Məhkəmə qərarları › İş №2(104)-2089/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2089/2023

24.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2089/2023 24.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Borclu MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: zəbt edilmiş əmlakın boşaldılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Borclu MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-413/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan xx.xx.2018–ci il tarixli Texniki Pasportdan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən və Kür EATS-na məxsus qeyri-yaşayış binası Rabitə və Texnologiyalar Nazirliyi Borclu Şəmkir MMC-nin Telekommunikasiya Qovşağının adına qeyd edilmişdir.

2. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh tərərfindən Kür EATS-na məxsus torpaq sahəsində eni 6.40 m, uzunluğu 7.60 m ölçüdə tikili inşa edilmişdir.

3. İşdə olan və cavabdehə ünvanlanmış xx.xx.2022–ci il tarixli pretenziya məktubundan görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən və Kür EATS–na məxsus torpaq sahəsinin boşaldılması, əks halda məhkəməyə müraciət olunacağı barədə cavabdeh xəbərdar edilmişdir.

4. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC-nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0050 ha (50 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi Borclu MMC-nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir.

5. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli 10/1164 saylı ekspert rəyindən görünür ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC-nin X1 balansında olan Kür EATS-nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0050 ha (50 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi Borclu MMC-nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Borclu MMC Cavabdeh qarşı zəbt edilmiş əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC-nin X1 balansında olan Kür EATS-nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş, eni 6.40 m, uzunluğu 7.60 m (ümumilikdə 48,64 kv.m) ölçüdə tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin Borclu MMC-yə təhvil verilməsi və 100 manat dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Borclu MMC-nin X1 Kür EATS Şəmkir rayonu, Kür qəsəbəsində yerləşir. X1 Kür EATS və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2018–ci il tarixli Texniki Pasport əsasında Aztelekom” MMC–nin X1 balansındadır. Həmçinin, Borclu MMC–nin nizamnamə kapitalının 10 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Lakin, həmin torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq eni 6.40 m, uzunluğu 7.60 m (ümumilikdə 48,64 kv.m) ölçüdə tikili inşa edilmişdir. Zəbt edilmiş torpaq sahəsində tikilmiş tikilinin boşaldılması ilə bağlı cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 2(076)-413/2023 saylı mülki iş üzrə 06 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim T.Musayev) iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixli, 504–18–733 inventar nömrəli Texniki Pasport əsasında Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC-nin X1 balansında olan Kür EATS–nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 0.0050 ha (50 kv.m) ölçüdə tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin Borclu MMC–yə təhvil verilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində pulun alınıb, iddiaçı Borclu MMCyə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-413/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi Şəmkir rayon Kür Bələdiyyəsinin mülkiyyətində olmaqla, ümumi istifadədə olan torpaq sahəsidir. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Hesab edir ki, torpaq sahəsi Şəmkir rayon Kür Bələdiyyəsinin mülkiyyətində olduğundan hazırki iş üzrə iddiaçının ona qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Borclu MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-413/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 158. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

18. Maddə 6 7 . Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

19. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

20. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 27 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 29.Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

36. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

37. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçının mübahisələndirilən torpaq sahəsin barəsində əmlak hüquqları olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

38. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı Borclu MMC-nin qanuni əsaslarla istifadəsinə verilmiş torpaq sahəsidir və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir.

39. Apellyator şikayətində həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmamasını və onun tərəfindən zəbt edilmədiyini qeyd edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası apellyatorun şikayətinin dəlillərini əsassız sayır.

41. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

42. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

43. Məhkəmə kollegiyası göstərir ki, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1164 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən, Borclu MMC-nin X1 balansında olan Kür EATS-nın yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən tikili inşa edilmişdir və qeyd olunan tikili 0.0050 ha (50 kv.m) ölçüdə ərazini əhatə edir. Mübahisəli ərazi Borclu MMC-nin X1 balansındadır və mübahisəli torpaq sahəsi dövlət mülkiyyətinə məxsus torpaq sahəsidir.

44. Mülki işin materiallarına görə, Cavabdeh həmin torpaq sahəsi barəsində hər hansı bir hüququ (mülkiyyət, icarə, istifadə) qeydə alınmamışdır.

45. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən torpaq sahəsindən istifadə hüququ qanunla qorunur.

46. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan əmlak hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-413/2023 saylı mülki iş üzrə 06 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar