Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2028/2025 02.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-3660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, cavabdehin nümayəndələrinin iştirakı ilə istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanda xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar olunmuşdur. İstehlakçı həmin aktı imzalamaqdan imtina etmişdir
2. xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; QSSQ maksimal saatlıq qaz sərfi 2.0 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış və cəmi 11664 m3 olmuşdur.
3. İtron G-4 mexaniki sayğaclı abonentin saldosundan görünür ki, həmin Akt əsasında “Azəriqaz” İB tərəfindən iddiaçıya 1399,68 manat məbləğində borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında qeyri-qanuni hesablanmış 2.951.33 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona hazırda X8 sahəsindən məlumat verilmişdir ki, sayğacda aşkar olunan nöqsana görə 2.951.33 manat cərimə ödəməlidir. Bununla əlaqədar Gəncə RQİİ Gəncə XS cavabdeh orqana müraciət etmişdir. xx.xx.2025ci il tarixdə cavabdeh orqandan ona “Azəriqaz” İB Gəncə X7ı İdarəsi tərəfindən 31 mart 2022-ci ildə tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktın surəti verilmişdir. Aktda göstərilmişdir ki, “küçə xəttinə baxış zamanı xətt dayağın daxilindən rezin boru aşkarlandı. Abonent rezin boru vasitəsi ilə xətti dayaq daxilindən çəkərək sayğacdan kənar əlavə xəttdən istifadə edir”. Aktda həmçinin dəymiş ziyanın həcmi 11664 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 2.951.33 manat cərimə hesablanmışdır. Bundan başqa aktda qeyd edilmişdir ki, guya o, akta imza etməkdən imtina etmişdir. Bildirmişdir ki, nə aktın tərtib edildiyindən, nə də cərimə yazıldığından onun xəbəri olmamışdır. Bu barədə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ona akt tərtib edildiyi barədə məlumat verməmişdir. Cavabdeh orqan ya heç yoxlama aparmayıb, ya da yoxlamanı onun iştirakı olmadan aparmışdır. Bundan başqa hər ay idarədən gəlib sayğac yoxlanılmış, sərf olunan qaza görə ona qəbz yazılıb verilmişdir. Aktda göstərilən guya aşkar edilmiş nöqsan olsaydı bu vaxtacan yoxlama ona iradını bildirərdi. Çünki göstərilən nöqsanı adi gözlə də görmək olardı. vaxtacan yoxlama ona iradını bildirərdi. Çünki göstərilən nöqsanı adi gözlə də görmək olardı. O, sərf etdiyi qazın pulunu həmişə vaxtlı-vaxtında ödəmişdir. Onların maddi cəhətdən vəziyyətləri ağırdır. Xəstəliyi ilə əlaqədar işləyə bilmir, nə də pensiya almır. Heç bir təqsiri olmadığı halda cərimə ödəməməlidir.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3660/2025 saylı, xx.xx.2025 il tarixli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddianın qismən təmin edilməsi, “Azəriqaz” X2 X7 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* №li akt əsasında itirilmiş qaz sərfiyyatı kimi İddiaçı yaşadığı Gəncə şəhəri, Bayan küçəsi, 162 A saylı ev barəsində hesablanmış 11664 m3 qaz sərfiyyatı üçün, yəni, 1399,68 (bir min üç yüz doxsan doqquz) manat 68 qəpik məbləğində borcun silinməsini qət etmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən aşkarlanmış və bu barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt tərtib edilmişdir. Baxılan işdə Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanı təbii qazla təmin edən qaz xəttinə iddiaçı tərəfindən qanunsuz qoşulma halı barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın 1 (bir) nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə və yaxud cinayət təqibi orqanına təqdim edilməsi və həmin Aktla bağlı araşdırmaların aparılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdeh təşkilat tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında istehlakçıların ünvanına 2.951.33 manat borc yazılması qeyd edilsə də, iş materiallarından görünür ki, həminxx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında istehlakçıların ünvanına 11664 m3 itirilmiş qazın bərpası üçün 1399,68 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Belə olan halda “Azəriqaz” İB tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borc 1399,68 manat təşkil etdiyindən həmin məbləğdə borc silinməlidir. Məhkəmə hesab edir ki, qalan hissədə iddia əsassızdır.
8. Məhkəkə möqveyinin əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 1-ci bəndinin, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın; 6.5-ci bəndinə, 6.5-3-cü bəndinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhəri Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2 (125)-3660/2025 saylı qətnaməsinin qismən ləğv edilməsi 1.551.65 manat həcmində təyin olunmuş cərimənin silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Gəncə RQİİ-nin Gəncə XS tərəfindən ona xx.xx.2025-ci il tarixdə xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ciildə tərtib edilmiş ******* nömrəli aktın surəti göndərilib. Aktda göstərilib ki, “küçə xəttinə (məhz küçə xəttinə) baxış zamanı xətt dayağın daxilindən rezin boru aşkarlanıb. Abonent, guya rezin boru vasitəsi ilə xətti dayaq daxilindən çəkərək sayğacdan kənar əlavə xəttdən istifadə etmişdir. Aktda həmçinin dəymiş ziyanın həcmi 11664 kub metr qaz göstərilmiş, buna müvafiq olaraq 2.957.33 manat cərimə hesablanmışdır. Bundan başqa aktda qeyd edilib ki, o akta imza etməkdən imtina etmişdir. Ancaq nə aktın tərtibindən nə də onun olmasından onun xəbəri olmayıb, nə də cərimə olunmağından məlumatı olmayıb. Bildirir ki, cavabdehin nümayəndələri hər ay gəlib həm sayğacı, sərf olunan qazı, həmdə qəbz yazıb veriblər, bəs onda necə olur ki, uydurduqları rezin xətti bu ayların birində görə bilməyiblər? Çünki göstərilən rezin borunu adi gözlə, axtarış belə etmədən görülə bilərdi. Sərf etdiyi qazın pulunu isə həmişə vaxtı-vaxtında ödəmişdir. Beləliklə, məhkəmə qətnaməni tam şəkildə təmin etməmiş, aktda müəyyən olunmuş cəriməni tam şəkildə ləğv etməli idi. Bu səbəbdən məhkəmənin qətnaməsini bu hissədə əsassız hesab edir və qətnamə qismən ləğv edilməsini xahiş edir. Cavabdehin tərtib etdiyi qanunsuz akt hələ sübut deyil, subut o halda olardı ki, “kəşf” etdikləri rezin xətti video çəkiliş edərək və ya şəkil çəkərək subut edərdilər. Cavabdehin dediyinə görə o imzadan imtina edib ancaq bildirir ki, o imzadan, onun tərtib etdikləri heç xəbəri olmayıb. Eyni zamanda xx.xx.2022-ci il tarixdə akt tərtib olunub ona isə xx.xx.2025-ci ildə təqdim olunub. Həmçinin hər ay sayğacı yoxlayıb çek verən əməkdaş hər ay gələndə xəttə nəzarət edir və onların dedikləri rezin xətti asanca gözlə aşkar edə bilərdilər.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 15 . Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
18. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
19. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
20. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
21. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
22. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
23. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
24. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
25. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
26. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
34. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-3660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanda xx.xx.2022-ci il tarixdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, abonentin sayğacdan kənar əlavə xətdən istifadə etdiyi aşkar olunaraq itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesabat aparılmış və dəymiş ziyanın 11664 m3 olması müəyyən edilmişdir.
42. İddiaçı iddia tələbində cavabdeh X1 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında qeyri-qanuni hesablanmış 2.951.33 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də, onun mübahisələndirdiyi akt əsasında hesablanmış borcun 1399,68 manat olması müəyyən edilmişdir.
43. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi hesablanmış qalan borc məbləği olan 1551,65 manat borc cərimə borcu kimi hesablansa da, həmin borclar xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında deyil başqa aktlar əsasında hesablanmışdır. İddiaçı isə tələbində xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış borcun silinməsini xahiş etmiş və birinci instansiya məhkəməsi də, iddia tələbində işə baxaraq qətnamə qəbul etmişdir.
44. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-3660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-3660/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.