Məhkəmə qərarları › İş №2(104)-2182/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2182/2025

23.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2182/2025 23.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçının vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında olan AN-1 № ******* saylı xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsi ləğv edilməklə onun əsasında verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışının ləğv edilməsi, həmin əmlakın maneə yaratmadan ona qaytarılması və ödənilən dövlət rüsumu 100 manat pulun, 300 manat vəkil xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2011-ci ildən də əvvəl şərikli alış-veriş etmiş, dostluq münasibətləri olmuşdur. Onların arasında inam və etibar olmuşdur. Alış-veriş zamanı yekunda iddiaçının cavabdehə ümumilikdə 100.000 (bir yüz min) manat məbləğində borcu yaranmışdır. Həmin borcu nağd şəkildə qaytara bilmədiyi üçün aralarında həmin pulun əvəzinə Tovuz rayonu, Dondar Quşçu kəndində yerləşən iddiaçıya məxsus 2.68382 ha torpaq sahəsi və onun üzərində yerləşən 541.8 kv.m olan müəssisə əmlak kompleksi cavabdehin təkidi və təklifi ilə ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən az məbləğdə, yəni 5000 manat məbləğində pula formal alqı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Onun əsasında verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışı da alınmışdır. Cavabdeh tələb etmişdir ki, əmlak iddiaçının adında olsun, iddiaçının adından satılsın, həmin puldan 100.000 manat hissəsini, yəni borcunu götürsün. Razılaşmaları belə olmuşdur ki, bu torpaq sahəsi cavabdeh tərəfindən satılıb qurtaranadək iddiaçının ona olan ümumi 100.000 manat borcu olduğu kimi qalsın. Bu borc hər 3-5 ildən bir cavabdehin məcbur etməsi ilə aralarında yazılı qəbzlə etiraf kimi təzələnmişdir. İddiaçı borcunu inkar edə bilməmişdir. Lakin razılaşmaları belə olmuşdur ki, həmin torpaq sahəsi satıldıqdan sonra iddiaçının 100.000 manat borcu cavabdehə ödənilməli, əmlakın qalan hissəsinin dəyəri isə iddiaçıya qaytarılmalı idi. Təxminən 2022-ci ildə iddiaçının pula ehtiyacı yarandığına görə cavabdehdən əmlakının dəyərinin 100.000 manat hissəsini satıb çıxmaqla qalan hissəsini tələb etmişdir. Cavabdeh isə ona pul verməyəcəyini və əmlakı qaytarmayacağını bildirmişdir. Əksinə, bu haldan sonra cavabdeh tərəfindən iddiaçıya qarşı məhkəmədə planlı şəkildə 100.000 manatla bağlı iddia qaldırılmışdır. Həmin iddia üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-2525/2023 saylı qətnaməsi ilə cavabdehin iddia tələbi təmin edilmiş və yekun qətnamə çıxarılmışdır. Həmin qətnamənin icrası Tovuz Rayon İcra və Probasiya Şöbsəindədir, iddiaçının əmək haqqından pul tutulur. İşin mahiyyəti bundan ibarətdir ki, cavabdeh ondan pulunu tələb etdiyi kimi, iddiaçı da öz əmlakını geri istəyir. Həmin alqı-satqı müqaviləsini mübahisələndirməklə bağlı iddia müddəti xx.xx.2023-cü il tarixli qətnamədən başlanmışdır. Belə ki, alqı-satqı müqaviləsinə diqqət yetirilsə, həmin əmlakın bazar dəyəri 500.000 (beş yüz min) manatdan artıqdır. Cavabdeh həmin əmlakı ələ keçirmiş, bir tərəfdən də iddiaçının borcunu tələb etmişdir. İddiaçı qeyd edir ki, aralarında yaranmış hər iki mülki hüquq münasibəti eyni dövrü əhatə edir: həm borc, həm də alqı-satqı müqaviləsi ilə əmlakın cavabdehin adına sənədləşməsi eyni vaxtda olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh ona qarşı dələduzluq etməyə çalışır, lakin bu mümkün deyildir. Beləliklə, cavabdeh aralarında olan razılaşmanın şərtlərini sonradan pozduğundan iddia tələbi müqavilənin ləğv edilməsinə yönəlmişdir. Belə ki, mülki hüquq pozuntusu (delikt) və şifahi razılaşmanın tələbi alqı-satqı müqaviləsindən sonra, on iki ildən sonra yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh ondan borcunu almağa nail olmuş, indi isə iddiaçı da ondan əmlakını geri almalıdır. Ona görə də AN-1 № ******* saylı, xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, onun əsasında verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışı da ləğv edilməlidir. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə onun arasında olan AN-1 № ******* saylı xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, onun əsasında da verilmiş Seriya nömrəsi ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli reyestr çıxarışının ləğv edilməsi, həmin əmlakın maneə yaratmadan ona qaytarılması və ödənilən dövlət rüsumu 100 manat pulun və 300 manat vəkil xərcinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəmki Rayon Məhkəməsinin 2(076)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddianın təmin edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçının vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2025-ci il tarixli 2(076)-2442/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamənin əsası kimi Məcəllənin bu maddələrinin tələblərinə istinad olunsa da nəzərə alınmamışdır ki, o cavabdehlə 2011-ci ildən də, əvvəl şərikli alış-veriş etməklə onların aralarında dostluq münasibətləri olmuşdur. Bu səbəbdən də, onların aralarında inam və etibar yaranmışdır. Alış-verişlərinin yekununda onun cavabdehə ümumilikdə 100000 (bir yüz min) manat məbləğində borcu yaranmışdır. Həmin borcu nəğd şəkildə qaytara bilmədiyi üçün pulun əvəzində aralarında olan razılaşmaya əsasən iddiaçıya məxsus olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 2,68382 ha torpaq sahəsi və onun üzərində yerləşən 541,8 kv.metr olan müəssisə əmlak kompleksini cavabdehin təkidi ilə 14 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən real dəyərindən olduqca az məbləğə yəni formal olaraq 5000 manata cavabdehin adına rəsmiləşdirilmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, hüquq normasının düzgün tətbiq edilməməsi və ya ümumiyyətlə tətbiq edilməməsi qətnamənin ləğvi üçün əsas amillərdəndir. Məcəllənin bu maddəsinin tələbləri də məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, cavabdehlə aralarında olan razılaşmaya görə həmin daşınmaz əmlak satılıb qurtarana qədər onun cavabdehə olan 100000 manat borcu olduğu kimi saxlanılmalı idi. Bu minvalla da hər 3-4 ildən bir cavabdehin təsiri və təzyiqiilə o, borcun etirafına dair qəbzlər yazırdı. Cavabdeh isə planlı şəkildə məhkəmədə ona qarşı 100000 manat pul tələbinə dair iddia qaldırmış, Tovuz Rayon Məhkəməsinin 2(062)-2525/2023 saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilərək icra edilməsi üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdehlə aralarında yaranmış hər iki hüquq münasibəti eyni dövrü əhatə edir. Hansı ki, həmin alqısatqı müqaviləsi özü-özlüyündə belə əhəmiyyətsizdir. Yəni həmin alqı-satql müqaviləsi formal olaraq, əmlak real dəyərindən olduqca az məbləğə yəni formal olaraq 5000 manata cavabdehin adına rəsmiləşdirilmişdir. Göstərilən maddələr qətnamədə göstərilsə də, işin həqiqi halları ilə qeyd olunan maddələrin tələbləri bir-birinə uyğun gəlmir. Bu da hüquq normasının düzgün tətbiq edilməməsi anlamına gəlir. Belə ki, məhkəmənin gəldiyi nəticə cavabdehin məhkəmə iclasında verdiyi izahatla eynilik təşkil edir. Yəni məhkəmə cavabdehin izahatını olduğu kimi qətnaməyə köçürməklə işini bitmiş hesab etmişdir. Bundan əlavə məhkəmə qətnamə qəbul edərkən onun qeyd etdiyi arqumentlərə hüquqi qiymət vermədən onun qeyd etdiklərinə tənqidi yanaşmışdır. Şəmkir Rayon Məhkəıməsini qətnaməsinin əsası kimi qeyd etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmamış və üçüncü şəxslərin mənafeləri pozulmamış, əqd onun barəsində mübahisə etmək hüququna malik olan satıcı və alıcı tərəfindən təsdiq edilmiş, dəyəri alıcı tərəfindən satıcıya ödənilmiş, alıcının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, Alış-verişlərinin yekununda onun cavabdehə ümumilikdə 100000 (bir yüz min) manat məbləğində borcu yaranmışdır. Həmin borcu nəğd şəkildə qaytara bilmədiyi üçün pulun əvəzində aralarında olan razılaşmaya əsasən ona məxsus olan Tovuz rayonu Dondar Quşçu kəndində yerləşən 2,68382 ha torpaq sahəsi və onun üzərində yerləşən 541,8 kv.metr olan müssisə əmlak kompleksini cavabdehin təkidi və təkidi ilə 14 mart 2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən real dəyərindən olduqca az məbləğə yəni formal olaraq 5000 manata cavabdehin adına rəsmiləşdirilmişdir. Cavabdeh isə planlı şəkildə məhkəmədə ona qarşı 100000 manat pul tələbinə dair iddia qaldırmış, Tovuz Rayon Məhkəməsinin 2(062)-2525/2023 saylı qətnaməsi ilə iddia tələbi tam təmin edilərək icra edilməsi üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Yəni cavabdeh 100000 (bir yüz min) manat məbləğində borcun qaytarılmasına nail olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədləri araşdırıb hesab edir ki, iddiaya məhkəmə aidiyyəti pozulmaqla baxıldığına görə Şəmkir Rayon Məhkəməsinin 2(076)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunmalı, iş baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti fotoaparatura optik və dəqiq cihazların pərakəndə satışıdır. İş materiallarında olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmışdır. Fəaliyyət istiqaməti dənli bitkilərin becərilməsi pərakəndə satışıdır. Kollegiya tərəflərin subyektiv tərkibini, iddiaçının və cavabdehin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduğunu, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Müqavilə tərəflərinin subyektiv tərkibini, həmçinin mübahisənin predmetinin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır. Lakin, birinci instansiya məhkəməsi məhkəmə aidiyyəti qaydasını pozaraq işə mahiyyəti üzrə baxmışdır. Belə ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına görə, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 30-cu maddəsinə əsasən, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-266, 385, 387.2.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin 2(076)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2442/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə qərardad çıxarıslın. İş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar