Məhkəmə qərarları › İş №2(104)-232/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-232/2023

24.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-232/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı1 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X9 Cavabdeh qarşı “konpensasiya ödəməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(066)-727/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1, İddiaçı2 və X13 Cavabdeh qarşı “konpensasiya ödəməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətlərində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, onun həmin yaşayış evindən çıxarılması və Cavabdeh onlar tərəfindən 6500 (altı min beş yüz) manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Göygöl rayonu, Yeni Qızılca kəndində 0.21 ha torpaq sahəsində yerləşən 252.4 kvadratnmetrdən ibarət fərdi yaşayı evini mərhum həyat yoldaşı X12 ilə birgə 1990-cı ildə tikdirmişlər və hazırda isə xüsusi mülkiyyət hüququ əsasında onlara məxsusdur. Cavabdeh isə qaynı X2 həyat yoldaşı olmuşdur. X16 Federasiyası vətandaşı olmaqla, o, 2000-ci ildə Cavabdeh ilə qeyri-rəsmi ailə qurmuşdur. Qüdrət İsmayılov burda evi olmadığından Cavabdeh onların evlərinə gəlin gətirmişdir. Hətta mərhum yoldaşı vəfat etdikdən sonra onunla bir müddət səhəti ilə əlaqədar olaraq Rusiyada müalicə almaq üçün getmişdir. Raqiyə isə onların evində yaşmağa davam etmişdir. Qaynı da onunla yola getmədiyindən faktiki olaraq onunla uzun müddətdir ki ayrılmışdır. İddiaçı Rusiya Federasiyasından qayıtdıqdan sonra evin əşyalarını belə satdığını görmüşdür. Hazırda həmin evdə yaşlı qaynanası da yaşayır. Cavabdeh X10 evin daxilində onlarla düşmənçəlik aparır evin mülkiyyətçisi kimi onlara və digər ailə üzvlərinə evdə yaşamağa maneçelik törədir, hər dəfə müxdəlif bəhanələr gətirərək evə ziyan yetirir. Bununla bağlı hətta dəfələrlə polis oraqanına müraciətləri olub. Bir sözlə onların cavbdehlə bir yerdə yaşamağları qeyrimümkündür. Bu səbdən də istifadə hüququna xitam verilərək evdən çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Göygöl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(066)-727/2022 saylı (hakim Q.Abbaasov) qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı1, İddiaçı2 və X13 tərəfindən 6500 (altı min beş yüz) manat kompensasiya ödənilməklə, onun istifadə hüquqna xitam verilməsi və Cavabdeh həmin evdən çıxarılması qət edilmişdir. İşdə olan sübutlar: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən 252.4 kvm-dən ibarət fərdi yaşayış evi və 0,21 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X9 paylı mülkiyyətidir və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göygöl Rayon Məhkəməsinin 10 iyul 2008-ci il tarixli, 2(066)-198/2008 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. Göygöl Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(066)-234/2008 saylı qətnaməsindən görünür ki, İddiaçı1 Cavabdeh qarşı 5500 manat kompensasiya məbləği veriməklə istifadə hüququna xitma verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində, 0,21 ha torpaq sahəsində yerləşən 252.4 kvm-dən ibarət fərdi yaşayış evinin dəyəri 28000 manat, həmin evə uyğun evlərin kirayə haqqı isə aylıq 50 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Göygöl rayonu, Qızılca kəndində, 0,21 ha torpaq sahəsində yerləşən 252.4 kvm-dən ibarət fərdi yaşayış evinin dəyəri 105000 manat, həmin evə uyğun evlərin kirayə haqqı isə aylıq 220 manat təşkil edir. Apellyasiya şikayətinin dəlilləri. Göygöl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(066)-727/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(066)-727/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla X11 arasında el adəti üzrə 22 sentyabr 2000-ci il tarixdə toyları olmuş və o, həmin mübahisəli evə, yəni Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən evə cehiz əşyaları ilə gəlin köçmüşdür. Əri Qüdrət əvvəllər Rusiyada yaşadığından onun oradakı rus ailəsindən iki azyaşlı uşaqları doğulmuşlar. Həmin uşaqları həmin mübahisəli evdə o ana olaraq nəvaziş göstərməklə bir müddət saxlmış, sonra isə anası Rusiyadan gələrək, uşaqları götürüb aparmışdır. Həmin mübahisəli ev qaynatası X5 (1994-də rəhmətə getmişdir) məxsus olan yarımtikililər olmuşdur. X1 ilə həmin ümumi tikililərdə 2005 - ci ilə kimi yaşamışdır. 2005 - ci il tarixdən isə X1 özünə məxsus Göygöl rayonu, Qızılca kəndinə köçmüş və hazırda da həmin evdə yaşayır. Xahiş edir kəndləri qarışdırmayın, belə ki, mübahisəli ev Yeni Qızılca adlanır, X1 yaşadığı ev isə Qızılca adlanır. Evin sənədi kimin adınadır, o həmin evdə qeydiyyatda olmaqla, 2000-ci ilin 22 sentyabrından gəlin köçməklə hazırda da həmin evdə yaşadığını nəzərə almamış, evin onun razılığı olmadan iddiaçının adına necə keçirilməsi saxtakarlıqlara sübut olduğu halda məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Ekspertiza və ya məhkəmənin özünün yerində evə baxışı keçrilməmiş, hazırki dövrə qiymətləndirmə aparılması üçün ekspertiza təyin edilməmişdir. Evin hazırki dəyərinin təyin edilməsi barədə ekspertiza keçrilməmiş, 6500 manat hansı əsasla qiymətləndirmə aparılması naməlumdur. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, kompensasiya qismində yaşıya bilməsi üçün ayrıca ev alınıb verildiyi təqdirdə iddianı qəbul etməsi mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, 6500 manat kompensasiya məbləğindən artıq məbləğ ödəmək üçün imkanı mövcud deyildir. Məhkəmənin təklif etdiyi 10000-12000 manat kompensasiya məbləğinə də razı deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2 və X13 məhkəmə iclasına gəlməmiş, gəlməmlərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çxıarılaraq iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında məhkəmə vurğulamışdır ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeyə əsasən mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Buna görə də məhkəmə kollegiyası cavabdehin özünə ev ala biləcək miqdarda müvafiq kompansasiya məbləğinin verilməli olması ilə bağlı dəlili ilə razılaşmamışdır. Bununla yanaşı qərarda həmçinin qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kompensasiyanın məbləği ilə bağlı gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməli olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarına əsasən birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Birinci instansaiya məhkəməsi isə bu istiqamətdə hər hansı bir araşdırma aparmadan iddianı təmin etmişdir. Məhkəmə kollegiyası tərəfindən isə mübahisə predmeti olan evin dəyərinin, həmçinin həmin evə oxşar evlərin aylıq kirayə məbləğinin müəyyən edilməsi üçün mütəxəssis və ekspert rəyləri əldə edilmişdir. İlk əvvəl əldə edilmiş "xxxx" MMC-nin 28 aprel 2023-cü il tarixli mütəxəssis rəyi ilə mübahisəli evin dəyəri 28000 manat, həmin evə uyğun evlərin isə aylıq kirayə haqqının 50 manat təşkil etməsi müəyyən edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən həmin rəyin mötəbərliyi şübhə doğurduğundan iş üzrə ekspertiza təyin edilmişdir. Belə ki, 0,21 ha torpaq sahəsində yerləşən 252.4 kvm-dən ibarət fərdi yaşayış evinin dəyərinin 28000 manat olması, o cümlədən həmin evə bənzər evlərin aylıq kirayə haqqının 50 manat məbləğində olması ağlabatan olmamışdır. Buna görə də məhkəmə kollegiyası tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli rəyi ilə Göygöl rayonu, Qızılca kəndində, 0,21 ha torpaq sahəsində yerləşən 252.4 kvm-dən ibarət fərdi yaşayış evinin dəyəri 105000 manat, həmin evə uyğun evlərin kirayə haqqının isə aylıq 220 manat təşkil etməsi müəyyən edilmişdir ki, bununla da ekspert rəyi mütəxəssis rəyinə münasibətdə daha mötəbər sübut kimi qəbul olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən mübahisəli evin dəyəri və həmin evə oxşar evlərin aylıq kirayə məbləği nəzərə alınaraq, birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş 6500 manat kompensasiya məbləği istifadə hüququna xitam veriilməsi üçün yetərli hesab edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, 10000-12000 manat aralığında kompensasiya məbləği cavabdehə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstək hesab oluna bilər. Buna görə də iddiaçıya 10000-12000 manat aralığında kompensasiya məbləğini verməklə, cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi təklif edilmiş, lakin iddiaçı buna razı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin onun yaşadığı evin iddiaçıların mülkiyyətində olmaması, yəni onun Göygöl rayonu, Qızılca kəndindəki evdə yaşaması, mübahisəli evin Yeni Qızılca kəndində yerəşməsi ilə bağlı şikayətinin dəlilini isə əsassız hesab etmişdir. Belə ki, şikayətin qeyd olunan dəlili ilə bağlı mübahisəli evə baxış keçirilmiş və cavabdehin iddiaçıların mülkiyyətindəki evin texniki pasportunda qeyd olunan evdə yaşaması müəyyən edilmişsir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla hesab edir ki, iddiaçı cavabdehə məhkəmə kollegiyası tətərfindən təklif edilmiş 10000-12000 manat aralığında kompensasiya məbləğini verməyə razı olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Göygöl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(066)-727/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli, 2(066)-727/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2 və X7 alınaraq, X4 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar