Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2043/2024 24.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X2, cavabdehlər Cavabdeh1, onun nümayəndəsi (anası) X3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və cavabdehlərin vəkili X7 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 3.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının nümayəndəsi X8 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlərə 8.000 manat kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 3 saylı binanın 37 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının mülkiyyətinə vərəsəlik hüququ əsasında keçmişdir və bununla bağlı ona çıxarış verilmişdir. Cavabdehlər onun mərhum əmisinin arvadı və onun uşaqlarıdır. Cavabdehlər 2018-ci il tarixdən evdə yaşamırlar və onlar Şəmkir rayonu, Əliyaqublu kəndində yerləşən ata-baba evi olan evə köçüb orada yaşayırlar. Cavabdehlər Şəmkir rayonuna köçərkən özlərinə məxsus əşyaları mənzilin bir otağına yığmış və həmin əşyaları aparacaqlarını, mənzildən qeydiyyatdan çıxacaqlarını bildirsələr də, dediklərinə əməl etməmişlər. Cavabdehlərin mənzilə köçürülmələrinə dair məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq, onlar həmin mənzildə faktiki olaraq yaşamırlar. Onlar arasında olan münasibətlər korlanmış və daimi mübahisələr baş vermişdir. Bu səbəbdən onların birgə eyni mənzildə birgə yaşaması mümkünsüzdür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsi ilə (sədrlik edən Camal Quliyev) iddia ərizəsi təmin edilmiş, İddiaçı tərəfindən 8.000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1- ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilindən çıxarılmaları, qətnamənin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları hissəsində kompensasiyanın ödənilməsi ilə eyni vaxtda icra edilməsi, İddiaçı iş üzrə ekspert xərcinin əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaitinin Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 1999-cu ildə X9 ilə evlənmişdir. Fərasət Abbasovla birgə nikahlarından xx.xx.2000-ci ildə Cavabdeh2 və xx.xx.2001-ci ildə Cavabdeh3 dünyaya gəlmişdir. X9 ilə evləndikdən sonra ünvan 1 ünvanına gəlin getmişdir. Cehiz əşyalarını da həmin mənzilə aparmışdır. O, həmin evə gəlin gedərkən həmin ünvanda X4 valideyinləri X12 (atası), X5 (anası) və qaynı X13 ailəsi ilə birlikdə yaşayırdı. xx.xx.2006-cı ildə X9 vəfat etmişdir. X9 vəfat etdikdən sonra o, övladlarıyla birlikdə həmin evdə qaynatası və qaynanasıyla birlikdə yaşamışdır. X1 2017-ci ildə, qaynanası X5 isə, 2022-ci ildə vəfat etmişlər. O və övladları Cavabdeh3 və Cavabdeh2 qaynanası X5 vəfat edənədək, yəni 2022-ci il tarixədək həmin mənzildə yaşamışlar. Lakin 2022-ci il tarixdən cavabdeh və valideyinləri onu və övladlarını evə buraxmayaraq evdə olan əşyalarını evdən çıxarmağını tələb etmişdir. Sonra İddiaçı Gəncə şəhər Məhkəməsində ona və övladları Cavabdeh3 və Cavabdeh2 qarşı mənzildə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iddia tələbinə baxılarkən o və övladları Cavabdeh3 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı evə köçürülmə tələbinə dair məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmiş və iddiaları icraata götürülərək ilkin iddia ilə bir icraatda baxılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 4284/2023 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməmiş, onun və övladları Cavabdeh3 və Cavabdeh2 evə köçürülmə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-4284/2023 saylı qətnaməsi icra olunması üçün Gəncə şəhər İcra İdarəsinə göndərilmiş, lakin qətnamə bugünkü tarixədək icra olunmamışdır. Onların başqa yaşayış yeri yoxdur. Həmçinin övladı Cavabdeh2 fiziki və əqli qüsurluğu var. Onun və övladlarının əşyaları həmin mənzildə yerləşir. Ona və övladları Cavabdeh3 və Cavabdeh2 birlikdə 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməsi ilə razılaşmır və məhkəmənin qətnaməsinin ədalətli hesab etmir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Cavabdeh1 apellyasiya dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. Cavabdeh1 nümayəndəsi olan (anası) X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Zərgül onun qızıdır. Qızı 1999-cu ildə ailə qurmuş, iki uşağı vardır. Mübahisəli ev Zərgülün qayınatasının olmuşdur. Qayınatası 2017-ci ildə vəfat etmiş, yoldaşı isə 2006-cı ildə rəhmətə getmişdir. 2022-ci ildə qayınanasının vəfatından sonra isə aralarında mübahisə baş vermişdir. Ona təklif edilən kompensasiya məbləği ilə razı deyildir. Belə ki, onun iki azyaşlı uşağı var və başqa yaşayış yeri yoxdur. 15000 manat kompensasiya məbləğinə razıdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, nümayəndə X3 izahatı ilə razı olduqlarını bildirdilər və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin vəkili X14 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Vəli onun oğludur. Cavabdeh 2018-ci ildə anasının evinə getmişdir. Hazırda 8000 manat məbləğində kompensasiya verə bilər. Sədrlik edən S/c-iddiaçının nümayəndəsi: Xeyr, bizə təklif edilən 10000 manat məbləğində kompensasiya ödəməyə imkanı çatmır. 9000 manat ödəyə bilərik. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, 1ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. xx.xx.2016-cı il tarixli, 2V-411 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X12 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-4284/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə köçürülmələri qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024cü il tarixli, 3-16-16/2-10/215-9/139 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 73.000 manat, likvid qiyməti isə 65.700 manat məbləğində müəyyən edilir. Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin ümumi sahəsi 88,5 kv/m olan 37 nömrəli mənzili ilə eyni ölçüyə və şəraitə malik, yaxın coğrafi ərazidə yerləşən mənzillərin bir aylıq kirayə qiymətinin təqribən 180 manat təşkil etdiyi müəyyən edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad etməklə, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iş üzrə əldə edilmiş ekspertiza rəyinə əsasən oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminin 180 manat civarında olmasını nəzərə alınaraq cavabdehlərin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi üçün iddiaçının təklif etdiyi 8.000 manat kompensasiya məbləği yetərli, bazar qiymətlərinə uyğun olmaqla, iddiaçının hesabına cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verəcəkdir. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarda Plenum hüquqi mövqeyini ifadə edərək, qeyd edir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qərarın məzmunundan göründüyü kimi, kompensasiya institutu istifadə hüququna malik şəxsin mənzilin bölünməsi və ya onun dəyərindən payın hüquq verməsə də, onun yaşayış hüququnun təminatlı şəkildə qorunmasını təmin edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumu hesab etmişdir ki, yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilən şəxsə təklif edilən kompensasiya elə bir məbləğdə olmalıdır ki, istifadə hüququna malik olan şəxs bu məbləğin hesabına müəyyən müddət daxilində və davamlı surətdə əvvəlki mənzilə xas olan şəraitdə yaşamaq imkanı əldə etsin. Bu baxımdan “müəyyən müddət daxilində” ifadələrinə hüquqi müəyyənlik prinsipi nəzərə alınmaqla hüquqi aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, hazırkı iddia tələbi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 münasibətdə onu ehtiva edir ki, iddiaçı tərəf cavabdehlərin Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 3 nömrəli evin 37 nömrəli mənzilinə dair evdən istifadə hüququnu qəbul edir və kompensasiya verməklə onun hüququnun xitam verilməsinə dair iddia olmasaydı, cavabdehin istifadə hüququ daimi xarakter daşıyacaqdı. Yəni mübahisəli mənzildə onun istifadə hüququ müvəqqəti deyil, daimi xarakter daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, “müəyyən müddət daxilində” anlayışı onu göstərir ki, istifadə hüququna xitam verilən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bu müddət bitən ana qədər özünü yaşayış sahəsi ilə təmin etməlidir və yaxud kompensasiya məbləği ilə əhatə edilən müddət bitdikdən sonra kirayədə qalmağa maddi imkanı olmalıdır. Əks təqdirdə məhkəmə tərəfindən qəbul edilən qətnamə ilə müəyyən edilən və kompensasiya ilə əhatə edilən müddət bitdikdən sonra şəxsin özünü yaşayış sahəsi ilə təmin edə bilməməsi, onun hər hansı bir yaşayış sahəsi olmadan mövcud olması ilə, yaxud, faktiki olaraq həmin şəxlərin yaşayış hüquqlarının məhkəmə qaydasına pozulması ilə nəticələnir. Azərbaycan Respublikası MPM-nin 2-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Digər tərəfdən, Azərbaycan Respublikası Konustitusiyasının 43-cü maddəsinin tələbinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi mülkiyyətçiyə kompensasiya verməklə onun xüsusi mülkiyyətinə olan mənzildən istifadə hüquqlarına malik olan şəxslərin istifadə hüququna xitam vermə səlahiyyəti versə də, Konstitusiyanın 43-cü maddənin təfsiri digər məsələlərlə yanaşı həmçinin hazırkı işə münasibətə onu ehtiva edir ki, verilən kompensasiya ilə özünün başqa bir yaşayış səviyyəsi ilə təmin edə bilsin və yaxud konpensasiya ilə əhadə edilən müddət bitdikdən sonra önun özünü başqa bir yaşayış sahəsi ilə təmin etmək imkanı olsun. Belə ki, Konstitusiyanın 43-cü maddəsinin məzmuna görə dövlət nəinki hər bir şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsini qadağan edir, hətta yaşayış binasının və evlərin tikintisinə rəvac verməklə onların mənzil hüququnu gerçəkləşdirir. Bu baxımdan Cavabdeh1 və onun ailə üzvlərinin hüququnun başqa bir yaşayış sahəsində müddətli istifadə hüququ ilə əvəz edilməsi, bu məbləğ qurtardıqdan sonra onun ümumiyyətlə hər hansı bir yaşayış sahəsinə malik olmaması cavabdehlərin faktiki olaraq yaşadığı mənzildən qanunsuz məhrum edilməsi anlamına gəlir. Bu isə iddia tələbinin əsassızlığını təsdiq edir. Çünki, cavabdehlərə 8000 manat məbləğində kompensasiya verilməklə yaşayış hüququna xitam verilməsi onun qanunla qorunan mənafeyinin yüksək dərəcədə müdafiəsini təmin etməməklə yanaşı, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində iddiaçı tərəfındən təklif edilən kompensasiya, ona davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ olmadığından, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalır. Cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müqabilində onlara təklif edilən 8000 manat məbləğində kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. İddiaçının nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq, dəyişdirilərək 10000 manat təklif edilmiş, iddiaçının nümayəndəsi 10000 manatı ödəməyə imkanı olmadığını bildirmiş, cavabdehlər isə 10000-15000 manat arası kompensasiya məbləğinə razı olduğunu bildirmişlər. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdehlər Cavabdeh1 və onun yetkinlik yaşına çatmış uşaqları Cavabdeh2 və Cavabdeh3 yetərsiz məbləğdə kompensasiya verilərək, istifadə hüququna xitam verildikdən sonra cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı olmayacaqdır. Azərbaycan Respublikası MPM-nin: 385.1.2 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və qanunu səhv təfsir etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384- 385, 392, 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDi : Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-632/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2043/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2043/2024
24.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver