Məhkəmə qərarları › İş №2(104)-2333/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2333/2024

17.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2333/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə Açar sözlər: qaz sayğacına qanunsuz qoşulma; bunun nəticəsində qazpaylayıcıya dəymiş ziyanın əvəzinin ödənilməsi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-246/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh Gəncə X7 İdarəsi ilə X4 arasında 05 may 2022-ci il tarixdə AKX- 04022xx/xx-2022 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını maksimal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və s. vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və s. vəzifələri öhdələrinə götürmüşlər;

2. “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı sayğacdan kənar əlavə xətdən istifadə etməsi, rezin boru ilə xəttin akşarlandığı müəyyən olunmuşdur;

3. xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş təbii qazın həcmi 33480 kubmetr miqdarında müəyyən olunmuşdur;

4. Abonentin saldosundan görünür ki, abonent (№ **********00210) İddiaçı hesabına 2022-ci ilin fevral ayında 4017,60 manat cərimə borcu yazılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 4017.60 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evi var. Uşaqları Bakı şəhərində təhsil aldığı üçün orada yaşayırlar, o, da uşaqların yanında onlarla qalır. Ona görə də yaşayış evini kirayəyə veribdir. 2021-ci ilin oktyabr ayında Cavabdeh İBnin Tərtər RQİİ-nin əməkdaşları həmin evə gələrək sayğaca baxış keçirib, sayğacı dəyişərək smart tipli sayğac quraşdırmışlar. 25 dekabr 2021-ci il tarixdə Bərdə şəhər İcra Hakimiyyəti yaxınlığında otelin tikintisində işləyən Turqut və Tacir adlı şəxslər müvəqqəti qalması üçün onlara iş yerlərinə yaxın olan evini 120 manata kirayəyə vermişdir. Cavabdeh İB-nin Tərtər RQİİ-nin əməkdaşları baxış keçirən zaman rezin boru vasitəsi ilə qazdan qanunsuz olaraq istifadə edildiyi aşkar olunmuşdur. Ona görə də 33480 kub.m təbii qazın dəyəri olan 4017.60 manat hesabat aprılaraq abonentdən ödənilməsi barədə 25 fevral 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. İstifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəmiş, onların yaşadığı müddətdə kirayə haqqı vermədən də çıxıb getmişlər. Az müddət ərzində qanunsuz olaraq qazdan istifadə etmişlər. Ona məxsus evdə iran peçi və bir ədəd piltə olmuşdur. Buna baxmayaraq aktda qeyd edilmişdir ki, guya ona məxsus evdə əlavə olaraq dörd gözlü pilətə olmuşdur. Az müddətdə qazın dəyəri düzgün hesablanmamış, ona 4017.60 manat cərimə yazılmışdır. Onların qazdan qanunsuz istifadə etmələrindən xəbəri olmamışdır. Onların işlətdikləri qaz 33480 kub.m ola bilməz. Bir ay 24 gün ərzində 4017.60 manat məbləğində əsassız olaraq cərimə borcu yazılmışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, İddiaçı sayğacdan kənar əlavə xəttlə qaz xəttinə qoşularaq təbii qazdan istifadə edərək təbii qazı talamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də iddiaçının fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qaz xəttinə əlavə xətt qoşaraq iddiaçının təbii qazdan qeyriqanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” akt tərtib edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 33480 m3 Cavabdehnə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4017.60 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14 mart 2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə edilmiş qazın dəyərinin bərpasının hesablanması” qaydalarına əsasən müəyyən edilmişdir.

8. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-246/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov) İddiaçı cavabdeh “X1” qarşı “cərimə məbləğinin azaldılaraq silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18.1 və 26-cı maddələrinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin “X5” haqqında Qərarının 1.3, 4.2, 4.5, 4.8 və 4.9-cu bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Bərdə rayonu Gəncə küçəsində yerləşən mənzilə qaz idarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmişdir. Bu səbəbdən də ona 4017.60 manat cərimə hesablanmışdır. Həmin vaxt mənzilində 1 ədəd iran sobası və 1 ədəd qaz piltəsindən istifadə etmişdir. Lakin, qaz idarəsi tərəfindən aşkar edilmiş aktda qaz cihazlarının sayı həddən artıq göstərilmişdir. Bundan başqa, sayğaca müdaxilə olunsa da, lakin evin həyətindəki köməkçi tikililərə qaz xətti getməmişdir. Cavabdeh təşkilatın əməkdaşları isə həmin tikililərdəki qaz işlədicilərin də təbii qaz sərfiyyatını hesablamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək iddia ərizəsinə etirazdakı xüsusatları qeyd etmiş və əlavə olaraq göstərmişdir ki, istehlakçılar tərəfindən təbii X5nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanmasının SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənməsinə dair müddəa tərəflər arasındakı müqavilənin 3.3-cü bəndində təsbit olunmuşdur. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X5nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. İddaçı tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X5”-nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yaşadığı evə qanunsuz olaraq kənar qaz xətti çəkilmiş olsa da, bu onun tərəfindən edilməmişdir. Belə ki, övladları Bakı şəhərində təhsil aldığından o da övladları ilə birlikdə orada yaşamışdır. Həmin vaxt Bərdə şəhərindəki fərdi yaşayış evini kirayə vermişdir. Evdə yaşayan kirayəçilər tərəfindən qaz sayğacına kənar xətt qoşulmuşdur. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, qaz sayğacı quraşdırılmış evdə bir ədəd İran sobası, bir ədəd su qızdırıcı, bir ədəd qaz sobası olmuşdur. Evdə bir ədəd qazla təchiz olunmuş ceyran peçi (soba) olmuşdur, lakin həmin sobadan istifadə edilməmişdir. Ümumiyyətlə, evdə yalnız İran sobasından və su qızdırıcıdan istifadə edilmişdir, digər qaz işlədicilərdən istifadə edilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı evdə 6 ədəd ceyran peçi (qaz sobası) olmuşdur, lakin onlardan dördü işlək vəziyyətdə olmamışdır. Bundan baqa, qaza kənar xətt vasitəsilə qoşulması dekabr ayında, yəni qış fəslində aşkar edilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu

15. Maddə 1. Qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

16. Maddə 8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X5”

18. Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

19. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

26. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent № **********00210) yazılmış 4017,60 manat borcun 2009,52 manat hissəsi abonent hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, məişət abonenti olan İddiaçı yaşadığı evdə Cavabdeh İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2022-ci il tarixdə yoxlama zamanı evdə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunması aşkar olunmuşdur. Bu səbəbdən də “Təbii X5nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilərək qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına 4017,60 manat borc yazılmışdır. İstehlakçı İddiaçı həmin borcun qanunsuz hesablandığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “X5”-nın 6.5-1-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

35. Bu Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

36. Həmin Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

37. İşin hallarından göründüyü kimi abonent İddiaçı istifadəsində olan qaz sayğacına qanunsuz qoşulma halı aşkar edilmişdir. İddiaçı özü də bu halı inkar etməmiş, sadəcə olaraq kənar xəttin evdə yaşayan kirayəçilər tərəfindən quraşdırıldığını bildirmişdir. Ancaq, hər bir halda iddiaçıya məxsus qaz sayğacına qanunsuz qoşulma olmuşdur. Ona görə də itirilmiş qazın bərpası üçün qaz paylayıcı tərəfindən dəymiş ziyanın hesablanması qanuni və əsaslı olmuşdur. Lakin məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası üçün dəymiş ziyan məbləğinin Cavabdeh tərəfindən aparılmış hesabatla müəyyən edilməsi yolverilməzdir.

38. Çünki, qanunvericilikdə qaz paylayıcısı tərəfindən 3 ayda bir dəfə istehlakçının sayğacına baxış keçirilməsi və sayğacla bağlı pozuntu aşkar olunarsa nəticəsini aktla rəsmiləşdirməli olması, eləcə də sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla dəymiş ziyanın hesablanması nəzərdə tutulmuşdur.

39. İş materiallarındakı dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçının (abonent kodu **********00210) sayğacdan kənar qeyri-qanuni əlavə xətt aşkar olunması ilə əlaqədar qaz işlədicilərdən PQ-4 qaz piltəsinin maksimal saatlıq qaz sərfi 1.2 m3 saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, 6 ədəd dəmir sobasının maksimal saatlıq qaz sərfi 8.4 m3 saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, 2 ədəd QSQ-24l maksimal saatıq qaz sərfi 3.0 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, İran sobasının maksimal saatıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, PQ-3 qaz piltəsinin maksimal saatıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, PQ-2 qaz piltəsinin maksimal saatıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi – 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 33480m3 dəymiş ziyan müəyyən olunmuşdur.

40. Göründüyü kimi, istehlakçının təbii qaz vasitəsilə işlətdiyi məişət əşyaları - qaz piltəsi, dəmir soba, QSQ-24l, PQ-3 qaz, PQ-2 qaz və İran istehsalı soba olmuşdur. Cavabdeh tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən qeyd olunmuş məişət əşyalarının orta günlük iş rejimi sərfiyyatı 24 saat müddətlə hesablanmışdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qaz piltəsi, dəmir soba, QSQ-24l, PQ-3 qaz, PQ-2 qaz və İran istehsalı soba adlı qaz işlədicilərin orta günlük iş rejiminin 24 saat hesablanması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə ki, qaz sayğacı fərdi yaşayış evinə quraşdırılmışdır. Fərdi yaşayış evində sözügedən məişət əşyalarının gün ərzində fasiləsiz olaraq istifadə edilməsi inandırıcı və ağlabatan hal deyildir. Bundan başqa, iş materiallarında olan abonent saldosu adlı sənədə əsasən abonentin müvafiq aylar üzrə sərf etmiş olduğu qaz sərfinin həcmi ilə Cavabdeh tərəfindən qaz xəttinə kənar xətt qoşulması səbəbindən dəymiş ziyanın əvəzi müəyyənləşdirilərkən nəzərə alınmış qaz sərfiyyatı həcmi (24 saat) sistemli şəkildə tədqiq olunduqda kənar xətt qoşulmasına görə müəyyənləşdirilmiş qaz sərfiyyatının həddən artıq dərəcədə çox hesablanmış olması təsbit edilir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz işlədicilər olan qaz piltəsi, dəmir soba, QSQ-24l, PQ-3 qaz, PQ-2 qaz və İran istehsalı soba adlı qaz işlədicilərin hər birinin gündəlik sərfiyyatının 12 saat hesablanması inandırıcı və ağlabatandır. Həmçinin, məişət əşyalarının hər birinin gündəlik qaz sərfiyyatının orta günlük iş rejiminin bu həddə hesablanması abonentin saldo üzrə müvafiq aylara görə sərf etmiş olduğu qaz həcmi ilə də uyğunluq təşkil edir.

43. İstehlakçı İddiaçı gündəlik təbii qaz sərfiyyatının yuxarıda göstərilən həcmdə sərf olunmasını nəzərə alındıqda bu sərfiyyata görə ödənilməli olan məbləğ (1.2 x 12 x 90=1296; 8.4 x 12 x 90=9072; 3.0 x 12 x 90=3240; 1.5 x 12 x 90=1620; 0,8 x12 x 90=864; 0,6 x 12 x 90=648. 1296+9072+3240+1620+864+648=16740. 16740 x 0.12=2008,08) 2008,08 manatdır. Cavabdeh təşkilat tərəfindən isə qaz xəttinə qanunsuz qoşulmaya görə iddiaçının abonent hesabına 4017,60 manat borc yazılmışdır.

44. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, 4017,60 manat borcun (4017,60-2008,08=2009,52) 2009,52 manat hissəsi abonent hesabından silinməlidir.

45. Bundan əlavə, hazırkı iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan iddiaçı iddia ərizəsi verilməsi üçün dövlət rüsumu ödəməkdən azad olmuşdur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,09 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli 2(021)-246/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında qaz sayğacına qanunsuz qoşulma nəticəsində dəymiş ziyanın əvəzi olaraq Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent № **********00210) yazılmış 4017,60 (dörd min on yeddi manat altmış qəpik) manat borcun 2009,52 (iki min doqquz manat əlli iki qəpik) manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumunun əvəzi olaraq 40,09 (qırx manat doqquz qəpik) manat Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar