Məhkəmə qərarları › İş №2(104)-2028/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2028/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2028/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızı, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızı, Cəfərov (Qafarov) Rəşad Yaşar oğlu və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iş üzrə Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(076)- 1771/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızı, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızı, Cəfərov (Qafarov)Rəşad Yaşar oğlu və Cəfərov (Qafarov)Elşad Yaşar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızı, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızı, Cəfərov (Qafarov) Rəşad Yaşar oğlu və Cəfərov (Qafarov) Elşad Yaşar oğlunun JN-139 (KOD ********) nömrəli Dövlət Aktı ilə paylı mülkiyyətində olmuş 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsi, həmin torpaq sahəsinə dair cavabdehlərlə və onun arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır cavabdehlərə məxsux Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2,52 ha (JN139, Kod: ********) torpaq sahəsini almış və torpaq sahəsinə dair Dövlət Aktının əsli cavabdehlər tərəfindən ona verilmişdir. Belə ki, cavabdehlərə məxsus kənd təsərrüfatı təyinatlı Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.52 ha torpaq sahəsini 2004-cü ilin sonlarında faktiki olaraq almışdır. Bundan sonra alqısatqını rəsmiləşdirmək üçün Şəmkir rayon 1 saylı Notariat kontorunda 21 aprel 2006-cı il tarixli, 4- 261 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. 2004-cü ildən hazırkı tarixədək 20 il müddətində torpaq sahəsi mübahisəsiz olaraq onun istifadəsindədir. Cavabdehlər 2024-cü ilin mart ayında ona satdıqları torpaq sahəsində şumlama işi aparmağa cəhd edərkən bəlli olmuşdur ki, ona satdıqları torpaq sahəsinə dair öz adlarına mülkiyyət hüququna dair çıxarış almışlar. Məsələni araşdırmaq məqsədilə Dövlət Notariat Arxivinə müraciət edərək cavabdehlərlə bağlanmış 21 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hərəkətlərin olub-olmamsı barədə məlumat verilməsini xahiş etmişdir. X4 xx.xx.2024-cü il tarixli məktubu ilə məlumat verilmişdir ki, Şəmkir rayon 1 sylı Notoriat Kontorunda cavabdehlərlə bağlanmış 21 aprel 2006-cı il tarixli alqı-satqı müqaviləsi reyestrdə qeydiyyatda yoxdur. Həmin tarix və nömrə altında alqı-satqı müqaviləsi başqa şəxslərə aiddir. Bu isə onu deməyə əsas verir ki, Şəmkir rayon Dövlət Notariat Konturunun mərhum notariusu tərəfindən səhlankarlıq və ya saxtakarlıq edilərək alqı-satqı müqaviləsi reyestrǝ daxil edilməmişdir. Hesab edir ki, cavabdehlərlə bağlanmış alqı-satqı müqaviləsi dövlət reyestrində notariusun səhvi və ya səhlənkarlığı nəticəsində qeydiyyata alınmasa da tərəflərin iradə ifadəsi olaraq cavabdehlərlə faktiki alqı-satqı müqaviləsi bağlanmış, yəni alıcı olaraq o, torpaq sahəsinin pulunu cavabdehlərə vermiş, cavabdehlər isə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı 2,52 ha torpaq sahəsini onun istifadəsinə vermişlər. 20 ildir torpaq sahəsi mübahisəsiz olaraq onun istifadəsindədir. Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(076)-1771/2024 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı cavabdehlər Cəfərova (Əhmədova) Solmaz Qədim qızına, Cəfərova (Quliyeva) Təzəgül Yaşar qızına, Cəfərov (Qafarov) Rəşad Yaşar oğluna və Cəfərov (Qafarov) Elşad Yaşar oğluna qarşı “mülkiyyət hüququna dair Dövlət Reyestr xidmətində aparılmış qeydin, müvafiq çıxarışın ləğv edilməsi və alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin torpaq sahəsinə dair bağlanmış 21 aprel 2006-cı il tarixli, 4Ə-261 reyestr nömrəli alqı-satıq müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində iş üzrə icraata xitam verməkdə haqlı deyildir. Ona görə ki, hansısa səbəbdən alqı-satqı müqaviləsinin notariusun reyestr kitabında qeydiyyatı mövcud deyildirsə faktiki olaraq bağlanmış alqı-satqı müqaviləsi qeydiyyata alınmadığı üçün, qaydalara əsasən hüquqi əhəmiyyətli sənəd hesab edilə bilməz. Müqayisə üçün mövcud məhkəmə qətnaməsi var, məhkəmədə olan hər hansı bir iş üzrə çıxarılması göstərilsə də məhkəmədə belə bir işin qeydiyyatda olması müəyyən edilmədiyi halda həmin qətnamənin qanuniliyinə necə istinad etmək olar? Notariat orqanında aparılmış əməliyyatla əlaqədar notariat işi olmalıdır, notariat əməliyyatı aparan notarius da reyestr kitabında müvafiq qeydiyyat aparmalı, notariat işinin qovluğu yaradılmalıdır. Məhkəmənin tərəflər arasında alqı-satqı müqaviləsinin mövcudluğunu, hüquqi qüvvəsini tanımaqla işin icraatına xitam verməsi tam olaraq məntiqsiz və əsassızdır. Alqı-satqı müqaviləsinin mövcudluğu hazırkı mübahisə üzrə alqı-satqı predmeti olan torpaq sahəsinə münasibətdə tərəflərin faktiki mövcud olmuş hərəkətləri, yəni alqısatqı üçün tərəflərin iradə ifadəsinin mövcudluğunun göstəricisi olaraq sübut hesab edilməlidir. Ancaq hüquqi baxımdan alqı-satqı müqaviləsi qüvvəsinin olması kimi qəbul edilməsi mümkün hesab edilə bilməz. Qeydiyyat institutu milli qanunvericiliklə kifayət qədər imperativ hüquqi mahiyyət daşıyır. Analoji olaraq digər hüquq sahələrinə nəzər salsaq görə bilərik ki, müəyyən hüquqa dair qeydiyyat aparılıb-aparılmaması ciddi hüquqi nəticələr yaradır. Vətəndaşların yaşayış yeri üzrə pasport qeydiyyatının olmaması şəxsin şəxsiyyət vəsiqəsinin etibarsızlığı ilə nəticələnir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ bu hüquq yalnız dövlət reyesterində qeydə alındığ halda qanunla tanınır və qorunur. Eləcə də qeydə alınmalı olan daşınar və daşınmaz əmlakların qeydiyyatının aparılması, o cümlədən nikahın, doğumun, ölümün dövlət reyesterində qeydiyyatı bu hüququn mövcud olub-olmamasını müəyyən edir. Hazırkı iş üzrə də təqdim edilmiş alqısatqı müqaviləsinin notariusun reyestr kitabında qeydiyyatının olmaması bu müqavilənin hüquqi qüvvəsini şübhə altına almış olur. Bu müqavilənin mövcudluğu yalnız tərəflərin belə bir alqı-satqı müqaviləsini imzalamaqla iradə ifadəsi olaraq, alıcı aldığı torpaq sahəsinin pulunu verməsini, satıcı isə topraq sahəsini (artıq 20 ildir mübahissiz olaraq torpaq sahəsi onun sahibliyindədir) alıcının mülkiyyətinə verməsinin faktiki olaraq icra etməsini müəyyən edir. Şəmkir Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli 2(076)-1771/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. İş materiallarında olan: JN-136 (kod ********) saylı, xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X2, X1, X5 və X3 Şəmkir rayonu AİK-nın xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə Şəmkir rayonu Qapanlı kəndi ərazisində 2,52 ha torpaq sahəsi verilmişdir; xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndinin ərazisində 2.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının icraata xitam verilməsi barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin məhkəmə və ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış ********** nömrəli qeydin və müvafiq çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi verməklə inzibati aktın mübahisələndirilməsi haqqında iddia qaldırmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış JN- 136 (kod ********) saylı, xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı əsasında verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki prosessual qanunvericilik işlərə baxılmasının aidiyyət qaydalarını dəqiq müəyyən etmişdir və bu qaydalara riayət olunmaması aparılmış prosessual hərəkətlərin qəbul edilməməsinə səbəb ola bilər. Çünki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 15ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və kommersiya mübahisələrindən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İddia tələbindən görünür ki, iddiaçı daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunmasını xahiş edir. Həmin çıxarışın verilməsinə əsas olan sənəd isə Şəmkir rayon Aqrar İslahat Komissiyasının JN- 136 (kod ********) saylı xx.xx.1998-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı olmuşdur. İşin bu halında məhkəmə kollegiyası diqqətin Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarına yönəldilməsini zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi iddiaçının ləğv olunmasını tələb etdiyi daşınmaz əmlaka dair hüquqi sənədlərin verilməsinin kökündə inzibati akt dayandığından hazırkı tələbə mülki məhkəmə icraatında baxılması yolverilməzdir. Məhkəmə kollegiyası həmçinin göstərir ki, iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehlərlə onun arasında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş etsə də, lakin tərəflər arasındakı müqavilə (əqd) onun iştirakçıları tərəfindən imzalanmış və notariat ofisinin möhürü ilə müvafiq qaydada təsdiq edilmişdir. Bu halda alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə məhkəmədə baxılması istisna təşkil edir. MPM-nin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni əsaslara söykənir. Qərardadın ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 261, 263-264, 267, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(076)-1771/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar