Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2261/2023 28.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə Açar sözlər: əsassız borcun silinməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(023)- 843/2023 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərinə və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. Həmin akt Qazax XS üzrə TQQ və SX-nın rəisi Müşfiq Yusifov, Arifə Qasımova və Tamerlan Quliyev tərəfindən imzalanmışdır, Aktı İddiaçı imzalamaqdan imtina etmişdir.
2. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qanunsuz olaraq təbii qazdan istifadə etdiyi üçün itirilmiş 1555.20 manat dəymiş ziyan hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmədə iddia qaldıraraq “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona (ünvan 1 ünvanda yerləşən yaşayış evinə görə) əsassız hesablanmış 1555.20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun yaşadığı ünvan barəsində olan təbii qazdan istifadəyə dair abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə onun 1555.20 manat borcu yaranmışdır. Yalnız şifahi şəkildə bildirmişlər ki, sayğacla bağlı borc hesablanmışdır. Bundan əlavə borcla bağlı hər ay təqdim edilmiş bildirişxəbərdarlıqda da heç bir ayrı borc göstərilməmiş, indiyə qədər də göstərilmir. 29 aprel 2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı AKTda isə qeyd olunur ki, “istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2023-cü il tarixdə saat 11:00-da təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı, sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərinə və yuvasının ətrafında əzik-cızıq izləri var. Sayğac istismara yararsızdır.” Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Ona görə də həmin sayğaca müdaxilə edilməsi ilə bağlı iddianın yanlış olduğu açıqaydındır. Qeyd etmişdir ki, Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanılmasına “Azəriqaz” İB cavabdehdir.
5. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etmiş və bildirmişdir ki, 30 iyul 2021-ci ildə “Azəriqaz” X1 RQİİ Qazax xidmət əməkdaşları İddiaçı şifahi olaraq borc hesablandığını bildirmişlər. Bununla bağlı İddiaçı iştirakı olmadan akt tərtib olunmuşdur. Hər ay təqdim edilmiş bildiriş-xəbərdarlıqda heç bir ayrı borc göstərilməmişdir. Sonradan bununla bağlı akt olduğu bildirilmişdir. Qeyd olunan sayğac onun yaşadığı evin çox kənarında ümumi istifadədə olan yerdə yerləşir. Onun tərəfində sayğaca müdaxilə olunmamışdır. Sayğaca kimin tərəfindən müdaxilə edilməsi barədə heç bir məlumatı yoxdur. Laboratoriyada sayğaca baxış keçirilən zaman istehlakçı kimi iddiaçının iştirakı təmin olunmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
7. Qazax Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(023)-843/2023 saylı qətnaməsi ilə (hakim: N.Musayev) İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qarşı əsassız borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(023)-843/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna saxyğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş 2023-cü ilin aprel ayında iddiaçının abonent hesabına işlənilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara hüquqi qiymət verməmişdir. Məhkəmə İnformasiya Texnologiyaları və rabitə idarəsinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Beləki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində eləcə də yuvasının ətrafında əzik-cızıq izləri aşkarlanmışdır. Nəzərə alınamamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institutunun nümayəndələri də iştirak etmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555.20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyrimüəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2023-cü ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsi qət edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə səhvdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya məhkəməsində icraat
11. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəməyə gəlməmiş, “Azəriqaz” İB-nin nümayəndəsi gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
12. Maddə 13.9 – Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydaları:
13. Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
14. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
15. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Tətbiq edilməli olan prosessual hüquq normaları
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin;
16. Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
17. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
18. Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. Maddə 217.4 - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 20 Maddə 372.1 - Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Maddə 372.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 372.7 - Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 385.2 - Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Maddə 402.1 - Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, cavabdeh təşkilat tərəfindən İddiaçı yaşadığı ünvan qaz xətti ilə təmin edilmiş, tərəflər arasında olan müqaviləyə əsasən cavabdeh təşkilat iddiaçıya fasiləsiz olaraq təbii qazın verilməsini, iddiaçı isə həmin təbii qazdan istifadə etdiyi sərfiyatı vaxtlıvaxtında ödəməyi öhdəsinə götürmüşdür. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərinə və yuvasının ətrafında əzik-cızıq izləri aşkar olunmuşdur. Həmin akt Qazax XS üzrə TQQ və SX-nın əməkaşları tərəfindən imzalanmış, aktı İddiaçı imzalamaqdan imtina etmiş, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinə qanunsuz olaraq təbii qazdan istifadə etdiyi üçün itirilmiş 1555.20 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı həmin cərimənin silinməsi üçün məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.
27. Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi apellyasiya şikayətində iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatını düzgün qeyd etmədiyini, məsrəf olunmuş qaz sərfinin dəymiş ziyan kimi müəyyənləşdirildiyini, məhkəmə tərəfindən əsassız olaraq hesabata alınmamış məbləğin hamısının silindiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” də itirilmiş qazın bərpası üçün 12960 m3, yəni 1296 manat cərimə hesablandığı, xx.xx.2023-cü il tarixli “Abonentin saldosu”nda iddiaçının aktlar üzrə 1555.20 manat borcu olduğu qeyd edilmişdir. Hər iki sənəd cavabdeh tərəfindən tərtib edilməklə, saldoda “qalıq və aktlar” qrafasında 2023-cü il üzrə 1555.20 manat qeyd edilmiş, həmin məbləğin hansı əsasla qeyd edildiyi bəlli olmadığından düzgün olaraq həmin məbləğdə borc məhkəmə tərəfindən silinmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında İddiaçı borcunun olması barədə heç bir sübut yoxdur, həmçinin qaz sayğacında yaranmış problemin məhz onun təqsiri üzündən yaranması sübut edilmir.
30. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, irəli sürülən iddianı təmin etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qətnamənin ləğvinə əsas vermir.
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticəetibarı ilə qanuni vəəsaslı qətnamə qəbul etmişdir. Buna görə də, apellyasiya şikayətinin dəlilləri həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır.
32. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 518.40 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-843/2023 saylı mülki iş üzrə 20 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.