Məhkəmə qərarları › İş №2(104)-2281/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2281/2024

10.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2281/2024 10.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlunun sədrliyi və məruzəsi ilə, Süleymanov Loğman Srac oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı, onun vəkili Nümayəndə2, Cavabdeh2, onun, həmçinin digər cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən İddiaçı, həmçinin cavabdehlər Cavabdeh2 və X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınması, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 adına M.F.Axundazadə küçəsi, 17 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə dair ünvan 3də 27 may 2017-ci il tarixli, 2V-514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə olan X2 4/6 payından, X3 1/6 payından, həm də X4 1/6 payından İddiaçı, X1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payının tanınması; Cavabdeh2 adına ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair ünvan 3də 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı, X1 və Cavabdeh2 hər birinin 1/3 hissədə payının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və X5 apellyasiya şikayəti vermişlər və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinıə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(104)-2281/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. Şəmkir Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 05 dekabr 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Ona görə də mülki işin Şəmkir Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(104)-2281/2024 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və Şəmkir Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 267-268, 384 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2024-cü il tarixli 2(104)-2281/2024 nömrəli qərardadı ləğv edilsin. Şəmkir Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh2 və X5 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-2281/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. Şəmkir Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267-268-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması, habelə bundan sonra digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar