Məhkəmə qərarları › İş №2(104)-2133/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2133/2023

29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2133/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, nümayəndələri vəkil X6, Cavabdeh nümayəndəsi vəkil X28 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, Cavabdeh, oğlunun şəhid adından qanunsuz istifadəsinin, şəhid anası kimi onun və ailənin şərəf və ləyaqətini ləkələyən hərəkət olmasının müəyyən edilməsi, onlardan üzr istəməsi, mənəvi ziyanın əvəzi olaraq 50000 manat məbləğində pulun alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X26 onun oğludur. O, 23 mart 1968-ci ildə Qazax rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda Ruslan 1992-ci ilin aprel ayında könüllü olaraq müharibəyə getmiş və N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə dövründə Ruslan qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi tapılmadığından itkin hesab edilmişdir. Belə ki, hələ də onun sağ qalan döyüş yoldaşları Ruslanın döyüş şəraitində qəhrəmancasına həlak olduğunu təsdiq edir. Onun meyidi tapılmadığından Mingəçevir şəhəri Şəhidlər Xiyabanında onun rəmzi qəbri var. O, şəhid anası kimi illərdir ki, oğlunu axtarır. Yaxın zamanlarda eşitmişdir ki, Gəncə şəhərində Şəhidlər Xiyabanında naməlum əsgərlərin məzarları var. O, nəvəsi Leyladan ora getməyi və onları ziyarət etməyi xahiş etmişdir. Ora gedərkən gözləmədiyi halda otuz ildir ki, axtardığı oğlunun məzarı ilə qarşılaşmışdır. Onun və nəvəsinin həmin an nələr keçirdiyini təsəvvür etmək mümkün deyil. Qəbrin üzərinə baxarkən görmüşdür ki, oğlunun soyadı Abdullayev edilmiş, doğum və ölüm tarixləri dəyişdrilmişdir. Qəbrin üzərindəki isə onun oğlunun şəkli olmuşdur. Bu məsələni araşdırarkən məlum olmuşdur ki, Ruslanın atası Ələnşirin arvadı Xalidə şəhid anası kimi, yəni Ruslanın anası kimi özünü təqdim edərək şəhid anası statusundan qanunsuz olaraq bu illər ərzində istifadə etmişdir. Eyni zamanda ondan oğlunun qəbrinin olmasını və ya həqiqətəndə orda dəfn olunan onun oğludursa onun meyidinin tapılıb dəfn olunmasını gizlədiblər. Bu məsələ ilə bağlı onlar Gəncə şəhər Prokurorluğuna müraciət etsələr də Gəncə şəhər Pokurorluğunun 02 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Oğlunun atası Ruslan doğulanda belə ondan imtina etmişdir. Onun doğum haqqında şəhadətnaməsinə baxılsa aydın olur ki, ata qrafası boş qalıb. Çünki Ələnşir ona atalıq verməkdən imtina etmişdir. Cavabdeh otuz il ərzində özünü oğlunun anası kimi tanıdaraq şəhid anası statusundan istifadə etmişdir. Onun, ailənin şərəf və ləyaqətini alçaltmış, mənəvi zərər vurmuşdur. Oğlunun qızı, arvadı belə onun bir məzarının olmasından xəbərsiz olmuşdur. Artıq şəhid anası statusu ondan alınmış, illərdir ki, saxta yollarla dövlətdən aldığı müavinat dayandrılmışdır. Ona görə də, o, cavabdehə qarşı şərəf və ləyaqətin müdafiəsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaya qarşı cavadbehin yazılı etirazı: Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırda Bakı şəhəri, Mərdakan qəsəbəsi, B.Əliyev küçəsi, ev 15, mənzil 23-də yaşayan İddiaçı1 23 mart 1968-ci il tarixdə anadan olmuş X2 və ona heç bir analıq qayğısı göstərməmişdir. O, uşağın atası Ələnşir Abbasovla ailədə yola getməmiş, 1967-ci ilin axırlarında küsüb birdəfəlik atası evinə getdiyindən, Ələnşir Gəncə şəhərinə işləməyə gəlmiş və onunla ailə qurduğunu eşidəndə uşağın qırxı çıxmamış Gəncəyə gəlib uşağı Ələnşirin üstünə atdığından məcbur olub Ələnşirin xahişi ilə Ruslanı bir yaşınadək ana kimi saxlayaraq böyütmüşdür. O Ələnşirlə Svetadan qabaq ailə qurmuş, Ələnşir Sveta ilə qeyri-rəsmi bir ay yaşamışlar. O bunu sonradan bilmişdir. Bir daha bildirir ki, İddiaçı1 başqa birisinə ərə getmiş və uşağa heç bir analıq etmədiyindən Ruslanı mərhum əri Ələnşir, o, ana babası Abbas və nənəsi saxlayıb böyütmüşlər. Uşaq məktəb illərini ana babası və nənəsinin yaşadığı Ağstafa rayonunda oxumuş, ancaq bütün yayı gəlib onlarda qalmışdır. Ələnşir həmişə Ruslana pul göndərmiş və yardım etmişdir. Ona görə də Ruslan orta məktəbi bitirəndən sonra Gəncə şəhərinə onun yanına gəlmiş və həqiqi hərbi xidmətə çağrılanda, səhv etmirsə 1986-cı ilin yayında Ermənistana əsgərliyə göndərilmişdir. 1988ci ildə ermənilər Qarabağa göz dikəndə, ara qarışmağa başlayanda Ələnşir ermənistanlı qonşuları Yasin kişi ilə birlikdə gedib Ruslanı Gəncəyə evlərinə gaçırıb gətirmişlər. Yasin kişinin əsli ermənistanlı idi və və erməni dilini bilirdi. Bundan sonra Ruslanın toyunu Gəncə şəhərində yaşadıqları Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi, 52 nömrəli binanın qabağında etmişlər. Toy xeyir-duasını və toy xərcinin hamısını Ələnşirlə o etmişdir. Ruslanın arvadı X3 şəhərindən olduğundan onlardan Mingəçevir şəhərinə və oradan isə Rusiyaya- Leninqrada şəhid qardaşı Vaqiflə birlikdə getmişdir. X25 şəhərində qalmışdır. Bu barədə toy şəkilləri də var. Evləndikdən sonra Mingəçevir şəhərində Ruslanın Leyla adlı qızı olmuşdur. Hazırda Leyla digər iddiaçıdır. Dediklərinin həqiqət olmasını məhkəməyə gətirəcəyi bütün şahidlər və toy şəkilləri bir daha təsdiq edəcəkdir. Bundan sonra birinci Qarabağ müharibəsi başlayanda Ruslan qardaşı Vaqiflə birlikdə 1992-ci il tarixdə Azərbaycana gəlib könüllü olaraq müharibəyə getmiş və Ruslan mütamadi olaraq onlarla, xüsusilə atası Ələnşirlə əlaqə saxlayaraq danışmışdır. Şəhid olanda hərbi komissarlıqdan atası Ələnşiri dəvət edib ondan analiz götürmüşlər. Şəhid atası kimi Ruslanın nəşini Ələnşir Gəncə Şəhərində Şəhidlər Xiyabanında dəfn etdirmişlər. Həmçinin el adəti ilə dəfn mərasimini keçirtmişlər. Həmin yas mərasimində Ruslanın arvadı Valentina və qaynı da gəlib bir gün iştirak etmişlər. Ruslan onların himayəsində olduğundan atası X32 şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət edib xx.xx.2007-ci il tarixli qətnamə çıxartmışdır. Həmin qətnamə Ruslan Abdullayevin valideyini olmaqları faktı müəyyən edilmişdir. Sonradan eşitmişdir ki, qızı İddiaçı2 kiminsə öyrətməsi ilə onu prokurorluğa vermiş və demişdir ki, atası Ruslanın qəbri Mingəçevir şəhərindədir. Ancaq araşdırma zamanı məlum olmuşdur ki, rəhmətlik Ruslana Mingəçevir şəhərində “rəmzi şəhid qəbri” düzəldilmişdir. O özü də şəhid ailəsidir. X10 10 aprel 1992-ci il tarixdə Tərtərin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş və hazırda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ruslan qardaşı şəhid Vaqif Həsənovun yas mərasimində icazə alıb gəlib iştirak etmişdir. Bundan sonra iddiaçı ondan prokurorluğa şikayət etmişdir. Prokurorluqda cinayət işinin başlanılması rədd edilmiş, məhkəmə isə şikayəti təmin etməmişdir. O heç kimin şərəf və ləyaqətini alçaldan hərəkətlər etməmişdir. Ona görə də iddianı qəbul etmir və bir daha bildirir ki, Ruslana həmişə Ələnşir maddi köməklik etdiyindən və mütamadi onlarda qalmişdir. Bir övlad kimi toyunu edib, şəhid düşəndə isə dəfn edirmişlər. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qərarı: Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsi ilə (hakim X.Səfərli) iddianın təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 ərizə ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək atası xx.xx.1968-cı il təvəllüdlü İ Qarabağ müharibəsində Marquşavan istiqamətində şəhid olmuş, hazırda Mingəçevir şəhər qəbristanlığında rəmzi qəbri olan X13 Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında da eyni fotoşəkil ilə, lakin başqa doğum tarixi və başqa soyad ilə atasına məxsus qəbr olduğunu bildirməsi ilə əlaqədar toplanmış material üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Gəncə şəhər prokurorluğunda araşdırılan 537-C-22 saylı material üzrə əməldə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli arayışından görünür ki, İddiaçı2 atası xx.xx.1968-ci il təvəllüdlü əsgər X26 həqiqətən aprel 1992-ci il tarixdən könüllü olaraq N nömrəli hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.1992-ci il tarixdən X26 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilir. xx.xx.1968-ci il tarixli, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X13 anası X14r, ata qrafası boş saxlanılmışdır. xx.xx.1990-ci il tarixli, 456806 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 və X15 xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. xx.xx.1991-ci il tarixli, ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X21 atası X26, anası X12r. Mingəçevir VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 363067 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1992-ci il tarixdə, Qarabağda, Ağdərə rayonunda ölmüşdür. Gəncə şəhər Şəhidlər Xiyabanında olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X16 xx.xx.1992-ci ildə vəfat etmişdir. Mingəçevir şəhər Şəhidlər Xiyabanında olan qəbirüstü abidənin fotoşəklindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü X26 xx.xx.1992-ci ildə vəfat etmişdir. Gəncə şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 09 iyun1992-ci il tarixli 357089 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1992-ci il tarixdə, kəskin qan itirmə və döş qəfəsinin dəlib keçən güllə yarası səbəbindən ölmüşdür. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə xx.xx.1968-ci il təvəllüdlü, xx.xx.1992-ci ildə həlak olmuş X8 valideynlərinin ərizəçilər – Cavabdeh və X27 olması faktı müəyyən edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 6(125)-13/2023 nömrəli qərarı ilə İddiaçı2 Gəncə şəhər Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas Rəşad Qasımovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmiş, Gəncə şəhər Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşunas Rəşad Qasımovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(104)-1637/2023 saylı qərardadından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsindən Dövlət Sosial Müdafiə Fondu publik hquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və Dövlət Sosial Müdafiə Fondu publik hquqi şəxs itirilmiş icraatın bərpa edilməsi üçün birinci instansiya məhkəməsinə müraciət edilməsi izah edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsindən narazı qalan İddiaçı1 apelyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X26 onun oğludur. O, 23 mart 1968-ci ildə Qazax rayonunda anadan olmuşdur. Birinci Qarabağ müharibəsi başlayanda Ruslan 1992-ciilin aprel ayında könüllü olaraq müharibəyə getmiş və N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə dövründə Ruslan qəhrəmancasına həlak olmuşdur. Lakin onun meyidi tapılmadığından itkin hesab edilmişdir. Belə ki, hələ də, onun sağ qalan döyüş yoldaşları Ruslanın döyüş şəraitində qəhrəmancasına həlak olduğunu təsdiq edir. Onun meyidi tapılamadığından Mingəçevir şəhəri şəhidlər xiyabanında onun rəmzi qəbri var. O şəhid anası kimi illərdir ki, oğlunu axtarır. Yaxın zamanlarda eşitmişdir ki, Gəncə şəhərində Şəhidlər Xiyabanında naməlum əsgərlərin məzarları var. O nəvəsi Leyladan ora getməyi və onları ziyarət etməyi xahiş etmişdir. Ora gedərkən gözləmədiyi halda otuz ildir ki, axtardığı oğlunun məzarı ilə qarşılaşmışdır. Onun və nəvəsinin həmin an nələr keçirdiyini təsəvvür etmək mümkün deyildir. Qəbrin üzərinə baxarkən görmüşdür ki, oğlunun soyadı Abdullayev edilmiş, doğum və ölüm tarixləri də dəyişdrilmişdir. Qəbrin üzərindəki isə onun oğlunun şəklidir. Bu məsələni araşdırarkən məlum olmuşdur ki, Ruslanın atası Ələnşirin arvadı Xalidə şəhid anası kimi, yəni Ruslanın anası kimi özünü təqdim edərək şəhid anası statusundan qanunsuz olaraq bu illər ərzində istifadə etmişdir. Eyni zamanda onlardan onun qəbrinin olmasını və ya həqiqətəndə orada dəfn olunan onun oğludursa onun meyidinin tapılıb dəfn olunmasını gizlədiblər. Bu məsələ ilə bağlı onlar Gəncə şəhər Prokurorluğuna müraciət etsələr də Gəncə şəhər Pokurorluğunun 02 sentyabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Oğlunun atası Ruslan doğulanda belə ondan imtina etmişdir. Onun doğum haqqında şəhadətnaməsinə baxılsa aydın olur ki, ata qrafası boş qalıb. Çünki Ələnşir ona atalıq verməkdən imtina etmişdir. O Ruslanın anasıdır nə haqla onunla heç bir bağı olmayan bir qadın otuz il ərzində özünü oğlunun anası kimi tanıdaraq şəhid anası statusundan istifadə etmişdir. Onun, ailəsinin şərəf və ləyaqətini alçaltmış, mənəvi zərər vurmuşdur. Onlar onun bir məzarının olmasından xəbərsiz olmuşdur. Gözü illərdir ki, yollardadır. Onlarda olan məlumata görə artıq şəhid anası statusu ondan alınmış, illərdir ki, saxta yollarla dövlətdən aldığı müavinət belə dayandrılmışdır. Birinci instasniya məhkəməsi qətnamədə qeyd etmişdir ki, şəhid adından qanunsuz istifadə və ya cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərməsi barədə heç bir mötəbər sübut yoxdur. Eyni zamanda qeyd edilib ki, iddiaçıların şərəf və ləyaqətinin ləkələnməsi sübuta yetirilməmişdir. Hesab edir ki, bütün bunlar tamamilə əsassız bir fikirdir. Belə ki, cavadeh illərdir ki, anası olmadığı, dünyaya gətirib böyütmədiyi bir insanın şəhid adından saxta yolla istifadə edərək dövlətin külli miqdarda pulunu mənimsəmişdir. Bu hal şəhidin adına anasına, ailəsinə olan hörmətsizlik deyilmi. Bu azmış kimi saxta yolla Ruslanın onun oğlu olması faktını təsdiq etdirərək, dövlət adından qəbul edilən qətnaməni belə saxtalaşdırmışdır. Ailəsinin haqqı olduğu halda şəhidin bir qəbirinin olmasından belə anasının, arvadının, qızının xəbəri olmamışdır. Bu şəhidin adına, ailəsinin şərəf və ləyaqətinə ləkə deyilmi. Bununla kifayətlənməyərək hələ də şəhidin ailəsinə, anasına böhtan atmaqda davam edir. Məhkəməyə ünvanladığı izahat tamamilə yalanlardan ibarətdir. Bütün bunlar iddiaçı tərəfin sarsıntı keçirməsinə və mənəvi iztiraba məruz qalmasına səbəb olur. Hər dəfə bir-birinin əksi olan, bir-birindən ziddiyyətli fikirlər səsləndirir. Məhkəməyə təqdim etdiyi 2007- ci il tarixli Kəpəz Rayon məhkəməsinin qətnaməsində Ruslanın Ələnşirlə onun nikahından doğulduğunu, doğum yerinin Rusiya olduğunu və onun doğum haqqında şəhadətnaməsinin itdiyini, hətta doğum haqqında şəhadətnaməni belə Rusiyada aldığını qeyd edir. Gəncə Şəhər Məhkəməsinə ünvanladığı izahatda isə tamamilə bunun əksi olan fikirlər səsləndirir. Cavabdehin Ruslanın anası haqqında səsləndirdiyi fikirlər ayrı-ayrı şəxslər arasında onun barəsində övladını atan, ondan ana kimi imtina edən bir qadın kimi mütləq mənfi rəy yaradır. Halbu ki, bunlar həqiqətə uyğun deyil. Hesab edir ki, məhkəmə işin faktiki hallarını tam və hərtərfli araşırmamışdır. Belə ki, məhkəmə işin hallarını arşdırmaq üçün iddiaçının nümayəndəsi kimi təqdim etdiyi sübutları araşdırmamış və tələm-tələsik qərar qəbul etmişdir. Cavabdeh tərəf isə hər dəfə məhkəmə iclasında iştirak etməkdən müxtəlif bəhanələrlə yayınaraq tamamilə əsassız və heç bir sübuta əsaslanmayan yazılı izahatını məhkəməyə ünvanlamışdır. Belə ki, cavabdeh izahatında bildirir ki, Svetlana uşağını gətirib Ələnşirin üstünə atıb getmiş və Ələnşirin xahişi ilə Ruslanı bir yaşına kimi ana kimi saxlayaraq böyütmüşdür. Cavabdeh hər dəfə müxtəlif ifadələr verərək demək olar ki, hər kəsi çaşdırır. Məhkəməyə təqdim etdiyi Kəpəz Rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsində isə cavabdeh Ruslanın onun doğma oğlu olduğunu və Rusiyada anadan olduğunu, eyni zamanda doğum haqqında şəhadətnamənin orada alındığını, itirdiyini qeyd edərək Ruslanın anası olması faktını təsdiq etmişdir. Svetlananın ərə getdiyini, Ruslanın onun tərəfindən saxlanıb böyüdüldüyünü qeyd edir. Məhkəməyə təqdim etdiyi Ruslanın hər yaş dövrünə aid şəkillərdə ana kimi yanında olduğu görünür. Bu şəkillərin bəzilərindən belə məlum olur ki, o xaricdə yaşadığı müddətdə Ruslan onunla birlikdə olmuşdur. Ruslan atasını 18 yaşına çatdıqdan sonra tanımış və cəmi bir neçə dəfə görmüşüdür. Hərbi xidmətə cavabdehin qeyd etdiyi kimi Gəncədən deyil, Mingəçevir şəhər Hərbi Komisarlığından getmişdir. Bununla bağlı arayışı da, məhkəməyə təqdim etmişdir. Ruslanın doğum haqqında şəhadətnaməsinə baxılanda görünür ki, ata qrafası boşdur, atalıq belə ona verilməmişdir. Necə olur ki, belə halda onu atası böyütmüş olur. Ələnşir onu oğlu kimi belə qəbul etməmişdir. Hətta cavabdeh ifadəsində arvadı Valentinanın və qardaşının yas mərasimində iştirak etdiklərini belə yazmışdır. Əgər belə idisə nəyə görə illərdir ki, Ruslan itkin hesab edilir və Mingəçevir şəhərində rəmzi qəbri var. Nəyə görə illərlədir ki, arvadı, qızı Leyla və o Ruslanı onu axtarırlar. Nəyə görə Ruslanın Gəncə şəhərində bir qəbirinin olması onun ailəsindən gizlədilmişdir. Bütün bu məslələr məhkəmə tərəfindən araşdrılmadan tələsik bir qətnamə qəbul edilmişdir. Qeyd edir ki, cavabdeh şəhid Ruslan və onun ailəsi barədə yalan məlumatlara əsaslanaraq şəhid ailəsi statusundan uzun müddət istifadə etmişdir ki, bu hal isə artıq bir çox insanlara məlumdur. Cavabdehin yalanı hələ də davam edir. Belə ki, iddiaçı tərəflə məhkəmə prosesində üz-üzə gəlməkdən imtina edərək məhkəməyə yenə də, yalan məlumatlarla dolu izahat ünvanlamaqla kifayətlənmişdir. Ruslanın anası barədə qeyd edilən izahatda səsələndirdiyi fikirlər onun üçün, ailəsi üçün təhqir olmaqla onların şərəf və ləyaqətini ləkələmirmi. Bütün bu hallar məhkəmə tərəfindən araşdırılmamış, nəzərə alınmamışdır. Yalan fikirlərini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndələri vəkil X9 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdehin oğlu X4, onu uşaq yaşlarında atıb getməsi yalandır. Belə ki, oğlunu o böyütmüş və onun yanında qalmışdır. Məhkəməyə təqdim etdiyi “Səkkizillik təhsil haqqında” şəhadətnamədən görünür ki, oğlu X26 orta məktəbi 1983-cü il tarixdə Bakı şəhərində bitirmişdir. Yəni, o oğlu ilə birlikdə Bakı şəhərində yaşamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 verilmiş apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onun, anasının və nənəsinin atasının Gəncə şəhər Şəhidlər Xiyabanında qəbrinin olmasından məlumatları olmamışdır. Hələ də atasının Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmasında şübhələri vardır. Onlar indiyədək atasının itkin düşdüyünü düşünürlər. Məhkəməyə təqdim etdiyi Azərbaycan qəzetinin 23 may 1993-cü il tarixli buraxılışında da atasının itkin düşmüş şəxslər siyahısında adı vardır. Təxminən üç il əvvəl X38 Komitəsinin Azərbaycan Nümayəndəliyi tərəfindən ondan DNT analizi də götürmüşlər. Atasının ölüm haqqında şəhadətnaməsi isə N nömrəli hərbi hissənin arayışı əsasında verilib. Lakin, atasının döyüş yoldaşlarının onlara verdiyi məlumata görə atası döyüş meydanında qalmışdır. Sonradan isə onun nəşi barədə məlumat olmamışdır. Cavabdehlərin isə hansı qaydada ölüm haqqında şəhadətnamə alması onlar üçün naməlumdur. Hesab edir ki, cavabdehin atasının anası olmamasını bilə-bilə onun adından qanunsuz istifadə etməsi və atasının nəşinin Gəncə şəhər Şəhidlər Xiyabanında olması ilə bağlı məlumat verməməsi onlara mənəvi zərbə olmuşdur. Onların müraciətlərinə əsasən cavabdehə şəhid ailəsinin üzvü qismində verilən müaviət dayandırılmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, anası Valentina Rusiya Federasiyasında yaşayır. Buna görə də məhkəməyə gələ bilməmişdir. Lakin, onun və anasının atasının Gəncə şəhər Şəhidlər Xiyabanında qəbrinin olmasından məlumatları olmamışdır. Cavabdehin atasının dəfn mərasimində anasının iştirak etməsi ilə bağlı göstərdikləri də yalandır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi vəkil X35 iddia ərizəsinə yazılı etirazda göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsinə yazılı etirazda göstərilənləri müdafiə etdiyini bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin icraatında olan 2-342/2007 nömrəli iş üzrə məhkəmədə Ruslanın anası olmasını deməmişdir. Həmin iclasda mərhum əri Ələnşir izahat vermişdir. Həmin ərizə də məhz mərhum əri Ələnşir tərəfindən məhkəməyə verilmişdir. İddiaçılarla, o cümlədən X7 arvadı X20 ilə əlaqələri olmamışdır. Lakin, X5 Ruslan Ələnşir oğlunun dəfnində iştirak etmişdir. Buna görə də hesab edir ki, iddiaçıların X13 Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmasından məlumatları olmuşdur. Əri mərhum Ələnşir isə bir neçə il əvvəl vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 26-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 2.4. İnsanın özgəninkiləşdirilməyən hüquq və azadlıqlarının, digər qeyri-maddi nemətlərin gerçəkləşdirilməsi və müdafiəsi ilə bağlı münasibətlər, əgər bu münasibətlərin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsindən iddiaçılardan İddiaçı1 tərəfindən apellyasiya şikayəti verildiyindən, Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı ona münasibətdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsi İddiaçı1 münasibətdə iddianın rədd edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instaniya məhkəməsinin gəldiyi nəticə və həmin nəticəni əsaslandırması ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilikdə şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi həyat sirri və şəxsi toxunulmamazlıqla bağlı pozuntuların nəticəsində dəymiş zərərin ödənilməsi nəzərdə tutulsa da, digər şəxsi qeyri-əmlak hüquqlarından və qeyri-maddi nemətlərdən istifadə etmək hüquqlarının pozulması nəticəsində vurulmuş zərərin ödənilməsi müəyyən olunmamışdır. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikasının Milli Məclisinə Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etməsi tövsiyyə olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı iddiasını şərəf və ləyaqətin müdafiəsi ilə əlaqələndirsə də əslində iddiaçının iddiasının məzmunundan görünür ki, onun iddiası digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsi ilə əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası iddiaçının Cavabdeh oğlunun şəhid adından qanunsuz istifadəsinin və bu hərəkətin şəhid anası kimi onun və ailəsinin şərəf və ləyaqətini ləkələyən hərəkət olması ilə bağlı iddiasını əsassız hesab emtişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd olunduğu kimi mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəhid, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir ki, şəhidlik Azərbaycan xalqının mentalitetinə əsasən ən ali, müqəddəs və şərəfli zirvə hesab olunmaqla, şəhidlərin əziz xatirələri qorunub saxlanılır və yaşadılır. Həmçinin, şəhid ailəsinin üzvlərinə də ehtiramla yanaşılaraq, diqqət və qayğı göstərilir. Məhkəmə kollegiyası hesab edir ki, şəhid adı üzərindən hər hansı bir şəxsin hər hansı bir formada sui-istifadə etməsi sosial-ictimai münasibətlərə mənfi təsir göstərməklə yanaşı, şəhidin ailə üzvlərinə də müəyyən mənəvi zərbə vurur. Hazırkı iş üzrə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, işin mübahisə edilməyən halı kimi İddiaçı1 ilə mərhum X17 birgə evliliyindən xx.xx.1968-ci il təvəllüdlü X26 doğulmuş və 2007-ci il tarixədək atalığı müəyyən edilməmişdir. İddiaçının oğlu X26 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 1992-ci ildə şəhid olmuşdur. X7 ölümü ilə əlaqədar Gəncə şəhər VVAQ şöbəsi tərəfindən və Mingəçevir VVAQ şöbəsi tərəfindən müxtəlif ölüm haqqında şəhadətnamələr verilmişdir ki, bununla da iddiaçılar və cavadbeh hər ikisi şəhid ailəsinin üzvü kimi tanınmışdır. Həmçinin, şəhid X22 aid həm Gəncə şəhər Şəhidlər Xiyabanında, həm də Mingəçevir şəhər Şəhidlər Xiyabanında qəbirüstü abidə qoyulmuşdur ki, işin mübahisə edilməyən halı kimi Mingəçevir şəhər Şəhidlər Xiyabanında olan qəbirüstü abidə rəmzi xarakter daşımaqla, mərhumun nəşi həmin xiyabanda dəfn edilməmişdir. Belə ki, iddiaçı oğlunun itkin düşməsini güman etdiyindən həmin qəbirüstü abidə rəmzi olaraq inşa edilmişdir. Cavabdeh isə mərhum əri X27 ilə birlikdə 2007-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X13 onun doğma oğlu olduğunu, Rusiyada doğulduğunu, orada ona doğum haqqında şəhadətnamə aldığını, lakin itirdiyini bildirməklə Ruslanın anası olması faktının müəyyən edilməsinə nail olmuşdur. Hərçənd ki, hazırkı məhkəmə kollegiyasının iclasında ərizəçi X13 onun oğlu olmadığını etiraf etməklə yanaşı, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin icraatında olan 2-342/2007 nömrəli iş üzrə məhkəmədə Ruslanın anası olmasını demədiyini iddia etsə də iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-342/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qətnaməsi ilə bu hal istisna olunmuşdur. Cavabdeh iddiaçıların, o cümlədən X7 arvadı Valentina X1 Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmasından məlumatları olduğunu iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hərçənd ki, cavabdehin bu iddiası işin digər halları ilə də təsdiq olunmamaqla, oğlunun qəbrinin Gəncə şəhər Şəhidlər Xiyabanında olmasını bilən ananın, Mingəçevir şəhər Şəhidlər Xiyabanında qəbirüstü abidə inşa etdirməsi də ağlabatan sayılmır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şəhid adı üzərindən suiistifadə etməklə X13 onun doğma oğlu olmasını iddia etməklə anası olması faktının müəyyən edilməsinə dair nail olması, X7 məzarının Gəncə şəhər Şəhidlər Xiyabanında olması ilə bağlı məlumatı anası İddiaçı1, qızı İddiaçı2 və ya arvadı Valentina Abbasovaya verməyə cəhd göstərməməsi və şəhid ailəsinin üzvü qismində müəyyən imtiyazlardan yararlanması ilə bağlı hərəkətləri şəhidin qızı və anasının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olması, buna müvafiq olaraq da onların mənəvi sarsıntı və iztirab keçirməsi danılmazdır. Nəzərə alınmalıdır ki, qəbirüstü adətlərə uyğun olaraq inasanlar müəyyən dini inanclarını yaxınlarının məzarı yanında həyata keçirməklə və mərhum yaxınlarını yad etməklə müəyyən mənəvi rahatlığa nail olmağa çalışırlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri ilə iddiaçıya mənəvi zərər yetirilmişdir. Məhkəmə kollegiyası mənəvi və fiziki iztirabların xarakterini, cavabdehin təqsirini və işin digər hallarını nəzərə alıaraq hesab edir ki, 5000 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi ağılabatan olmaqla, ədalətli hesab olunur. Buna görə də iddia qismən təmin edilərək, cavabdehdən İddiaçı1 xeyrinə 5000 manat məbləğində mənəvi zərər məbləği tutulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vurulmuş ziyanın əvəzi kimi həm üzr istənilməsi, həm də pul şəklində ödənilməsinin təmin edilməsi cavabdehin iki qat mülki məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, şəxsin etdiyi hərəkətə görə onun iradəsindən kənar olmaqla üzərinə üzr istənilməsi ilə bağlı öhdəlik qoyulması fikir və söz azadlığına zidd hesab olunur. Hazırkı işin hallarına görə də cavabdeh iddianı qəbul etməməklə, iddiaçılardan üzr istəmək də niyyəti yoxdur. Belə olduğu təqdirdə isə cavadbehin üzərinə üzr istənilmə ilə bağlı öhdəliyin qoyulması əsassız hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli, 2(125)-3155/2023 saylı qətnaməsi İddiaçı1 münasibətdə iddianın rədd edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdehdan mənəvi zərər məbləği qismində 5000 (beş min) manat alınaraq, İddiaçı1 ödənilsin. Cavabdehdan 100 (yüz) manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar