Məhkəmə qərarları › İş №2(104)-2147/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2147/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2147/2024 06.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Əsassız borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-838/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa rayonu, Muğanlı kəndi İddiaçı ilə Azəriqaz İB arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********04020-dir.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın plasmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilib.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı əsassız borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 432 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Ağstafa rayonu, Muğanlı kəndində yaşayır. Təbii qaz abunəçisi olmaqla adına abonent saldosu vardır. O, evdə olmayan zaman qaz idarəsinin işçiləri gəlib qaz sayğacını söküb aparmışlar. Daha sonra ona məlum olmuşdur ki, işçilər sayğacı apardıqdan sonra ona cərimə hesablanmışdır. O, hər zaman qaz sərfiyyatına görə ödənişlərini vaxtlı-vaxtında etmiş və bu barədə onda qəzblər də mövcuddur. Qaz sayğacına heç bir müdaxilə etməmişdir.

5. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-838/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov), iddianın təmin edilməsi, Cavabdeh İB-nin Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən Ağstafa rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 noyabr 2021-ci il tarixli ******* №-li aktı ilə İddiaçı hesablanmış 432 manat borc silinməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə, “Qaz istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011ci il tarixli, 80 saylı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının 4.7 və 4.8-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 213-214, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(015)-838/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi iddiaçıya məxsus qaz sayğacına qanunsuz müdaxilə olunduğundan sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2021-ci ilin noyabr ayında iddiaçının abonent hesabına işlənilmişdir.Belə ki, birinci instansiya məhkəməsi iddia tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün və LCD ekranının kənar təsir nəticəsində sındırılması aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İddiaçının istismarında olanqaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin yanvar ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İş üzrə İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

10. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

11. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları

12. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

13. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

14. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

18. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

19. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

20. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş və sonradan sayğacın plasmas qapağının üzərində olan zavod qurğuşun plombu kənar təsir nəticəsində əzilməsi əsası ilə xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, eləcədə həmin akt əsasında abonentə 432 manat cərimə hesablanmışdır. Bununla razılaşmayan abonent İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

28. Kollegiyada birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, abonentin istifadəsində olan sayğaca məhz onun tərəfindən, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində hər hansı bir müdaxilə edilməsi iş materialları ilə təsdiq olunmur, eləcədə Cavabdeh İstesalat Birliyi bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir.

29. Belə ki, “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486- VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir:

30. “Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”

31. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.

32. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

33. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir. (həmin norma yeni redaksiyada verilmişdir)

34. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-838/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar