Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2219/2024 05.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(021)-2447/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 Bərdə rayon X1 şöbəsinin ruhiəsəb kabinetində dispanser qeydiyyatına alınmasına dair sənədlərin X3 məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(021)-2447/2024 nömrəli qərardadı ilə (hakim Fuad Babaşov) Ərizəçi maraqlı şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasına qarşı “Ambulator xəstənin fərdi vərəqsinin qardaşına məxsus olması faktının təsdiq edilməsi”nə dair ərizənin icraata qəbul edilməsindən imtina edilməsi, ərizənin əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, ərizə ilə məhkəməyə müraciət etdiyi zaman ərizənin təmin ediləcəyinə ümid etmişdir. Birinci instansiya məhkəməsi X4 adının sənədlərdə səhv qeyd edilməsi probleminin həllinin yalnız onu qeydiyyata alan Səhiyyə Nazirliyi və onun regional qurumları olan Mərkəzi rayon Xəstəxanalarının Poliklinika şöbələrinin səlahiyyətinə aid olmasını əsas gətirərək ərizəni geri qaytarmışdır. Bərdə Rayon Məhkəməsinin avqust 2024-cü il tarixli 2(058)-957/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Ərizəçi X2 Bərdə rayon X1 şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatına alınmasına dair sənədlərin X3 məxsus olması faktının təsdiq edilməsi barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilməlidir ki, MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Lakin, nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya işə məhkəmədə baxılması üçün qanuni əsaslar olub-olmaması, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edən zaman məsələyə məhkəmədə baxılması üçün qanuni əsas olmamasını rəhbər tutmuş və Mülki Prosessual Məcəllənin 153.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Şəxsin ruhi-əsəb kobinetində dispanser qeydiyyatına alınması Səhiyyə Nazirliyi və onun regional qurumları olan Mərkəzi rayon Xəstəxanalarının Poliklinika şöbələrinin səlahiyyətinə aiddir və həmin məsələ səlahiyyətli orqanın funskiyalarından irəli gəldiyindən mülki xarakterli məsələ deyil və bu iddiaya mülki iddia icraatı qaydasında baxıla bilməz. Həmçinin, ərizəçinin təsdiq edilməsini xahiş etdiyi fakt yəni, “Amblator xəstənin fərdi vəsiqəsinin qardaşına məxsus olması” barədə sənəd hüquqmüəyyənedici sənəd olmamaqla, həmin sənədin hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən təsdiq edilməsi yolverilməzdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Qərarının 6.1-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(021)-2447/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2219/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2219/2024
05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver