Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2108/2023 20.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Lizin müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı lizin müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(013)-1381/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2015-ci il tarixli, AL-857 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə qiyməti 20771,65 manat olan bir ədəd 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591910 ban, 0524 mühərrik nömrəli, qara rəngli avtomobil lizinqə verilmişdir.
2. Xəbərdarlıq məktubundan görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.
3. İddiaçı MMC-nin təqdim etdiyi maliyyə sənədlərindən görünür ki, xx.xx.2018-ci il tarixə cavabdehin əsas borcu 2227,87 manat, mükafat borcu 913,86 manat, cərimə borcu isə 899,43 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC-nin Cavabdeh qarşı lizin müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddiа ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 27 iyul 2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591910 ban, 0524 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 27 iyul 2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 fevral 2018-ci il tarixə 2227.87 manat əsas, 913.86 manat mükafat və həmin günə hesablanmış 899.43 manat dəbbə pulu, cəmi 3490.28 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
5. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı MMC ilə bağlanmış 27 iyul 2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591910 ban, 0524 mühərrik nömrəli, qara rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılması, Cavabdeh 27 iyul 2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 fevral 2018-ci il tarixə 2227.87 manat əsas, 913.86 manat mükafat və həmin günə hesablanmış 899.43 manat dəbbə pulu, cəmi 4041.16 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən İddiaçı MMC-nin 2014-cü il buraxılışlı, “Daewoo Gentra” minik markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591910 ban, 0524 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17 % hesablanmaqla 55 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 377.67 manat, ümumilikdə isə 20771.65 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 20771.65 manatın 14361.00 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 26 iyul 2017ci il tarixdə 150 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 27 iyul 2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 fevral 2018-ci il tarixə 2227.87 manat əsas, 913.86 manat mükafat və həmin günə hesablanmış 899.43 manat dəbbə pulu, cəmi 3490.28 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
7. Ağdam Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(013)-1381/2018 nömrəli qətnaməsi (hakim Mahir Niftəliyev) ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2227,87 manat əsas, 913,86 manat mükafat, 10 manat cərimə və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 3181 (üç min yüz səksən bir) manat 73 (yetmiş üç) qəpik tutularaq İddiaçı MMC-yə ödənilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli AL-857 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməsi, Lizinq obyekti olan bir ədəd 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591910 ban, 0524 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılması, iddianın dəbbə pulu tələbinin qalan 889,43 manat hissəsi rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 445.1, 445.2.1, 462.1, 462.3, 748- 1.12.4, 748-2.5, 748-7.1, 748-10.1 və 748-10.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 222.2, 227, 233 və 357-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(013)-1381/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onun iddiaçıya iddia tələbində göstərdiyi pul məbləği qədər borcu qədər borcu qalmamışdır. Lakin, həbs olunmamışdan əvvəl İddiaçı MMC-yə 2 ay olmaqla, cəmi 700-800 manat pul borcu qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı MMC cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verərək, 2(104)-2108/2023 saylı mülki işə iştirakları olmadan baxılması, apellyasiya şikayətinin təmin edilməməsi və Ağstafa Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(013)-1381/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Cavabdeh lizinq avtomobilin qaytarılması barədə xəbərdar olunsa belə həmçinin xx.xx.2018-ci il tarixdə Ağdam Rayon məhkəməsinə iddia ərizəsi və xx.xx.2018-ci il tarixdə məhkəməyə orizə(dəqiqləşdirmə) göndərərkən lizinq olan avtomobil cavabdeh tərəfindən geri gaytarılmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə və mülki məcəlləyə əsasən tərəflərindən “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və xx.xx.2018-ci il tarixə borcun ödənilməsi tələbinə dair” xx.xx.2018-ci il tarixdə iddia ərizəsi Ağdam Rayon məhkəməsinə göndərilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış AL-857 saylı “Daxili Lizinq” müqaviləsinin 3.3-ci bəndinə əsasən X2 obyektinin qəbul protokolunu imzaladığı andan sonra Lizinq obyektinin saxlanılmasına görə lam məsuliyyət daşıyır və Lizinq obyektinin itirilməsinin və ya zədələnməsinin qarşısını almaq üçün öz hesabına zəruri tədbirlər görməlidir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İş üzrə İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, cavabdeh gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi isə mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
18. Maddə 748-1.12.4. X2 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
19. Maddə 748-2.3. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir.
20. Maddə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra X2 obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır
21. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
22. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, caavbdeh apellyasiya şikayətində qətnamənin yalnız əsas borc məbləğinin iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də qətnamənin əsaslığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(013)-1381/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, lizinqverən İddiaçı MMC ilə lizinqalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL-857 saylı daxili maliyyə lizinq müqaviləsinə əlavə razılaşmaya əsasən, lizinqverən öz mülkiyyətində olan, buraxılış ili 2014-cü il olan, “Daewoo Gentra” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591910 ban, 0524 mühərrik nömrəli, qara rəngli avtomobilni cavabdehin müvəqqəti istifadəsinə vermiş, lizinqalan isə öz növbəsində 20771,65 məbləğində borcu 55 ay müddətinə illik 17 faiz dərəcəsi ilə ödəməyi öz üzərinə götürmüşdür. Lakin, lizinqalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Lizinqalanın xx.xx.2018-ci il tarixə 2227,87 manat əsas, 913,86 manat mükafat, 899,43 manat dəbbə olmaqla, cəmi 4041,16 borcu yaranmışdır.
38. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.
39. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
40. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
41. Mülki Məcəllənin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
42. Mülki Məcəllənin 748-1.5-ci maddəsində deyilir ki, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
43. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
44. Mülki Məcəllənin lizinq alanın məsuliyyətindən bəhs edən 750-ci maddəsində göstərilir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
45. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:
46. 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;
47. 748-1.12.2. X2 verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;
48. 748-1.12.3. X2 obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;
49. 748-1.12.4. X2 obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
50. İddia tələbinin yuxarıda göstərilən hüquqi əsaslarının mübahisəyə tətbiq edilməsi üçün məhkəmə kollegiyası ilk növbədə müqavilə üzrə öhdəliklərin lizinq alan tərəfindən lazımi qaydada icra edilməməsinin səbəbini araşdıraraq hesab edir ki, onun tərəfindən ödəniş aparılmaması hər hansı qarşısıalınmaz qüvvənin təsiri altında yaranmış halla bağlı deyildir.
51. İş materialları ilə müəyyən edilir ki, lizinqalan tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq edilməmiş, eyni zamanda edilmiş xəbərdarlığa məhəl qoyulmamışdır. Bu səbəbdən lizinqverənin lizinq obyektini geri qaytarmaq və geri qalan borcu tələb etmək hüququ yaranmışdır.
52. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın qismən təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir.
53. Apellyatorun borcun düzgün hesablanmaması barədə vəsatəti ilə bağlı məhkəmə kollegiyası göstərir ki, bu dəlil formal mülahizə olmaqla cavabdehin subyektiv mülahizəsinə söykənir. Məhkəmə kollegiyasının bu nəticəyə gəlməsinə əsas Azərbaycan Respublikasının MPM-in 77.1-ci və Mülki Məcəllənin 433.3-cü maddəsidir.
54. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. (Mülki Məcəllənin 433.3-cü maddəsi).
56. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Əksinə iş materiallarında olan maliyyə arayışı ilə borc məbləği dəqiqliklə göstərilmişdir. Ona görə də borcun düzgün hesablanmaması dəlili əsassızdır.
57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
61. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən həmin hissədən kassasiya şikayəti verilə bilməz.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(013)-1381/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən (lizinq obyekti olan avtomobilin qaytarılması hissəsindən) işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.