Məhkəmə qərarları › İş №2(104)-2179/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2179/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2179/2024 04.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və mənzilə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X7 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışların ləğv edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2949/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli AR-İ seriyalı 333213 nömrəli etibarnamədən görünür ki, X15 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakına sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, özəlləşdirmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamaq və s. səlahiyyətləri Cavabdeh1 etibar etmişdir.

2. xx.xx.2015-ci il tarixli 7E-15686 reyetr nömrəli etibarnamədən görünür ki, İddiaçı Cavabdeh1 həvalə etdiyi səlahiyyətlər Cavabdeh1 qızı tərəfindən X10 ötürülmüşdür.

3. X11 tərəfindən verilmiş və xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş ərizədən görünür ki, X2 şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin özgənikiləşdirilməsinə razılıq vermişdir.

4. xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 X15 adından Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh1 satmışdır.

5. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh2 satmışdır.

6. 11.05.2013-cü il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixdə X15 tərəfindən verilmiş ərizədən görünür ki, X3 şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin Cavabdeh1 adına özəlləşdirilməsinə razılıq vermişdir.

7. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(043)-1957/2013 nömrəli qətnaməsi ilə xx.xx.2013-cü il tarixdən başlayaraq, İddiaçı xx.xx.2005-ci il tarixdə doğulmuş X16 və xx.xx.2007-ci il tarixdə doğulmuş X17 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment Cavabdeh1 xeyrinə tutulması qət edilmişdir. Lakin, İddiaçı yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində Azərbaycan Respublikası üzrə axtarış elan edilmişdir.

8. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)- 2745/2014 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab olunmuşdur.

9. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3709/2021 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-2745/2014 nömrəli qətnaməsi ləğv edilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 3278/2022 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3709/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. AZ-İ seriyalı 984667 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2019-cu ildə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixdə 4Ə-586 nömrəli reyestrlə və xx.xx.2022-ci il tarixdə 4Ə-791 nömrəli reyestrlə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində qeydiyyata alınmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, həmin mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması və iddiaçının qeyd olunan ünvana köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Gəncə şəhəri, M.Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində qeydiyyatda olmuş və qazanc əldə etmək üçün tez-tez Rusiya Federasiyasına gedib, geri qayıtmışdır. 2017-ci ildə o, Rusiya Federasiyasında 4 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, həmin cəzasını çəkib, Azərbaycan Respublikasına qayıtdıqda Gəncə şəhəri, M.Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində istifadə hüququnun irilməsinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən, həmçinin onun atası X8 X6 etibarnamə verməsindən, X5 mənzili Cavabdeh1 və Cavabdeh1 isə Cavabdeh2 satmasından xəbərdar olmuşdur. O, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Cavabdeh1 onun atası X8 mülkiyyətində olan mənzili ələ keçirməklə yanaşı ondan aliment də almaqda davam etmişdir.

14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2949/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev), iddianın təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 6.1, 140, 337.1, 359.1, 359.3, 360.1, 360.2 və 362.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2949/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdehlə heç bir vaxt heç bir nə şifahi, nə də ki, hər hansı bir əqd müqaviləsi olmamışdır. Cavabdeh tərəfindən onun imtinası və ya hər hansı bir yazışması barədə sübutlar qeyd etdiyi heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə isə onlar iddiaçı – cavabdeh olan tərəflər arasında hər – hansı bir müqavilənin və ya razılaşmaların olub–olmaması barədə sübutlar tələb etmədən, maddi hüquq normalarını pozmaqla, tərəflər arasında çəkişmə prinsipini təmin etmədən, qətnamə çıxarmışdır. Cavabdeh tərəfindən məhkəmə iclasında o iddiaçının təqdim etdiyi sənədlərdə, eləcədə məhkəmənin hazırlıq iclaslarında nə etibarnaməsi, nədə ki, hər hansı notariat yazışmaları olan sənəd sübutlar, dəlillər, şahidlər təqdim etməmişdir, belə ki, olada bilməzdir, yəni o cavabdehə heç bir sənəd imzalamamış ümumiyyətlə, belə olan halda cavabdeh tərəf, hansı sübutlar təqdim edə bilərdi? Məhkəmə isə maddi hüquq normalarını, eləcədə prosessual hüquq normalarını bilə - bilə qəsdən pozmaqla qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

21. İş üzrə cavabdehlər Cavabdeh2 və X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

26. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

27. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

28. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

29. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

32. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

33. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

34. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

35. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

36. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.

37. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

38. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

39. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndləri:

40. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

55. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

57. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2949/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 əvvəllər nikah münasibətlərində olmuşdur. Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin mülkiyyətçisi X1 Azər Nuru oğlunun atası, Cavabdeh1 isə qaynatasıdır. X15 xx.xx.2014-cü il tarixli AR-İ seriyalı 333213 nömrəli etibarnanə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, bütün əmlakına sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, özəlləşdirmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamaq və s. səlahiyyətləri Cavabdeh1 etibar etmişdir. İddiaçı Cavabdeh1 həvalə etdiyi səlahiyyətlər Cavabdeh1 qızı tərəfindən xx.xx.2015-ci il tarixli 7E-15686 reyetr nömrəli etibarnamə ilə X10 ötürülmüşdür. xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 X15 adından Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh1 satmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzili Cavabdeh2 satmışdır. X15 xx.xx.2019-cu ildə ölmüş və həmin tarixədək Cavabdeh1 Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilə mülkiyyətini hər hansı qaydada mübahisələndirməmişdir.

60. Belə ki, qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (§ 34).

61. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

62. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

63. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki, təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

64. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

65. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

66. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı (§ 35-36).

67. İş üzrə iddiaçının tələbi onun adından hərəkət edilməklə Cavabdeh3 tərəfindən Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilin Cavabdeh1 satılmasına dair xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədədir.

68. Belə ki, Cavabdeh3 X15 tərəfindən verilmiş səlahiyyətlər məhz Cavabdeh1 vasitəsi ilə ötürülmüşdür. Buna görə də X15 adından hərəkət edilməklə Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanmış əqd ilk baxışda Mülki Məcəllənin 359.3-cü maddəsinin tələblərinə zidd olmuşdur.

69. Yalnız, bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

70. Hazırki halda da göründüyü kimi, X8 qeyd olunan əqdi bəyənməsinə dair iradəsi isə xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından Nuru Məstanovun öldüyü xx.xx.2019-cu il tarixədək ötən 3 il 09 ay müddətində həmin əqdin mübahisələndirilməməsi, eləcə də X15 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ərizə, habelə birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X4 ifadəsi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsbit olunmuşdur.

71. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dəvət edilmiş X9 ifadəsində hətta Cavabdeh1 İddiaçı ilə boşandıqdan sonra Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilində öz əmisi oğlu ilə ər-arvad münasibətlərində yaşadığını, ailədə qərar verən şəxs kimi X15 buna etiraz edərək, mənzili Cavabdeh1 geri tələb etmədiyini göstərmişdir.

72. Göründüyü kimi, qeyd olunan müqavilə mülkiyyətçi X8 həqiqi iradəsinə əsaslanmış və onun mənafeyinə uyğun olmuş, sonuncu həmin müqavilə ilə nəzərdə tutulan hüquqları əldə etmişdir.

73. Beləliklə, mülkiyyətçi torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığı olmasa da, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur.

74. Yuxarıda qeyd olunan hallara əsasən, birinci instansiya məhkəməsi mülkiyyətçinin həmin müqaviləni sonradan bəyənməsi barədə hər hansı bir təşəbbüs irəli sürməsini, onun uzun müddət hərəkətsiz qalmasına, mövcud vəziyyətlə razılaşmasına qiymət vermiş, həmin məsələ ilə bağlı işin halları tam və hərtərəfli araşdırmış, mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb ola biləcəyini nəzərə almışdır.

75. Bu baxımdan məhkəmə kollegiyası qeyd olunan müqavilə mülkiyyətçi X8 həqiqi iradəsinə əsaslanmış və onun mənafeyinə uyğun olduğundan iddia tələbinin müqaviləsinin etibarsız hesab edilməsi hissəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

76. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının hazırki iddiası üzrə digər tələblərinin birinci tələblə əlaqədar olmasını və həmin tələbin rədd edilməsini nəzərə alaraq, Azər Məstənovun iddiası xx.xx.2022-ci il tarixdə 4Ə-791 nömrəli reyestrlə 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisində qeydiyyata alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Gəncə şəhəri, Muxtar Avşarov küçəsində yerləşən 49 nömrəli evin 8 nömrəli mənzilinə dair Cavabdeh1 və Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi, həmin mənzilin əvvəlki hüquqi vəziyyətə qaytarılması və iddiaçının qeyd olunan ünvana köçürülməsi tələbinə dair hissələrdə də əsaslı olaraq təmin etməmişdir.

77. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

81. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Göründüyü kimi, baxılan işdə X8 qeyd olunan əqdi bəyənməsinə dair iradəsi isə xx.xx.2015-ci il tarixli AB-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin bağlanmasından Nuru Məstanovun öldüyü xx.xx.2019-cu il tarixədək ötən 3 il 09 ay müddətində həmin əqdin mübahisələndirilməməsi, eləcə də X15 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ərizəsi, mülkiyyətçinin həmin müqaviləni sonradan bəyənməiş və bu barədə hər hansı bir təşəbbüs irəli sürməmiş, onun uzun müddət hərəkətsiz qalmaqla mövcud vəziyyətlə razılaşmasını Məhkəmə Kollegiyası əlaqəli şəkildə təhlil etmiş və qiymətləndirmişdir.

83. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2949/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar