Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-224/2025 27.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Alpaşayev Vüsal Dilqəm oğlu və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 27 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 13 yanvar 2018-ci il tarixli, 14862 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “Samsung J 106 DS” markalı telefonu 18 ay müddətinə hər ay 16 manat ödəmək şərti ilə almışdır.
2. 30 yanvar 2018-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “Luna” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, “Uretan” markalı döşək və “Mi” markalı 1 ədəd power bank avadanlığını 26 ay müddətinə hər ay 250 manat, son iki ayda isə 246 manat ödəmək şərti ilə almışdır.
3. 04 iyul 2018-ci il tarixli, K00200669 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “Xiaomi Redmi 5 Plus 3” markalı telefon, 1 ədəd “Sandisk” markalı yaddaş kartı və “Mi” markalı 1 ədəd “power bank” avadanlığını 24 ay müddətinə hər ay 35 manat ödəmək şərti ilə almışdır.
4. 08 avqust 2018-ci il tarixli, K00243635 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən “Samsung J2 2018 DS” markalı və “Xiaomi Redmi 5 Plus 3” markalı telefonları 12 ay müddətinə hər ay 34 manat ödəmək şərtilə almışdır.
5. 05 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh tərəfindən əsas borc üzrə cəmi 2430,72 manat ödəniş edilmiş, onun 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə 3690 manat ödənilməmiş məbləğ, 1207 manat cərimə, 04 iyul 2018-ci il tarixli müqavilə üzrə 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə, 08 avqust 2018-ci il tarixli müqavilə üzrə 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə, 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, cəmi 5105,28 manat ödənilməmiş məbləğ, 1530,72 manat dəbbə olmaqla, ümumilikdə 6636 manat borcu qalmışdır.
6. 16 yanvar 2023-cü ildə cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir.
7. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərə əsasən sonuncu tərəfindən 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə 22 may 2018-ci il tarixdə 252,15 manat, 16 iyun 2018-ci il tarixdə 250 manat, 15 iyul 2018-ci il tarixdə 246 manat, 02 avqust 2018-ci il tarixdə 246 manat, 12 sentyabr 2018-ci il tarixdə 246 manat, 21 oktyabr 2018-ci il tarixdə 246,84 manat, 17 noyabr 2018-ci il tarixdə 250 manat və 27 dekabr 2018-ci il tarixdə 258 manat, 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə isə 27 dekabr 2018-ci il tarixdə 35 manat olmaqla cəmi 2029,99 manat ödəniş edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbi ilə Gəncə Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə “Luna” çarpayı, “Luna” dolab, “Luna” termo, “Luna” tumba, Döşək “Uretan” və “Luna” tumba üçün 3690 manat ödənilməmiş hissə, 1207 manat cərimə; 04 iyul 2018-ci il tarixli müqavilə üzrə “Xiaomi Redmi 5 Plus 3” markalı telefon və “32 GE Sandisk Ultra Micro SDHC UHS-İ” card üçün 840 manat ödənilməmiş hissə, 172 manat cərimə; 08 avqust 2018-ci il tarixli müqavilə üzrə “Samsung J2 2018 DS” markalı telefon üçün 408 manat ödənilməmiş hissə, 62 manat cərimə; 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə “Samsung J” markalı telefon üçün 111,8 manat ödənilməmiş hissə, 43,2 manat cərimə və 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə “Power Bank” “Mi” üçün 55,48 manat ödənilməmiş hissə, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat və ödənilmiş 86,36 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 30 yanvar 2018-ci il tarixli, 04 iyul 2018-ci il tarixli, 08 avqust 2018-ci il tarixli, 13 yanvar 2018- ci il tarixli və 30 yanvar 2018-ci il tarixli müqavilələr bağlanmışdır. 30 yanvar 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti cəmi 5904 manat olan Luna markalı çarpayı, dolab, termo, 2 ədəd tumba və Uretan markalı döşək üçün 2214 manat ödəniş etdikdən sonra 3690 manat ödənilməmiş məbləğ, 1207 manat cərimə; 04 iyul 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti cəmi 840 manat olan Xiaomi Redmi 5 Plus 3 markalı telefon və 1 ədəd Sandisk markalı yaddaş kartı üçün 840 manat ödənilməmiş məbləğ, 172 manat cərimə; 08 avqust 2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 408 manat olan Samsung J2 2018 DS markalı telefon üçün 408 manat ödənilməmiş məbləğ, 62 manat cərimə; 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 288 manat olan Samsung J markalı telefon üçün 176,20 manat ödəniş etdikdən sonra 111,8 manat ödənilməmiş məbləğ, 43,2 manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 96 manat olan Power Bank Mi üçün 40,52 manat ödəniş etdikdən sonra 55,48 manat ödənilməmiş məbləğ, 46,52 manat cərimə olmaqla, ümumilikdə 6636 manat borcu qalmışdır. Cavabdeh avadanlıqları qəbul etmiş, onların qiymətini hissə-hissə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir
10. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia müddətini ötürdüyündən, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddianın təmin edilməsi mümkün deyil.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 384.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat:
13. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə yalnız cavabdehin təqdim etdiyi sübutlara əsaslanaraq iddianı rədd etmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdən görünür ki, 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə 22 may 2018-ci il tarixdə 252,15 manat, 16 iyun 2018-ci il tarixdə 250 manat, 15 iyul 2018-ci il tarixdə 246 manat, 02 avqust 2018-ci il tarixdə 246 manat, 12 sentyabr 2018-ci il tarixdə 246 manat, 21 oktyabr 2018-ci il tarixdə 246,84 manat, 17 noyabr 2018-ci il tarixdə 250 manat və 27 dekabr 2018-ci il tarixdə 258 manat, 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə isə 27 dekabr 2018-ci il tarixdə 35 manat ödəniş edilmişdir və həmin qəbzlərin ümumi məbləği 2029,99 təşkil edir. İddiaçı tərəfin iddia ərizəsinə və məhkəməyə təqdim etdiyi 05 dekabr 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin müxtəlif vaxtlarda ödədiyi məbləğ 2430,72 manat təşkil edir. Cavabdeh iddia müddətinin başa çatdığını süni şəkildə sübut etmək üçün, müqavilələr üzrə iddia müddətinin davamlığını təmin edən son ödənişləri təsdiq edən qəbzləri, bilərəkdən məhkəməyə təqdim etməmişdir. Cavabdehin müqavilələr üzrə etdiyi son ödənişlər, ödəniş sistemindən çıxarılmış kassa qəbzlərinə əsasən 25 sentyabr 2022-ci il tarixə təsadüf edir. Bu isə müqavilələr üzrə iddia müddətinin başa çatmadığını sübut edir. Cavabdehin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinin ümumi məbləği bu səbəbdən maliyyə və ödəniş cədvəlində göstərilən ümumi məbləğə uyğun gəlmir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 aprel 2024-cü il tarixli 2(104)-973/2024 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi; Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üç illik iddia müddəti keçdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir.
17. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 14.2, 372.1, 373.2, 375.2, 425.1, 427.1, 600.2-600.5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 218.1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına istinad edərək əsaslandırmışdır
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
18. İddiaçı "xxxx" MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2024-cu il tarixli 2(102)-2589/2024 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-973/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədiyindən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
21. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 372.1, 377.1, 373.1, 380.1, 380.2, 386.1, 425.1, 600 maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 77.3, 88, 217, 372, 407, 416, 417, 418 maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
23. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Alpaşayev Vüsal Dilqəm oğlu apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, **********1982, **********1950 və **********4862 nömrəli müqavilələr üzrə cavabdeh tərəfindən 25 sentyabr 2022-ci il tarixdə ümumilikdə 60 manat, yəni hər biri üzrə ayrılıqda 20 manat ödəniş olunmuş və həmin ödənişlər cəriməyə silinmişdir. Belə olan təqdirdə iddia müddəti ötürülməmiş hesab olunur. Alpaşayev Vüsal Dilqəm oğlu sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyək, izahatında bildirmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi üç ədəd qəbzdən məlumatı yoxdur və həmin qəbzlər üzrə ödənişlər onun tərəfindən aparılmamış, eləcədə qəbzə imza etməmişdir. Maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. "xxxx" MMC təxminən beş il müddət keçdikdən sonra ona qarşı belə bir iddia qaldırmış, o da müddətin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instasniya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
26. Maddə 372.1. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
27. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
28. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
29. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
30. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
31. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
33. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
34. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
35. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələr üzrə, yəni 13 yanvar 2018-ci il tarixli, 14862 nömrəli müqavilə üzrə 18 ay müddətinə hər ay 16 manat ödəmək şərtilə “Samsung J 106 DS” markalı telefon, 30 yanvar 2018-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 26 ay müddətinə hər ay 250 manat, son iki ayda isə 246 manat ödəmək şərtilə “Luna” markalı çarpayı, dolab, termo, 2 ədəd tumba, “Uretan” markalı döşək və “Mi” markalı 1 ədəd power bank avadanlığı, 04 iyul 2018ci il tarixli, K00200669 nömrəli müqavilə üzrə 24 ay müddətinə hər ay 35 manat ödəmək şərtilə “Xiaomi Redmi 5 Plus 3” markalı telefon, 1 ədəd “Sandisk” markalı yaddaş kartı və “Mi” markalı 1 ədəd “power bank” avadanlığı, 08 avqust 2018-ci il tarixli, K00243635 nömrəli müqavilə üzrə isə 12 ay müddətinə hər ay 34 manat ödəmək şərtilə “Samsung J2 2018 DS” markalı və “Xiaomi Redmi 5 Plus 3” markalı telefonları cavabdeh iddiaçıdan almışdır. Cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditora ümumilikdə 6636 manat əsas və hesablanmış cərimə borc yaranmışdır. Ona görədə "xxxx" MMC hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə verdiyi ərizəni nəzərə alaraq iddianı təmin etməmişdir.
46. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır Belə ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
47. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələr üzrə öhdəliklərin icra müddəti, müvafiq olaraq 30 yanvar 2018-ci il tarixli müqvilə üzrə 26 ay, 04 iyul 2018-ci il tarixli müqvilə üzrə 24 ay, 08 avqust 2018-ci il tarixli müqvilə üzrə 12 ay, 13 yanvar 2018-ci il tarixli müqvilə üzrə isə 16 ay müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş qəbzlərdənən görünür ki, 30 yanvar 2018-ci il tarixli müqavilə üzrə 22 may 2018-ci il tarixdə 252,15 manat, 16 iyun 2018-ci il tarixdə 250 manat, 15 iyul 2018-ci il tarixdə 246 manat, 02 avqust 2018-ci il tarixdə 246 manat, 12 sentyabr 2018-ci il tarixdə 246 manat, 21 oktyabr 2018-ci il tarixdə 246,84 manat, 17 noyabr 2018-ci il tarixdə 250 manat və 27 dekabr 2018-ci il tarixdə 258 manat, 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə isə 27 dekabr 2018-ci il tarixdə 35 manat olmaqla, cəmi 2029,99 manat ödəniş edilmişdir. Göründüyü kimi 30 yanavar 2018-ci il tarixli və 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə son ödəniş 27 dekabr 2018-ci il tarixdə həyata keçirilmişdir. İddiaçı isə hazırki tələblə məhkəməyə 18 dekabr 2023-cü il tarixdə müraciət etmişdir.
48. İddiaçı "xxxx" MMC “ birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən 25 sentyabr 2025-ci il tarixdə ödəniş edilməsi barədə qəbzlər təqdim etmədiyi halda, birinci apellyasiya icraatı zamanı məhkəmə kollegiyasına üç ədəd ödəniş qəbzləri (kompüter proqramından çıxarılmış) təqdim etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən də iddiaçının nümayəndəsi verdiyi izahatında 25 sentyabr 2022-ci ildə cavabdeh tərəfindən ödəniş edilməsinı bildirməmişdir. Göründüyü kimi iddiaçı tərəf apellyasiya məhkəməsinə təqdim etdiyi ödəniş qəbzlərin əsasən tutaraq iddia müddətinin ötürülmədiyini bildirir. Kollegiya iddiaçı tərəfin təqdim etdiyi ödəniş qəbzlərini tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən edilən ödəniş kimi qəbul etmir və bununla bağlı aşağıdakıları qeyd edir.
49. İddia müddəti mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Həmin qərarda Mülki Məcəllənin 380-ci maddəsinə şərh verilərkən Konstitusiya Məhkəməsi göstərmişdir ki, müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. ... Mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: - müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; - borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına: - borcun qismən ödənilməsi; - əsas borc üzrə faizin köçürülməsi; kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi; - öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
51. Təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, Cavabdeh adından 25 sentyabr 2022-ci il tarixdə **********7, ********** və ********** nömrəli fakturalar üzrə ümumilikdə 60 manat, yəni hər faktura üzrə ayrılıqda 20 manat ödəniş olmuşdur. Hazırkı apellyasiya icraatı zamanı isə iddiaçının nümayəndəsi yenidən üç ədəd ödəniş qəbzi (kompüter proqramından çıxarılmış) təqdim etmiş və bildirmişdir ki, faktura ödənişi kimi qeyd olunan məbləğlər əslində hazırda təqdim etdiyi müqavilələrə aid olmuşdur. Buna baxmayaraq nümayəndə qeyd olunan müqavilələr üzrə həqiqətən **********7, ********** və ********** nömrəli fakturaların mövcud olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Yeni təqdim olunmuş ödəniş qəbzlərində Cavabdeh adından 25 sentyabr 2022-ci il tarixdə **********4862, **********1982 və **********1950 nömrəli müqavillər üzrə ayrı-ayrılıqda 20 manat ödənilməsi göstərilmişdir.
52. Əslində həmin ödənişlərin həqiqətən aparılması, aparılmışdırsa belə məhz Cavabdeh tərəfindən edilməsini müəyyən etmək olmur. Belə ki, qeyd olunan ödəniş qəbzlərində yalnız “ödənilib” "xxxx" MMC, sonuncu təqdim olunanlarda isə “ödənilib” "xxxx" MMC hüquq şöbəsi qeyd edilməklə ştamp vurulmuş, ödənişi edənin və onu qəbul edən məsul şəxsin (qəbzlərdə məsul şəxs kimi Babanlı Nərminə qeyd olunur) həmin qəbzlərdə imzaları aşkar olunmur. Birinci apellyasiya icraatı zamanıda sədrlik edənin sualına cavab olaraq iddiaçının nümayəndəsi Nəbiyev Könül Oqtay oğlu göstərmişdir ki, 2022-ci il tarixdə edilən ödənişlərə dair qəbzləri şirkətin kompütür proqramından əldə etmiş, həmin qəbzlər üzrə ödənişin cavabdeh tərəfindən həyata keçirilməsi ilə bağlı sənədi məhkəməyə təqdim edə bilmir. Cavabdeh da həmin qəbzlər üzrə ödənişlərin onun tərəfindən edilmədiyini təkidlə inkar etmişdir.
53. Hazırkı apellyasiya icraatı zamanı təqdim olunan **********1982 nömrəli müqavilə üzrə Cavabdeh adından 20 manat ödəniş olunması iddia olunan qəbzə münasibətdə isə kollegiya qeyd edir ki, ümumiyyətlə tərəflər arasında belə bir müqavilənin mövcud olması iş materiallarından görünmür, hətdə belə bir müqavilə mövcud olsada, lakin iddiaçı tərəf həmin müqavilə üzrə hazırkı iddiada cavabdehə qarşı tələb irəli sürməmişdir. Belə olan halda Cavabdeh tərəfindən ödənildiyi iddia edilən ödənişin **********1982 nömrəli müqavilə üzrə aparılmasına zərurət yaranmır və bu növ ödəniş edilməsi də öz-özlüyündə hazırkı iddia üzrə şübhə yaradan ziddiyyətli məqamdır.
54. İddiaçının nümayəndəsi apellyasiya icraatı zamanı hər üç müqavilə üzrə ayrı-ayrılıqda ödənilən 20 manatların cəriməyə silinməsini qeyd etmişdir. **********4862 və **********950 nömrəli müqavilələr üzrə (**********1982 nömrəli müqavilə üzrə ödənilən 20 manat istisna olmaqla, çünki müqavilə mövcud deyil, eləcədə həmin müqavilə üzrə tələb irəli sürülməmişdir) ümumilikdə ödənilən 40 manatın cəriməyə silinməsi qeyd olunsada, lakin həmin ödənişlərin hesaba daxil edilməklə cəriməyə silinməsini təsdiq edən hesabdan çıxarış məhkəməyə təqdim edilməmişdir. Digər tətrəfdən qeyd olunan ödənişlər 2022-ci ildə cəriməyə silinmişdirsə bu halda, yəni 2023-cü ildə iddia ərizəsi verilərkən həmin müqavilələr üzrə tələb olunan cərimə məbləğləri də hər müqavilə üzrə 20 manat az göstərilməliydi.
55. İşin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alan kollegiya iddiaçı "xxxx" MMC tərəfindən təqdim olunmuş **********4862 və **********950 nömrəli müqavilələr üzrə (**********1982 nömrəli müqavilə mövcud deyil və həmin müqavilə üzrə də tələb irəli sürülməmişdir) ödənişlərin məhz Cavabdeh tərəfindən edilməsini sübut kimi qəbul etmir. Tərəflər arasında bağlanmış 30 yanavar 2018-ci il tarixli və 13 yanvar 2018-ci il tarixli müqavilə üzrə cavabdehin son ödənişi 27 dekabr 2018-ci il tarixdə olmuşdur. Belə olan halda tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərin icra müddəti müvafiq olaraq 30 yanvar 2018-ci il tarixli müqvilə üzrə (26 ay olmaqla) 30 mart 2020-ci il tarixdə, 04 iyul 2018-ci il tarixli müqvilə üzrə (24 ay olmaqla) 04 iyul 2020-ci il tarixdə, 08 avqust 2018-ci il tarixli müqvilə üzrə 12 ay olmaqla 08 avqust 2019-cu il tarixdə və 13 yanvar 2019-cu il tarixli müqvilə üzrə 16 ay olmaqla 13 may 2020-ci il tarixdə bitmişdir.
56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
57. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
58. Mülki prosessual qanunvericiliyə gör isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-894/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.