Məhkəmə qərarları › İş №2(104)-2240/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2240/2024

17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2240/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təbii qazdan istifadə qaydalarının pozulması barədə xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçının yaşadığı fərdi yaşayış evinə məxsus G-4 markalı **********0 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb və yenidən yapışqan maddə ilə yerinə bərpa olunub. Qaz keçir. Hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. Nəticədə qaz itkisi yaranmışdır.

2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tələbnamədən görünür ki, Elster G- 4 markalı sayğacın maksimal saatlıq qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və ödənilməsi qərara alınmışdır. Qaz sərfi 25920 kub metr müəyyən edilmişdir.

3. İddiaçı məxsus abonentin saldosundan görünür ki, ona 2023-cü ilin may ayında akt əsasında 3110,40 manat məbləğdə borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən tərtib olunan aktın ləğvi və həmin akt əsasında hesablanmış 3463 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki Tovuz rayonu, Alakol kəndində yaşayır. Cavabdeh təşkilatın nümayəndələri onların yaşadığı evə gələrək qaz sayğacına baxış keçirmiş və bundan sonra əsassız olaraq 3463 manat cərimə hesablamışlar. Yazılmış cərimə məbləği ilə razı deyildir. Çünki qaz sayğacına onlar tərəfindən hər hansı müdaxilə edilməmişdir. Hər ay qaz sərfiyyatı üzrə pulu vaxtında ödəyir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Tovuz Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında yazılmış 3110,40 manat borc məbləği onun abonent hesabından silinməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 51,10 manat dövlət rüsumunun əvəzinin Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə keçirilməsi, idda tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə abonent tərəfindən sayğaca müdaxilənin edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin abonent tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarına hər hansı sübut əlavə edilməmişdir. Cavabdeh tərəf bu barədə məhkəməyə hər hansı sənəd təqdim etməmiş, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, eyni zamanda ümumiyyətlə iddia tələbinə qarşı məhkəməyə hər hansı etiraz ərizəsi ünvanlamamışdır.

8. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən “Qaz təchizatı haqqında” Qanunun 11, 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 4.7-ci və 4.8-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ağstafa Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edilib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilərək, Cavabdeh apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ARNK-nin xx.xx.2011- ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin may ayında iddiaçının abonent hesabına işlənilmişdir. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir.(3.2) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Mülki Prosessual qanunvericiliyə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin may ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, sayğac işləmədiyi üçün Cavabdeh İB-nin əməkdaşlarına məlumat vermişdir. O, evdə olmayanda gəlib sayğacı dəyişdirmişlər. O, sayğaca heç bir müdaxilə etməmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. İş üzrə cavabdeh tərəfə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

17. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

18. 4.7-ci Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

19. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar

20. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

21. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

22. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

23. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

24. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb və yenidən yapışqan maddə ilə yerinə bərpa olunmasında, həmçinin hesablama mexanizmi açıq vəziyyətdə saxlanılmaqla sərfi qeydə almamağı, sayğacın istismara yararsız hala salınmasında abonent İddiaçı hər hansı bir təqsirinin olması iş materialları ilə müəyyən edilməmiş, yəni sayğacda yaranmış həmin vəziyyətin məhz iddiaçı tərəfindən törədilməsi halı sübuta yetirilməmişdir.

39. Qanunvericiliyin tələblərinə görə, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini qaz paylayıcı daşıdığından, həmçinin qaz sayğacının sıradan çıxmasının bilavasitə istehlakçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir cərimə tətbiq edilə bilməz.

40. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmur.

41. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-1532/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar