Məhkəmə qərarları › İş №2(104)-2239/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2239/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2239/2023 27.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(040)-412/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1 MMC tərəfindən Cavabdeh ilkin ödəniş 92 manat edilməklə 12 ay müddətinə hissə-hissə həy ay 154 manat ödəmək şərti ilə (sonuncu ay 155,45 manat) 1941,45 manat dəyərində “Samsung Note10+” markalı mobil telefon satılmışdır..

2. 01 sentyabr 2022-ci il tarixli 01 faktorinq müqaviləsinin 01 nömrəli Əlavəsindən görünür ki, İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn tələblər “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir.

3. Maliyyə arayışından görünür ki, Cavabdeh 01 fevral 2023-cü il tarixə 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli müqavilə üzrə 1694,45 manat qalıq borc, 838,20 manat cərimə olmaqla, cəmi 2532,65 manat borc yaranmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək,cavabdehdən 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli müqavilə üzrə 1694,45 manat qalıq borc, 838,20 manat cərimə olmaqla, cəmi 2532,65 manat və ödənilmiş 45,32 manat dövlət rüsumu alınaraq “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC ilə Cavabdeh arasında 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya ilkin ödəniş 92 manat edilməklə 12 ay müddətinə hissəhissə həy ay 154 manat ödəmək şərti ilə (sonuncu ay 155,45 manat) 1941,45 manat dəyərində əşya satılmışdır. Malların nisyə satışı müqaviləsinin 2 saylı Əlavə və Təhvil-təslim aktında göstərilən məhsul alıcıya təhvil verilmişdir. Lakin cavabdeh borcun qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. 01 sentyabr 2022-ci il tarixli 01 faktorinq müqaviləsinə əsasən İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn tələblər “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir. Cavabdehlə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsədə, borc ödənilməmişdir.

6. Kəlbəcər Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(040)-412/2023 nömrəli (hakim H.Qəniyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1694,45 manat əsas borc, həmçinin ödənilmiş 37 manat dövlət rüsumunun pul əvəzi tutularaq iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi; İddia qalan hissədə təmin edilməməsi qət edilmişdir

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 465.2, 467, 567, 598.1, 600.1, 600.4, 655.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 284-1, 284-5.1, 284-5.2, 284-5.3, 217, 218.3, 216-220, 227, 284-6.1, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Alqı-satqı müqaviləsi əsasında mobil telefon almış, lakin nasazlıq olduğuna görə geri qaytarmışdır. Heç bir əsas olmadan ondan 1941,45 manat borcun ödənilməsi tələb olunur. Məhkəmə iclasında iştirakı təmin edilmədiyinə görə subutlarını təqdim edə bilməmişdir.

10. İddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılsı nəzərdə tutulsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 2(104)-2239/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı1 MMC-dən mobil telefon almışdır. Telefon 2 ay onda olmuş, hətda nömrə belə salmamışdır. Oğlu hərbi xidmətə getdiyindən telefonu işlədə bilməmiş bu səbəbdən də geri qaytarmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

21. Maddə 567. Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

22. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1694,45 manat əsas, 5 manat cərimə olmaqla, cəmi 1699,45 manat ddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutmamaqda düzgün nəticəyə gəlmişdir.

35. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.

36. Belə ki, işin hallarından müəyyən olunur ki, İddiaçı1 MMC ilə Cavabdeh arasında 29 avqust 2020-ci il tarixli VSBK05653 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmış və sonuncuya ilkin ödəniş 92 manat edilməklə 12 ay müddətinə hissəhissə hər ay 154 manat ödəmək şərti ilə (sonuncu ay 155,45 manat) 1941,45 manat dəyərində “Samsung Note10+” markalı mobil telefon satılmışdır. 01 sentyabr 2022-ci il tarixli 01 faktorinq müqaviləsinin 01 nömrəli Əlavəsinə əsasən İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn tələblər “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə götürmüş olduğu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən 01 fevral 2023-cü il tarixə 1694,45 manat qalıq borc, 838,20 manat cərimə olmaqla, cəmi 2532,65 manat borc yaranmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.

37. Bu qətnamənin 34-cü bəndində də qeyd olunduğu kimi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

38. Belə ki, Cavabdeh “Samsung Note10+” markalı mobil telefonu işlətmədən iki aydan sonra geri qaytarmasını bildirsədə, lakin sonuncu bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya cavabdeh tərəfin bu dəlilini iddianın rədd olunması üçün əsaslı saymır. Belə ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür.

39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2(040)-412/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar