Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2025/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)- 1234/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə Rayon İHB-nın Qaradəmirçi Kənd Ərazi Nümayəndəliyinin 1330 saylı, 02 noyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı həmin Nümayəndəliyin Lək kəndində yaşayır.
2. X1 surətindən görünür ki. X6 ilə X7 arasında Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində 27 may 1988-ci il tarixdə, 493 saylı nikah qeydiyyatı aparılmışdır.
3. xx.xx.2022-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, Bərdə Rayon Lək kəndində yaşayan sahibkar İddiaçı etibarnamə üzrə nümayəndəsi, əri X6 (“İcarəyəverən” qismində), cavabdehlərdən Cavabdeh1 isə İcarəyəgötürən qismində göstərilən şərtlərlə müqavilə bağlamışlar: 1. “İcarəyəverən” Bərdə şəhəri Alpout kəndinə gedən yolun sol tərəfində yerləşən “Qızıl Balıq” Restoranı və ərazisini “İcarəyəgötürən”ə icarəyə verir, “İcarəyəgötürən” obyekti çayxana və yeməkxana kimi istifadə edəcək. 2. İcarə haqqı hər ay üçün 5000 manat müəyyən edilir, xx.xx.2022-ci il tarixdən hər ay 4000 manatdan müəyyən edilir, hər ay üçün icarə haqqı növbəti ayın 04-dək ödənilməlidir, müqavilə üzrə hesablaşmalar xx.xx.2022-ci il tarixdən aparılır, 3. Tərəflər arasında müqavilə imzalandıqdan sonra "İcarəyəverən" xx.xx.2022-ci il tarixinədək “İcarəyəgötürənin” istifadəsinə verilir, müqavilə vaxtından əvvəl pozularkən “İcarəyəverən” “İcarəyəgötürəni” 3 ay qabaqcadan yazılı surətdə xəbərdarlıq edir. Müqavilənin mətnindən görünür ki, müqavilənin müddəti 3 aydır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışdan görünür ki, Bərdə Rayonu Alpoud kəndi ərazisində olan 0,21 ha torpaq sahəsi 22.072016-cı il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır.
5. “X5” MMC tərəfindən 02 noyabr 2022-ci il tarixdə verilmiş Mütəxəssis Rəyindən görünür ki, sözügedən obyektdə olan əşyalar 5 ədəd stul 300 manat, 7 ədəd dəmir stul 350 manat, 5 ədəd işıq plafonu 50 manat, 4 ədəd sac 200 manat, 4 böyük qazan 100 manat, 2 ədəd krant 24 manat, 50 ədəd boşqab 150 manat, 25 ədəd stəkan 25 manat, 22 ədəd nəlbəki 33 manat, 4 ədəd çaynik 20 manat, 55 ədəd bakal 71,5 manat, 2 ədəd generator akumuyatorları 540 manat, 1 ədəd təndir içi 300 manat, 1 ədəd su matoru 70 manat, obyektin şüşələri 150 manat, 4 ədəd qapı zamoku 100 manat, 1 ədəd unitaz 120 manat, 1 ədəd su baçoku 40 manat, 1 ədəd kondisonerin üst qapağı 50 manat, balıq setqasının qapılarının təmiri üçün 30 manat, ümumilikdə zərər məbləği 2723.50 manat məbləğində dəyərləndirilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Aödam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8623,50 manat məbləğində pul vəsaiti alınıb ona verilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Özünə məxsus obyekti cavabdehlərə icarəyə vermişdir. Hər ay 4000 manat icarə haqqı müqavilində obyekti və orada olan əşyaları da cavabdehlərə vermişdir ki, istifadə etsinlər. Lakin cavabdehlər 20 adda, 2723.50 manat dəyərində olan əşyaları sındırıb yararsız vəziyyətə salmışlar. Aralarında müqavilə olmuş, həmçinin 2021-ci ilin aprel ayının 4-də şifahi olaraq öz aralarında olan razılığa gəlmişlər ki, cavabdehlər hər ay 4000 manat icarə haqqı ödəyəcəklər. Lakin cavabdehlər icarə haqqının 1 ayını tam olaraq verməmişlər, digər aydan isə icarə haqqından 1900 manat borcları qalmışdır. Cavabdeh1 obyekti icarəyə götürəndir, Cavabdeh2 obyektdə mühasib kimi çalışıb. Cavabdehlər əlbir olmuşlar, ona icarə haqqından 5900 manat borcludurlar, həmçinin obyektə məxsus əşyaları sındırıb yararsız hala salmaqla 2723.50 manat ona zərər vurmuşlar ki, ümumilikdə cavabdehlərdən 8623.50 manat alınmalıdır. Dəfələrlə cavabdehlərdən pulu tələb etsə də onlar müxtəlif bəhanələrlə pul ödəməkdən boyun qaçırmışlar. Məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Obyektdə olan əşyalara dəymiş ziyan mütəxəssislər tərəfindən aşağıdakı kimi qiymətləndirilmişdir : 1) 5 ədəd stul (1 ədədi 60 manat) - 300 manat, 2) 7 ədəd dəmir stul (1 ədədi 50 manat) - 350 manat, 3) 5 ədəd işıq plafonu (1 ədədi 10 manat) - 50 manat, 4) 4 ədəd sac (1 ədədi 50 manat) - 200 manat, 5) 4 ədəd böyük qazan dəmir (1 ədədi 25 manat) - 100 manat, 6) 2 ədəd krant (1 ədədi 12 manat) – 24 manat, 7) 50 ədəd boşqab (1 ədədi 3 manat) - 150 manat, 8) stəkan 25 ədəd (1 ədədi 1 manat) – 25 manat, 9) 22 ədəd nəlbəki (1 ədədi 1,5 manat) - 33 manat, 10) 4 ədəd çaynik (1 ədədi 5 manat) – 20 manat, 11) 55 ədəd bakal (1 ədədi 1,3 manat) - 71,5 manat, 12) 2 ədəd generator akumuyatorları (1 ədədi 270 manat) - 540 manat, 13) 1 ədəd təndir içi (mərtəbəli) - 300 manat, 14) 1 ədəd su matoru – 70 manat, 15) obyektin şüşələri qoşa 3 ədəd 40 sm X 30 sm (1 ədədi 50 manat) - 150 manat, 16) 4 ədəd qapı zamoku (1 ədədi 25 manat) - 100 manat, 17) 1 ədəd unitaz- 120 manat, 18) 1 ədəd su baçoku – 40 manat, 19) 1 ədəd kondisonerin üst qapağı - 50 manat, 20) balıq setqasının qapılarının təmiri üçün – 30 manat. Hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8623.50 manat məbləğində pul vəsaiti alınaraq ona verilməlidir.
8. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1234/2023 nömrəli qətnaməsi (hakim Elşad Bayramov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 münasibətdə təmin olunmaması, cavabdehlərdən Cavabdeh1 5900 (beş min doqquz yüz) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə verilməsi, tələbin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 386.1, 1096.1, 1113.1 və 1115-ci maddələrinə istinad etmiş, “İcarə haqqında” Azərbaycan Respublikasının 1, 2, 4, 7 və 8-ci maddələrinə, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1 və 216-237-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1234/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının əri olan Tahir Quliyev daimi olaraq özü, atası və qonaqları üçün yemək tələb etmiş və həmin xərcləri icarə haqqında çıxılmasını demişdir. Ona görə də onun heç bir borcu yoxdur. Bundan başqa o həmin restorana 4000 manatdan artıq xərc çəkmişdir. Onların razılaşmalarına görə isə çəkilən xərclər icarə haqqından çıxılmalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İş üzrə iddiaçı X8 və nümayəndəsi X6 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 qətnamənin ləğvini xahiş etsə də, yalnız iddianın təmin edilmiş hissəsini mübahisələndirir. İddianın təmin edilməyən hissəsi isə onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı Cavabdeh1 münasibətdə yalnız mübahisələndirilən hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1234/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı məxsus olan Bərdə şəhəri Alpout kəndinə gedən yolun sol tərəfində yerləşən “Qızıl Balıq” Restoranı və ərazisini çayxana və yeməkxana kimi icarəyə götürmüş və tərəflər arasında olan icarə müqaviləsinə əsasən, cavabdeh hər ay iddiaçıya 5000 manat icarə haqqı ödəməli, xx.xx.2022-ci il tarixdən hər ay 4000 manatdan müəyyən edilmiş, hər ay üçün icarə haqqı növbəti ayın 04-dək ödənilməlidir, müqavilə üzrə hesablaşmalar isə xx.xx.2022-ci il tarixdən aparılması razılaşdırılmışdır. Lakin, cavabdeh iddiaçı ilə aralarında olan icarə müqaviləsinə əməl etməmiş və razılaşmanın şərtlərini pozmuşdur. İşin göstərilən halları iş üzrə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şəxsin ifadələri ilə də təsdiq edilmişdir.
38. Azərbaycan Respublikasının MM-in 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
39. Azərbaycan Respublikasının MM-in 14.2-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
40. İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən Bərdə şəhəri Alpout kəndinə gedən yolun sol tərəfində yerləşən “Qızıl Balıq” Restoranı və ərazisini çayxana və yeməkxana kimi aylıq 4000 manat olmaqla icarəyə götürülmüşdür. Cavabdeh 2015-ci ilin yanvar ayından aylıq icarə haqqı verməmişdir. İşin göstərilən dəlili Cavabdeh1 özünün izahatı ilə də təsdiq edilir. Lakin bununla yanaşı cavabdeh bildirir ki, iddiaçın əri Tahir Quliyevin özü, atası və qonaqları üçün daim restorandan yemək sifariş etdiyini və bunu da aralarında olan razılaşmaya görə icarə haqqından çıxıldığını bildirir. Kollegiya cavabdehin bu izahatını onun özünümüdafiəsi kimi qiymətləndirir. Həmçinin, cavabdeh bununla bağlı mötəbər sübutlarını kollegiyaya təqdim edə bilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Cavabdeh1 işlətdiyi obyektlər üzrə iddiaçı Nizami Hüseynova icarə haqqı verməsini onlara bildirmişdir. Bundan əlavə isə Mahirin əvvəlki aylardan obyekt sahibinə icarə haqqından 1900 manat borcu olduğunu və axırıncı ayı isə Mahirin aylıq 4000 manat icarə haqqını vermədən obyekti qoyub getdiyini bildirmişdir. Qeyd olunan şəxsin verdiyi ifadənin kökündə isə cavabdehin özünün verdiyi məlumat dayanmışdır. Bu isə şahid ifadəsinin mötəbər və inandırıcı olmasına dəlalət edir.
41. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Qeyd olunmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
43. Göstərilənlərə hüquqi qiymət verən kollegiya hesab edir ki, tərəflər arasında həqiqətən icarə hüquq münasibətləri mövcud olmuşdur. Lakin, cavabdeh tərəfindən bu yazılı razılaşmanın tələblərinə əməl edilməmişdir.
44. Azərbaycan Respublikasının MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
45. Azərbaycan Respublikasının MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
46. Azərbaycan Respublikasının MM-in 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
47. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. (Mülki Məcəllənin 425.1 və 427.3-cü maddələri)
48. Cavabdehin apellyasiya şikayətində göstərdikləri ilə bağlı kollegiya qeyd edir ki, qeyd olunanlar qətnamənin ləğvinə əsas verə bilməz. Belə ki, cavabdehin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahat ilə apellyasiya şikayətində göstərdikləri dəlillər biri-biri ilə uzlaşmayan fərqli dəlillərdir. Bu isə cavabdehin göstərdiklərinin inandırıcı olmamasına və onun iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasından boyun qaçırmasına yönələn bir hərəkət olduğunu ehtiva edir.
49. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
52. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1234/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.