Məhkəmə qərarları › İş №2(104)-207/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-207/2024

11.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-207/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və mülkə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli 2(043)-1567/2023 saylı qətnaməsindən cavabdeh X25 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və mülkə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, 28 dekabr 1993-cü il tarixli vəsiyyətnamənin, Gəncə şəhəri 7 nömrəli notariusun xx.xx.2009-cu il tarixli 2v-l-63 saylı vəsiyyətnamə üzrə vərəsəlik huququ haqqında şəhadətnaməsinin və onların əsasında Cavabdeh1 adına verilmiş ünvan 1 mülkə dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməsi və ünvan 1 ünvanda yerləşən miras mülkdə qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 367.0 kv.m torpaq sahəsində yerləşən 20.2 kv.m sahəsindən ibarət olan bir otaqlı mülk mərhum X8 adına qeyd edilmişdir. X5 01 noyabr 1994-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra vərəsələri X9, İddiaçı, Cavabdeh2, X12, X13 qalmışdır. X2 xx.xx.2004-cü ildə vəfat etmişdir. Miras qalmış mülk anasının ölümündən sonra da qalmış vərəsələr tərəfındən qəbul edilməmişdir. Lakin xx.xx.2013-cü il tarixdə ona məlum olmuşdur ki, Gəncə şəhəri Mühdi Hüseynzadə küçəsi 42 saylı ev Gəncə şəhəri 7 nömrəli notariusun xx.xx.2009-cu il tarixli 2v-1-63 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X31 oglunun adından Cavabdeh1 adına keçmişdir və X23 bu mülkə dair xx.xx.2012-ci il tarixli ********** qeydıyyat nömrəli çıxarış verilmişdir. O, xx.xx.1993-cü il tarixli vəsiyyətanməni nəzərdən keçirərkən müəyyən olmuşdur ki, X5 həmin vəsiyyətnaməni imzalamamışdır. X1 qoca və savadsız olduğu üçün vəsiyyətnaməni vəsiyyətçinin öz xahişi ilə qonşusu X18 imzalamışdır. Hesab edir ki, vəsiyyətnamə həmin dövrdə qüvvədə olan Azərbayjan SSR Mülki Məcəlləsinin 547-ci maddəsinin tələblərinin pozulması ilə verilmişdir. Belə ki, həmin normada göstərilir ki: “Vəsiyyət edən fıziki qüsurludursa, xəstəliyə və sair səbəblərə görə vəsiyyətnaməni şəxsən imzalaya bilmədikdə, onun xahişinə əsasən vəsiyyətnamə, notariusun və ya digər vəzifəli şəxsin iştirakı ilə, vəsiyyət edənin vəsiyyətnaməni şəxsən imzalaya bilməməsinin səbəbləri göstərilməklə, başqa şəxs tərəfindən imzalana bilər.” Mübahisə edilən vəsiyyətnamədə vəsiyyətnamənin başqa şəxs tərəfındən imzalaması səbəbi, X5nun qoca və savadsız olduğu göstərilmişdir. Vəsiyyətnamə verilən tarixdə atasının 83 yaşı olub, ancaq qoca olsa da, onun heç bir fiziki qüsuru, xəstəliyi olmayıb və o, savadsız deyildi. Atasının vəsiyyətnaməni şəxsən imzalamaq imkanı vardır. Vəsiyyətnamə tərtib edilən vaxt anası X3 olub və X5nun vəsiyyətnamənin imzalanmasını arvadı X6 tapşırılması əvəzinə qonşusu X18 tərəfındən imzalanması vəsiyyətnamənin saxta olmasına dəlalət edir. Vəsiyyətnamənin ön üzündə mətnin azərbaycan dilinin kiril qrafikası ilə yazılması, arxa tərəfındə isə mətnin rus dilində yazılması və vəsiyyətnamənin ön üzündə vəsiyyətnamənin X18 tərəfindən imzalanması, arxa tərəfındə isə vəsiyyətnamənin şəxsən X16 tərəfındən şəxsən imzalanması qeyd edilmişdir, bu isə vəsiyyətnamənin saxta olmasını təsdiq edən amillərdəndir. O, hesab edir ki, vəsiyyətnamə vəsiyyət edənin iradəsi əleyhinə ifadə olunmuş, onun vərəsə olan qardaşı Cavabdeh2 və onun oğlu cavabdeh X30 özlərinin vərəsəliyə çağırılmasına imkan yaradan qanunsuz hərəkətlər etmişlər. Bu səbəbdən də cavabdehlər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə olmaq hüquqularını itirmişlər. Dövlət notariat kontoru, cavabdehin ondan başqa vərəsələrin olmaması barədə ərizəsinə və küçə komitə sədrinin eyni məzmunlu arayışına inanaraq başqa vərəsələrin olmadığına əmin olaraq bir gün müddətində vərəsəlik şəhadətnaməsi vermişdir. Küçə komitə sədri S.Hacıyevanın vərəsələr barədə dövlət notariat kontoruna ünvanlanmış arayışı xx.xx.2009-cu il tarixdə tərtib edilmişdir. Cavabdeh isə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna 3 gün sonra, yəni xx.xx.2009-cu il tarixdə müraciət etmişdir. Küçə komitə sədrindən vərəsələrın dairəsi barədə notarius heç bir məlumat almamışdır, bu qabaqcadan hazırlanmış bir ssenaridir. Notariat hərəkətlərin aparılmasında dövlət notariusunun iştirakı onda şübhə yaratmamışdır. Belə ki, 1 cildli 16 səhifədən ibarət olan 2V1-63 nömrəli notariat işinin heç bir vərəqində dövlət notariusunun nə imzası, nədə ki möhürü yoxdur. Bütün bunları rəhbər tutaraq 28 dekabr 1993-cü il tarixli vəsiyyətnamənin, Gəncə şəhəri 7 nömrəli notariusun xx.xx.2009-cu il tarıxli 2V1-63 saylı vəsiyyətnamə üzrə vərəsəlik huququ haqqında şəhadətnaməsinin və onların əsasında Cavabdeh1 oglunun adına verilmiş Gəncə şəhərı Mehdi Hüseynzadə küçəsi 42 saylı mülkə dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1567/2023 saylı qətnaməsi ilə (hakim N.Quliyev) iddianın qismən təmin edilməsi, Gəncə şəhəri 4 nömrəli Dövlət Notariat kontorunda xx.xx.1993-cü il tarixdə 4-3-47 nömrəli reyestrlə təsdiq edilmiş vəsiyyətnamə, Gəncə şəhəri 7 nömrəli Dövlət Notariat kontoru tərəfındən təsdiq edilərək verilmiş xx.xx.2009-cu il tarixli 2V-1-63 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında Cavabdeh1 adına verilmiş Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi 42 saylı fərdi yaşayış evinə dair xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qismən etibarsız hesab edilməsi, Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsi 42 saylı fərdi yaşayış evinin 1/4 hissəsi üzərində İddiaçı vərəsəlik hüququnun tanınması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1567/2023 saylı qərardadı ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1567/2023 saylı qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılaraq Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1567/2023 saylı qətnaməsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli Çıxarışın qeydiyyat nömrəsinin “**********” əvəzinə “**********” kimi oxunması qərara alınmışdır. Maraqlı şəxs X19 apellyasiya şikayəti verərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1567/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin ləğv edilməsini və vərəsəlik hüqqunun tanınaraq mübahisəli mülkdə payının müəyyən edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 2597/2023 saylı qərardadı ilə iş üzrə icraat iddiaçı X11 Cavabdeh1 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, vərəsə kimi tanınma və payının müəyyən edilməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsinin icraatında olan iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(125)-2819/2024 nömrəli qətnaməsi ilə X11 iddiasının qismən təmin edilməsi, Gəncə şəhəri 4 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 2V-1-63 reyestr nömrəli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın qismən ləğv edilməsi, X11 X7 miras qalmış Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli daşınmaz əmlakın ½ hissəsinin 1/12 hissəsinə və X4 miras qalmış Gəncə şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən 42 nömrəli daşınmaz əmlakın 13/24 hissəsinin 1/5 hissəsinə payının (daşınmaz əmlakda cəmi payı 3/20 hissə) müəyyən edilməsi, X11 iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı X11 Cavabdeh1 (mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X14, X15, İddiaçı, Cavabdeh2 və Əliyeva (Xıdırova) Brilyant Məmməd qızı) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın etibarsız hesab edilməsi, vərəsə kimi tanınma və payının müəyyən edilməsi tələbi” barədə iddiasına dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2819/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Məhkmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş tərəflərdən Cavabdeh1 və maraqlı şəxs X19 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, bacısı X11 Gəncə şəhər Məhkəməsinə verdiyi iddia ərizəsi əsasında işə baxmış məhkəmə atalarından qalmış miras mülkdə paylarını müəyyən etmişdir və həmin bölgü ilə razıdırlar, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, atalarından qalmış miras Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 2819/2024 nömrəli qətnaməsi ilə vərəsələr arasında bölünmüşdür və məhkəmənin həmin qətnaməsi qanuni qüvvəsini almışdır. Odur ki, hazırda məhkəmənin icraatında olan işin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin ərizəsi yuxarıda göstərilən məhkəmə qətnaməsi ilə həll olunduğundan həmin tələbə yenidən baxıla bilməz. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)- 1567/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası MPM-in 384, 385, 391, 400 və 404-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(043)-1567/2023 saylı saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vəsiyyətnamənin, onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və mülkə dair çıxarışın etibarsız hesab edilməsi tələbinə ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar