavloviçin mülkiyyətinə 9099.93 kv.m və 9200.04 kv.m torpaq sahələri, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Cavabdeh1 Pavloviçin, Cavabdeh2 Mixayılovnanın, X7 və X8 mülkiyyətinə Gədəbəy rayonu, Novoivanovka kəndində 0.25 ha torpaq sahələri verilmişdir. Cavabdehlər Cavabdeh1 Pavloviç, Cavabdeh2 Mixayılovna, X19 və X14 həmin torpaq sahəsini İddiaçı 15000000 manat rus rubluna satmaq barədə razılığa gələrək, bu barədə 17 aprel 1999-cu ildə yazılı əqd bağlamışlar və həmin əqddə olan imzaların həqiqiliyi Gədəbəy rayon Novoivanovka kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Qeyd edilən yaşayış evi və torpaq sahələri həmin vaxtdan alıcı İddiaçı təhvil verilmiş və sonuncu 1999-cu ildən indiki vaxta qədər həmin yaşayış evi və torpaq sahəsinin öz mülkiyyəti kimi idarə etmiş, keçən 25 il ərzində onun mülkiyyətçi kimi hüquqları mübahisələndirilməmişdir. Göründüyü kimi, İddiaçı mübahisə edilən yaşayış evi və torpaq sahələrinin alğısatqısı ilə bağlı notariatda təsdiq edilməli olan əqdi tamamilə icra etmiş, həmin əmlakı satıcıdan qəbul edərək, əmlaka vicdanlı sahib kimi 25 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Tərflər arasında bağlanılmış əqd qanuna zidd əməl olmadığından, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bununla bağlı, məhkəmə kollegiyası oxşar iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarını xatırlatmağı lazım bilir. Belə ki, həmin qərardan görünür ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, İ.Rəcəbov R.Cəfərovaya, Z.Fərhadova və Z.Ələsgərovaya qarşı iddia qaldıraraq, mübahisəli mənzilin onun xüsusi mülkiyyətində olduğunu, R.Cəfərovanın ailəsi ilə birlikdə keçmiş mülkiyyətçinin razılığı ilə orada kirayəçi kimi yaşadıqlarını bildirmiş, dəfələrlə müraciətlərinə baxmayaraq mənzili boşaltmaqdan imtina etdiklərinə görə onların həmin mənzildən çıxarılmasını xahiş etmişdir. Z.Fərhadov qarşılıqlı iddiasında mübahisəli mənzili 2001-ci ildə İ.Rəcəbovun valideynlərindən 6000 ABŞ dollarına aldığını, İ.Rəcəbova alğı-satqı müqaviləsini rəsmiləşdirmək üçün dəfələrlə müraciət etsə də onun bundan yayındığını, aldığı mənzildə əsaslı təmir işləri aparmaqla 2001-ci ildən etibarən orada ailə üzvləri ilə birlikdə yaşadığını bildirərək, mübahisəli mənzil barədə İ.Rəcəbovla aralarında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında MM-in 335.2-ci maddəsi ilə bağlı (MM-in 335.2-ci maddəsinin tələbinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.) qeyd etmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır... Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə etdiyi həmin hüquqi mövqeyini də nəzərə alaraq, qeyd edir ki, mübahsə olunan daşınmaz əmlakla bağlı tərəflər arasında yazılı əqdin mövcudluğu, iddiaçının həmin əmlaka vicdanlı sahib kimi 25 il ərzində fasiləsiz və etirazsız sahiblik etməsi və işin yuxarıda qeyd edilən halları birinci instansiya məhkəməsinin iddianı təmin etməkdə haqlı olmasını göstərir. Məhkəmə kollegiyası həmin qənaətə gələrkən, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X6 və X3, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid X17 verdiyi ifadələrini də mötəbər sübut növü kimi qəbul edir. Belə ki, şahid qismində dindirilmiş X26 bildirmişdir ki, o, tərəflər arasında akt tərtib edilən vaxt Gədəbəy RİHB-nın Novoivanovka kənd İƏD üzrə nümayəndəsi işləmilş, 1999-cu ildə həmin kənddə icra nümayəndəsi işləyən zaman cavabdehlər özlərinə məxsus sözügedən yaşayış evini və torpaq sahələrini İddiaçı satmışlar. Həmin tarixdən həmin evdə iddiaçı və ailə üzvləri yaşayır. O, həmin akt üzrə imzaların həqiqiliyini təsdiq etmişdir. Cavabdehlərə aid yaşayış evi və torpaq sahələri 1999-cu ildən iddiaçının istifadəsindədir. Cavabdehlər isə 1999-cu ildə Rusiyaya getmişlər və harada yaşamaları məlum deyildir. Digər şahidlər də, həmin halı təsdiq etmişlər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 385, 392, 393 və 404-406-cı addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(042)-702/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2016/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2016/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver