Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2288/2025 12.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul tələbi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(125)-2490/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 yanvar 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. PXA ********** saylı icbari sığorta müqaviləsinin surətindən görünür ki, “Land Rover” minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixindən 08 fevral 2022-ci il tarixə qədər sığortalanmışdır.
2. 12 iyun 2021-ci il tarixli qiymətləndirmə aktının surətindən görünür ki, “Vaz 2106” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat məbləğində zərər dəymişdir.
3. Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 3(125)-144/2023 nömrəli qərarından görünür ki, Cavabdeh barəsində İXP ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
4. PXA134734 sığorta aktından görünür ki, zərərin məbləği olaraq 1500 manat sığorta ödənişi iddiaçı tərəfindən X2 bank hesabına ödənilmişdir.
5. PXA134735 sığorta aktından görünür ki, zərərin məbləği olaraq 150 manat sığorta ödənişi iddiaçı tərəfindən X3 bank hesabına ödənilmişdir.
6. PXA134730 sığorta aktından görünür ki, zərərin məbləği olaraq 750 manat sığorta ödənişi iddiaçı tərəfindən X3 bank hesabına ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2400 manat məbləğində pul vəsaitinin və ödənilmiş 44 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 iyun 2021-ci il tarixdə, saat 19:00 radələrində Gəncə şəhərində tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Land Rover minik” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Vaz 2106 minik” markalı, 20-DH126 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, X8 və X9 isə xəsarət almışlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)- 144/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş (şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qüsur aktına əsasən,“Vaz 2106 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi zərər 150 manat təşkil edir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə, "xxxx" ASC tərəfindən iş üzrə PXA134730/23, PXA134734/23 və PXA134735/23 saylı sığorta aktları tərtib edilməklə “Vaz 2106 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat, vətəndaş X4 1500 manat, vətəndaş X5 isə 750 manat məbləğində sığorta ödənişi ödənilmişdir.
9. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(125)-2490/2025 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia təmin edilərək, Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və dövlət rüsumunun əvəzi kimi 44 (qırx dörd) manat tutularaq "xxxx" Sığorta Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2, 63.1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2, 936.5, 1097.1, 1108.1 maddələri, Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 284-5.3, 284-6.1, 357, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, işə onun iştirakı olmadan baxılmışdır. 07 mart 2025-ci ildən 09 avqust 2025-ci ilədək X7 şəhərində olmuş və 4010.79 manat və 60 manat dövlət rüsumunu tam şəkildə ödəmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 394-1.1-ci maddəsinə görə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
15. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə görə, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
16. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını qanunamüvafiq hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, işə yazılı icraat qaydasında baxılmasını istisna edən iş üzrə əlavə araşdırma, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti kimi hallar mövcud deyildir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 936.1. və 936.2. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Maddə 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun hansı hallarda yarandığını müəyyən edir.
21. Maddə 25.1.2. bu qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh idarə etdiyi “Land Rover” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 fevral 2021-ci ildən 08 fevral 2022-ci ilədək iddiaçı "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. Cavabdeh həmin avtomobili 05 iyun 2021-ci il tarixdə saat 19-00 radələrində Gəncə şəhərində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Vaz 2106” markalı, 20-DH126 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, həmin avtomomilin sürücüsü X9, eləcədə avtomobildə olan sərnişin X8 xəsarət almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə, iddiaçı "xxxx" ASC tərəfindən iş üzrə PXA134730, PXA134734, PXA134735 saylı sığorta aktları tərtib edilməklə “Vaz 2106 minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat, X4 1500 manat, X5 isə 750 manat sığorta ödənişi edilmişdir. Bu səbəbdən də iddiaçı "xxxx" ASC subroqasiya hüququndan istifadə edərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
34. Kollegiya hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslar yoxdur.
35. Belə ki, Cavabdeh yol nəqliyyat hadisəsi törədərkən sərxoş vəziyyətdə olması, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 2106” markalı, 20-DH126 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər, həmin avtomomilin sürücüsü X3, eləcədə avtomobildə olan sərnişin X2 xəsarət alması və bunun nəticəsi olaraq hazırkı iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən “Vaz 2106” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat, X4 1500 manat, X5 isə 750 manat sığorta ödənişinin edilməsi iş materialları ilə tam sübuta yetirilir.
36. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən bu qanunun xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
37. Cavabdeh X11 apellyasiya şikayətində “ işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasını, işə onun iştirakı olmadan baxılmasını, eləcədə 07 mart 2025-ci ildən 09 avqust 2025-ci ilədək X7 şəhərində olmasını və 4010.79 manat tam şəkildə ödəməsinı” qeyd etsədə, lakin kollegiya şikayətin qeyd olunan dəlillərini qətnamənin ləğvi üçün əsas saymır.
38. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1. maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3. maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağrılmadan baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır.
39. İşə əlavə olunmuş Gəncə şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 1(125)- 49/2023 nömrəli hökmündən müəyyən olunur ki, X11 Azərbaycan Respublikasının Cinatyət Məcəlləsinin 178.2.1. və 178.2.4. və 263-1.1. maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib və barəsində Cinayət Məcəlləsinin 66.2. və 66.4. maddəsi tətbiq olunmaqla ona təyin olunmuş əsas və əlavə cəzalar tam toplanmaqla qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması və 2 il müddətinə nəqliyyat vastələrini idarə etmək hüququndan məhrum edilməklə 8000 manat cərimə cəsasi təyin oliunmuşdur. Həmin cinayət işi üzrə (CM-nin 263-1.1. mad. münasibətdə) X8 zərərçəkmiş şəxs qismində tanınmış və sonuncu X10 qarşı mülki iddia vermişdir. Hökmə əsassən təqsirləndirilən şəxs X6 4010,79 manat alınıb X4 verilməsi təmin edilmişdir.
40. Bundan əvvəldə qeyd olunduğu kimi “Land Rover” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobil 08 fevral 2021-ci ildən 08 fevral 2022-ci ilədək iddiaçı "xxxx" ASC tərəfindən icbari sığorta növü üzrə sığortalanmışdır. Cavabdeh həmin avtomobil 05 iyun 2021-ci il tarixdə saat 19-00 radələrində Gəncə şəhərində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Vaz 2106” markalı, 20-DH126 dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, X8 və X9 isə xəsarət almışlar. Ona görə də "xxxx" ASC tərəfindən PXA134730, PXA134734, PXA134735 saylı sığorta aktları tərtib edilməklə “Vaz 2106 minik” markalı, **- DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 150 manat, X4 1500 manat, X5 isə 750 manat sığorta ödənişi etmişdir.
41. Göründüyü kimi "xxxx" ASC-nin Cavabdeh qarşı bu tələbi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu 25.1.2. maddəsindən irəli gəlir. Ona görədə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.Qqətnamə qanuni və əsaslı olmaqla, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2(125)-2490/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.