Məhkəmə qərarları › İş №2(104)-2042/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2042/2023

05.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2042/2023 05.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsindən cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 1079,22 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim T.Musayev ) iddia qismən təmin edilmiş, cavabdeh “Azəriqaz” İBnin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1036,80 (bir min otuz altı manat səksən qəpik) manat borc məbləğinin silinməsi qət edilmişdir. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələrlə qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almamışdır. İddiaçının mənzilində quraşdırılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir.Ona görə də, iddiaçıya xx.xx.2022-ci il tarixli akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. İş üzrə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun tərəfindən qaz sayğacına hər hansı müdaxilə olunmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh “Azəriqaz” İB-nin apellyasiya şikayətinin dəlillərindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşə əlavə edilmiş: Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin tarixdə abonentin sayğacına baxış keçirilərkən Şəmkir rayonu, Talış kəndində yerləşən istehlakçı İddiaçı məxsus ünvanda yoxlama zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi, bununla da sayğaca müdaxilə edilməsi müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayına Şəmkir rayonu, Talış kənd sakini olan abonent İddiaçı adına 1036,80 manat borc hesablanmışdır. “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməklə istifadə edildiyi üçün 8640m3 təbii qaz sərfi hesablanmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı yaşadığı evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən, sayğacın çıxış plastmas borusunun deşilməsi və bununla da sayğaca müdaxilə edilməsi aşkar edilmişdir. Ona görə də, cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinin 2-ci hissəsinə görə, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. 13-cü maddəsinin 8-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.2-ci bəndinə görə, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçını qazın alğı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.3-cü bəndinə görə, qaz sayğacları SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.1-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin qüsurlu olması aşkar edilsə də, həmin halın baş verməsində iddiaçının təqsiri müəyyən edilməmişdir. Yəni, iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacın mexanizminin qüsurlu olması məhz sonuncu tərəfindən həyata keçirilməsi və ya qüsurda onun hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericliyin qeyd edilən tələblərindən göründüyü kimi, hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində və ya mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki hüquq pozuntusu - delikt isə, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Göründüyü kimi, məhz iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissəsinin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsi iddia qismən təmin olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPMnin 372, 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-1151/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiy vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar