Məhkəmə qərarları › İş №2(104)-2218/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2218/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2218/2024 03.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: maddi ziyan tələbi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(015)-56/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 03 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakıən Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi məhəllə 2942B mənzil 119 (yeni qaydalarla Bakı şəhəri Xətai rayonu Ə.Şıxlinski küçəsi 268 M3 mənzil 7) saylı mənzil Cavabdeh mülkiyyətində olmuşdur;

2. Tərəflər arasında bağlanmış Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə təsdiq olunmuş ilkin alqı-satqı müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh məxsus satıcalaq Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942B, mənzil 119 (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsi, 268, M3, mənzil 7) saylı mənzili 102000 (yüz iki min) manat dəyərində qiymətləndirilməklə İddiaçı həmin məbləğin 100000 (yüz min) manatını notariusun depozit hesabına köçürtmüşdür.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu Ə.Şıxlinski küçəsi 268 M3 7 saylı mənzilə dair alqı-satqı müqaviləsinin bağlanılmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək, Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən ödədiyi 100000 manatın və vurulmuş zərərə görə əlavə 47800 manat olmaqla, cəmi 147800 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında Bakı şəhəri Ə.Şıxlinski küçəsi 268 M3 7 saylı mənzilə dair xx.xx.2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini 162000 manata razılaşaraq, 60000 manatını nağd şəkildə cavabdehə vermiş, müqavilə imzalananda isə 100000 manatı notariusun depozitinə qoymağı, qalan 2000 manatı isə sonradan ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra cavabdehin həyat yoldaşı Vidadi 2000 manat pul istəmiş və həmin pulu da onun kartına göndərmişdir. Bundan sonra cavabdehin həyat yoldaşı ondan yenidən 5000 manat pul istəmiş və həmin pulu da cavabdehin kartına göndərmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr gətirərək alqı-satqı müqaviləsini bağlamaqdan yayınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən ödədiyi 100000 manatı və həmin tarixdən keçən 15 ay müddətində evin satış qiymətinin yüksəlməsini nəzərə alaraq 47800 manatı tələb edir. Həmin məbləği sosial şəbəkədən baxıb hesablamışdır.

6. Ağstafa Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(015)-56/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqısatqı müqavilə üzrə 100000 (yüz min) manat və 24400 (iyirmi dörd min dörd yüz) manat dəymiş maddi zərər olmaqla, cəmi 124400 (yüz iyirmi dörd min dörd yüz) manat pul alınaraq İddiaçı verilməsi; Cavabdeh 414,4 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 402.1, 402.2, 425, 442, 443.1, 443.2, 443.7, 448.2, 1096.1, 1096.2 və 1115-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın məbləği 47800 manat olmasına baxmayaraq, məhkəmə heç bir əsas olmadan həmin məbləğin təxmini yarısı həcmində, yəni 24440 manat məbləğində maddi ziyan hesablayıb ona ödənilməsini qət etmişdir. Halbuki, mənzilin bu günə olan real bazar qiyməti 50-60 faiz qalxmışdır. Bu o deməkdir ki, ona ödənilməli olan maddi ziyanın məbləği minimum 47800 manat məbləğində olmalıdır. Sözügedən mənzilin real bazar qiyməti “mənzillərin satışını həyata keçirən şirkətlərin saytında” öz əksini tapmışdır və qiymətlər hal-hazırda da artmaqda davam edir. Maddi ziyanın məbləğini iddia ərizəsində qeyd edərkən həmin saytlardakı qiymətlərə istinad etmişdir. Məhkəmə isə maddi ziyanı hesablayarkən mənzilin real bazar dəyərini nəzərə almamış və kifayət qədər aşağı məbləğ təmin etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Prosessual məsələlər

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

22. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

25. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin olunmuş və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmamış hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin hallarından görünür ki, tərəflər Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlamış və həmin müqaviləyə əsasən Cavabdeh özünə məxsus Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi, məhəllə 2942B mənzil 119 (yeni qaydalarla Bakı şəhəri Xətai rayonu Ə.Şıxlinski küçəsi 268 M3 mənzil 7) saylı mənzili gələcəkdə İddiaçı satacağını öhdəsinə götürmüşdür. Alıcı İddiaçı mənzil üçün 100000 manatı notariusun depozitin hesabına köçürmüş, həmin məbləği isə cavabdeh qəbul etmişdir. Lakin, Cavabdeh xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi pozaraq mənzilin alqı-satqısına dair əsas müqavilə bağlamaqdan imtina etmiş, həmçinin müqavilə üzrə aldığı 100000 manatı iddiaçıya qaytarmamışdır. Ona görə də İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Bu qətnamənin 25-ci bəndində qeyd edildiyi kimi birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmamış hissəsində yoxlanılır.

29. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddia tələbini təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilə dair müqavilə bağlanıldığı tarixdən 15 ay müddətinə hər müddətində bir kvadrat metr hissəsinin satış qiymətinə əlavə 400 manat (40 %) əsas götürüb 119.5 kv.m üçün 47800 manat dəymiş ziyanlıq tələb etmişdir. Lakin, Bakı şəhərində mənzillərin son bir il ərzində bahalaşmasının 20-25 faiz arasında olması aşkar şəkildə internet məlumatlarından, həmçinin Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun müsahibəsindən də müəyyən etmək olur. Qeyd olunur ki, cari ilin ilk üç ayında ilkin mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20-25 faiz artıb. Məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına və mənzilin hazırki bazar dəyərinə uyğun olaraq iddiaçıya dəymiş zərərin məbləğini (əlavə 20-25 % hesablamaqla) 24400 manat həddində müəyyən edir.

30. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

31. İddiaçı mübahisəli mənzilə dair müqavilə bağlanıldığı tarixdən 15 ay müddətinə mənzilin bir kvadrat metr hissəsinin 400 manat bahalaşdığını və bu minvalla 119.5 kv.m mənzil üçün 47800 manat maddi ziyana məruz qaldığını iddia etsə də, lakin mənzil alınan vatxdan sonrakı ilədək ötən müddət ərzində mənzil bahalaşmasının bu həddə, yəni 40 faiz miqdarında olması barədə məhkəməyə sübut təqdim etməmişdir.

32. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

35. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

36. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

37. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

38. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, yoxlanılan hissədə iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

39. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(015)-56/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmaması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar