Məhkəmə qərarları › İş №2(104)-2018/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2018/2023

20.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2018/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası- Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-25/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş ziyana görə 14625 manat məbləğində zərər pulunun və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 134 manat məbləğində pulun, ümumilikdə cəmi 14759 manat pulun tutularaq оnun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-470/2022 saylı qiyabi qətnaməsi ilə (hakim T.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh 14625 (on dörd min altı yüz iyirmi beş) manat vəsait və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-470/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(045)-470/2022 saylı qərardadı ilə Cavabdeh ərizəsini təmin etmiş və Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(045)-470/2022 saylı qiyabi qətnaməsini ləğv edərək işi məhkəmə baxışına təyin etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-25/2023 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddianın təmin edilməsi, Cavabdeh 14625 (on dörd min altı yüz iyirmi beş) manat vəsait və ödənilmiş 134 (yüz otuz dörd) manat dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Goranboy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(045)-25/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi 2018-ci ildən Bakı şəhəri və respublikanın digər rayonlarına qida məhsullarının topdan və pərakəndə satışını həyata keçirmişdir. Həmin fəaliyyətlə əlaqədar olaraq onunla cavabdeh arasında əmək müqaviləsi bağlanmış və elektron qaydada qeydiyyata alınmışdır. Cavabdehin işlədiyi “satış nümayəndəsi” vəzifəsi ona təyin olunan ərazidə yerləşən mağazalara onların satdıqları malları təqdim etməklə, mağazalarla həmin malların satışını razılaşdırıb sifarişləri qəbul etmək, həmin sifarişlər əsasında mağazalar tərəfindən ödənilməli olan pulları toplayıb ona təhvil verməkdən ibarət olmuşdur. Lakin cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pulların ona çatan hissəsini özünə götürmüş və ona mağazaların ödənişləri tam etmədiyini və borclarının qaldığını bildirmişdir. Nəticədə, cavabdeh ümumilikdə 21500 manat məbləğində pulu əsassız əldə edərək ona maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiyi izahat, iltizam və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi təsdiq edir. Belə ki, cavabdeh 28 may 2019-cu il tarixli iltizam və izahatda da 21500 manat məbləğində pulu əldə etdiyini etiraf etmiş və həmin məbləği hissə-hissə 01 sentyabr 2019-cu il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq "xxxx" MMC ilə aralarında bağlanılmış 02 mart 2020-ci il tarixli müqaviləyə əsasən şirkət tərəfindən audit yoxlanılması aparılmış və təqdim edilmiş sənədlər əsasında cavabdehin cavabdehlik daşıdığı mağazalardan satılmış mallar üzrə 60435.35 manat borc qalmağına baxmayaraq qeyd olunan mağazaların təqdim etdikləri üzləşmə aktlarında mağazaların ümumilikdə 36232.75 manat borcun qaldığı müəyyən edilmişdir. Əlavə olaraq qeyd olunan mağazalarla aparılan daxili üzləşmələrə əsasən aydın olmuşdur ki, həmin mağazalar ümumilikdə 21500 manat məbləği cavabdehə ödəniş etmiş, lakin cavabdeh qeyd olunan məbləği ona ödəməmişdir. Daha sonra cavabdeh dəymiş 21500 manat ziyanın 6875 manat məbləğində hissəsini geri qaytarmışdır. Ümumilikdə cavabdehin ona 14625 manat borcu qalmışdır. O və digər əməkdaşlar tərəfindən cavabdehə dəfələrlə müraciət olunaraq pulu geri qaytarmaq tələb edilmiş, əks halda qanunla nəzərdə tutulmuş qaydada müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh müraciətləri cavabsız qoymuşdur. Qeyd olunan faktlarla bağlı tərəfindən Azərbaycan Respublikası Baş Prokuroruna ərizə ilə müraciət edilmişdir. Lakin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd olunan səbəbdən cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir ki, cavabdehdən ona dəymiş 14625 manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 134 manat məbləğində pul tutularaq ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iddiaçı ona hədə-qorxu gəlməklə, zorakılıq göstərməklə onu iddiaçıya borcunun olmasına dair iltizam almışdır. O, hətta bu hadisədən sonra işlədiyi şirkətin işçilərinin onu təhqir etməsi, böhtan atmasından, başına tələb olunan məbləğ ödənilməsə oyun açacaqlarından qorxub pulun ödənilməsinə dair qəbz verib, özünü öldürmək qərarına gəlmişdir. Hətta bununla bağlı məktub yazıb özünü öldürməkdə əsil səbəbkaların kim olmasını da yazmışdır. İşə baxılan zaman ona qarşı olan hədələrlə bağlı yazılmış diski və özünü öldürmək istədiyi zaman yazdığı məktubu məhkəməyə təqdim etsə də məhkəmə bu kimi faktlara hüquqi qiymət vermədən iddianı təmin etmişdir. O, "xxxx" MMC şirkətində cəmi 2 ay işləmişdir. Ona 2 ay ərzində qeyri-qanuni olaraq 21500 manat pul ödəmə yazmışlar. Halbuki 2 ay ərzində şirkətdə o qədər mal, əmtəə dövriyyəsi olmamışdır. O, iddiaçıdan məhkəməyə 2 ay ərzində paylamaq üçün götürdüyü malın fakturasını təqdim etməsini istəmiş, ancaq iddiaçı bu fakturaları məhkəməyə təqdim etmir. O, Vergi Nazirliyinin nümayəndəsinin, Audit Yoxlama Komissiyasının və onun iştirakı ilə bütün fakturaların yoxlanılmasını tələb etsə də; məhkəmə obyektiv həqiqəti üzə çıxarmaq üçün bunu da etmir. Audit yoxlamasının onun iştirakı olmadan aparılmasına heç bir hüquqi qiymət verilmir. O, iş üzrə ekspertiza keçirilməsini, malın fakturasının hamısının ekspertə təqdim edilməklə rəy alınmasını məhkəmədən xahiş etsə də, bu da öz hüquqi qiymətini almamışdır. Bir sözlə işə baxan məhkəmə onun əl yazmasını etiraf kimi qəbul edib iddianı təmin etmişdir. Onun qaynatasının şirkətə 6500 manat pul ödəməyinə gəlincə qaynatası işin mahiyyətini tam bilmədən ona ola biləcək hər hansı qanunsuz hərəkətlərin qarşısını kəsmək üçün bu cür hərəkət edib iddiaçıya pulu ödəmişdir. X9 Nazirliyi adından zəng edib şirkətə çağırdılar. Şirkətdə şirkətin işçisi Zakir adlı şəxs anasının, polis işçisinin yanında onun pulu mənimsədiyini deyən zaman şirkətin satış adlı şəxs onu polisin, anasıın gözü qarşısında yumruqla vurdu. Bunu görən polis işçisi anasını və onu xidməti maşınında oradan kənarlaşdırdı. Bildirirmişdir ki, onun şirkətə borcu var idisə nə üçün ona verilmiş malın fakturaları ilə üzləşmə aparılmır. Onun verdiyi malın onun iştirakı olmadan nə vaxtı, nə qədər pulun toplanılması təqdim olunmur. Bütün bunların hamısı bir daha onu sübut edir ki, iddianın ona hədə qorxu ilə yazdığı etiraf ərizəsi ilə iddianın təmin edilməsinin hüquqi əsası yoxdur. Məhkəmə yaranmış mübahisələrlə həll edən, yaranmış mübahisələrdə əsil həqiqəti müəyyən edilməsini müəyyən edən orqan olduğu halda çox təəssüflər olsun ki, Goranboy Rayon Məhkəməsində işə baxılan zaman iş hərtərəfli obyektiv, tam araşdırılmamış, onun məhkəməyə təqdim etdiyi sübutlar, vəsatətlər obyektiv həllini tapmamışdır. Ona görə də məlum iddia təmin edilərkən işin halları tam araşdırılmadan, qarşı tərəfin əsassız dəlillərinə istinad edilmişdir. Onlar iddiaçı X3 zəng edib onun belə bir şirkəti olduğunu soruşmuşlar, o isə belə bir şirkətinin olmadığını bildirdi. Şikayət əsasında işə baxılan zaman bu şəxsin məhkəməyə dəvət edilib bu faktla bağlı izahatının alınmasını xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin edərkən Əmək Məcəlləsinin 30, 191, 192, 202-ci maddələrinə istinad etmişdir. Halbuki iddianı təmin edərkən bu maddələrə istinad edilməsinin hüquqi əsası yoxdur. Çünki o şirkətin nə malını, nə də pulunu mənimsəməmişdir. Onun iddianı etiraf etməyi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu ərizə fiziki təsir alttında yazılmış bir ərizədir. Bu sübut kimi qəbul edilə bilməz. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış tərəflərdən iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməməsi barədə iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən (qeydiyyat № (VÖEN) **********) görünür ki, İddiaçı 09 dekabr 2014-cü il tarixdə fərdi sahibkar kimi uçota alınmışdır. İş materiallarında olan 18 yanvar 2019-cu il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında 03 yanvar 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və işçi satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 03 yanvar 2019-cu il tarixdə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, satılan malların pullarını, yəni 21500 manatı mənimsədiyini bildirmiş və 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixdə 10000 manat, 01 sentyabr 2019-cu il tarixdə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş iltizamdan görünür ki, o, İddiaçı 21500 manat pul borcu olduğunu bildirmiş və 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixdə 10000 manat, 01 sentyabr 2019cu il tarixdə 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 may 2019-cu tarixli Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, satılan malların pullarını, yəni 21500 manatı sahibkara verməmiş, öz ehtiyacları üçün xərclədiyini bildirmiş və 29 may 2019-cu il tarixdə 5000 manat, 01 iyul 2019-cu il tarixədək 10000 manat, 01 sentyabr 2019-cu il tarixədək 6500 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30 sentyabr 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 5000 manat ödənilmişdir. İş materiallarında olan 31 oktyabr 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir. İş materiallarında olan 30 noyabr 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir. İş materiallarında olan 28 dekabr 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı 2019-cu ildə satılmış mallara görə 625 manat ödənilmişdir. İş materiallarında olan X2 tərəfindən verilmiş iltizamdan görünür ki, kürəkəni Cavabdeh İddiaçı 21500 manat borcu olmuşdur. Həmin borcdan 30 sentyabr 2019-cu il tarixdə 5000 manat onun tərəfindən ödənilmişdir. 06 oktyabr 2019-cu il tarixdə 1500 manat ödəməyi və qalan 15000 manatı 24 ay müddətində hər ay 625 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" müstəqil auditorun 17 iyun 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh 6875 AZN ödəniş etdikdən sonra İddiaçı olan qalıq borcunu (14625 AZN) indiyə qədər ödəməmiş, ödəməkdən imtina etmişdir. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, Cavabdeh 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi üzrə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon prokurorluğunun müstəntiqi X4 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Səbail rayon prokurorluğunun böyük müstəntiqi X1 13 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında təqdim edilərək araşdırılıb iş materiallarına əlavə edilmiş 26 nömrəli əmək müqaviləsinin (kontraktının) surətindən görünür ki, bu əmək müqaviləsi ilə işə götürən səlahiyyətlərini həyata keçirən İddiaçı ilə işçi Cavabdeh arasında 03 yanvar 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və işçi satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsinə 1 nömrəli Əlavə ilə onun vəzifələri, o cümlədən çatdırılmış mal əvəzinə ticarət nöqtələrindən alınan pul vəsaitlərini şirkətin kassirinə təhvil vermək vəzifəsi müəyyən edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqavilənin 1.2-ci bəndinə görə işçi ona İşəgötürən tərəfindən əsas müqavilə üzrə yaranan münasibətlər prosesində etibar edilmiş maddi sərvətlərin saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. - ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı - xidmət göstərilməsi zamanı şəxslərlə etik davranış qaydaları çərçivəsində münasibət yaratmalı, qanunvericilik və peşəkarlıq tələbləri baxımından ondan asılı olan bütün tədbirləri görməli - müəssisənin, idarənin rəhbərliyinə vaxtlı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə təhlükəli vəziyyətin səbəblərini aydınlaşdırmalı - İş yerində istifadəsinə verilən və verilməyən istənilən əmlakla, avadanlıq, cihaz, ləvazimat, sənədlə ehtiyatlı, səliqəli davranmalı, onların istifadə qaydalarına riayət etməi', zədələnməsinə, məhv olmasına şərait yaradan şəkildə istifadəyə özü tərəfindən və ya onun tərəfindən üçüncü şəxsə təqdim edildiyi təqdirdə həmin üçüncü şəxs tərəfindən yol verilməməsıni təmin etməli; - ona etibar edilmiş inventarın, görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada sənədləşməsini tərtib edib tələb olunan yerlərə təqdim etməli; - ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Həmin müqavilənin 1.3-cü maddəsində göstərilir ki, maddi məsul şəxsin təqsiri səbəbindən müəssisəyə, idarəyə, təşkilata dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi Əsas müqaviləyə və mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, cavabdeh 03 yanvar 2019-cu il tarixdə iddiaçı ilə əmək müqaviləsi bağlayaraq satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş, ona təyin olunan ərazidə yerləşən mağazalara satılan malları təqdim etmiş, mağazalardan sifarişləri qəbul etmiş və həmin sifarişlər əsasında mağazalar tərəfindən ödənilməli olan pulları toplayıb iddiaçıya təhvil verməli olmuşdur. Lakin cavabdeh işlədiyi müddət ərzində mağazalardan topladığı pullardan 21500 manat özünə götürərək iddiaçıya maddi zərər vurmuşdur. Bunu cavabdehin verdiyi izahat, iltizamlar və “İnternational Audit’’ MMC-nin verdiyi audit rəyi, habelə yaranmış borcdan cavabdehin qismən ödəniş etməsi təsdiq edir. Cavabdeh verdiyi izahat və iltizamlarda da həmin məbləği öz ehtiyacları üçün xərclədiyini bildirərək borcunu etiraf etmiş, yaranmış borcdan 30 sentyabr 2019-cu il tarixdə 5000 manat, 31 oktyabr 2019-cu il tarixdə 625 manat, 30 noyabr 2019-cu il tarixdə 625 manat, 28 dekabr 2019-cu il tarixdə isə 625 manat ödəniş etmiş, 21500 manat ziyanın 6875 manat məbləğində hissəsi geri qaytarılmış, 14625 manatı qaytarmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, istənilən halda işçinin zərərə görə maddi məsuliyyət daşıması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsində müəyyən olunan şərtlər mövcud olmalıdır. Yəni ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Göründüyü kimi cavabdehin əməlində sadalanan hər üç şərt mövcud olduğundan cavabdeh iddiaçıya qəsdən ziyan vurmuşdur və buna görə cavabdehin maddi məsuliyyəti yaranmışdır. İddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu sübut etmiş, cavabdeh isə iddiaçıya ziyan vurmaqda təqsiri olmadığını iddia etsə də bunu sübut edə bilməmişdir. Məhkəmə Cavabdeh izahatında göstərdiyi xüsusata, yəni 28 may 2019-cu il tarixli izahat və iltizamları təsir altında verməsinə dair qeyd edir ki, həmin sənədlərdə cavabdeh borcunun olduğu qəbul etmiş və həmin borcu hissə-hissə ödəməyə dair öhdəlik götürmüşdür. Sözügedən sənədlər isə qəti sübut kimi qəbul edilir. Cavabdeh həmin sənədlərin təsir altında yazıldığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İşdən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə də Cavabdeh öhdəsinə verilmiş mal-material və diqər qiymətlilərin saxlanmasına görə tam maddi məsuliyyət daşıdığı halda öhdəliyinə lazımi qaydada əməl etməmiş və audit yoxlaması zamanı 21500 manat zərər müəyyən edilmiş, bundan sonra cavabdeh həmin puldan 6875 manat ödəniş etmiş və 14625 manat borcu qalmışdır. Cavabdehin apellyasiya şikayətininin dəlillərində göstərilir ki, o, "xxxx" MMC şirkətində cəmi 2 ay işləmiş, ona 2 ay ərzində qeyri-qanuni olaraq 21500 manat pul ödəmə yazmışlar. Halbuki 2 ay ərzində şirkətdə o qədər mal, əmtəə dövriyyəsi olmamışdır. Şikayətin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlamış olduğu əmək müqaviləsinə əsasən satış nümayəndəsi kimi işləməyə başlamış, şikayətin dəlillərindən də göründüyü kimi 2019-cu iliun may ayında əmək məzuniyyətinə çıxmışdır, yəni ən azından iddiaçı ilə 4 ay müddətində əmək münasibətində olmuşdur. Qaldı ki, dövriyyənin 21500 manat məbləğində olmaması, həmin xüsusat iş materiallarında olan müstəqil auditorun rəyi ilə tam təsdiq olunur. Apellyasiya şikayətinin digər - iddiaçıya borcunun olmasına dair iltizamı işlədiyi şirkətin işçiləri tərəfindən təhqir olunması, ona olan hədələrdən qorxduğuna görə yazmasına dair dəlilini də əsassız sayır. Çünki işdən göründüyü kimi cavabdeh iddiaçı tərəfdən ona qarşı hədə-qorxuların olduğunu göstərmiş olsa da, həmin xüsusat da iş materialları ilə təsdiq olunmur. Belə ki, işdən göründüyü kimi iddiaçı cavabdehin 21500 manat pulu mənimsəməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş, ona olan hədələrlə bağlı cavabdehin hüquq mühafizə orqanlarına müraciət etdiyini təsdiq edən sübut təqdim edilməmişdir. Şikayətin ona verilmiş malın fakturaları ilə üzləşmənin nəyə görə aparılmaması, onun verdiyi malın onun iştirakı olmadan nə vaxtı, nə qədər pulun toplanılmasının təqdim olunmaması – dəlili ilə bağlı kollegiya qeyd edir ki, birincisi, cavabdehin özü verdiyi iltizamlarla iddiaçıya borcunun olduğunu etiraf etmiş, ikincisi, işdəki audit rəyindən göründüyü kimi cavabdehin nqeyd etdiyi sənədlər audit yoxlanması üçün təqdim olunmuşdur. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Kollegiya apellyasiya şikayətinin Goranboy Rayon Məhkəməsində işə baxılan zaman işin hərtərəfli, obyektiv, tam araşdırılmaması, onun məhkəməyə təqdim etdiyi sübutların, vəsatətlərin obyektiv həllini tapmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılanda iş hərtərəfli, tam və obyektiv araşdırılmış, cavabdeh irəli sürdüyü dəlillərinin həqiqiliyini sübuta yetirə bilməmişdir. Ona görə də kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır və apellyasiya şikayətinin dəlillərini cavabdehin formal mülahizəsi hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində də təsbit olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsin əəsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işüzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-25/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyasışərh olunanları və Azərbaycan Respublikasının MPMin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2(045)-25/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar