Məhkəmə qərarları › İş №2(104)-2032/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2032/2025

26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2032/2025 26.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-5475/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-5475/2025 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.923 (bir min doqquz yüz iyirmi üç) manat 98 (doxsan səkkiz) qəpik, cərimə qismində 5 (beş) manat və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 39 (otuz doqquz) manat 23 (iyirmi üç), cəmi 1.968 (bir min doqquz yüz altmış səkkiz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul vəsaitinin tutulması, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci i ltarixli, e-2(125)-5475/2025 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın təmin edilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 2.220 manat 96 qəpik, cərimə qismində 222 manat 10 qəpik, cəmi 2.443 manat 06 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 manat 44 qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, LG TV almış və nəticədə 2443.06 (iki min dörd yüz qırx üç manat, 6 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2220.96 (iki min iki yüz iyirmi manat 96 qəpik) manat (yəni 12 ay x 185.08 manat + 0 manat ilkin ödəniş) olan LG TV üçün ümumilikdə, 2443.06 (iki min dörd yüz qırx üç manat, 6 qəpik) manat olmaqla ondan 2220.96 (iki min iki yüz iyirmi manat 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 222.10 (iki yüz iyirmi iki manat, 10 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat təşkil edir. Ödəni.ş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və tərəflərin razılaşmasını hərtərəfli araşdırmamış, yekunda, işin hallarına düzgün hüquqi qiymət vermədən əsassız qətnamə qəbul etmişdir. Belə ki, malın qiyməti heç bir halda müqavilənin standart şərti ola bilməz, əksinə müqavilənin ən mühüm şərtidir. Eyni zamanda, məhkəmə cavabdehin malı 12 ay müddətinə, ayda 185.08 manat ödəməklə əldə etməsinə dair müqavilə hissəsinə hər hansı irad bildirməmiş, lakin həmin hissədə elan edilən və 12*185.08 manatın cəmi olan məbləğə etiraz edərək onu əsaslı hesab etməmişdir. Məhkəmənin istinad etdiyi AR Mülki Məcəlləsinin 622.1-ci maddəsinə görə əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Bu maddə açıq şəkildə iddianın əsaslı olduğunu təsdiq edir. Müqavilənin əsas cümləsi olan, nisyə satışın neçə ay, ayda hansı məbləğ şərti ilə bağlandığını göstərən hissəsində cavabdehin malı 12 ay müddətinə, ayda 185.08 manat olmaqla, cəmi 2220.96 manat məbləğinə əldə etdiyi elan edilir. Yəni satıcı olaraq malın 12 ay müddətinə cəmi bu məbləğə satıldığını cavabdehə elan etmiş və o da, razılaşaraq müqaviləni bağlamışdır. Tərəflər arasında razılaşma bu şəkildə olmuşdur. Digər tərəfdən cavabdeh özü də iddiaya hər hansı etirazını bildirməməklə, həqiqi iradə ifadəsinin bu olduğunu və mübahisələndirmədiyini bir daha bəyan etmişdir. Buna görə də, hesab edirlər ki, iddia əsaslı olduğundan tam təmin edilməli idi, məhkəmənin gəldiyi qənaət və istinad etdiyi maddi hüquq norması işin hallarına uyğun deyildir, odur ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməlidir, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilənin və həmin müqavilənin əlavəsinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı həmin müqaviləyə əsasən 12 ay ərzində hissə-hissə ödəmək şərtilə “LG” markalı televizoru 1.899 manat 99 qəpik məbləğinə və ödəniş təminat xidmətini 18 manat 99 qəpik məbləğinə "xxxx" MMC-dən almışdır. Həmin əşya xx.xx.2025-ci il tarixdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə borcu barədə xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh hazırda İddiaçı MMC-yə borcu xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borc qismində 2.220 manat 96 qəpik, cərimə qismində 222 manat 10 qəpik, cəmi 2.443 manat 06 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh borcu könüllü ödəməsi barədə İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası müəyyən etmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən dəyərini hissə-hissə 12 aya ödəmək şərti ilə “LG” markalı televizoru qüsursuz şəkildə almış, lakin razılaşmanın şərtlərini pozaraq müqavilə ilə razılaşdırılmış vaxtlarda və miqdarda pulu iddiaçıya ödəməmişdir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə müqavilənin alqı-satqı predmeti olan “LG” markalı televizorun qiyməti 1.899 manat 99 qəpik və ödəniş təminat xidmətinin qiyməti 18 manat 99 qəpikdir. Həmin müqavilə üzrə heç bir ödəniş edilməmiş və ödənilməli 1.918 manat 98 qəpik qalmışdır. Lakin həmin əlavə müqavilədə isə 12 ay müddətində hər ay 185 manat 08 qəpik, cəmi 2.220 manat 96 qəpik ödənilməsi qeyd olunmuşdur. Göründüyü kimi alqı-satqı müqaviləsinin predmeti olan əmlakın qiyməti ilə ödənilməli məbləğ arasında uyğunsuzluq mövcuddur. Buna görə də həmin uyğunsuzluq onun müqaviləyə daxil edilməsini təklif etmiş İddiaçı MMC-nin əleyhinə təfsir edilməli, xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.918 manat 98 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia həmin müqavilə üzrə göstərilən məbləğlə ehtiva olunmayan əsas borcun tutulmasına dair hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 222 manat 10 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 614.1.-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 622.3-cü maddəsinə əsasən malların pərakəndə nisyə alğı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəlləninn 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşıyır İstinad olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi müqavilə tərəflərinin hər biri müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməlidir. Müqavilə şərtlərinin lazımi qaydada icra edilməməsi müqavilə öhdəliyinin pozulması hesab edilir. Kollegiya alqı-satqı predmeti olan “LG” markalı televizorun qiymətinin 1.899 manat 99 qəpik və ödəniş təminat xidmətinin qiyməti 18 manat 99 qəpik olduğu halda, dəyərini 12 ay müddətinə hissə-hissə hər ay 185,08 manat ödəyəcəyi halda 2220,99 manat təşkil etməsi ilə bağlı qeyd edir ki, 2220,99 manat ümumi məbləğ müqavilə ilə razılaşdırılmış, alıcı müqavilənin həmin şərtinə etiraz etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə əsasında İddiaçı MMC-dən “LG” markalı televizor almış və aldığı məhsulun dəyərini hissə-hissə - 12 ay müddətində, müqavilə ilə razılaşdırılmış məbləğlərdə ödəməyə razılaşsa da, cavabdeh hər ay ödəməli olduğu məbləğləri ödəmədiyindən "xxxx" MMC-yə 2220.99 manat borcu qalmışdır və həmin borc cavabdehdən tutulmalıdır. Həmçinin məhkəmə kollegiyası iddiaçının cərimə tələbi bağlı qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinin 2.6-cı bəndində göstərilir ki, “Müştəri” ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müqddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği əsas borca mütənasib hesablanmışdır. Kollegiyanın qənaətinə görə bu məbləğdə cərimə ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Məhkəmə xərci ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərkən zəruri xərcləri ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 44,44 manat dövlət rüsumunun cavabdehdən tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-5475/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 557646 nömrəli müqavilə üzrə Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 2.220 manat 96 qəpik, cərimə qismində 222 manat 10 qəpik, cəmi 2.443 manat 06 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 manat 44 qəpik tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamə qətidir. Ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar