Məhkəmə qərarları › İş №2(104)-2328/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2328/2023

19.10.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2328/2023 19.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh2 adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Cavid Tağıyev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair onun adına********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 adına********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan sonra Cavabdeh2 özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə ona qarşı Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Halbuki, tikili mülkiyyətində olan **********358-10301 saylı texniki pasport və xx.xx.2021-ci il tarixli çıxarış fərdi yaşayış evinə verilmiş layihəyə uyğun tikilmişdir. X1 adına verilmiş xx.xx.2007-ci il tarixli çıxarışın texniki göstəricilərinə dair texniki pasportun mövcud olmamasına baxmayaraq, xx.xx.2021- ci il tarixdə Cavabdeh2 adına Gəncə şəhəri İsmət Qayıbov küçəsiev 37 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilmişdir. Cavabdehin adına verilmiş 2007-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha, 2021-ci ildə verilmiş çıxarışlarda isə 0,11 ha və 0,14 ha göstərilmişdir. 2007-ci olduğu kimi torpaq sahəsi 0,14 ha deyildir. İddiaçı və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışda düzəliş edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı Gəncə İnzibati məhkəməsinə müraciət etməsini bildirərək, hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı işin icraatının dayandırılmasına əsaslar yoxdur və Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş; xx.xx.2021-ci il tarixli, **********58-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin cavabdeh İddiaçı hesabına sökülməsi və ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsi İddiaçı həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş:- xx.xx.2007-ci il tarixli, MN ******* seriyalı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsində 0,01034 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqla fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyeystrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli **********86-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 və X3 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, **********86-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 7 ünvanında yerləşən 0,14 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 68,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxmaqda haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı tələb əslində inzibati orqan olan DƏDK və RPHŞ 3 saylı Əİ-i tərəfindən verilmiş müvafiq çıxarışın ləğvi ilə bağlıdır. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 saylı Qərarının 31.1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri inzibati orqanı kimi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.1-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 17-ci bəndinə əsasən, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı 2007-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha, 2021-ci ildə verilmiş çıxarışlarda isə 0,11 ha və 0,14 ha göstərildiyini qeyd edərək, həmin inzibati aktı mübahisələndirmişdir. Digər tərəfdən, iddiaçı həmin çıxarışda düzəliş edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı Gəncə İnzibati məhkəməsinə müraciət etməsini bildirmişdir. Belə olan halda, hazırkı mübahisəyə mülki mühakimə icraatında baxılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Belə ki, hər kəsin pozulmuş hüquqlarının bərpası istənilən məhkəmə tərəfindən deyil, yalnız səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən həyata keçirilməlidir. Lakin qeyd edilən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə, əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 387.2.1-ci maddəsinə əsasən işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 3599/2023 nömrəli qətnaməsi ləğv edilməli, hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 387, 391, 402, 404- 406-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ləğv edilsin. Hazırki işə mülki qaydada baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar