Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2136/2023 07.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Naftalan Şəhər Məhkəməsinin 2(052)-138/2023 saylı mülki iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun şəxsi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi qaz sayğacı ilə təchiz edilmişdir. O da, taarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. 05 dekabr 2022-ci il tarixdə Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları yaşadığı ünvana gələrək ona məxsus evə quraşdırılmış sayğacın ilişərək işlədiyindən və qazı fasilələrlə buraxdığını əsas gətirərək yeni Zenner tipli sayğac ilə əvəz etmişlər. Bu barədə 05 dekabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Bir müddət keçdikdən sonra isə 13 fevral 2023-cü il tarixdə Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin Naftalan XS əməkdaşları onun iştirakı olmadan qanunsuz akt tərtib etmişlər. 13 fevral 2023-cü il tarixli ******* saylı həmin aktda sayğaca baxış keçirildiyi, hesablama mexanizmini hərəkətə keçirən dişli çarxın kənar təsir nəticəsində kəsildiyi, vintlərdən birinin aşkar edilmədiyi, xətaların normadan artıq olduğunu və sayğacın istismara yararsız olduğunu qeyd etmişlər. xx.xx.2023-cü il tarixli tələbnamə ilə isə dəymiş ziyan olaraq itirilmiş qazın bərpası kimi 12960 m3 qaz sərfiyyatının dəyərinin ödənilməsi tələb olunmuşdur. Hazırda həmin akt etibarsız hesab olunmalı və 12960 m3 qaz sərfiyyatı silinməlidir. Belə ki, 05 dekabr 2022-ci il tarixli, ******* saylı aktdan da göründüyü kimi onun yaşadığı evə quraşdırılmış sayğac həmin tarixdə Zenner tipli sayğac ilə əvəz etmə ilə əlaqədar dəyişdirilmişdir. 13 fevral 2023-cü il tarixli ******* saylı aktda isə sayğaca baxış keçirilməsi və nöqsanlar olması qeyd edilmişdir. Sayğacda hər hansı zədə olmuşsa bu barədə rəy verilməli idi. O, Cavabdeh İB-nin qaz sayğaclarına nəzarət komissiyasının rəyini görməmiş, həmin rəy ona verilməmişdir. O, qaz sayğacına hər hansı bir müdaxilə etməmişdir. Qaz sayğacları bütün şəhər ərazisində küçələrdə quraşdırılmış və üzərinə qoruyucu qutu və ya hər hansı başqa bir qoruyucu vasitə qoyulmamışdır. Bu hal da onu sübut edir ki, küçədən keçən istənilən bir şəxs həmin sayğaca ziyan vura bilər və sayğaca istənilən müdaxiləni edə bilər. Qaz sayğacında baş vermiş nasazlığa görə isə vətəndaş məsuliyyət daşımamalıdır. Qaz idarəsi guya sayğaca müdaxilə nəticəsində artıq qaz sərfiyyatından istifadə edildiyini qeyd edir. Halbuki qaz idarəsinin işçiləri hər ay qaz sayğacına baxaraq işlətmiş olduğu qazın bildirişini verir, bildiriş əsasında da qazın pulunu dövlət büdcəsinə ödəyir. Qaz idarəsinin işçiləri bu neçə vaxtı sayğaca baxarkən orada hər hansı bir müdaxiləni görməmiş, onun sayğaca müdaxilə etdiyini və artıq qaz sərfiyyatı etdiyini qeyd edirlər. Əgər sayğaca müdaxilə olmuşdursa, sahə nəzarətçisi bunun dərhal aradan qaldırılması üçün tədbirlər görməli idi. Göründüyü kimi əslində heç bir müdaxilə olmadığından ondan artıq məbləğdə işlətmədiyi qazın dəyərini almaq niyyəti ilə haqsız yerə akt tərtib edilmişdir. Odur ki, tərtib olunmuş akt əsassızdır. Qaz istismar idarəsinin əməkdaşları tərəfindən heç bir çəkiliş aparılmadan, hal şahidləri dəvət edilmədən sadəcə fərziyyə ilə belə bir nəticəyə gələrək qanunsuz akt tərtib edilərək sərfiyyat hesablanmışdır. Akt şahidlərin iştirakı ilə və müvafiq qaydada çəkiliş aparmaqla tərtib olunmalıdır ki, Qaz İstismar İdarəsinin əməkdaşları bu qaydalara riayət etməməklə qanunsuz akt tərtib etmişlər. Qeyd edilənlərə əsasən hazırda həmin aktın etibarsız hesab olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Naftalan Şəhər Məhkəməsinin 2(052)-138/2023 saylı mülki iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Səlimov) iddia tələbi təmin edilmiş, Cavabdeh Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında 12960 kub/metr qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi qət edilmişdir. Cavabdeh İB-nin etibarnamə üzrə nümayəndəsi qətnamədən apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, 13 fevral 2023-cü il tarixli ******* saylı aktin ləğv edilməsi barədə iddianı təmin edərkən birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini pozaraq, səhv nəticəyə gəlmişdir. İş üzrə İddiaçı məhkəmədə iştirak etmiş, sual cavab zamanı ona hansı məbləğdə borc hesablandığı barədə məhkəməyə heç bir məlumat verə bilməmişdir. İş üzrə Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyib, eləcə də apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin 2(052)-138/2023 saylı mülki iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi tələbi hissədə iş üzrə icraata xitam verilməli və akt əsasında hesablanmış borcun silinməsi tələbi hissədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM-in) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iddia ərizəsindən müəyyən edildiyi kimi, ərizə aktın ləğv edilməsi barədədir. Kollegiya göstərir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş aktın hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiklərinə görə həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair Cavabdeh əməkdaşlarının mövqeyini əks etdirir. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı hüquqi məsuliyyətə cəlb olunmamış, orada yalnız Cavabdeh əməkdaşlarının aşkar etdikləri halların təsviri əks olunmuşdur. Buna görə də iddiaçı məhz həmin akt əsasında qəbul edilmiş qərarı mübahisələndirməlidir. Çünki, aktın tərtib edilməsi və Cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla cavabdehin barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, kollegiya hesab ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş akt özlüyündə İddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hətta borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, İddiaçı tələbi aktın ləğvinə yox, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin aktın etibarsız sayılması hissəsini icraata götürüb mahiyyəti üzrə baxmaqda səhvə yol vermiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.5-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, apellyasiya şikayəti qismən təmin edilməli, Naftalan Şəhər Məhkəməsinin 2(052)-138/2023 saylı mülki iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, aktın ləğv edilməsi tələbinə məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi tələbi hissədə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsindən hansı məbləğdə borcun əsassız hesablanması, həmçinin hansı məbləğdə əsassız hesablanmış borcun silinməsinin tələb edilməsi müəyyən olunmur. Halbuki, Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 149-cu maddəsinin tələblərinə görə, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. (maddə 149.2.3) Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 217.2, 372, 384.0.5, 385.1.1, 387.1, 391, 400 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Apelyasiya şikayəti qismən təmin edilsin. Naftalan Şəhər Məhkəməsinin 2(052)-138/2023 saylı mülki iş üzrə 05 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia ərizəsinin Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi tələbinə dair hissəsi üzrə işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın, Cavabdeh İB-nin Gəncə X2 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 13 fevral 2023-cü il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi tələbinə xitam verilməsi hissəsindən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2136/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2136/2023
07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver