Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2019/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə Açar sözlər: mirasın faktiki qəbulu; mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, həmçinin miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(021)-501/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X4 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 0.0243 ha torpaq sahəsi və onun üzərində 85.50 kv.m-dən ibarət olan iki otaqlı ev qeydiyyata alınmışdır.;
2. 17 noyabr 2022-ci il tarixli, 1549-05/69 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 28 aprel 2022-ci ildə ölmüşdür;
3. İX-JQ 410720 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx xxxxxxxx 1983-cü ildə doğulmuşdur, atası X6, anası X1r;
4. 22 noyabr 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X11 ilə X9 14 iyun 1988ci ildı 44 nömrəli akt qeydi ilə evlənmişlər;
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X4 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 85.50 kv.m ev qeydiyyata alınmışdır;
6. “X3” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X12 ilə X9 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir;
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 3-21-3-46/2- 1540/2024 saylı məktubunda göstərilmişdir ki, ünvan 1 ilə ünvan 2 ünvandır;
8. Reyestrdə 2V-61 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş 16 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 vərəsəsi Cavabdeh2dur. X4 miras əmlak Bərdə şəhəri H.Aslanov küçəsində 18 nömrəli döngədə 0.0243 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85.5 kv.m, yaşayış sahəsi 39.6 kv.m, yardımçı sahəsi 45.9 kv.m, 2 otaqlı olan fərdi yaşayış evidir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 mart 2024-cü il tarixli, 3-21-3-46/2- 1540/2024 saylı məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Habelə xx.xx.2023-cü il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmiş və hazırda həmin əmlak Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 06.06. 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;
10. Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(021)-562/2023 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzrlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinı və vərəsəlik hüququnun tanınması barədə iddiasının təmin edilməmişdir;
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2(104)-1823/22023 saylı, qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(021)-562/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 ona miras qalmış Bərdə şəhəri, H.Aslanov küçəsi döngə 18, ev 8-də yerləşən evə Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoru tərəfindən qardaşı Cavabdeh2 verilmiş vərəsəliik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması və miras əmlakda payların müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X10 08 mart 2022-ci il tarixdə vəfat etmişdir. X4 yeganə vərəsəsi qardaşı Cavabdeh2 və odur. Mərhum anası X2 onlara Bərdə şəhər Həzi Aslanov küçəsi 8-də yerləşən ev miras qalmışdır. O, savadsız olduğundan anası vəfat etdikdən sonra vaxtında vərəsəlik şəhadətnaməsi almamışdır. Onun anasından qalmış miras evə ögey qardaşının hüququ və haqqı çatmır ki, həmin evi öz adına rəsmiləşdirsin. Belə ki, həmin miras ev mərhum atalığından əvvəl anasının mülkiyyətində olmuşdur. Qardaşı Şəhriyar isə sonradan mərhum atalığı gəldikdən sonra doğulmuşdur. Mərhum anası vəfat etdikdən sonra o, vərəsəlik şəhadətnaməsinin alınması barədə notariat kontoruna müraciət edən zaman ona məlum olmuşdur ki, ögey qardaşı qanunsuz olaraq evi adına rəsmiləşdirmişdir. Həmin vərəsəlik şəhadətnaməsi qanunsuz və etibarsızdır. Bir övlad kimi onun da həmin evdə miras pay hüququu vardır.
14. Bərdə Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(021)-501/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia təmin edilərək, mərhum X5 miras qalmış Bərdə şəhəri H.Aslanov küçəsi döngə 18, ev 8-də yerləşən evə Cavabdeh2 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 1133.1, 1159.1.1, 1243 və 1246-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, atası X12 07 iyul 2016-cı ildə, anası X7 isə 08 mart 2022-ci ildə vəfat etmişlər. Onlar rəsmi nikahla 1993-cü ildən evli olmuş və ünvan 4 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi üzərində tikilmiş ümumi sahəsi 85,5 kv.m (yaşayış sahəsi 39,6 kv.m, yardımçı sahəsi 45,9 kv.m) olan 2 otaqlı fərdi yaşayış evində daimi yaşamışlar. Anası Kifayətin vəfatından sonra isə həmin evi miras olaraq yeganə qanun üzrə vərəsə kimi özü qəbul etmiş, ona sahiblik etməklə idarə və istifadə etmişdir. Hazırda da bunları etməkdə davam edir. Sözügedən fərdi yaşayış evi ataanasının sağlığında xx.xx.2011-ci il tarixli, ********* qeydiyyat nömrəsi ilə anası X4 adına daşınmaz əmlakın Dövlət reyestrndə qeydiyyata alınmışdır. Anasının vəfatından sonra onun mirasını faktiki olaraq qəbul etdiyinə, ona sahiblik, idarə və istifadə etdiyinə görə Bərdə Regional “ASAN Xidmət” Mərkəzindəki notariat ofisinə yazılı ərizə ilə müraciət edərək həmin evi miras olaraq yeganə qanun üzrə vərəsə kimi faktiki qəbul etdiyini bildirmiş və adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin xahiş etmişdir. Notariat ofisi tərəfindən ərizəsi təmin edilərək, sözügedən miras fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair adına xx.xx.2023-cü il tarixli, 2 V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bundan sonra həmin ev üzrərində yerləşdiyi torpaq sahəsi ilə birlikdə adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Ögey bacısı olan (ana bir ata ayrı) xx.xx.1983-cü ildə anadan olmuş İddiaçı cavabdeh Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək məhrum anası X2 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinə və vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-562/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2/(104)-1823/2023 nömrəli qətnaməsi ilə də sözügedən qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının məhrum X4 miras əmlakını faktiki olaraq qəbul etməsini təsdiq edən və mirası qəbul etmək üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddəti buraxmasının üzürlü səbəbləri barədə heç bir sübut təqdim etmədiyi halda, məhkəmə mirasın onun tərəfindən qəbul edildiyini hesab etmişdir. Halbuki, digər mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilir ki, İddiaçı anası məhrum Kifayət Səfərovanın miras əmlakını qəbul etməsi müddətini ötürməsinə əsas verən halların nədən ibarət olmasına əsaslandıra bilmədiyindən və bu barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilmədiyindən onun iddiası təmin edilməməlidir. Bunun əksinə olaraq həmin qətnamədə göstərilib ki, 2022-ci ildə Kifayət Səfərova vəfat etdikdən sonra ondan miras qalmış evi faktiki olaraq Cavabdeh2 qəbul etməsi, onu idarə, sahiblik və istifadə etməsi, hazırda da evi və onun həyətyanı torpaq sahəsinionun İdarə və istifadə etməsi sübuta yetir. Bundan başqa, miras qoyanın vərəsəsi olaraq məhrum anası Kifayət Səfərovanın dəfn mərasimi də onun tərəfindən təşkil edilmiş, yas mərasimlərini özü keçirtmiş, mərhumun qəbirüstü abidəsini hazırlatmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır
e) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, miras evi mərhum ana nənəsi onun 5 yaşı olanda almış və onun anasına vermişdir. Cavabdeh onun ata ayrı, ana bir qardaşıdır. Anası xəstə olanda qardaşı arvadı hamilə vəziyyətdə başqası ilə qaçmış və anasına özü baxmalı olmuşdur. Anası ölmüş və onun yasını vermişdir. Anası öldükdən 6 ay sonra qardaşı arvadının gəldiyini və həmin evdə yaşadığını eşitmişdir. Onun əşyalarının hamısı həmin evdə olmuşdur, eşitdiyinə görə həmin əşyalar satılmışdır. Onun xəbəri və icazəsi olmadan cavabdeh evi öz adına rəsmiləşdirmişdir. Hazırda həmin evdən öz payını istəyir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, əvvəllər mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəmədə iddia qaldırmış, lakin iddiası təmin edilməmişdir. Həmin mülki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmişdir. Daha sonra isə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, eləcə də, digər cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoru nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin, cavabdeh notariat orqanı məhkəməyə məktub göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh2 isə məhkəmə iclasına gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
22. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
23. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
24. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
25. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər
33. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı və Cavabdeh2 mərhum X4 övladlarıdır. Sonuncu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri - uşaqları İddiaçı və Cavabdeh2; mərhumdan miras qalan əmlak isə Bərdə şəhəri H.Aslanov küçəsindəki 0.0243 ha torpaq sahəsi və onun üzərində yerləşən 85.50 kv.m-dən ibarət iki otaqlı fərdi yaşayış evi olmuşdur. Vərəsə Cavabdeh2 mərhum anasından miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına xx.xx.2023-cü il tarixli 2V-61 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında da miras əmlaka dair Cavabdeh2 adına 06.06. 2023-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı müəyyən olunur ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mərhum anası Kifayət Səfərovanın mirasının qəbulu üçün ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsi və vərəsəlik qaydasında paylarının bölünməsi barədə məhkəmədə iddia qaldırmış, lakin Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(021)-562/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2(104)- 1823/22023 saylı qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(021)-562/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra isə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
40. MPM-nin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı).
41. Qeyd edilməlidir ki, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.
42. İş materiallarından aydın olunur ki, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mərhum anası Kifayət Səfərovanın mirasının qəbulu üçün ötürülmüş müddətin üzrlü sayılaraq bərpa edilməsi və vərəsəlik qaydasında payının bölünməsi barədə məhkəmədə iddia qaldırmış, lakin Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(021)-562/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2023-cü il tarixli 2(104)- 1823/22023 saylı qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli 2(021)-562/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
43. Həmin məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, mübahisəli əmlaka dair İddiaçı anası X2 miras qalmış əmlakı qəbul etməmiş, mirası qəbul etməsi üçün ötürülmüş müddətin üzrlü hesab edilməsini təsdiq edən halları sübuta yetirə bilməmişdir.
44. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbləbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki, qeyd olunan məhkəmə aktları ilə onun iddiasının əsaslandırdığı faktiki hallara artıq hüquqi qiymət verilmişdir. Məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu qənaət eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması, habelə onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaq baxımından da əhəmiyyət kəsb edir.
45. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının digər tələbləri üzrə əlavə əsaslandırma aparılmasına da zərurət olmadığını vurğulayır. Çünki, mübahisəli miras əmlaka dair payının müəyyən edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
46. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.
47. Bundan əlavə, iş materiallarından göründüyü kimi iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 100 manat, habelə apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu da iddiaçıdan tutularaq ona ödənilməlidir.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli 2(021)-501/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, həmçinin miras əmlakda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi 50 (əlli) manat İddiaçı tutularaq Cavabdeh2 ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.