Məhkəmə qərarları › İş №2(104)-2058/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2058/2025

15.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2058/2025 15.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X7rşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X10 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X7rşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(125)-3734/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 dekabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 fevral 2011-ci il tarixli, MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi İddiaçı xüsusi mülkiyyətindədir.

2. 41100879 abonent haqqında məlumatdan görünür ki, 2011-ci il tarixdən 2025-ci il tarixdədək ünvan 1 ünvanında yerləşən əmlak kompleksində sudan istifadəyə görə 1.873,70 manat borc hesablanmışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri X10 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 33/2-7446/2025 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 12 saylı yeməkxanaya dair 002421 nömrəli şəhadətnamə X2 adına işlənilmişdir. Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusunun 23 yanvar 2006-cı il tarixli, 4Ə-01-34 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 tərəfindən Müctəhidzadə Gülarə Mirkamil qızına satılmışdır, lakin Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun dövlət notariusunda Müctəhid-zadə Gülarə Mirkamil qızının 03 fevral 2011-ci il tarixli, 7E-06-1684 reyestr nömrəli razılıq ərizəsi ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə düzəliş edilmişdir. Belə ki, Gəncə şəhəri 7 saylı dövlət notariat kontorunun dövlət notariusunun 23 yanvar 2006-cı il tarixli, 4Ə-01-34 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 tərəfindən İddiaçı adına satılmış, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 10 noyabr 2010-cu il tarixli, 2(044)-1825/10 saylı qətnaməsi əsasən ünvan 3 ünvanında yerləşən əmlak kompleksinə dair 03 fevral 2011-ci il tarixli, **********86-12301 reyestr nömrəli çıxarış İddiaçı adına verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək artıq hesablanmış 1.873,70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona ünvanlanan 17 aprel 2025-ci il tarixli xəbərdarlıqda onun həmin tarixə qədər istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətinə görə "xxxx" ASC-yə 1873,70 manat son ödəmə tarixi keçmiş və ödənilməmiş borcun yarandığı qeyd olunmuşdur. ünvan 2 ünvanda ümumiyyətlə sayğac quraşdırılmamış, artezian suyu ilə təmin olunur. Həmin ünvanda göstərilən qeyri-yaşayış obyekti uzun müddət olar ki, fəaliyyət göstərməyibdir. Bu səbəbdən hesablanmış borcun əsassız olduğunu hesab edir və həmin borcun silinməsinin tələb edir.

6. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehin “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X13 ilə əvəz edilməsi və iddiaçının sudan istifadəyə etdiyinə görə 2022ci ilin may ayına qədər hesablanmış 1.345,70 manat borcun silinməsini xahiş etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(125)-3734/2025 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X7rşı “borcun silinməsi” tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X5”nın X6 Qərarının 8.3-cü bəndi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360, 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ilk öncə hesablanmış borc məbləğinin tamamilə əsassız olduğunu düşünsə də hal-hazırda həmin borcu qismən etiraf edir. Yəni sudan istifadəyə görə 2011-ci il tarixdən 2022-ci ilin may ayınadək hesablanmış borc məbləği əsaslı olsa belə artıq həmin borcun tələb edilməsi ilə bağlı müəyyən olunmuş ümumi 3 illik iddia müddəti ötmüşdür. Buna görə də 2011-ci il tarixdən 2022-ci ilin may ayınadək olan dövr ərzində hesablanmış borc məbləğinə dair iddia müddəti tətbiq edilməli, sözügedən dövr üçün hesablanmış 1.345 manat 70 qəpik məbləğində borc silinməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X10 etibarnamə üzrə nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ticarət mağazası kimi fəaliyyət göstərir. Sayğac 2016-cı ildə qurlaşdırılıb, həmin vaxtdan sudan istifadə olunsada pulu ödənilməyib. 2019-cu ildə isə sayğac özbaşına mülkiyyətçilər tərəfindən sökülüb. Halhazırdada həmin obyekt sayğacsızdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

16. Maddə 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

18. Maddə 62.1. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”

19. Bənd 8.3. istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəb və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-nə yazılı müraciət etdikdə, STKM 2 (iki) iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

20. Bənd 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

21. Azərbaycan Respublikası Tarif Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş, "xxxx" ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı suların axıdılması xidmətlərinin tarifləri haqqında siyahıdan görünür ki, tullantı suların axıdılması xidmətinə görə qeyri əhali üçün 1m3 görə 1 manat tarif nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə hesablanmış 1.345,70 manat borcun silinməsinə dair məhkəmədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, borc vaxtında tələb olunmadığından müddət keçmişdir. Bu səbəbdəndə borc silinməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir.

33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan qətnamənin ləğv olunması üçün əsaslar yoxdur.

34. Apellyasiya şikayətinin “sudan istifadəyə görə hesablanmış 2011-ci il tarixdən 2022-ci ilin may ayınadək hesablanmış borc məbləği əsaslı olsa belə artıq həmin borcun tələb edilməsi ilə bağlı müəyyən olunmuş ümumi 3 illik iddia müddəti ötmüşdür” dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, Hazırkı iş üzrə tələb borcun silinməsidir. Yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ isə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 aid olduğundan və belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Yəni, qeyd olunan hal yalnız “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 İddiaçı qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman sonuncunun ərizəsinə əsasən mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil.

35. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu İddiaçı məhkəmədənkənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Çünki tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz.

36. Kollegiya həmçinin qeyd edir ki, su xəttindən qanunsuz istifadəyə görə hesablanmış ziyan məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”-nın 8.3-cü bəndi ilə müəyyən edilmiş qaydalara uyğundur.

37. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Çünki, yuxarıda da göstərildiyi kimi “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X13 tərəfindən İddiaçı hesablanmış borc məbləği su xəttindən qanunsuz istifadəyə görə hesablanaraq onun abonent hesabına yazılmışdır.

38. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, 2(125)-3734/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar