Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2251/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 2(066)-612/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hal-hazırda mübahisələndirdiyi alqı-satqı müqaviləsi tamam başqa məsələni pərdələmək üçün bağlanmışdır. Belə ki, oğlu Bayramǝli İsmayılovla Cavabdeh digər şəxslərdən işə düzəltmək adı altında 28000 manat pul almışlar. Həmin şəxslər hər ikisindən şikayət etmək istəyirdilər. Həmin vəsaitin yarısı Bayramǝlinin, yarısı isə Yanarın üzərinə düşürdü. Ailənin həmin vəsaiti ödəmək üçün heç cürə imkanı yox idi. Yanar onun evinə gələrək bildirmişdir ki, bir şərtlə həmin vəsaitin hamısını ödəyəcək ki, yaşadıqları ev onun adına rəsmiləşdirilsin. Bununla bağlı olaraq ailə üzvləri və cavabdehin iştirakı ilə bağlı qəbz tərtib etmişlər. Həmin qəbzdə göstərilirdi ki, ev 50000 (əlli min) manata Cavabdeh satılır. İlkin olaraq həmin məbləğdən 28000 (iyirmi səkkiz min) manat ödənilir. Qalan 22000 ( iyirmi iki min) manat isə borc olaraq qalır. Bundan sonra həmin qəbzi əsas götürərək, notariusda ev 28000 (iyirmi səkkiz min) manata alqı-satqı müqaviləsi əsasında oğlu Bayramǝli İsmayılov tərəfindən Cavabdeh satılmışdır. Əslində isə alqı-satqı müqaviləsi də formal olmuşdur. Çünki, 28000 (iyirmi səkkiz min) manat məbləğ Cavabdeh tərəfindən banka qoyulmuş və onun tərəfindən də götürülmüşdür. Hal-hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Yanar Şahvediyev 22000 manatı bu günədək qaytarmır. Müxtəlif bəhanələrlə pulun verilməsindən yayınır. Ona görə də məhkəmə müdafiəsi hüququndan istifadə edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Göygöl Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(066)-612/2023 saylı qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi rədd edilmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-612/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-612/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbinə uyğun, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1 və 363.1.5-ci maddələrinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 2(066)-612/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363.1.5-ci maddələrinin tələblərinin yoxlanılması üçün Göygöl Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-2251/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2251/2023
30.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver