Məhkəmə qərarları › İş №2(104)-2064/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2064/2024

23.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2064/2024 23.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Tovuz regional “Asan Xidmət” Mərkəzi notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Tovuz regional “Asan Xidmət” Mərkəzi notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1469/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında İV ЖГ 31322 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə doğulmuşdur. X4, anası isə X6r.

2. Doğum haqqında İV ЖГ 313221 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1970-ci ildə doğulmuşdur. X4, anası isə X6r.

3. Tovuz regional Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X11 ilə X8 nikahlarını xx.xx.1976-cı ildə rəsmi qeyd etdirərək ailə qurmuşlar. Nikahdan sonra arvada «Rzayeva» soyadı verilmişdir.

4. Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1070 və 1071 saylı arayışlardan görünür ki, X11 xx.xx.2003-cü ildə, X10 isə xx.xx.1990-cı ildə ölmüşdür.

5. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, 2V-637 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2003-cü ildə ölmüş X7 vərəsəsi Cavabdeh3dur. Miras əmlak isə xx.xx.1987-ci ildə X7 adına verilmiş 310 nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,1 kv.m. olan üç otaqlı fərdi yaşayış evindən ibarətdir.

6. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən xx.xx.2021-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndi, Həzi Aslanov küçəsində yerləşən 0,1101 ha torpaq sahəsi və üzərindəki ümumi sahəsi 93,4 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsusdur.

7. Tovuz rayonu Aşağı Öysüzlü-Qazıqulu bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 123 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən X9 məxsus fərdi yaşayış evi və torpaq sahəsinin vergisini onun vəfatından sonra Cavabdeh3 ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh3, Tovuz regional “Asan Xidmət” Mərkəzi notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli V363 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, şəhadətnamə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə anası X8 xx.xx.1976-cı il tarixdə rəsmi nikah qeydindən keçməklə ailə qurmuş, birgə nikahlarından o, İlqar, İlham və İlhamə adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə atasının münasibətləri pis olduğu üçün atası onu qeydiyyatdan çıxarmışdır. Digər qardaşı İlham uzun illərdir Rusiya Federasiyasında yaşayır, onunla əlaqələri yoxdur və ata evinə gedib-gəlməmişdir. Bacısı İlhamə isə ailə quraraq ata evindən ayrılmışdır. Təsərrüfat başçısı olaraq o qalmışdır. Miras qalmış evdə o, oğlanları Orxan və Musa qalmışdır. Valideynlərinin daim qulluğunda durmuş və onlar vəfat etdikdən mirası faktiki olaraq o qəbul etmişdir. Fərdi yaşayış evi onların istifadəsində olmuşdur. Cavabdeh və oğlunun xahişi üzrə keçən ilin may ayında onları evə qeydiyyata salmışdır. Sonradan bilmişdir ki, cavabdeh onu aldatmış və miras evi öz adına rəsmiləşdirmişdir. Lakin bu zaman notarius vərəsələrin əhatə dairəsini dəqiq müəyyən etməmişdir. Halbuki, mirası o faktiki qəbul etmişdir. Buna baxmayaraq cavabdeh onu evə buraxmır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

10. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1469/2024 nömrəli qətnaməsi ilə (hakim Fərid Əliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1243.1, 1243.2, 1243.3, 1245 və 1159.1.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 216- 220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1469/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o dul xanımdır, qalmağa yaşamağa yeri yoxdur, müvəqqəti köhnə hökumət binası olan baxça binasında məskunlaşmış, atasının evində qeydiyyatda olmuş, gəlib getmiş, uşaqlarını həmin atasının evində böyütmüş, cavabdeh onu evdən çıxarmışdır. Birdə onu qeyd etmək istəyir ki, məhkəmə iclası vaxtı Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, mərhum atasından qalan paydan verilməsinə etirazı yoxdur. Ancaq məhkəmə işə baxan vaxtı bir tərəfli baxmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

17. İş üzrə cavabdehlər Tovuz regional “Asan Xidmət” Mərkəzi notariat ofisinin nümayəndəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 15 saylı Tovuz Ərazisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

18. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

19. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

24. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

25. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

28. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

29. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

30. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı

31. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1469/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, X11 ilə X8 nikahlarını xx.xx.1976-cı ildə rəsmi qeyd etdirərək ailə qurmuşlar. Nikahdan sonra arvada “Rzayeva” soyadı verilmişdir. Onların birgə nikahından xx.xx.1972-ci il tarixdə İddiaçı və xx.xx.1970-ci il tarixdə isə Cavabdeh3 doğulmuşdur. Daha sonra X11 xx.xx.2003-cü ildə, X10 isə xx.xx.1990-cı ildə ölmüşdür. X1 miras əmlak kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94,1 kv.m. olan üç otaqlı fərdi yaşayış evi qalmış və ondan qalan mirası Cavabdeh3 faktik olaraq qəbul etmişdir. Belə ki, miras əmlak mərhum Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmiş və qorunub saxlanmışdır. Həmin miras əmlaka görə Tovuz rayon notariat kontoru tərəfindən cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və cavabdeh fərdi yaşayış evi üzərində mülkiyyət hüququ əldə etmişdir.

51. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı tərəfindən miras əmlak nə faktik, nə də qanunla müəyyən edilmiş qaydada qəbul edilməmişdir.

52. İlk öncə qeyd olunmalıdır ki, iddia tələblərinin ardıcıllığı baxımından ilk növbədə iddiaçının mərhum atasından qalmış miras payının onun tərəfindən qəbuluna qiymət verilməlidir. Çünki, iddiaçının mirası qəbul etməsi müəyyən olunacağı halda digər tələblər üzrə subyektiv hüququ yaranmış olacaqdır.

53. X3 xx.xx.2003-cü ildə vəfat etdiyinə görə Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

54. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

55. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

57. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının anası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.

58. İddiaçının mərhum atası Əli Rzayevdən qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.

59. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

60. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

61. Birinci instansiya məhkəməsinin nəticəsi ilə razılşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum atası Əli Rzayevdən miras qalan əmlakı bu qaydada qəbul etməsini təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının özünün izahatı ilə məlum olmuşdur ki, onun tərəfindən miras əmlak nə qanunla müəyyən edilmiş qaydada, nə də faktik olaraq qəbul edilməmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiya məhkəməsində, istərsə də məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, atasının ölümündən sonra miras qalmış fərdi yaşayış evinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin evdə hər hansı təsərrüfat aparmamışdır. İddiaçının mübahisəli fərdi yaşayış evinə gediş-gəlişi qardaşı evinə qonaq kimi baş tutmuşdur. Burada söhbət mirasın qəbuluna yönəlmiş hərəkətlərdən gedə bilməz.

63. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının atasının yas mərasimində iştirak etməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmayıb, ölmüş şəxsin yas məraimi ilə bağlı adət-ənənədən irəli gələn vəzifələrin icrasına xidmət edən hərəkətdir. İddiaçının bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. İddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. İddiaçı tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir

64. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum atası Əli Rzayevdən miras qalan əmlakı qəbul etməsini təsdiq edən sübutları iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən atasından qalmış mirası qəbulu etməsini sübuta yetirilə bilməmişdir.

65. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

67. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

68. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

69. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və atasından qalmış mirası qəbul etməsi halını sübuta yetirə bilməmişdir.

70. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

74. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

75. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

76. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-1469/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar