Məhkəmə qərarları › İş №2(104)-2181/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2181/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2181/2023 01.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş kredit borcunun ödənilməsi tələbinə dair iş üzrə Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə "xxxx" ASC-nin Yevlax filialından BPM**********30 nömrəli kredit müqaviləsi üzrə alınmış kredit məbləğini və ayrıldıqdan sonra onun tərəfindən ödənilmiş 5790 manat vəsaitin yarısı, yəni 2895 manat və ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli (hakim R.Məmmədov) qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İlk öncə nəzəzə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatın mahiyyətinə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2. maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, birgə nikah dövründə "xxxx" ASC-nin Yevlax filialından 25 sentyabr 2019-cu il tarixli BPM**********30 nömrəli kredit müqaviləsi üzrə alınmış kredit məbləğini və ayrıldıqdan sonra onun tərəfindən ödənilmiş 5790 manat vəsaitin yarısı, yəni 2895 manat Cavabdeh alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(039)-534/2022 nömrəli qətnaməsinə istinad edərək iş üzrə icraata xitam vermişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(039)- 534/2022 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı, X3, X1 və X2 qarşı cehiz əmlakın alınması və birgə nikah dövründə alınmış avtomobilin bərabər paylara bölünməsi tələbi ilə iddia qaldırmış, İddiaçı da Cavabdeh qarşı pul tələbi barədə qarşılıqlı iddiaya əlavə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1850 manat dəyərində, 6.7 qram çəkidə, 750 əyarlı, 6 ədəd brilyant qaşlarla bəzədilmiş 18 karat, İtaliya istehsalı olan kişi üçün nişan üzüyünün, dövlət rüsumu hesabına ödədiyi 64 manat pulun və məhkəmə məsrəfləri olan əmlakın qiymətləndirilməsi üçün ödədiyi 50 manat alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(039)-534/2022 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh 1850 manat dəyərində, 6,7 qram çəkidə, 750 əyarlı, 6 ədəd brilyant qaşlarla bəzədilmiş 18 karat, İtaliya istehsalı olan kişi üçün nişan üzüyü, dövlət rüsumu hesabına ödədiyi 64 manat pulun və məhkəmə məsrəfləri olan əmlakn qiymətləndirilməsi üçün ödədiyi 50 manat pul vəsaiti alınıb İddiaçı verilmiş, qarşılıqlı iddia ərizəsi qalan hisədə təmin edilməmişdir. Qarşılıqlı iddianın təmin olunmaması hissəsini isə qətnamədən müəyyən etmək mümkün olmur. Qeyd olunan qətnamədə cavabdehin vəkilinin izahatında göstərilir ki, birgə nikah dövründə avtomobilin alınması üçün kredit götürmüşlər, kreditin 2508 manatı ödənilməmişdir, həmin pulun yarı hissəsi iddiaçıdan alınaraq cavabdeh İddiaçı verilməlidir. Lakin belə bir iddia tələbinin (qarşılıqlı) Babak Qazıyev tərəfindən verməsini müəyyən etmək olmur. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli qərardadı tam, 03 avqust 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli qərardadı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilməli, iddia ərizəsinə yenidən hüquqi qiymət verilməsi üçün iş həmin məhkəməyə qaytarılmalı, və işə yenidən baxılarkən Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-534/2022 nömrəli mülki işin materialları tələb olunub baxış keçirilməli və İddiaçı qarşılıqlı iddia tələbinin əsasını və predmetini nə təşkil etdiyi müəyyən olunmaqla iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.2. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ var. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128-130, 263-264, 357, 360, 398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli qərardadı tam, 03 avqust 2023-cü il tarixli 2(013)-1362/2023 nömrəli qərardadı isə şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş kredit borcunun ödənilməsi tələbinə yenidən baxılıb hüquqi qiymət verilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi gündən qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar