Məhkəmə qərarları › İş №2(104)-2079/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2079/2025

03.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2079/2025 03.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı oğlnunu və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)- 1000/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-1000/2025 saylı qətnaməsi ilə (hakim N.Abbasov) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-1000/2025 saylı qətnaməsinin bütövlükdə ləvğ olunmasını və iddia tələbinin bütövlükdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 6963,84 (altı min doqquz yüz altmış üç manat səksən dörd qəpik) manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağstafa rayonu Köçəsgər kəndində yaşayır. Təbii qaz abunəçisi olmaqla, adına abonent saldosu vardır. “Azəriqaz” işçilərinin deməsinə görə o, guya qaz sayğacına müdaxilə etmiş, sayğacı dəyişmişdir. Lakin o, sayğaca heç bir müdaxilə etməmişdir. Ona bir neçə dəfə akta imza etdirmişlər ki, sayğac yoxlanılmağa göndərilir. Bir il ərzində 3 dəfə ona cərimə yazılmışdır. Cərimənin necə yazılmağından məlumatı yoxdur. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 ildə təkrar-təkrar ona abonent kimi 3 dəfə cərimə yazılmaqla etmədiyi əmələ görə şərə böhtana salaraq əsassız olaraq 6963,84 ( altı min doqquz yüz altmış üç manat səksən dörd qəpik) manat qanunsuz cərimə olaraq pul hesablanılmışdır. O, pozulmuş hüquqlarının müdafiəsini məhkəmə qaydasında tələb etməyimə baxmayaraq, bu dəfə də məhkəmə onun pozulmuş hüquqlarını bir daha pozmuş və heç bir əsas göstərmədən iddia tələbini rədd etmişdir. Cavabdeh tərəf qeyd etmişdir ki, onun işlətdiyi sayğac onların bazasında qeydiyatda olamayan sayğac olmuşdur, onda sual yaranır ki, qaz nəzarətçisinin yazdığı sərfiyyat hansı sayğac əsasında hansı bildirişlə ödənilmişdir. Bu tamamailə cəfəngiyatdır, onların istismara yararsız olan sayğacından sonra quraşdırılan sayğac əsasında qazın sərfi davam etmiş və onun əsasındada pul ödənilmişdir. Üstəlik ayda 2 dəfə qaz sayğaclarında baxış keçirilir və bildiriş təqdim edilir. Onda elə çıxır ki, o, özündən sayğac tapıb ağlına gələni etmişdir. Onlar öz dediklərinə belə inanmırlar. Üstəlik yazdıqları cərimə isə heç bir hala əsaslanmır, ümumiyyətlə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin cərimə yazmaq səlahiyyəti belə yoxdur. Belə ki, cavabdeh “Azəriqaz” İB tərəfindən birtərəfli qayadada istehlakçı barəsində hansısa məsuliyyət tədbirinin və qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə pul sankisyasının təqib edilməsi, həmçinin həmin məbləğin birbaşa və məcburi qayadada isteklakçıdan ödənilməsini tələb edilməsi “Qazdan istifadə qaydalarında, tərəflər arasında bağlanılmış qazın alqı-satqı müqaviləsi”nin şərtlərində və digər normativ hüquqi aktların tələblərinə birbaşa ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcbur etmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimləyən metodlar tətbiq edir. Amma göründüyü kimi Ağstafa rayon Məhkəməsi bu normaları bilə-bilə ona əsassız yazılmış cəriməni ləğv etməməklə onun pozulan hüquqlarını bərpa etmək əvzəzinə həmin hüquq normalarını pozmuşdur. Yalnız dövlətin maliyyə və audit şöbələri tərəfindən cərimə yazılması mümkündür. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin təmin edilməsi barədə iddiaçının, həmin şikayətin təmin edilməməsinə dair cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-1000/2025 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli XS-61-00057/23 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqızı barədə müqavilədən görünür ki, Şəmkir RQİİ ilə X1 arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı **********01600 abonent kodu ilə abonenti olduğu Ağstafa rayonu Köçəsgər kəndində quraşdırılmış sayğaca baxış keçirilərkən mənşəyi məlum olmayan sayğacın quraşdırılması və sayğacın üzərindəki xüsusi nömrəli plomba müdaxilə olunduğu müəyyən olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 31 iyul 2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı**********01600 abonent kodu ilə abonenti olduğu Ağstafa rayonu Köçəsgər kəndində quraşdırılmış G 4 markalı, **********3 saylı qaz sayğacı, dövlət yoxlamasına göndərilməsi üçün plombunu qırıb açmaqla 007014 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 23 yanvar 2023-cü il tarixli ******* nömrəli akta əsasən 38592 m3 dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı **********01600 abonent kodu ilə abonenti olduğu Ağstafa rayonu Köçəsgər kəndində quraşdırılmış sayğaca məxsus xüsusi nömrəli plomba müdaxilə olduğu üçün sayğac sökülərək daxilinə baxış keçirilərkən sayğacı hərəkətə gətirən qollar arasının yad maddə (yağ) ilə doldurulması, sayğacın keçən qazı qeydə almaması aşkar olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, 17 aprel 2023-cü il tarixli ******* nömrəli akta əsasən 12960 m3 dəymiş ziyan hesablanmışdır. İş materiallarındakı iddiaçının adına olan abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü ildə sayğac göstəricisi üzrə sərfiyyata görə 4592,55 manat borc yazılmış, 3700 manat ödəniş edilmiş, 2024-cü ildə sərfiyyata görə 439,42 manat borc yazılmış, 1221,0 manat ödəniş edilmiş, 2025-ci ildə sərfiyyata görə 146,35 manat borc yazılmış, 550,0 manat ödəniş edilmişdir. Yəni 5178,32 manat sərfiyyata qarşı 5471 manat (292,68 manat artıq) ödəniş edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 3.1.10-cu bəndinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsində də göstərilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvanın qaz xətti ilə təmin edilməsi, cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilatın iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçının isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı vaxtında ödəməyi öhdəsinə götürməsi, cavabdeh təşkilatın nümayəndələri tərəfindən qeyd edilən sayğaca 23 yanvar 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman mənzildə sayğacın sökülərək yerinə mənşəyi məlum olmayan sayğac bağlanması, sayğacın nömrəsinin 5782085, göstəricisinin 17330, sayğac üzərindəki xüsusi nömrəli plomba 13658539 №-li müdaxilə olması qeyd edilməsi və bu barədə 23 yanvar 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 4631,04 manat borc hesablanması, qeyd edilən mənşəyi məlum olmayan sayğacın cavabdeh təşkilatın əməkdaşları tərəfindən sökülməsi və iddiaçının evinin zirzəmisində olan, əvvəllər cavabdeh təşkilat tərəfindən quraşdırılmış qaz sayğacının yenidən quraşdırılması, bu barədə tərtib olunmuş aktı iddiaçının da imza etməsi, daha sonra cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca 17 aprel 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman sayğacı hərəkətə gətirən qolların arasının yad maddə ilə (yağla) doldurulması, qazın keçməsi, sayğacın keçən qazı qeyd etməməsi qeyd edilməsi və bu barədə 17 aprel 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 1555,20 manat borc hesablanması, Daha sonra isə cavabdeh təşkilatın nümayəndələri tərəfindən iddiaçının evində quraşdırılmış sayğaca yenidən 31 iyul 2023-cü il tarixdə baxış keçirilməsi və bu zaman da sayğacın xüsusi nömrəli plombuna müdaxilə olduğu üçün sayğac sökülərək daxilinə baxış olunarkən çıxış plastmas borusunun deşik olduğu aşkar olunması və bu barədə də 31 iyul 2023-cü il tarixdə ******* №-li akt tərtib edilərək 777,60 manat borc hesablanması, bundan başqa məhkəməyə təqdim olunan saldodan, şahid ifadələrindən iddiaçının qaz sayğacına müdaxilə etməsi hallarının mövcud olması məhkəmə iclasında sübut edildiyindən, iddiaçı ona yazılmış həmin cərimələrin əsassız olmasını qeyd etsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia əsassızdır və təmin oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda (sayğaca müdaxilədə) istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh təşkilat tərəfindən 23 yanvar 2023cü il tarixdə, 17 aprel 2023-cü il tarixdə və 31 iyul 2023-cü il tarixdə iddiaçıya məxsus evdə quraşdırılmış qaz sayğacına baxış keçirilərək sayğaca müdaxilə halı müəyyən edildiyindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1-ci maddəsinin tələbinə uyğun olaraq qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda bunu etməmiş, beləliklə də iddiaçının qazın talanmasında təqsirli olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə iddiaçıya cavabdeh tərəfindən hesablanmış - 23 yanvar 2023-cü il tarixli ******* №-li akt üzrə 4631,04 manat, 17 aprel 2023-cü il tarixli ******* №-li akt üzrə 1555,20 manat, 31 iyul 2023-cü il tarixli ******* №-li akt üzrə 777,60 manat, ümumilikdə 3 akt üzrə 6963,84 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(015)-1000/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. “Azəriqaz” İstehslat Biriliyi tərəfindən İddiaçı (abonent kodu: **********01600) hesablanmış - 23 yanvar 2023-cü il tarixli ******* №-li akt üzrə 4631,04 manat, 17 aprel 2023-cü il tarixli ******* №-li akt üzrə 1555,20 manat, 31 iyul 2023-cü il tarixli ******* №-li akt üzrə 777,60 manat, ümumilikdə 3 akt üzrə 6963,84 manat borc silinsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar