Məhkəmə qərarları › İş №2(104)-232/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-232/2024

15.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-232/2024 15.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh5 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: evə köçürülmə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil2 və cavabdeh X21 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon Həsənqaya bələdiyyəsinə qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(021)- 1918/2023 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qanun üzrə vərəsəlik hüququ haqqında 14 mart 2013-cü il tarixli şəhadətnamənin sürətindən görünür ki, 07 fevral 2000-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Bərdə rayon Həsənqaya kəndində yaşayan qızları: X6 və İddiaçıdır. Həmçinin qeyd olunur ki,onların hər biri miras əmlakından bərabər hissələrdə irs almalıdır, şəhadətnamə verilən miras əmlak Bərdə rayon Həsənqaya kəndində yerləşən 0.5023 hektar torpaq sahəsindən ibarətdir.

2. Bərdə rayon Dövlət Arxivinin 18 oktyabr 2022-ci il tarixli 194 nömrəli məktubdan görünür ki, Bərdə rayon Dövlət Arxivində 167 nömrəli fondda mühafizə olunan Bərdə rayon Həsənqaya kənd İƏV-nin 1996-2000-ci illər üzrə 1 nömrəli təsərrüfatbaşına kitabın 22 nömrəli şəxsi hesabında vətəndaş, mərhum X15 ailə başçısı kimi göstərilmiş, adına olan torpq 1995-1996-cı illərdə 0,18 ha, 1997-2000ci illərdə 0,27 ha, evin ümumi sahəsi 1996-1997-ci illərdə 80 kv.m, yaşayış sahəsinin 56 kv.m olduğu qeyd edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin 01 mart 2023-cü il tarixli 3-21-46/2-918/2023 nömrəli məktubdan görünür ki, X5 adına 3 nəfər ailə üzvü ilə birlikdə Bərdə rayonu Həsənqaya kəndində JN-173 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir.

4. Bərdə rayon Dövlət Arxivinin 19 yanvar 2023-cü il tarixli 13 nömrəli arxiv məlumatından müəyyən olunur ki, İddiaçı ailə tərkibi: X16-ailə başçısı, X15-arvadı, X11-qardaşı arvadı, X17-qardaşı qızı, X7-qızı, İddiaçı-qızı, X18-oğlu, X8-qızı, X19.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin 19 iyul 2023-cü il tarixli 3-21-3-46/2- 3161/2023 nömrəli məktubdan görünür ki, İddiaçı adına Bərdə rayonu Həsənqaya kəndində 0,50 ha həyətyanı torpaq sahəsi 15 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı adına Bərdə rayon Həsənqaya kəndində 3 nəfər ailə üzvi ilə birlikdə 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir.

6. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Həsənqaya kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən 13 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Həsənqaya kənd İcra Nümayəndəliyinin 2021-2025-ci illər üçün Təsərrüfat başı kitabında mərhumə X15 vəfat etdiyi üçün onun adı qeyd olunmamışdır. Həsənqaya kəndinə aid 01 nömrəli Təsərrüfat başı kitabının 21-ci şəxsi hesabında İddiaçı və 22 şəxsi hesabında Cavabdeh5 qeydə alınmışdır.

7. Bərdə rayon İcra Başçısının Həsənqaya kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 06 iyul 2023-cü il tarixli 598 nömrəli arayışdan görünür ki, Cavabdeh5 yaşadığı ev mərhum X16 və mərhumə X9 məxsus olub, həmin evin Həsənqaya kənd sakinlərinin 06 iyul 2023-cü il tarixdə tərtib etdikləri aktda əsasən məlum olur ki, 1971-1972- ci illərdə usta mərhum X12 tərəfindən tikilmişdir və ev 3 otaq 96 kvadratmetrdən ibarətdir.

8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 aprel 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 82,2 kv.m, yardımçı sahəsi 27,1 kv.m, ümumi sahəsi 109,3 kv.m olan fərdi yaşayış evi X3 tam xüsusi mülkiyyətindədir.

9. 16 iyun 2015-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri Bakıxanov küçəsi 38 ünvanında mülkiyyətində olan 0,0484 ha torpaq sahəsi ünvanında yerləşən yaşayış sahəsi 82,2 kv.m, yardımçı sahəsi 27,1 kv.m olmaqla ümumi sahəsi 109,3 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 0,0484 ha torpaq sahəsi ilə birlikdə X4 bağışlamışdır.

10. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m olan fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir.

11. 11 aprel 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bərdə rayon Elçin Əsədov 38 ünvanında mülkiyyətində olan 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m, yaşayış sahəsi 82,2 kv.m, yardımçı sahəsi 27,1 kv.m olan 4 otaqlı fərdi yaşayış evini və 0,0484 ha torpaq sahəsini X20 bağışlamışdır

a). İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayon Həsənqaya kəndində yerləşən həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini vərəsələri arasında bölünməsi, əmlak naturada bölünüb onun payının verilməsi və həmin fəırdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 oktyabr 1952-ci il təvəllüdlüdür, atası X16, anası X10r və ailədə 7 uşaq olmuşlar. X37 2000-ci il tarixdə, atası Babayev Ələsgər 1974-cü il tarixdə, qardaşları X18 29 aprel 2003-cü il tarixdə, X19 isə 01 dekabr 2016-cı il tarixdə vəfat etmişlər. Anadan olduğu müddətdən valideyinlərinin 1972-ci ildə tikdirdiyi fərdi yaşayış evində yaşamış və sovet dövründə kolxozda, eləcədə səyyari ticarətdə işlədiyi müddətdə evdə əlavə tikinti işləri aparmış və yaşayış şəraitini yaxşılaşdırmışdır. 2000-ci ildə anasının vəfatından sonra əvvəl yaşadığı ünvanda yaşamış, mirası faktiki olaraq qəbul etməklə idarə etmiş, yaşadığı təsərrüfatı genişləndirmək üçün anasının ölümündən sonra həmkəndlisi Telman adlı şəxsdən 1 yanıbalalı və 1 boğaz ala inək almışdır. Hal-hazırda miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir və bu barədə Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etmişdir. Lakin imtina etmişlər və səbəb olaraq mirası qəbul etmə müddətini ötürülməsi bildirilmişdir. Savadsızlığndan miras əmlakı qəbul etmə müddəti ötürülmüş və bacıları öz evində yaşamağa imkan vermirlər. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Bərdə Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(021)-1918/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi və Bərdə rayon Həsənqaya bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. İddiaçı iddia tələbinin həcminin azadılmasına dair ərizə verərək, cavabdeh qismində Cavabdeh5 və Cavabdeh3 saxlanılmaqla, Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bərdə Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(021)-1918/2023 nömrəli (hakim Q.Əbilov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh5 qarşı evə köçürülmə tələbinə dair iddiası qismən təmin olunması; İddiaçı Cavabdeh5 faktiki yaşadığı Bərdə rayon Həsənqaya kəndində yerləşən evə köçürülmasi; İddia tələbi Cavabdeh3 münasibətdə təmin olunmaması qət edilmişdir.

17. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 666.1 maddəsi, Mənzil Məcəlləsinin 13, 48 maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3, 216-220, 227, 233, 360 maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, İddiaçı mülkiyyətində olan evi qardaşı oğluna bağışlayaraq özünü yaşayış sahəsi olmayan şəxs kimi təqdim etmişdir. Birinci instansiya məhkəməsi isə İddiaçı 2000-ci ildə anasının vəfatından az müddət sonra evdən niyə getməsini, uzun illər harada yaşamasını, qazancını hansı bacısına və ya qardaşı oğluna verməsini, həmin evdən niyə çıxamsını və onun qızı Jalənin ona bağışladığı Bərdə şəhəri Bakıxanov küçəsi (indiki Elçin Əsədov küçəsi), 38 üvanında yerləşən 109,3 kv.m ümumi sahəli evdə 2015-ci ildən hal-hazıradək yaşadığı halda, həmin evi 2019-cu ildə qardaşı oğlu X20 bağışlamasını araşdırmamışdır. İddiaçının yaşayış sahəsinə ehtiyacı olsaydı, Bərdə şəhərinin mərkəzində yerləşən evi qardaşı oğlu Rəşada bağışlamazdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d). Məhkəmə icraatı iştirakçılarının izahatları,

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi qeydiyyata alınmamışdır. Həmin evdə cavabdeh Ulduz, oğlu və onun ailəsi yaşayır. Ulduz iddiaçının baldızıdır və iddiaçının qardaşı Sahib Babayevin arvadı olmuşdur. Razılaşma əsasında Ulduzun qızı Jalə mülkiyyətində olan evi 2015-ci ildə iddiaçıya bağışlamış və sonuncu da 2015-ci ildən həmin evdə yaşayır. Buna baxmayaraq iddiaçı 2019-cu ildə həmin evi qardaşı oğluna bağışlamışdır. Vəkil1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, qardaşı qızı Jalə tərəfindən ona bağışlanmış ev də əslində onun vəsaiti hesabına tikilmişdir. Ona görə də Jalə evi sonradan ona bağışlamış, o da həmin evi X20 bağışlamışdır Hazırda yaşamağa yeri yoxdur, valideyinlərindən qalan Bərdə rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evinə köçmək istəsədə, lakin cavabdehlər ona imkan vermir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 da çıxışında apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh5, Cavabdeh3, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon Həsənqaya bələdiyyəsinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh5 məhkəmə iclasında nümayəndəsi (vəkil) vastəsilə təmsil olunmuşlar. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

25. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

26. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

27. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

28. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

37. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

38. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

39. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(021)- 1918/2023 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalıdır.

43. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh5 iddiaçının vəfat etmiş qardaşının arvadı, digər Cavabdeh3 isə bacısıdır. Bərdə rayonu Həsənqaya kənd ərazisində yerləşən fərdi yaşayış evi iddiaçının valideyinlərinə məxsus olmuşdur. İddiaçı valideyinlərindən qalmış evə köçüb yaşamaq istəmiş, lakin cavabde Cavabdeh5 onun həmin evdə yaşamasına imkan verməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

44. Bu qətnamənin 42-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

45. Tərəflərin izahatından, eləcədə iş materiallarından müəyyən olunur ki, iş üzrə Cavabdeh5 qızı X13 mülkiyyətində olan Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 16 iyun 2015-ci il tarixdə X4 bağışlamış və həmin əmlak İddiaçı adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydə alınaraq bu barədə 28 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı Almaz Bayramova bağışlanan fərdi yaşayış evinin onun vəsaiti hesabına tikildiyini, bu səbəbdən də ona bağışlanıldığını qeyd etsədə lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəf isə bildirmişdir ki, Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m olan, 4 otaqlı fərdi yaşayış evinin İddiaçı bağışlanmasında məqsəd sonuncunun hazırda köçmək istədiyi fərdi yaşayış evindən çıxaraq bağışlanmış fərdi yaşayış evinköçərək orada yaşaması olmuşdur. İş materialları ilə də müəyyən olunur ki, İddiaçı sonradan bağşlama müqaviləsi əsasında mülkiyyətinə keçmiş Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında yaşamışdır.

46. Evə köçürülmə tələbinə dair işlərə baxılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Birinci şəxs köçmək istədiyi yerdə yaşayıbmı, ikincisi, şəxs yaşadığı yerdən məhrum edilibmi, üçüncüsü, məhrum edilmə qanunidirmi. Kollegiya hesab edir ki, iddiaçı köçmək istədiyi evdə əvvəllər yaşasada, lakin sonradan həmin evdən çıxaraq digər yaşayış yerində yaşaması, əvvəlki yaşayış yerindən məhrum edilməsi kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi iddiaçı X24 rayonu Həsənqaya kəndində yerləşən fərdi yaşayış evindən çıxması üçün Cavabdeh5 qızı X13 mülkiyyətində olan Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 16 iyun 2015-ci il tarixdə X4 bağışlamış, sonuncuda bunu qəbul etmiş və nəticədə həmin əmlak Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Almaz Bayramovanın adına qeydə alınaraq bu barədə 28 mart 2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İddiaçı Almaz Bayramovanın mülkiyyətində olan Bərdə şəhəri Bakıxanov küçəsi 38 ünvanında 0,0484 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 109,3 kv.m olan 4 otaqlı fərdi yaşayış evini 2019-cu ildə qardaşı oğlu X20 bağışlaması ona əsas vermir ki, sonuncu Cavabdeh5 sahibliyində və istifadəsində olan evə köçürülsün.

47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bərdə Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(021)-1918/2023 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon Həsənqaya bələdiyyəsinə qarşı evə köçürülmə tələbi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli 2(021)-1918/2023 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh3 və üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi, Bərdə rayon Həsənqaya bələdiyyəsinə qarşı evə köçürülmə tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar