Məhkəmə qərarları › İş №2(104)-2117/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2117/2025

17.02.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2117/2025 17.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Nümayəndə1 və nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Cavabdeh2 QSC-yə qarşı qanunsuz və özbaşına tikilinin sökülməsi, inşa edilməli olan evin layihə üzrə smeta dəyərinin ödənilməsi tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 2(125)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Cavabdeh2 QSC-yə qarşı qanunsuz və özbaşına tikilinin sökülməsi, inşa edilməli olan evin layihə üzrə smeta dəyərinin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında cavabdehlər tərəfindən tikilmiş qanunsuz və özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi, evinin layihə üzrə smeta dəyərinin ona ödənilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia ərizəsi təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 160/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, S.Xasıyev küçəsi, 8ci döngə ev 15A DƏDRX-nin **********0 qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışı əsasında onun xüsusi mülkiyyətidir. xx.xx.2020-ci il tarixdə Ermənistan Respublikası silahlı qüvvələrinin Gəncə şəhərinə təcavüzü nəticəsində onun və ailə üzvlərinin yaşadığı S.Xasıyev (M.Y.Axundzadə) küçəsi, 8-ci döngə ev 15A ünvanında yerləşən mülkü tamamilə qəzalı vəziyyətə düşmüşdür. Evi ərazidə fəaliyyət göstərən, tikinti şirkəti olan “CONCO'’ QSC-nin əməkdaşları tərəfindən sökülmüş və ərazidə yeni evlər inşa edilməyə başlamışdır. AR Prezidentinin 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixli 2292 nömrəli Sərəncamının və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 14 yanvar 2021-ci il tarixli 25 S nömrəli Sərəncamının icrasına nəzarət məhz Dövlət Şəhərsalma və Arxutektura Komitəsinə həvalə edilmiş, Cavabdeh2 QSC isə ərazidə podratçı şirkət olaraq evlər inşa etməyə başlamışdır. Tikinti şirkəti “CONCO'’ QSC tikintisi onun üçün nəzərdə tutulmuş evi tikinti norma və qaydalarına eyni zamanda şəhərsalma və arxitektura norma və qaydalarına uyğun inşa etməmişdir. Belə ki, həmin ev heç bir layihə olmadan inşa edilmiş, bu səbəbdən də aparılmış tikinti işləri tikinti norma və qaydalarına ziddir. Bundan başqa Cavabdeh2 QSC tərəfindən evlərin arasında olmalı olan ara məsafəsi gözlənilməmiş, qanunvericiliyin tələblərinə riayət edilməmiş, öz istəklərinə uyğun evlər inşa edilmişdir. Onun üçün tikintisi nəzərdə tutulmuş evin özünü də, tikinti normalarına uyğun inşa etməmişlər. Belə ki, istər evin küçəyə münasibətdə hündürlüyü, zirzəmisinin hündürlüyü, qonşu evə bitişik inşa edilməsi, evin içərisində tikinti normalarına uyğun olmayan işlərin görülməsi bütün bunlar onu deməyə əsas verir ki, tikilmiş evlər qanunsuzdur və şəhərsalma və arxitektura norma və qaydalarına uyğun deyildir. Bu hal bir mülkiyyətçi olaraq onun qanunla qorunan mülkiyyət hüququnun pozulması deməkdir. İşin hallarından da aydın görünür ki, məhkəmə işi tam və obyektiv araşdırmamışdır. Məhkəmə işin hallarını tam araşdırmadan, əsassız qətnamə çıxarmışdır. Belə ki, məhkəmə heç olmasa sözügedən tikiliyə baxış keçirməli olduğu halda bunu etməmiş və işi tam araşdırmadan qətnamə çıxarmışdır. İşin bütün faktiki halları və sübutlar tam tədqiq edilmədən, araşdırılmadan işə səthi yanaşılaraq qətnamə çıxarılmışdır. Bu səbəbdən də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edirik. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə2 işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 işin ərazi aidiyyəti göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Cavabdeh2 QSC-yə qarşı qanunsuz və özbaşına tikilinin sökülməsi, inşa edilməli olan evin layihə üzrə smeta dəyərinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. İş hallarından görünür ki, cavabdehlərin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonun ərazisindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə baxılarkən ərazi aidiyyəti qaydaları pozulmuş və Gəncə Şəhər Məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq mülki işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin ərazi aidiyyəti ilə bağlı prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, Gəncə Şəhər Məhkəməsinin 2(125)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-160/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar