Məhkəmə qərarları › İş №2(104)-2255/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2255/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2255/2023 14.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: Cərimə məbləğinin silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X2, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-2083/2023 saylı mülki iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 11 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus mənzildə quraşdırılmış sayğacın 2804 kub metr mənfiyə getdiyi üçün açılaraq növbədənkənar dövlət yoxlamasına göndərildiyi aşkar olunmuşdur.

2. İş materiallarında olan X1 Sistemindən görünür ki, İddiaçı sərfiyyat üçün 688,35 manat borc məbləği hesablanmışdır.

3. İş materiallarında olan bonentin saldosundan müəyyən edilir ki, İddiaçı adına 2023-cü ilin mart ayı üçün 690,95 manat məbləğində qalıq borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X9 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesblanmış 690,95 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləriylə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Daim mavi yanacaqdan istifadəyə görə hesablanmış qaz pulunu heç vaxt gecikdirmədən ödəmişlər. Onların xəbərləri olmadan xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin Tərtər Regional İdarəsinin Bərdə rayon filialının əməkdaşları onların yaşadıqları evə quraşdırılmış sayğaca baxış keçirib, xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Akt” tərtib edilmişdir. Bununla da, ona 690,95 manat cərimə borcunun olması barədə “Abonent Saldosu” verilmişdir. Qeyd etməyi zəruri hesab edir ki, tərəflərindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat göstəricisinə uyğun olaraq vaxtlıvaxtında ödənilmişdir. Onların tərəflərindən quraşdıırlmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Bu səbəbdən də, hesab edir ki, sayğaca onun tərəfindən kənar müdaxilə edilmədiyindən və borcu olmadığından ona qanunsuz yazılmış borc məbləği silinməlidir. 2021-ci ilin iyul ayında smart tipli sayğacla əvəz olunmuşdur. Həmin sayğaca məxsus plastik karta hər ay yüklədiyi məbləğin bir hissəsi isə borca silinmiş bu hesabla da borcu dekabr ayında tamamı ilə bitmişdir. Həmin sayğaca etdiyi ödənişlərin çıxarışı bu halı təsdiq edəcək. Hal-hazırda cavabdeh təşkilatın ondan 690,85 manat məbləğində pul vəsaitini tələb etməsi, hüquqlarının pozulmasına və nəticə etibarı ilə yaşayış şəraitinin normal gedişatına mənfi təsir göstərə bilər. Belə ki, havaların soyuq keçdiyi, eləcə də evdə ailə və uşaqların olması nəzərə alınsa, həyat şəraitlərinin necə dözülməz ola biləcəyini təsəvvür etmək elə də çətin olmaz. Sadalanan xüsusatlara əsaslanaraq hesab edir ki, hazırki iş üzrə Cavabdeh İB-nin X9 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 690,95 manat məbləğində cərimə məbləği silinməlidir.

6. Bərdə Rayon Məhkəməsinin 2(021)-2083/2023 saylı mülki iş üzrə 14 iyun 2023cü il tarixli qətnaməsi ilə (hakim: F.Babaşov) iddia tələbi təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 690.95 manat cərimənin silinməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2083/2023 saylı mülki iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Zümürxan kəndində yaşayan İddiaçı evinə gedən qaz xəttinin üzərində quraşdırılmış **********487 nömrəli Zenner tipli qaz sayğacına baxış keçirilərkən sayğacın klapanının işlək olmadığı və mənfiyə işlədiyi aşkar edilmişdir. Nəticədə İddiaçı istifadə etdiyi təbii qazın 2804 kubmetr həcmniin pulunu ödəməmişdir. Məhkəmə isə iş üzrə sübutlara əsaslanmayan və nəticə etibarı ilə düzgün olmayan qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya məhkəməsində icraat c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, irəli sürülən iddinın rədd edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (oğlu) X5 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun:

12. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:

13. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

15. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Tətbiq edilməli olan prosessual hüquq normaları

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

20. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

21. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

27. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarında İddiaçı təbii qazdan istifadəyə görə borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında ortaya çıxmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.

28. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.

30. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 690.95 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2083/2023 saylı mülki iş üzrə 14 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar