Məhkəmə qərarları › İş №2(104)-2088/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2088/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2088/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi ” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinin və əlavənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA600328 ban, 0305 mühərrik nömrəli, safari rəngli avtomobil 12.797 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınaraq sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh 17% hesablanmaqla 35 aylıq müddətinə hər ay 466,27 manat olmaqla, cəmi 16.319 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.

2. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA600328 ban, 0305 mühərrik nömrəli, safari rəngli avtomobil İddiaçı MMCnə məxsusdur.

3. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdeh lizinq obyektindən istifadə edilməsinə görə 24 avqust 2019-cu il tarixə İddiaçı MMC-nə 3.699,15 manat asas, 1.896,04 manat mükafat və ödənişləri vaxtında yerinə yetirmədiyinə görə 2.186,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.781,58 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 avqust 2019-cu il tarixə 3.699,15 manat əsas, 1.896,04 manat mükafat və ödənişləri vaxtında yerinə yetirmədiyinə görə 2.186,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.781,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı, "Daewoo Gentra" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA600328 ban, 0305 mühərrik nömrəli, safari rəngli avtomobil 12.797 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınaraq sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh 17% hesablanmaqla 35 aylıq müddətinə hər ay 466,27 manat olmaqla, cəmi 16.319 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 16.319 manatın 12.797 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən sonuncu ödəniş 1.400 manat olmuşdur. Cavabdeh mülkiyyətinə verilmiş "Daewoo Gentra" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil 24 avqust 2019-cu il tarixdə şirkətin Bakı şəhərində yerləşən müvəqqəti duracağına yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh lizinq obyektindən istifadə edilməsinə görə 24 avqust 2019-cu il tarixə İddiaçı MMC-nə 3.699,15 manat əsas, 1.896,04 manat mükafat və ödənişləri vaxtında yerinə yetirmədiyinə görə 2.186,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.781,58 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Odur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 24 avqust 2019-cu il tarixə 3.699,15 manat asas, 1.896,04 manat mükafat və ödənişləri vaxtında yerinə yetirmədiyinə görə 2.186,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.781,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

6. Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3.699,15 manat əsas, 1.896,04 manat mükafat və ödənişləri vaxtında yerinə yetirmədiyinə görə 1 manat dəbbə pulu olmaqla, ümumilikdə 5.596,19 manat borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 448.1, 465.2, 449.4, 748-1.12.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 222.2, 467-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsindən narazı qalan Cavabdeh tərəfində apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsinin bütövlüklə ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Azevrocar" MMC onunla xx.xx.2018-ci il tarixli CAR-1862-sayı daxili lizinq müqaviləsi bağlayaraq 35 aylıq 12,797 ( on iki min yeddi yüz doxsan yeddi) manat məbləğində müqavilə bağlamış və 2014-cu il buraxlışlı "Daewoo Gentra" markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı XWB5V319VEA600328 ban 0305saylı avtomabil ona sahiblik və istifadəsinə verilmişdir. Avtomobil üçün ilkin olaraq 2500 manat daha sonra isə əlavə olaraq 7000 (yeddi min) manatdan çox pul ödəmişdir. Hansı ki, iddia tələbində onun ilkin va daha sonra ödədiyi pullar qeyd edilməmişdir. Həmin avtomobil onun istifadəsində 12-14 ay müddətində olmuşdur. Daha sonra isə iddiaçı tərəfindən maşın əlindən alınmışdır. İddia tələbinin verildiyi müddətdə isə iddiaçı ondan 16.316 (on altı min üç yüz on altı) manat pulun verilməsini tələb etmişdir. Hansı ki, iddiaçı ondan 35 aylıq pulu tələb etməklə onun hüquqları kobud şəkildə pozmuşdur. Məhkəmədə həmin hüquq pozuntusunu araşdırmadan o cümlədən, müqavilə ilə iddia tələbi arasındakı fərqi umumilikdə heç baxmadan sözü gedən qətnaməni çıxarmışdır. Ona görə də, hesab edir ki, həmin qətnamənin ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə qətnaməsi özü özlüyündə əsassızdır və onun hüquqlarını kobud şəkildə pozmaqla çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı "xxxx" MMC apellyasiya şikayətinə qarşı etiraz edərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1140/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı "xxxx" MMC apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayətinə etiraz edir və həmin ərizəni əsassız hesab edir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 avqust 2018-ci il tarixli AL-1068 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş “Daewoo Gentra” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alanın istifadəsində olduğu 24 avqust 2019-cu il tarixədək sözü gedən müqavilə üzrə heç bir lizinq ödənişləri aparılmamışdır. Bundan başqa, borcluya ünvanlanmış 19 sentyabr 2019-cu il tarixli xəbərdarlıq məktubunun və iddia ərizəsinin və maliyyə arayışının surətindən də, göründüyü kimi “Daxili lizinq” müqaviləsi üzrə borc lizinq obyektinin qaytarıldığı 24 avqust 2019-cu il tarixədək hesablanmışdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi 16319 manat məbləği onun qətnamə üzrə borcu yox, müqavilə üzrə ümumilikdə ödəməli olduğu məbləğ olmuşdur. Cavabdeh qeyd edilən məbləği müqavilə və ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, lizinq obyektini istifadə etməyinə baxmayaraq ödənişlərdən boyun qaçırmışdır. Qətnamə üzrə tələb edilən məbləğ isə lizinq obyektinin cavabdehin istifadəsində olan zaman yaranmış borc məbləğidir. Yuxarıda göstərilənlərlərə əsasən Ağstafa rayon Məhkəməsinin qətnaməsi əsaslı, borclu Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən “İşdə iştirak edən şəxs iddiaya qarşı etiraz və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, iqtisadi mübahisələr üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutlar işə baxılana kimi ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır.” Odur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını, Ağstafa rayon Məhkəməsinin 2(015)- 1140/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş edirəm.

13. İddiaçıya məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. 747.1-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

16. 748-1.12-ci və 748-1.12.4-cü maddələrinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

17. 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.

18. 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.

19. 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

25. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

32. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 avqust 2018-ci il tarixli, CAR-1862 saylı daxili lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı bu müqavilənin 1 saylı əlavəsində göstərilən "Daewoo Gentra" markalı minik maşınını, yəni lizinq obyektini satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqaviləyə 1 saylı Əlavəyə əsasən, lizinq obyekti olan "Daewoo Gentra" markalı avtomobilin dəyəri 12.797 manat olmuş, ödənişin məbləği 35 ay ərzində hər ay 466.27 manat təşkil etmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliyini vaxtında icra etməmişdir.

33. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıya 7000 manatdan artıq pul ödədiyini və həmin məbləğin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

34. Həmçinin məhkəmə kollegiyası cavabdehin avtomobili 12-14 ay idarə etdiyini, iddiaçının isə ondan 35 aylıq ödənişi tələb etməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı həmin tarix üçün cavabdehin 3.699,15 manat asas, 1.896,04 manat mükafat və ödənişləri vaxtında yerinə yetirmədiyinə görə 2.186,39 manat dəbbə pulu olmaqla, ümumilikdə 7.781,58 manat borcu nun olduğunu qeyd etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilini də, əsassız hesab edir.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(015)-1140/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar