Məhkəmə qərarları › İş №2(104)-2309/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2309/2023

04.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2309/2023 04.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-761/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-761/2023 saylı qətnaməsi ilə (hakim F.Məmmədov) iddianın təmin edilməsi, Qazax şəhəri, H.Əliyev küçəsi ev 122 ünvanında yaşayan abonent İddiaçı ünvanı üzrə qaz sərfinə görə hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-761/2023 saylı qətnaməsini ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış 1555,20 manat borcun silinməsi və ilkin Mediasiya Sessiyası üçün ödədiyi 60 (altmış) manat məbləğin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qazax Qaz Xidmət Sahəsinin əməkdaşları sayğacla bağlı borc hesablandığı barədə ona şifahi məlumat vermişlər, lakin borcla bağlı heç bir rəsmi məlumat verilməmişdir. Bununla bağlı o, Qazax Qaz Xidmət Sahəsinə müraciət etmiş, tərtib olunmuş aktı və abonent saldosunu əldə etmişdir. Onun qazdan istifadəsinə dair Abonent saldosundan görünür ki, 1555,20 manat borc yaranmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı Akt ilə sayğac yenisi ilə əvəzlənib, ARDNŞ Azəriqaz İB qaz sayğacının yoxlanılması haqqında 02 fevral 2023-cü il tarixli AKT MSK-14-2-2/3-5- 1196-1 nömrəli aktında “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilib və biri aşkar olunmadı. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı AKT-da qeyd edilənlər oxunmur. Qazdan istifadəsinə dair Abonent Saldosundan 1555.20 manat borc yarandığı görünür. Mübahisənin həlli üçün Mediasiya Təşkilatına müraciət etsə də, tərəf heç bir üzürlü səbəb göstərmədən X1 iştirak etməmişdir. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməmişdir. Ümumiyyətlə cavabdehin bu nəticəyə gəlməsi Qazdan istifadə qaydalarına və onun əsasında hazırlanmış abonent müqaviləsinə ziddir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına Azəriqaz İB cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də sonra quraşdırılmış sayğac örtüklə örtülməmişdir. Ümumiyyətlə cavabdehin belə nəticəyə gəlməsi Qazdan istifadə qaydaları haqqında abonent müqaviləsinə ziddir. Cərimənin ləğv olunması ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, bir nəticə əldə edə bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Belə ki, iddiaçıya qaz sayğacına qanunsuz müdaxilə olunduğuna sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2023-cü ilin fevral ayında iddiaçının abonent hesabına işlənilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombların kənar təsir nəticəsində əzilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. İş materiallarındanda göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2023-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1555,20 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 1555,20 manat məbləğin silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 2023-cü ilin fevral ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxs `in iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-761/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və işdə iştirak etmiş iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 24 yanvar 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanıldı və heç bir sızma aşkar edilmədi. Quraşdırılan qaz sayğacı texniki qaydalara cavab verir. Qaz sayğacı abonentə təhvil verildi. İş materiallarında olan “Qaz sayğacının yoxlanılması haqqında” 07 fevral 2023-cü il tarixli, AKT MSK-14-2-2/3-5-1196-1 nömrəli Aktdan görünür ki, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilib və biri aşkar olunmadı. Sayğac istismara yararsızdır.” İş materiallarında olan Qazax şəhəri, H.Əliyev küçəsi ev 122 ünvanında yaşayan abonent İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin fevral ayına 1555,20 manat borc hesablanmışdır.. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, İddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilib və biri aşkar olunmamışdır. Sayğac istismara yararsızdır Buna görə cavabdeh tərəfindən iddiaçıya itirilmiş qazın bərpası məqsədilə 1555,20 manat borc hesablanmışdır. Tərəflər G-4 markalı, **********0 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, saygac çıxarılan zaman onun hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plombları kənar təsir nəticəsində əzilməsi və birinin aşkar olunmaması ilə bağlı heç bir qeyd aparılmadığından, bundan sonra sayğacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun adına hesablanmış borc silinməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Əhali abonentlərinin mənzillərində (evlərdə) qaz sayğaclarının quraşdırılması və istismarı barədə məlumat”ın 2.4-cü bəbdində göstərilir ki, qaz sayğacları hündür mərtəbəli binalarda mənzillərin çıxışında (pilləkən qəfəsində) və açıq şəraitdəki eyvanlarda, fərdi evlərdə isə həyətdən kənarda mənzilin qaz xəttinin başlanğıcında (həyətə giriş qapısının yaxınlığında) quraşdırılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə qazpaylayıcı tərəfindən abonentin qaz sayğacında baş vermiş nasazlıqda istehlakçının təqsiri müəyyən olunmadığı halda qaz sərfiyyatı ilə bağlı vurulmuş ziyan da ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda zərərin iddiaçı tərəfindən vurulduğu sübuta yetmədiyinə görə cavabdeh tərəfindən hesablanmış 1555.20 manat miqdarında pulun ödənilməsi iddiaçıdan tələb oluna bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-ni 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasıнын MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(023)-761/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar