Məhkəmə qərarları › İş №2(104)-219/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-219/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-219/2025 10.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə Açar sözlər: subroqasiya hüququ; delikt məsuliyyəti Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(013)-1188/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2025ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:29 radələrində Bakı-Quba yolunun 59-cu kilometrində, Cavabdeh idarə etdiyi “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyindən barəsində 40 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir;

2. "xxxx" ASC tərəfindən tərtib edilmiş sığorta aktdan görünür ki, xx.xx.2020-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək sığortalanmış xx.xx.2022-ci il tarixdə, Bakı-Quba yolunun 59-cu kilometrində digər avtomobillə toqquşma nəticəsində “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə 9800.76 manat zərərin dəydiyi və sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərə görə 9800.76 manat məbləğində sığorta ödənişinin həyata keçirilmişdir;

3. X5 MMC tərəfindən verilmiş ********** nömrəli icra edilmiş xidmətlərə dair aktın (qüsur aktı) surətində qeyd edilmişdir ki, müayinə zamanı Scoda Scala markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 9800,76 manat ziyan dəyməsi hesablanmışdır;

4. "xxxx" MMC tərəfindən verilmiş 26 may 2025-ci il tarixli CVN/M 50-143-25 saylı mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə tarixdə baş vermiş yol nqəliyyat hadisəsi nəticəsində Scoda Scala markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün X5 MMC tərəfindən verilmiş ********** nömrəli icra edilmiş xidmətlərə dair aktda (qüsur aktı) qeyd olunmuş dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin orta bazar qiyməti 9392,29 manat təşkil edir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9800.76 manat məbləgində verilmiş sıgorta ödənişinin, ödənilmiş 118.01 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 9919.17 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, sıgorta şirkəti ilə sıgortalı "xxxx" MMC arasında baglanmış xx.xx.2020-ci il tarixli AS 447/20 saylı sığorta müqaviləsinə əsasən cəmiyyət tərəfindən sıgortalanmış “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx.xx.2022-ci il tarixdə Bakı şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zədələnmişdir. Həmin avtomobilin zədələnməsi ilə əlaqədər “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən dərərə görə cəmiyyət tərəfindən 9800.76 manat məbləgində ödəniş həyata keçirmişdir. Qəbul edilmiş qərara əsasən “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilindiyindən iddiaçı "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ vardır.

7. Ağdam Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(013)-1188/2024 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia təmin edilərək, Cavabdeh 9800.76 manat məbləgində verilmiş sıgorta ödənişinin, ödənilmiş 118.01 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 9919.17 (doqquz min doqquz yüz on doqquz manat on yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2, 936.1, 936.2, 936.5, 1096, 1097.1, 1108.1 və 1114.1-ci maddələrinə, həmçinin “İcbari sığortalar haqqında” Qanunun 25.1.2 və 63.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixə kimi "xxxx" MMC-də sürücü olaraq fəaliyyət göstərmişdir. İdarə etdiyi “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus olmuş və onu cəmiyyət tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Ona şirkət tərəfindən verilən etibarnamə hər bir aydan bir yenilənmişdir. Şirkət tərəfindən ona verilən sonuncu etibarnaməni apellyasiya şikayətinə əlavə etmişdir. Avtomobil həmin cəmiyyət tərəfindən heç bir sığorta şirkətinə sığorta da etdirilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:29 radələrində Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobil qarşısında hərəkətdə olan KİA SPORTAGE ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş və həmin avtomobil də onun qarşısında olan “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyana görə isə 9800.76 manat məbləğ işəgötürən olaraq "xxxx"MMC tərəfindən ödənilməli olduğu halda, iddiaçı "xxxx" ASC tərəfindən əsassız olaraq dəymiş ziyan məbləği ondan tələb edilmişdir. Halbuki, həmin şirkətin müqaviləli işçisi olmuş və yol-nəqliyyat hadisəsi də əmək (xidməti) vəzifələri icra edərkən baş vermişdir. Yol-nəqliyyat hadisəsinin onun əmək (xidməti) vəzifələrinin icrası zamanı baş verməsinə baxmayaraq, dəymiş ziyan məbləği ondan tutulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh idarə etdiyi “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi zamanı sığortalı olmamışdır. Ona görə də həmin hadisə nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdehdən tələb edirlər.

13. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə qiymətləndirmə rəyi ilə razı olduğunu bildirmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 936.1-ci və 936.2-ci. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

16. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 124.3. İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 9800.76 manat məbləgində verilmiş sığorta ödənişinin, ödənilmiş 118.01 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 9919.17 (doqquz min doqquz yüz on doqquz manat on yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilməli, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 9392,29 manat sığorta ödənişi, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 113.93 manat dövlət rüsumu olmaqla, cəmi 9506,22 manat tutulması müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, sığortaçı "xxxx" ASC ilə sığortalı "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixli AS 447/20 saylı sığorta müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 59-cu kilometrliyində Cavabdeh tərəfindən idarə edilən “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsilə ilə əlaqədar "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 9800.76 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir. Sığortaçı "xxxx" Sığorta Şirkəti yol nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta məbləğinin cavabdeh tərəfindən sığorta şirkətinə qaytarılmadığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

30. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. İşin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2022-ci il tarixdə Bakı-Quba yolunun 59-cu kilometrliyində Cavabdeh tərəfindən idarə edilən “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsilə ilə əlaqədar "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə 9800.76 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsilə hüquqi məsuliyyətə cəlb edilmişdir.

32. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur və hadisə nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “Skoda Scala” markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən sığorta ödənişi həyata keçirilmişdir.

33. «iddiaçı "xxxx" ASC tərəfindən əsassız olaraq dəymiş ziyan məbləği ondan tələb edilmişdir» barədə apellyasiya şikayətinin əlili də kollegya ərəfindən əsassız sayılmışdır. Ona görə ki, Mülki Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Baxılan işdən isə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi zamanı sığortalı olmamışdır. Bu halda, sığorta şirkətinin subroqasiya tələbini yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən Cavabdeh qarşı irəli sürməsi qanuni əsaslara söykənir. 34 Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyi olan “X4” markalı ** UC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh üzərinə düşür.

35. Bununla belə, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan məbləği birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğdə cavabdehdən tutulması yol verilməzdir.

36. Ona görə ki, apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis qiymətləndirilməsi təyin edilmiş və "xxxx" MMC tərəfindən verilmiş 26 may 2025-ci il tarixli CVN/M 50-143-25 saylı mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Scoda Scala markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün X5 MMC tərəfindən verilmiş ********** nömrəli icra edilmiş xidmətlərə dair aktda (qüsur aktı) qeyd olunmuş dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin orta bazar qiyməti 9392,29 manat təşkil edir.

37. MPM-nin 64.1-ci maddəsinə görə, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.

38. Mütəxəssis rəyindən görünür ki, qiymətləndirmə X5 MMC tərəfindən verilmiş ********** nömrəli icra edilmiş xidmətlərə dair aktda (qüsur aktı) qeyd olunmuş dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin siyahısına istinadən, avtomobilin qəzadan sonrakı fotoşəkillərinə baxış keçirilməklə, habelə nəqliyyat vasitəsinin ehtiyat hissələrinin satış mərkəzlərində monitorinq aparılmaqla həyata keçirilmişdir. Bundan başqa, iş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə arqumenti olmamışdır. Bir sözlə, qiymətləndirmə rəyindəki məlumatların həqiqiliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilmədiyindən məhkəmə kollegiyası həmin rəyi mötəbər sübut olaraq qəbul etmişdir.

39. Beləliklə, qiymətləndirmə rəyinə əsasən Scoda Scala markalı ** AG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün dəyişdirilməli ehtiyat hissələrinin və görülən işlərin orta bazar qiyməti 9392,29 manat olduğu halda birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən tutulmalı maddi ziyan məbləği 9800,76 manat müəyyən edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi ziyan məbləğinin müəyyən edilməsi hissədə dəyişdirilməli və ziyan məbləği qiymətləndirmə rəyinə uyğun olaraq 9392,29 manat müəyyən edilməlidir. Həmçinin, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli dövlət rüsumu məbləği 113,93 manat təşkil etdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə 118.01 manat dövlət rüsumu tutulmuşdur. Odur ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumuna dair hissədə də qətnamə dəyişdirilərək cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113,93 manat vəsait tutulmalıdır. Gəldiyi qənaətə uyğun olaraq kollegiya qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan cəmi 9919.17 manat məbləğ hissədə də qətnamə dəyişdirilərək cavabdeh iddiaçının xeyrinə tutulmalı cəmi məbləğ 9506,22 manat müəyyən edilməlidir.

40. Bundan əlavə, apellyasiya baxışı zamanı "xxxx" MMC-dən alınmış qiymətləndirmə rəyi üçün ödənilməli xidmət haqqı 200 (iki yüz) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 384, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 2(013)-1188/2024 nömrəli qətnaməsi «Cavabdeh 9800.76 manat məbləgində verilmiş sığorta ödənişinin, ödənilmiş 118.01 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 9919.17 (doqquz min doqquz yüz on doqquz manat on yeddi qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi» hissədə dəyişdirilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 9392,29 (doqquz min üç yüz doxsan iki manat iyirmi doqquz qəpik) manat sığorta ödənişi, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 113.93 (bir yüz on üç manat doxsan üç qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 9506,22 (doqquz min beş yüz altı manat iyirmi iki qəpik) manat tutulsun. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qiymətləndirmə rəyinin verilməsi ilə əlaqədar 200 (iki yüz) manat xidmət haqqı Cavabdeh tutularaq "xxxx" MMC-nin müvafiq bank hesabına ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) (iddiaçı) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar