Məhkəmə qərarları › İş №2(104)-22/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-22/2024

03.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-22/2024 03.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı vəkili X5 və Cavabdeh nümayəndəsi (vəkili) X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilərək xitam verilməsi və onun evdən çıxarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(076)-3912/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Şəmkir Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən, ümumi sahəsi 173.8 kv.m. olan fərdi yaşayış evi üzərində İddiaçı tam, 0.1399 hektar torpaq sahəsi üzərində isə X3, X4, X8 və X2 ilə ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(076)-3379/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh Alisiya, Günay və Nofəl adlı uşaqları ilə birlikdə, Şəmkir rayonu, Şiştəpə kəndində xx.xx.2011-ci il tarixli, A 346962 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında İddiaçı adına qeyd edilmiş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

3. REELTR Fikrət Cəfərli tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli 10 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evlərin aylıq kirayə haqqı 100-150 manat arasında dəyişir.

4. Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 5-76-14/2-xx-xx-2024 nömrəli məktubundan görünür ki, cari il üçün Şəmkir rayonu, Şiştəpə kəndində 2 otaqlı yaşayış evi üçün aylıq kirayə haqqının miqdarı orta hesabla 150-200 manat civarı dəyişir.

5. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-464/2023 nömrəli qərardadından görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)- 517/2023 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını qərara alınmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2275/2023 nömrəli qərarından görünür ki, kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-464/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilərək xitam verilməsi və onun evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon məhkəməsinə müraciət edərək, məhkəmədən 10.000 (on min) manat kompensasiya ödənilməklə mülkiyyət hüququ ilə ona məxsus Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona məxsus olan, Şəmkir rayonu Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinə evə köçürülməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi verilmiş və cavabdeh məhkəmə məxsus olan evə köçürülmüşdür. Qeyd edir ki, sözügüdən ev ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çixarış əsasında onun adına qeydə alınaraq texniki pasport və dövlət reyestrindən Çıxarış verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 30 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı 7000 (yeddi min) manat kompensasiya qarşılığa evdə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia təmin edilməmişdir. Hazırda cavabdehin ona məxsus evdə yaşaması onun öz mülkiyyətində olan evdən istifadə hüququna məhdudiyyət yaradır. O cavabdehə evindən istifadə hüququnun əvəzinə 10000 (on min) manat kompensasiya ödəmək istəyir. Lakin cavabdeh həmin məbləğdə pulu alıb evindən çıxarmaqdan imtina edir. Cavabdehin onun evində qalması tez-tez ailə daxili ziddiyyətlər yaradır, yersiz söz-söhbətlərə səbəb olur. Onun bu hərəkətləri səbəbindən əsəbləri pozulmuşdur. Eləcə də cavabdehin onun evində yaşaması nəticəsində onun öz əmlakından istifadə hüquqları pozulur. Onunla bir evdə yaşamaq mümkün deyildir.

9. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(076)-3912/2019 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 10.000 (on min) manat kompensasiya verilməklə onun İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, kompensasiyanın verilməsi ilə evdən çıxarılma eyni vaxtda icra edilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(076)-3912/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, ev kəndin mərkəzində yerləşir, evin müasir bazar qiyməti 100.000 (yüz min) manatdan çoxdur. Bu səbəbdən ona təklif olunan kompensasiya evin real dəyərinə uyğun deyildir. Lakin, iddiaçı həmin real dəyəri gizlətmiş və bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı tərəfindən təklif edilən məbləğ ilə heç bir il kirayədə yaşamaq mümkün deyildir. Buna görə də hesab edir ki, ona və üç nəfər azyaşlı uşağının istifadəsinə verilmiş mübahisəli mənzil ekspertizaya təqdim olunmalı, həmin evin hazırki real bazar qiyməti müəyyən olunmalı idi. Hesab edir ki, iddiaçı onlara, ona və üç azyaşlı uşağına 50.000 manat məbləğində kompensasiya verməlidir. İddiaçı tərəfindən verilən 10.000 manat pul təklifi bu hüququnun xitamına əsas ola bilməz. Çünki, onun iş yeri yoxdur, maddi və sosial durumunun imkan vermir ki, o himayəsində olan uşaqla mənzillə təmin olunmasını reallaşdıra bilsin.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X11 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ogli Elmarın arvadı olmuşdur. Cavabdeh 2007-ci il tarixdə iddiaçının oğlu Elmar İbrahimov ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və hal-hazırda da 3 uşağı vardır. Daha sonra cavabdeh ilə əri arasında mübahisələr olduğu üçün ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(076)-3379/2018 nömrəli qətnaməsi ilə, Cavabdeh Alisiya, Günay və Nofəl adlı uşaqları ilə birlikdə, Şəmkir rayonu, Şiştəpə kəndində xx.xx.2011-ci il tarixli, A 346962 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında İddiaçı adına qeyd edilmiş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda cavabdeh mübahisəli əmlakda yaşayır. Belə ki, onlar 10.000 manat məbləğində kompensasiya məbləği ilə razılaşmır. Çünki, cavabdehlə birlikdə üç azyaşlı uşağı da vardır. Həmçinin, təklif edilən məbləğ cavabdeh və himayəsində olan uşaqlar üçün eyni şəraitdə yaşamaqları üçün kifayət deyildir. Onlar, yalnız 50.000 manat məbləğində kompensasiya verilməklə və ya evlə təmin ediləcəyi halda evdən istifadə hüquqlarına xitam verilməsinə razılıq verəcəkdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X5 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı oğlu Elmarın arvadı olmuşdur. Cavabdeh 2007-ci il tarixdə iddiaçının oğlu Elmar İbrahimov ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və hal-hazırda da 3 uşağı vardır. Daha sonra cavabdeh ilə əri arasında mübahisələr olduğu üçün ayrılmışlar. Cavabdeh məhkəmə qətnaməsi ilə mübahisəli mənzilə köçmüşdür. Hazırda cavabdehə 10.000 manat məbləğində kompensasiya məbləğinin verilməsi ilə istifadə hüquqlarına xitam verilməsini istəyirlər. Məhkəmə kollegiyası tərəfindən ona təklif edilən 15.000 manat kompensasiya məbləğinin ödənilməsinə iddiaçının maddi imkanı çatmır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Onlar müdafiəçi və vəkillə təmsil olunmuşlar. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı

25. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı

26. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.

27. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

36. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

42. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

43. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı arvadıdır. Cavabdeh 2007-ci il tarixdə iddiaçının oğlu Elmar İbrahimov ilə ailə həyatı quraraq həmin evə gəlin köçmüşdür və hal-hazırda da 3 uşağı vardır. Daha sonra cavabdeh ilə əri arasında mübahisələr olduğu üçün ayrılmışlar. Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən, ümumi sahəsi 173.8 kv.m olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018 ci il tarixli 2(076)-3379/2018 saylı qətnaməsi ilə, Cavabdeh Alisiya, Günay və Nofəl adlı uşaqları ilə birlikdə, Şəmkir rayonu, Şiştəpə kəndində xx.xx.2011-ci il tarixli, A 346962 saylı “Torpaq sahəsinin Plan və Ölçüsü” əsasında İddiaçı adına qeyd edilmiş torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Hazırda cavabdeh mübahisəli əmlakda yaşayır və iddiaçı cavabdehin onun mülkiyyətində olan əmlaka kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini istəyir.

44. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir.

45. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.

46. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

47. İşin mübahisə olunmayan hallarına görə, Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən, ümumi sahəsi 173.8 kv.metr olan yerləşən fərrdi yaşayış evi xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının gəlini olmuşdur.

48. İşin mübahisə olunmayan digər halları isə ondan ibarətdir ki, iddiaçının mübahisəli evdə mülkiyyət, cavabdehin isə istifadə hüquqları vardır və tərəflərin ümumi sahəsi 173.8 kv.metr olan həmin evdə bir ailədə yaşamaları artıq qeyri mümkündür və yerli icra hakimiyyəti orqanının arayışına görə, Şəmkir rayonu, Şiştəpə kəndində mənzil kirayə haqqı 150-200 manat civarındadır.

49. İddiaçı cavabdehə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə cəmi 10.000 (on min) manat kompensasiya verilməklə onun evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

50. Cavabdeh isə onun və ailə üzvlərinin həmin evdən başqa digər yaşayış sahələrinin olmadığını, himayəsində 3 uşağının olduğunu, iddiaçı tərəfindən ona təklif edilən 10.000 manat kompensasiya məbləğinin yetərli olmamaqla, iddiaçının hesabına ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermədiyini göstərib, iddiaya etiraz edir.

51. Birinci instansiya məhkəməsi, iddiaçının cavabdehə təklif etdiyi 10.000 manat kompensasiya məbləğini yetərli hesab edərək, iddianı təmin etməklə sonuncunun evdən istifadə hüququna xitam vermişdir.

52. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir

53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

54. Göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

55. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

56. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

57. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.

58. Hətta, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

59. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, eyni zamanda, bazar qiymətinə uyğun olaraq kompensasiya məbləğinin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etmək hüququnu əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar.

60. Birinci instansiya məhkəməsi mövqeyində bildirmişdir ki, iddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 10.000 manat kompensasiya təklif edir və bunun yetərli olmasını Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən mənzil kirayə haqqının 100-150 manat olması ilə əsaslandırır.

61. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 10.000 manat kompensasiya təklif etsə də, təklif olunan kompensasiyanın məbləğinin mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasının qeyri-mümkün olduğunu nəzərə almamışdır. Belə ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatdan müəyyən olunur ki, onun ailə üzvləri ilə birlikdə daimi yaşayış yerləri yoxdur və hazırda təklif olunan kompensasiya məbləği real qiyməti əks etdirmir.

62. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin 10.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi qənaətinə gələrkən, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti; orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını aydınlaşdırmamış, yalnız iddiaçı tərəfindən təklif edilən məbləği və oxşar fərdi yaşayış evi üçün ödənilən 100-150 manat kirayə haqqının olması əsası ilə iddia tələbini təmin etmişdir.

63. Hazırki iş üzrə məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi 10.000 manat kompensasiya məbləğini kifayət hesab etmədiyi halda, kompensasiyanın məbləğinin 15.000 manat müəyyən edilməsini təklif etmiş, iddiaçı tərəf isə məbləğin artırılması ilə razılaşmamaqla iddia tələbinin 10.000 manata münasibətdə təmin olunmasını tələb etmişdir.

64. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.

65. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təklif edilən məbləği cavabdehin himayəsində olan azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli hesab etmir.

66. Məhkəmə kollegiyası tərəfindən təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

67. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

68. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcud deyildir.

69. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.

70. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

71. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

72. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.

73. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün əsaslar olmadığından rədd edilməlidir

74. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi üçün heç bir əsas yoxdur, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır

75. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

78. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia təmin edilməməlidir.

79. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə adi edilməlidir.

80. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(076)-3912/2019 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun kompensasiya ilə əvəz edilərək xitam verilməsi və onun evdən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar