Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2145/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “cərimənin ləğv olunması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)- 801/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə aid Elster G-4T Diafraqma markalı 10593506 nömrəli sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğac üfüqi vəziyyətə qaldırılmışdır.
2. Ağstafa şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdən verilmiş 546 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Əliyeva X3 şəhəri Ə.Nəbiyev küçəsi ev 10-da qeydiyyatdadır.
3. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona 2023-cü ilin mart ayında 518,40 manat məbləğdə borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Ağstafa şəhəri, H.Arif küçəsində yerləşən fərdi yaşayış evi vardır. Təbii qaz abunəçisi olmaqla adına abonent saldosu vardır. Lakin o, 10 ildir ki, həmin evdə yaşamır. O, valideynlərinə məxsus Ədalət Nəbiyev küçəsi ev 10 ünvanda yerləşən evdə yaşayır. Cavabdeh təşkilatın işçiləri o, evdə olmayan zaman gəlib evə daxil olaraq qaz sayğacını söküb aparmışlar. Daha sonra, qaz sayğacına müdaxilə olunmasına görə ona 518,40 manat borc yazılmışdır. Lakin o, sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddiasının təmin olunmasını xahiş etmişdir.
6. Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia təmin edilərək, “Azəriqaz” İB-nin Şəmkir RQİİnin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 518,40 manat borc silinməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı təbii qazdan istifadəyə görə mülkiyyətində olan ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacına ehtimal edilən müdaxiləyə görə cavabdeh qarşısında məsuliyyət daşımadığı, eyni zamanda 16 mart 2023-cü il tarixdə sayğaca laborator şəraitdə baxış keçirilərkən iddiaçının iştirakının təmin edilməməsi, həmin müdaxiləyə görə üzərinə öhdəlik götürmədiyi, istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılması üçün cavabdehliyi qaz paylayıcısının daşıdığı, lakin sayğaca müdaxilənin İddiaçı və ya onun ailə üzvləri tərəfindən törədilməsi müəyyən edilmədiyi, bununla da iddiaçıya borcun əsassız hesablanması sübuta yetirildiyindən iddia əsaslıdır. Bu səbəbdən iddia təmin edilməli, “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən mənzilə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 518,40 manat borc silinməlidir.
8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən “Qaz təchizatı haqqında” Qanunun 11, 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci və 4.8-ci bəndlərinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsini ləğv edilib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilərək, “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər): Qeyd edilən bəndə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin mart ayında iddiaçının abonent hesabına işlənilmişdir. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılmasımüvafiq tələblərə cavab verməlidir.(3.2) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cımaddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Prosessual hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) Həmin maddəyə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın üfüqi vəziyyətdə olması aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından da, göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin mart ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İş üzrə tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
13. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, səhhətində problem olduğuna görə məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:
17. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
18. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar
20. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
21. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
22. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
23. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
24. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən İddiaçı mülkiyyətində olan ünvan qaz xətti ilə təmin edilmişdir. Cavabdehlə iddiaçı arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlı-vaxtında ödəməyi öhdəsinə götürmüşdür. 16 mart 2023- cü il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və bu barədə aktda tərtib olunmuşdur. Həmin zaman sayğacın üfüqi vəziyyətə qaldırılması qeyd olunmuş, itirilmiş qaz sərfiyyatına görə 518,40 manat ziyanlıq hesablanaraq bu barədə də akt tərtib olunmuşdur. İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı cərimənin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsi ilə “Azəriqaz” İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 mart 2023-cü il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 518,40 manat borc silinməsi qət edilmişdir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, sayğacının üfüqi vəziyyətə qaldırılmasında və nəticə etibarı ilə qaz sərfiyyatının itirilməsində abonent X2 hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş, yəni sayğacda yaranmış həmin vəziyyətin məhz iddiaçı tərəfindən törədilməsi halı müəyyən edilməmişdir.
38. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir cərimə tətbiq edilə bilməz.
39. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmur.
40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası
Qət etdi :
Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(015)-801/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.