Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2225/2025 05.12.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh verdiyi şikayət ərizəsi ilə bağlı iş üzrə QƏRARDADİ İş № 2(104)-2225/2025 (Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü) Bakı şəhəri, 05 dekabr 2025-ci il Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(062)-2154/2025 nömrəli qərardadından Cavabdeh apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC Cavabdeh xx.xx.2020-ci il tarixli, MPK5824147 saylı borc müqaviləsinə əsasən 287 manat əsas borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 317 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)- 2154/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 2(062)-2154/2025 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(062)-2154/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin üzürlü hesab edilərək bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmişdir.
3. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2025-ci il tarixli 2(062)-2154/2025 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 2(062)-2154/2025 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə 364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur.
6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
7. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir.
8. İşdən görünür ki, “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində yüklənmiş şikayətin özü qanunvericiliyin tələblərinə uyğun olaraq elektron imza ilə imzalanmamışdır.
9. Göründüyü kimi, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdur.
10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
11. Göstərilənlərə əsasən və MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Tovuz Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli 2(062)-2154/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.