Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2070/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-445/2024 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-445/2024 saylı qətnaməsi ilə (hakim M.Məmmədov) İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası əsassız olmasına görə təmin edilməmişdir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin 2(066)-445/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Göygöl şəhəri Nəsibov məhəlləsində yerləşən yeddi mərtəbəli binanın 2- blokunun, 7-ci mərtəbəsində 64,25 kvadrat metr olan bir otaqlı və 110 kvadrat metr olan üç otaqlı mənzillərin müqavilə üzrə ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 noyabr 2012-ci il tarixdə X8 və X6 arasında borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən X15 Qocayevə 50.000 (əlli min) ABŞ dolları borc vermiş, Hafiz Qocayev isə həmin borcu 28 may 2014-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hafiz Qocayev borcunu ödəyə bilmədiyi üçün, ünvan 1 ünvanda yaşayan X1 müraciət edərək Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64,25 kv.m olan bir otaqlı və 110 kv.m olan 3 otaqlı mənzilləri borc əvəzi onun adına alacağını bildirmişdir. X7 bildirmişdir ki, bir otaqlı evin qiyməti 21100 (iyirmi bir min bir yüz) manat, üç otaqlı mənzilin qiyməti isə 36300 (otuz altı min üç yüz) manat təşkil edir. Aralarında razılaşaraq 06 noyabr 2013-cü il tarixdə 110 kv.m olan üç otaqlı mənzilin alınması üçün ilkin müqavilə bağlanmışdır. Bundan sonra 13 yanvar 2014-cü il tarixdə Cəmaləddin Məmmədov ilə 64,25 kv.m olan bir otaqlı mənzilin alınmasına dair ilkin müqavilə bağlanmışdır. Hər iki evə dair ödəniş kassa mədaxil orderi alınmışdır. Müqavilələrə əsasən mənzillər 12 (on iki) ay müddətinədək təhvil verilməli idilər. Lakin mənzilləri aldıqdan bir neçə ay sonra tikinti işləri dayandırılmışdır. MTK-ya müraciət etdikdə, onlara bildirmişdirlər ki, bir balaca maddi sıxıntılar əmələ gəlmiş və həmin sıxıntılar aradan qalxdıqdan sonra yenidən tikinti işləri davam etdiriləcəkdir. Bir neçə il tikinti getdiyinə görə o, mənzilini ala bilməmişdir. Təxminən 2022-ci ilin yay aylarında ona məlum olmuşdur ki, tikinti işləri sona çatır, ona görə Cavabdeh MTK-nın ofisinə getmişdir. Orada onu Aydın adlı şəxs qarşılamışdır, özünü məsul şəxs kimi təqdim edərək sənədələrinə baxmışdır. Sonra özündə olan siyahıya baxaraq, onun mənzillərin paylanacağı şəxslərin arasında adının olmadığını, bununla bağlı MTK-nın hüquqşünası Səxavət Mürşüdova zəng etməyini və onunla bu problemi həll etməyini bildirmişdir. Səxavət Mürşüdov sonradan ona bildirmişdir ki, bu məsələ ona aid deyil. Buna görə də Göygöl rayon PŞ-nə müraciət etmişdir. Orada isə 15 mart 2023-cü il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilmiş məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı X11 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddiani iki əsasla rədd etmişdi ki, onlardan biri, məhkəmənin qənaətinə görə idiaçı İddiaçı iləcavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələr formal xarakter daşımaqla onların iradələrini əks etdirməməsi və guya başqa şəxslər arasında bağlanmış müqavilənin təmin edilməsi üçün bağlanmış bir müqavilə olmasıdır, ikincisi isə iddia müddətinin keçməsi olmuşdur. Düzdür hazırki əqdlərin etibarsız olması mübahisələdirilməsə də, hər bir halda qeyd edilməlidir ki, məhkəmə nəzərə almamışdır ki, əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilik 1 il iddia müddəti nəzərdə tutmuşdur. Digər məhkəmənin yanlış gəldiyi bir məsələ mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı qeyd edilməlidir ki, müqavilələrə əsasən mənzillər 12 (on iki) ay müddətinədək təhvil verilməlidilər. Lakin mənzillər alındıqdan bir neçə ay sonra tikinti işləri dayandırılmışdır. İddiaçı MTK-ya müraciət etdikdə, bildirmişlər ki, bir balaca maddi sıxıntılar əmələ gəlmiş və həmin sıxıntılar aradan qalxdıqdan sonra yenidən tikinti işləri davam etdiriləcəkdir. Bir neçə il tikinti getdiyinə görə o, mənzilini ala bilməmişdir. Hesab edir ki, məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş və nəticədə yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaşçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabadehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan 28 noyabr 2012-ci il tarixli borc müqaviləsindən görünür ki, X2 Hafiz Məmmədəli oğluna 28 may 2014-cü il tarixə kimi qaytarmaq şərti ilə 50000 (əlli min) ABŞ dolları borc pul vermişdir İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi X3 ilə İddiaçı arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli “İlkin müqavilənin” surətindən məlum olur ki, Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 110 kv.m olan 3 otaqlı mənzili bir pay kimi verilir. İş materiallarında olan 06 noyabr 2013-cü il tarixli 16 nömrəli mədaxil qəbzinin surətindən məlum olur ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə mənzil almaq üçün 36300 (otuz altı min üç yüz) manat pul ödəmişdir İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi X3 ilə İddiaçı arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli “İlkin müqavilənin” surətindən məlum olur ki, Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64 kv.m olan 1 otaqlı mənzili bir pay kimi verilir. İş materiallarında olan 15 yanvar 2014-cü il tarixli 09 nömrəli mədaxil qəbzinin surətindən məlum olur ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə mənzil almaq üçün 21000 (iyirmi bir min) manat pul ödəmişdir. İş materiallarında olan Göygöl rayon PŞ-nin 15 mart 2023-cü il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərarından məlum olur ki, izahatı alınmış "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi Cəmaləddin Məmmədov izahatında bildirmişdir ki, İddiaçı tanımır, dostu Hafiz Qocayevin onun əri Mehman Şirinova 50000 (əlli min) ABŞ dolları borcu olmasına görə dostu Hafiz Qocayevin xahişi ilə Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64,25 kvm olan bir otaqlı və 110 kvm olan 3 otaqlı mənzilləri borc əvəzi verilməsi barədə 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələri imzalamışdır. Ancaq dostu Hafiz Qocayev və İddiaçı həmin mənzillərə görə pul ödəməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X6 ilə X8 arasında bağlanmış 28 noyabr 2012-ci il tarixli borc müqaviləsinə əsasən X15 Qocayevə 50.000 (əlli min) ABŞ dolları borc vermiş, Hafiz Qocayev isə həmin borcu 28 may 2014-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Hafiz Qocayev borcunu ödəyə bilmədiyi üçün, dostu X1 müraciət edərək Göygöl rayonu, Nəsibov məhəlləsində inşa edilən yeddi mərtəbəli binanın, ikinci blokunun, 7-ci mərtəbəsində 64,25 kv.m olan bir otaqlı və 110 kv.m olan 3 otaqlı mənzilləri borc əvəzi Mehman Şirinovun arvadı İddiaçı satılması barədə 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələr imzalamış, lakin sonradan Hafiz Qocayev və ya da iddiaçı Cavabdeh MTK-ya həmin mənzillərin dəyərini real olaraq ödəmədiklərinə görə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələr formal xarakter daşımaqla onların iradələrini əks etdirməmişdir. Başqa şəxslər arasında bağlanmış müqavilənin təmin edilməsi üçün bağlanmışdır. Həmçinin iddaçı İddiaçı isə 12 mart 2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır. Ona görə də iddia təmin edilməməlidir. Məhkəmə İddiaçı iddia müddətini buraxmaqla hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı aşağıdakıları bildirməyi zəruri hesab edir. Tərəflər arasında bağlanmış 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələrin müddəti 12 ay olmuşdur və həmin müddət ərzində icra edilməli idi. Ancaq həmin müddətlər bitdikdən sonra 8 ildən artıq müddət ərzində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hersab edir ki, İddiaçı iddia müddətini buraxmaqla məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş olsa da, lakin maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə. 397.1. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Maddə. 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə. 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə. 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə. 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə. 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər Cavabdeh MTK-nin yuxarıda göstərilən ünvanda inşa etdirdiyi çoxmərtəbəli binada bir 1 otaqlı və bir 3 otaqlı mənzil alğı-satqısına dair ilkin müqavilə bağlamış olsalar da və hətta iddiaçıya mənzillərin dəyərinin ödənilməsinə dair maliyyə arayışları verilmiş olsa da, iddia ərizəsindən də göründüyü kimi iddiaçı tərəfindən cavabdehə real olaraq həmin mənzillərin ilkin müqavilələrdə nəzərdə tutulmuş dəyərləri ödənilməmiş, ona görə də tərəflər arasında mənzil alğı-satqısına dair əsas müqavilə bağlanmamışdır. Halbuki, daşınmaz əmlak alğı-satqısına dair müqavilə əvəzli əqddir və müqavilədə nəzərdə tutulmuş haqq satıcı tərəfə ödənilməlidir. İlkin müqavilənin bağlandığı vaxtdan bir il müddətində əsas müqavilə bağlanmadığına görə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Odur ki, məhkəmə kollegiyası iddia ərizəsinin, eləcə də apellyasiya şikayətinin 06 noyabr 2013-cü il tarixli və 15 yanvar 2014-cü il tarixli ilkin müqavilələrdə göstərilmiş iki mənzilin cavabdeh tərəfindən ona verilməli olmasına dair dəlillərini əsassız sayır və hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsaslanan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(066)-445/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2070/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2070/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver