Məhkəmə qərarları › İş №2(104)-2186/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2186/2024

05.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2186/2024 05.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Nümayəndə3 və nümayəndəsi X1, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakları ilə, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, onunla cavabdeh arasında bağlanmış 08 oktyabr 2023-cü il tarixli 4Ə-620 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin yayında cavabdehlə razılaşıb özünə məxsus maşın yuma sexini ona satmaq qərarına gəlmiş və əvvəlcədən ona 30.000 manat vermişdir ki, sexə dair sənəd çıxartsın. Ona görə də, notariata gedərək, formal xarakterli müqavilə bağlanmışdır. Lakin cavabdeh onu aldadaraq, sexin təminatı olaraq beh kimi bağladıqları müqavilə ilə torpaq sahəsini adına keçirmişdir. Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim K.Vəliyev) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə özünə məxsus tikintini satmaq istəmiş, cavabdeh bununla bağlı obyektə baxıb, bəyənərək almaq istədiyini bildirmişdir. Onun obyektinin sənədinin olmadığından, ona müəyyən məbləğ pul verməsini xahiş etmiş, cavabdeh isə verəcək pulun müqabilində daşınmaz əmlakın girov qoyulmasını tələb etmişdir. Cavabdeh bundan sonra ona 15000 manat, sonra 4500 manat pul vermişdir. Ona pul verdikdən sonra, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə və orada olan tikiliyə dair alqı-satqı müqaviləsi bağlasa da, əslində bu müqaviləni onlar girov müqaviləsi kimi bağlamışlar. Onun 0,06 hek torpağı və onun içində olan tikilinin qiyməti ən azı 80000 manat dəyərindədir. Onlar alqı-satqı müqaviləsi bağlasalar da, əslində bu girov müqaviləsi idi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh ona beh kimi 15000 manat, sonra 4500 manat və “Subari” minik avtomobili vermişdir və bu da təxminən cəmi 28.000 manat edir. Torpaq sahəsində yarımçıq ev tikilisi olmuşdur. Əslində beh müqaviləsi bağlamalı idilər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, cavabdeh ona beh vermiş, 3 ay sonra müqaviləyə baxanda bilmişdir ki, aralarında alqı-satqı olmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Gəncə şəhəri 6 saylı notariat ofisində tərəflər arasında 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı şəxsən özü müqaviləni imza etmiş və torpaq sahəsinin satılmasına heç bir etirazı olmamışdır. Torpaq sahəsində yarımçılq ev tikilisi olmuşdur. Cavabdeh isə həmin tikilini başa çatdıraraq, evi satmışdır və hazırda başqasının istifadəsindədir. Tərəflərin arasında heç bir beh müqaviləsi barədə razılaşma olmamışdır. Alqı-satqı müqaviləsi tam qanuna müvafiq qaydada bağlanmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsindən verilmiş 13 noyabr 2021-ci il tarixli A 661196 nömrəli, **********48 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Göygöl rayon Qızılqaya qəsəbəsi ərazisində 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır. Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-620 reyestr nömrəli, 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ƏMDK-nin yanında Gəncə Ərazi İdarəsi tərəfindən 13 noyabr 2021ci il tarixdə İddiaçı adına verilmiş, **********48 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən ümumi sahəsi 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Müqavilənini 6-cı bəndinə əsasən, müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir. Müqavilənin 15-ci bəndinə əsasən, müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə o, bununlka bağlı digər tərəfə dəbbə pulu ödəməlidir. Dəbbə pulunun miqdari əmlakın ümumi məbləğinin 6 qatı müqabilində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-620 reyestr nömrəli, 08 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı tam mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən, kənd təsərrüatı təyinatlı 0,06 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsinə dair gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Maddi hüquq norması kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1, 354.2-ci maddələrinə istinad edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Məhkəmə kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, maddi hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarınını 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkmənin nəticlərini əsaslandırdığı sübutlar, bu və ya digər sübutlar rədd və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutuğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Ona görə də, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının MM-nin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1–ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2–ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 Aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Ümumiyyətlə, əqdin etibarsızlığı o deməkdir ki, əqd formasında həyata keçirilən hərəkətlər hüquqi fakt əlamətinə malik olmur. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında alğı-satqı müqaviləsi tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmışdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, Gəncə şəhər 6 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-620 reyestr nömrəli, 08 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı tam mülkiyyətində olan Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən, kənd təsərrüatı təyinatlı 0,06 ha torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. Hazırda iddiaçı qeyd olunan alqı-satqı müqaviləsini mübahisələndirərək bildirmişdir ki, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən, kənd təsərrüatı təyinatlı 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən yarımçıq tikili 08 oktyabr 2022-ci il tarixli, 4Ə-620 nömrəli reyestrlə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilmiş olsa da, əslində onlar həmin müqaviləni beh müqaviləsi kimi bağlamışlar. Ona görə də, Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını, Göygöl rayonu Qızılqaya qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair Gəncə şəhəri 6 saylı notariat ofisində tərəflər arasında 08 oktyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqısına dair bağlanmış əqdi iddiaçı ilə razılaşmalarına əsasən öz iradəsi əsasında həyata keçirdiyini, əqdə uyğun hüquqi nəticə yaratmaq niyyətinin ortada olduğunu, həmin nəticə əsasında o, əqdə uyğun obyekt üzərində mülkiyyət hüququ əldə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi mülki qanunvericilikdə nəzərdə tutulmuş forma və tələblərə əməl edilməklə, tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanılmış və notarial qaydada təsdiq edilmişdir. Ona görə də, Cavabdeh ilə İddiaçı arasında 08 oktyabr 2022-ci ildə Gəncə şəhəri 6 saylı notariat ofisində qeydiyyata alınmış AN-İ ******* reyestr saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması üçün heç bir qanuni əsas müəyyən edilməmişdir. İddiaçı tərəf cavabdehin ona məxsus obyekti satın alacağı üçün torpaq sahəsi və fərdi yaşayış evinə dair beh müqaviləsi bağlandığını bildirsə də, bununla bağlı heç bir mötəbər sübut kollegiyaya təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1 və 385.1.4-cü maddələrinə görə, maddi hüquq normalarının... pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin ləğv edilməsinə əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsa da, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(030)-325/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh və Gəncə şəhəri 1 saylı notariat ofisinə qarşı 08 oktyabr 2023-cü il tarixdə bağlanmış 4Ə-620 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar