Məhkəmə qərarları › İş №2(104)-2302/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2302/2025

09.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2302/2025 09.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində vərəsələrin payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 avqust 2025-ci il tаrixli, 2(021)-2204/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bərdə rayon X4 İcraiyyə Komitəsinin 18 fevral 1989-cu il tarixli qərarı ilə Bərdə şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 118,58 kv.m olan yaşayış evi Cavabdeh (bundan sonra - cavabdeh) mülkiyyətinə verilmişdir. Sözügedən yaşayış evi, yəni Bərdə şəhəri, X9 küçəsi döngə 1 ünvanında 0,0151 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 48 kv.m yaşayış, 70.58 kv.m köməkçi sahədən ibarət 30 nömrəli fərdi yaşayış evi (bundan sonra - fərdi yaşayış evi) tam mülkiyyət hüququ üzrə 29 may 2007-ci il tarixdə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (MH seriyalı ******* nömrəli çıxarış). Notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” barədə müqavilə ilə cavabdeh yaşayış evini X3 bağışlamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2007-ci il tarixli, ******* saylı çıxarışın və onun əsasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən mənzilə vərəsəlik hüququnun tanınması, miras əmlakın üzərində vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, mərhum ataları ilə anaları birgə nikah dövründə ev tikiblər. Onlar da həmin evdə dünyaya gəliblər. Təəssüf ki, cavabdeh olan anaları Cavabdeh köhnə evin kupçasında mərhum atalarının və onların adı olsa da dolayı yolla evi öz adına sənədləşdirmişdir. Yəni onları atalarından miras qalan evdən və atalarına düşən əmlak payından vərəsə kimi məhrum etməklə xx.xx.2007 ci il tarixdə öz adına əsassız olaraq ********* qeydiyat nömrəsi ilə ******* saylı, xx.xx.2007 ci il tarixli çıxarış almışdır. Onların bu barədə məlumatı olmayıb. Hətta 1-2 ay olar onlara məlum olub ki, anaları sözügedən evi öz adına xx.xx.2007-ci il tarixdə sənədləşdirərək çıxarış almışdır. Yəni onlar 2025 ci ilin yanvar, fevral aylarında biliblər ki, anaları evi adına sənədləşdirərək bağışlayıb. Hesab edirlər ki, analarının adına verilmiş ******* saylı çıxarışın və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi zəruridir. Cavabdeh bu saxta sənədi əldə edərək onları yaşayış hüququndan və miras payından məhrum etmişdir. Hesab edirlər ki, analarına verilən ******* saylı çıxarış etibarsız hesab edilərək vərəsə kimi onlar tanınmaqla, müddət ötürülməmiş hesab edilməklə onlara düşən hissədə mirasın bölünərək mülkiyyətlərinə verilməsinə zərurət yaranmışdır. Hətta hazırda atalarından qalan evi bağışlayan cavabdehin, bağışladığı şəxslə arasında ciddi mübahisə var. Belə ki, evi bağışladığı X5 analarının evindən 6100 manat pul və 2 qızıl barmaqçıl oğurlamaqla bahəm indi də hədə-qorxu ilə pul tələb edir. Bərdə rayon Polis Şöbəsinin istintaq və təhqiqat şöbəsində şikayət ərizələri var. Onlara vərəsəlik verilməsi üçün Bərdə Asan Xidmət notariusuna müraciət ediblər, lakin xx.xx.2025-ci il tarixdə onlara yox, analarına imtina verilmişdir. Onlar da məcbur qalıb məhkəməyə müraciət etməli olublar. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(021)- 2204/2025 nömrəli iş üzrə 27 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Abdullayev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iş materiallarına və tərəflərin izahatına əsasən Cavabdeh miras qalmış əmlakı öz adına rəsmiləşdirərərək çıxarış əldə etmişdir. Bundan sonra onun tərəfindən X2 xeyrinə bağışlama müqaviləsi həyata keçirilmişdir. İddiaçılar çıxarışın və bağışlama müqaviləsinin etibarsız hesab olunaraq, miras əmlak üzərində paylarının müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar vərəsəlik haqqında notariat işindən məlumatsız olmuşlar. Tərəflərin məhkəmə iclasında ifadə etdiyi mövqeyə əsasən isə onlar bağışlama müqaviləsinin aldadılma nəticəsində bağlanılmasını iddia etmişdirlər. Belə ki iddia olunur ki, cavabdehin bacısı oğlu X5 ona daimi baxacağı vədi ilə həmin əmlakın ona bağışlanması həyata keçirilmişdir. Qeyd olunur ki, vərəsəlik qaydasında əmlakın Cavabdeh adına rəsmiləşdirilməsi 26 dekabr 2023-cü il tarixdən əvvəl baş verdiyindən Mülki Məcəllənin hal-hazırda qüvvədən düşmüş 1246 və 1273-1-ci maddələrinin tələblərinə uyğun hesab edildiyindən vərəsəlik işi qanuni hesab olunur. Bağışlama müqaviləsinə istinadən tərəflərin iddia etdiyi aldadılma halı sübuta yetirilmir. İddiaçı2 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsfir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etdiyini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmənin qəbul etdiyi xx.xx.2026-cı il tarixli qərardadı ilə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnamə qismən, “Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə verilmiş xx.xx.2007-ci il tarixli, ******* saylı çıxarışın etibarsız hesab edilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, Məhkəmə, qətnamənin əsaslılığını və qanuniliyini apellyasiya baxışının icraatında qalmış hissədə (bağışlama müqaviləsinin etitbarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakın üzərində vərəsələrin paylarının müəyyən edilməsi) yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, qətnamənin apellyasiya baxışının icraatında qalmış hissəni (bağışlama müqaviləsinin etitbarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakın üzərində vərəsələrin paylarının müəyyən edilməsi) araşdıraraq hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materallarından görünür ki, Bərdə rayon X4 xx.xx.1989-cu il tarixli qərarı ilə mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıların anaları Cavabdeh mülkiyyətinə verilmiş, sonuncunun həmin ev üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə 17 mart 1989-cu il tarixdə Bərdə rayon X6 tərəfindən Qeydiyyat vəsiqəsi verilmişldir. Sözügedən Qeydiyyat vəsiqəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh adına xx.xx.2007-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Çıxarışla əvəzləşdirilmişdir. Fərdi yaşayış evinə dair 17 mart 1989-cu il tarixli Qeydiyyat vəsiqəsi və xx.xx.2007-ci il tarixli Çıxarışın verilməsinə əsas olan reyestr qeydi ləğv edilməmiş, etibarsız hesab olunmamışdır. Həmin qeyd bu gün də qüvvədədir. İddiaçı tərəf bağışlama müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi həm Rayon Məhkəməsində verdiyi izahatda, həm də qətnamədən verilmiş apellyasiya şikayətində bağışlama müqaviləsinin aldadılma nəticəsində bağlanılmasını iddia edir. Belə ki, bağışlanma cavabdehin nəvəsi Elgün Məmmədova cavabdehə daimi baxacağı vədi ilə həyata keçirilmişdir. Hazırda etibarlılığı mübahisələndirilən bağışlama müqaviləsindən məlum olur ki, fərdi yaşayış evinə dair bağışlama müqaviləsinin rəsmilləşdirilməsi zamanı notarius tərəfindən cavabdeh Şəfiqə Kərimlovaya müqavilənin mahiyyəti izah olunmuş və cavabdeh müqaviləni könüllü imza etmişdir. Mövcud mülki mübahisənin həlli ilə bağlı Məhkəmə qanunvericiliyə nəzər salaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfdən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 668.1-ci maddəsinin mənasına görə, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi, habelə gələcəkdə bağışlama vəd edildikdə və bu vəd notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. İş materiallarında olan bağışlama müqaviləsindən görünür ki, həmin müqavilə hər hansı bir öhdəliklə, o cümlədən hədiyyə alan Elgün Məmmədov tərəfindən hədiyyə verən Cavabdeh saxlanması barədə öhdəliklə şərtləndirilməmişdir. Müqavilə tərəfləri arasında bu barədə şifahi razılaşmanın olması da iş materialları ilə təsdiq olunmur, belə bir şərtin olduğunu iddia edən iddiaçılar, bununla bağlı məhkəmələrə mötəbər sübutlar təqdim etməmişlər. Halbuki, MPM-nin 77.1-ci maddəsinə görə bu kimi halların sübut edilməsi yükü həmin hallara əsaslanaraq iddia tələbi irəli sürmüş şəxsin – iddiaçıların üzərinə düşür. Lakin iddiaçılar bağışlama müqaviləsinin aldatma nəticəsində bağlandığını sübuta yetirə bilmirlər. Məhkəmə, “iddaçıların fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması və həmin əmlakın ataları Süleyman Kərimova aid hissəsi üzərində onların paylarının müəyyən edilməsi” barədə tələblə bağlı ilk olaraq onu qeyd edir ki, Süleyman Kərimov və Cavabdeh arasında bağlanmış nikah xx.xx.1979-cu il tarixdə pozulmuşdur. Mübahisəli fərdi yaşayış evi isə Bərdə rayon X4 xx.xx.1989-cu il tarixli qərarı ilə əvəzsiz şəkildə Cavabdeh mülkiyyətinə verilmiş və həmin vaxt cavabdeh nikahda olmamışdır. Belə olan halda müəyyən edilir ki, fərdi yaşayış evi üzərində Süleyman Kərimov mülkiyyət hüququ qazanmamış və onun ölümündən sonra həmin ev və ya evin bir hissəsi miras əmlaka çevrilməmişdir. Digər tərəfdən Məhkəmə hesab edir ki, fərdi yaşayış evinə dair verilmiş Çıxarış inzibati icraat qaydasında mübahisələndirilməli olduğundan, hazırki vəziyyətdə müzakirə olunan məsələ ilə bağlı iddiaçıların dəlillərinə qiymət vermək düzgün və mümkün deyil. Göründüyü kimi bağışlama müqaviləsinin Mülki Məcəllənin 668.1-ci maddəsində nəzərdə tutulan etibarlılıq şərtlərinə əməl olunaraq müqavilə notariat qaydasında təsdiqlənmişdir. Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, Cavabdeh ilə iş üzrə üçüncü şəxs Elgün Məmmədov arasında fərdi yaşayış evinə dair bağlanmış bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilmişdir. Bağışlama müqaviləsi etibarlıdır. Bu müqavilənin etibarsızlığı barədə iddiaçıların tələbi əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmetii olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apelyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 avqust 2025-ci il tаrixli, 2(021)-2204/2025 nömrəli qətnamə baxılan, yəni “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanda yerləşən mənzilə vərəsəlik hüququnun tanınması, miras əmlakın üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar