Məhkəmə qərarları › İş №2(104)-2114/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2114/2023

22.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2114/2023 22.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.000 (iki min) manat kompensasiya verilməklə, onun Azərbayacan Respublikası ƏMDK yanında DƏDRX-ni 15 saylı Tovuz Ərazi İdarəsinin verdiyi xx.xx.2011-ci il qeydiyyat tarixli **********19-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan, Qazax rayonu Ağköynək kəndindəki 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 373.4 kvm olan fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehin 2 ədəd tək nəfərlik yataq mebelindən (çarpayılardan), 3 ədəd yorğan-döşək dəstlərindən, 2 ədəd 3x2 ölçülərdə xalçalardan, 1 ədəd sandıqdan, 1 ədəd xırda ölçülü televizordan və tumbuçkasından, 1 ədəd “Çinar” markalı soyuducudan, 1 ədəd “Çudo” peçindən, 1 ədəd sadə paltaryuyandan və 1 ədəd yataq mebelindən ibarət cehiz əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 evinin tikintisi, əsaslı və cari təmiri ilə bağlı tərəfindən çəkilmiş 55255 (əlli beş min iki yüz əlli beş) manat xərc məbləğinin və qarşılıqlı iddianın verilməsi ilə bağlı ödədiyi 256.40 manatın alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadı ilə (hakim N.Musayev) Cavabdeh qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 saylı qərardadından narazı qalan Cavabdeh şikayət verərək Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 saylı qərardadının ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsini və əks təqdirdə şikayətin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixli etirazını məhkəməyə təqdim edərkən qeyd etmişdir ki, onun məhkəmədə qarşılıqlı iddiası olacaqdır. Bunu üçün də ona vaxt lazımdır. Məhkəmə isə buna əhəmiyyət verməmişdir. Belə ki, onun etirazında qeyd etdikləri prosessual qanunvericiliyə uyğun olmamışsa bu barədə ona vaxtında cavab verilməli idi. Qarşılıqli iddiasının əsası kimi X1 İdarəsinin 11 iyul 2023-cü il tarixli 01 nömrəli arayışını qeyd etmişdir. Qarşılıqlı iddia ərizəsini həmin arayışı aldıqdan sonra vermişdir. Çünki həmin arayışda qeyd edilən məblləğləri vəsaitləri qarşılıqlı iddianın əsaslandırıcı hissəsində qeyd etmişdir. Arayışın alınması barədə o iddia ərizəsini aldıqdan dərhal sonra X1 İdarəsinə müraciət etsə də araytış həmin idarə tərəfindən ona gec verilmişdir. O, hətta "xxxx" ASC-yə də müraciət etsə də hələ cavab almamışdır. Həmçinin ona hüquq və vəzifələrinin icrası barədə bildiriş göndərilməmişdir. Qazax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 2(023)-891/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(023)-891/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 24 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadı ləğv edilməli və mülki iş Qazax Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 154.1 və 155.1-ci maddəsinə istinad edərək, Cavabdeh iddia ərizəsinin surətini xx.xx.2023-cü il tarixdə qəbul etdiyini, lakin qanunvericilikdə nəzərdə tutulmuş 20 gün müddəti keçdikdən sonra, 7 gün ötürməklə 13 iyul 2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini əsas gətirərək, qarşılıqlı iddianı icraata götürməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh iddia ərizəsinin surətini xx.xx.2023-cü il tarixdə qəbul etdikdən 9 gün sonra, yəni 25 iyun 2023-cü il tarixdə iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş, iddiaya qarşı etiraznı ifadə etməklə yanaşı, həmçinin həmin etirazında qarşılıqlı iddia ərizəsi vermək niyyətində olduğunu bildirib, hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin 05 iyul 2023-cü il tarixinə təyin edilmiş hazırlıq iclası isə 27 iyul 2023-cü il tarixinə təxirə salınmışdır. Cavabdeh tərəfindən isə qarşılıqlı iddia ərizəsi 13 iyul 2023-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Cavabdeh qarşıqlı iddiasını qanunla müəyyən edilmiş 20 gün müddətində verə bilməməsini, müvafiq sübutları vaxtında əldə edə bilməməsi ilə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaçının bu əsaslandırmasına Mülki Prosessual Məcəllənin 155.2-ci maddəsinin tələbi çərçivəsində hüquqi qiymət vermədən şikayəti əsassız olaraq təmin etməmişdir. Belə ki, cavadbehin qarşılqılı iddia ərizəsinə əlavə edilmiş X1 İdarəsinin cavabdehin gəlirləri ilə bağlı 01 nömrəli arayışından görünür ki, həmin arayış 11 iyul 2023-cü il tarixdə verilmişdir. Mülki Prosessual Məcəllənin 155.2-ci maddəsinin tələbinə görə isə Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qarşılqılı iddia ərizəsini qanunla müəyyən edilmiş 20 gün ərizində verə bilməməsi məhz gəlirləri ilə bağlı müvafiq sübutu vaxtında əldə edə bilməməsi ilə bağlı olmuşdur ki, bununla da cavabdeh qarşılıqlı iddia ərizəsinin ondan asılı olmayan səbəblərə görə qanunla müəyyən edilmiş müddətdə verə bilməməsini əsaslandırmışdır. Buna görə də məhkəmə kollegiyası cavadbehin şiayətini əsaslı hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 154, 155 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilsin. Qazax Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı 24 iyul 2023-cü il tarixli, 2(023)-891/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş qarşılıqlı iddianın icraata qəbul edilməsi məsələsinə baxılması üçün Qazax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar