Məhkəmə qərarları › İş №2(104)-2136/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2136/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2136/2024 29.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin e-2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan xx.xx.2022-ci il tarixli X6 haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 barəsində İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.

2. İşdə olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir.

3. İşdə olan "xxxx" ASC-nin 4216/22 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Hyundai Elantra” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi 1820 manat məbləğində qiymətləndirilmişdir.

4. İşdə olan "xxxx" ASC-nin 4106/22 nömrəli qiymətləndirmə aktının surətindən görünür ki, “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanli avtonəqliyyat vasitəsinə dəymiş ziyanın həcmi 150 manat məbləğində qiymətləndirilmişdir.

5. İşdə olan xx.xx.2022-cü il tarixli "xxxx" ASC-nin CM2924/22 saylı işə dair sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X1 150 manat məbləğində sığorta ödənişi edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" ASC-nin CM2963/22 saylı işə dair sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 1820 manat məbləğində sığorta ödənişi edilmişdir.

6. İşdə olan İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, **-KD-*** FORD CONNECT markalı, dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" ASC tərəfindən sığorta olunmuşdur.

7. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Həmçinin nəqliyyat vasitələrin zədələnmiş hissələrin təmirlə bərpa oluna bilməsinin və yaxud dəyişdirilməsinin zəruriliyini müəyyən etmək üçün metodika olmadığından qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş Qala Sığorta” ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktında baş vermiş yolnəqliyyat hadisə nəticəsində 2014-cü il buraxılışlı Hyundai Elantra markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1920,00 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli qüsur aktında baş vermiş yol-nəqliyyat hadisə nəticəsində 2007-ci il buraxılışlı Opel Astra markalı “**-VO-*** dövlət qeydiyyat nişanlı avtomobtin təmir-bərpa xərci təxminən 150,00 manat müəyyən edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1970 manat pulun ödənilmiş 39.70 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin verilməsinə görə 10 manat rüsumunun əvəzinin, yəni cəmi 2019.70 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASCnin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” növü üzrə sığortalanmış Cavabdeh1 məxsus “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Gəncə şəhəri, Atatürk ptospekti ərazisində Cavabdeh2 tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” markalı, ** PK *** və “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanli avtonəqliyyat vasitələrinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1820 (bir min səkkiz yüz iyirmi) manat, “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 150 (bir yüz əlli) manat, ümumilikdə 1970 (bir min doqquz yüz yetmiş) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş TP ******* saylı X6 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Buna görə də, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən 10 aprel 2023-cü il tarixli, 0391/23 nömrəli məktubla cavabdeh Ələkbərov X3 qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakın hazırkı tarixədək cabadehlər tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələb təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş olunur.

10. Samux Rayon Məhkəməsinin e-2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tərifə Kərimova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək olaraq suroqasiya qaydasında 1970 (bir min doqquz yüz yetmiş) manat və məhkəmə xərcinin əvəzi qismində 40.70 manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, zərərin vurulmasında Cavabdeh2 təqsirliliyi onun barəsində qəbul edilmiş X6 haqqında qərarla öz təsdiqini tapdığından iddiaçının zərərçəkmiş şəxslərə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Ona görə də, iddia əsaslıdır və təmin olunmalıdır.

12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 936.1, 936.2,-ci maddələrinə,“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4, 25.1.3-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

13. Samux Rayon Məhkəməsinin e-2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin e- 2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəticəyə gələrkən maddi və prosessual normaları pozmuşdur. Belə ki, məhkəmə qətnamə qəbul edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.2 və 25.2-ci maddəsinə əsaslanmışdır. Ancaq işin faktiki hallarından görünür ki, qeyd olunan normalarda nəzərdə tutulan xüsusatlar yəni sığorta hadisəsi baş verərkən onun tərəfindən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması halı aşkarlanmamış, eyni zamanda Cavabdeh1 ilə arasında işlərin təhlükəsiz aparılmasına dair əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməyinə və idarə etməyinə dair və ya digər qaydada istifadə üçün ona verdiyi avtomaşını onun nəzarəti altında fəaliyyət göstərməyi və ya fəaliyyət göstərməli olmağına dair heç bir araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən verilmiş vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Belə ki, ekspert rəy vermədən mülki işi geri qaytarsa da, məhkəmə yenidən ekspertizanın keçirilməsinə dair vəsatəti təmin etməmişdir. Bununla da, çəkişmə prinsipini pozmuşdur. Məhkəmə işi ədalətli araşdırsaydı, Hyundai Elantra markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Opel Astra markalı “**-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərini də, müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edərək ekspertizanın keçirilməsini təmin etməli idi. Ekspertiza keçirilsəydi, sığorta şirkəti tərəfindən qiymətin şişirdilmiş yazılması müəyyən olunardı. Prosessual normanın tələbinə görə iddia iddiaçı tərəfindən iddiaya cavab verməli olmayan şəxsə qarşı yəni ona qarşı verilib. Məhkəmə tərəfindən qeyd olunan hal araşdırılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, o, “Ford Connect” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini Cavabdeh2 qeyri rəsmi satmış, ona görə də, ona etibarnamə vermişdir. Məhkəmə kollegiyasından qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

20. Maddə 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir.

21. Maddə 899.1.1. Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır.

22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

25. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

26. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

27. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

31. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu;

32. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.

33. Maddə 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya еtibarnamə əsasında idarə еdən, yaxud digər qanuni əsaslarla istismar еdən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hеsab olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

43. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

44. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin e-2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması hissəsində ləğv edilməli, iddia tələbi Cavabdeh2 tutulması hissəsində rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, buna görə də, o, İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. "xxxx" ASC tərəfindən “Hyundai Elantra” markalı ** PK *** dövlət qeydiyyat nişanlıavtonəqliyyat vasitəsinə dəymiş zərərə görə 1820 (bir min səkkiz yüz iyirmi) manat, “Opel Astra” markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtonəqliyyatvasitəsinə dəymiş zərərə görə 150 (bir yüz əlli) manat sığorta ödənişi edilmişdir. İddiaçı hazırda ödəmiş olduğu sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Zərərin vurulmasında Cavabdeh2 təqsirliliyi onun barəsində qəbul edilmiş X6 haqqında qərarla öz təsdiqini tapdığından iddiaçının zərərçəkmiş şəxslərə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi zərərin vurulmasında Cavabdeh2 təqsirliliyi onun barəsində qəbul edilmiş X6 haqqında qərarla öz təsdiqini tapdığından iddiaçının zərərçəkmiş şəxslərə ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehlərə qarşı tələb hüququ yarandığı əsası ilə iddia tələbini təmin etmişdir.

49. Məhkəmə kpllegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İş materialları müəyən olunur ki, Cavabdeh2 törətmiş olduğu yol nəqliyyat hadisəsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmişdir. İddiaçı da, tələbini yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, ona qarşı subroqasiya hüququnun yaranması ilə əsaslandırmışdır.

50. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili idarə, istifadə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də, sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Çünki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Qanunun məqsədi də, bundan ibarətdir.

51. Belə ki, sürücülük hüququ olmayan şəxsin avtomobili idarə etməsi təhlükəli hal olduğuna və sığorta hadisələrinin baş verməsi riskini artırdığına görə qanunverici bilərəkdən qeyd olunan əsası qanuna daxil etmişdir ki, həm sığortalılar sürücülük hüququ olmayan şəxslərə avtomobili idarə etmək üçün verməsinlər, həm də sonuncular belə bir hüquqları olmadan avtomobili idarə etməsinlər. Təsadüfü deyil ki, cinayət qanunvericiliyinə də sonradan əlavələr edilərək sürücülük hüququ olmadan yol nəqliyyat hadisələri törədən şəxslərin cinayət məsuliyyəti və cəza məsələləri sərtləşdirilərək fərdiləşdirilmişdir.

52. Bu cür əsasın qanunda olması həm də, sığorta şirkətlərini əsassız maliyyə itkisinə məruz qalmaq riskindən də, qoruyur. Çünki, bu əsasın olmasına görə nəzəri və praktiki biliyi olmayan “sürücü”lərin hərəkətlərindən sığorta şirkətləri faktiki olaraq qanunla müdafiə olunurlar. Lakin sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyildir.

53. Etibarnamənin olmaması sığortanın məqsədləri baxımından əhəmiyyət kəsb etmir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də, etibarnamə olmadan avtomobilin idarə edilməsi onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir.

54. Bu baxımdan məhkəkə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh2 “Ford Connect” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi və buna görə də, ona qarşı subroqasiya hüququnun yaranması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

55. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin e-2(058)- 122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi 1970 (bir min doqquz yüz yetmiş) manat və məhkəmə xərcinin əvəzi qismində 40.70 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması hissəsində ləğv edilməli, iddia tələbi 1970 (bir min doqquz yüz yetmiş) manat və məhkəmə xərcinin əvəzi qismində 40.70 manat pulun Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi :

Samux Rayon Məhkəməsinin e-2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin e-2(058)-122/2024 saylı, 16 iyul 2024-cü il tarixli qətnaməsi 1970 (bir min doqquz yüz yetmiş) manat və məhkəmə xərcinin əvəzi qismində 40.70 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1970 manat pulun, ödənilmiş 39.70 manat dövlət rüsumunun və müvəqqəti təminat tədbirinin verilməsinə görə 10 manat rüsumunun əvəzinin, yəni cəmi 2019.70 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar