Məhkəmə qərarları › İş №2(104)-2347/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2347/2023

24.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2347/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1, vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qonşuluq hüququnun pozulması, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması, həyətyanı sahədə aparılan tikinti işlərinin dayandırılması, tikililərin və həyətyanı sahədəki çəpərlərin sökülməsi» tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, cavabdehlərin qeyri-qanuni hərəkətlərinə son qoyulması, çəpərlərin sökülməklə həyətyanı sahəyə gediş-gəliş yolunun açılması, həyətyanı sahədə aparılan tikinti işlərinin dayandırılması, tikililərin və həyətyanı sahədəki çəpərlərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə mülkiyyətlərinə Tərtər rayonu Hüseynli kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağın mülkiyyətə verilməsinə dair JN-481A Kod 61100048 saylı Şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin üzərində onların mülkiyyət hüquqları dövlət qeydiyyatından keçirilmiş və bu barədə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsi tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin torpaq sahəsinin ayrılması ilə yanaşı, həm də həmin torpaq sahısinə gediş-gəliş yolu ayrılmışdır. Cavabdehlər qonşuluqda uzun illərdir ki, bələdiyyə torpağını qanunsuz olaraq istifadə edirlər. Cavabdehlər qanunsuz istifadə etdikləri torpaq sahəsini genişləndirərək iddiaçılara məxsus sözügedən torpaq sahəsinin bir hissəsini və torpaq sahəsinə gediş-gəliş yolunu zəbt edərək yanını çəpərləmiş, Cavabdeh1 isə bununla kifarətlənməyərək iddiaçılara məxsus həyətyanı torpaq sahəsini zəbt edərək orada fərdi yaşayış evi tikdirmək üçün bünövrə qazıb beton tökmüş və həyətyanı sahənin bir hissəsini çəpərləmişdir. Bununla da cavabdehlər onlara məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmələrinə, torpağı əkibbecərmələrinə, orada şəxsi təsərrüfatlarını qurmaqda maneçilik törətmişlər. Cavabdehlərdən zəbt etdikləri gediş-gəliş yolunu açmalarını, Cavabdeh1 isə onlara məxsus həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikintisini dayandırmasını və həyətyanı sahələrində çəkdiyi çəpərin sökülməsini tələb etsələr də cavabdehlər öz hərəkətlərini davam etdirməklə qonşuluq münasibətlərini pozmuşlar. Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qonşuluq hüququnun pozulması və qeyri-qanuni hərəkətlərə son qoyulması, ətrafındakı çəpər sökülməklə iddiaçıların həyətyanı sahəsinə gedən gediş-gəliş yolunun açılması, Cavabdeh1 100 manat ekspertiza xərcinin müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE**********000208850, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, Cavabdeh1 münasibətdə iddianın qalan hissədə təmin edilməməsi və Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-481A Kod 61100048 olan Şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı1 və İddiaçı2 mülkiyyətinə Tərtər rayonu Hüseynli kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 şəxs tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın surətindən görünür ki, Tərtər rayonu Hüseynli kəndi ərazisində 0.13 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 və İddiaçı2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 şəxsin 07 dekabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı1 və İddiaçı2 məxsus Tərtər rayonu Hüseynli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmiş, həmin torpaq sahəsinin cavabadeh Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer qurluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikinti altı sahəsinin 78 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 10/525 saylı, xx.xx.2023-cü tarixli rəyindən görünür ki, Tərtər rayonu Hüseynli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinin sərhədləri naturada müəyyən edilərək, həmin torpaq sahəsinin cavabadeh Cavabdeh1 və Cavabdeh2 tərəfindən tutulmadığı, həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən tutulduğu, torpaq sahəsinə gedən gediş-gəliş yolunun Cavabdeh2 tərəfindən tutulmadığı, aparılan tikinti işlərinin kompleks yer qurluşu layihəsinə əsasən Cavabdeh1 tərəfindən istifadə edilən gediş-gəliş yolunda yerləşməklə tikinti altı sahəsinin 78 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə ünvanlanmış ünvan 1mayəndənin cavabından görünür ki, cavabadeh Cavabdeh1 iddia etdiyi torpaq sahəsi Tərtər rayonu Hüsənli Bələdiyyəsinin mülkiyyətindədir və zəbt olunmuş torpaq sahəsidir. 1998-ci il tarixdən hal-hazıra qədər Cavabdeh1 istifadəsindədir. Tərtər rayon Dövlət Arxivinin 08 yanvar 2018-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, Tərtər rayon XDS-nin 30 oktyabr 1991-ci il tarixli qərarı ilə sovxoza ayrılmış 9,50 hektar həyətaynı torpaq fondundan 0,10 ha torpaq sahəsi X2 verilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun iddiaçılarla qonşuluğu yoxdur. Məhkəmə iddiaçıların torpaq sənədini qətnamədə sübut növü olaraq vurğulayarkən, onun torpaq sənədini dilə gətirmir və TAİEK-sı tərəfindən 18 iyul 1998-ci il tarixli qərarla ona Tərtər rayon Hüseynli kəndində ayrılmış 0.15 ha torpaq sahəsinə dair JN218A KOD:61100048 qeydiyyatlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni sənəd olaraq nəzərə almamışdır. İddiaçı ilə qonşu olan şəhid anası X4r. İddiaçılar o, şəhid anası olduğu üçün onunla mübahisə aça bilməmiş, bütün tələblərinin subyekti kimi onu göstərmişlər. Hansı ki, onun iddiaçılarla heç bir qonşuluq hüququ yoxdur. Həmçinin qeyd edir ki, iddiaçı Firdovsinin qardaşı X10 da zamanında onlara qarşı iddia vermiş, ancaq onun əlindəki sənədi Tərtər Rayon məhkəməsi 07 oktybar 2022-ci il tarixli, 2(061)-86\22 saylı qətnaməsi ilə etibarsız hesab etmişdir. Bu gün isə Tahirin qardaşı Firdovsi onlara qarşı ədavətini davam etdirərək bu cür əsası olmayan iddia irəli sürmüşlər. Nəzərə alınsa ki, onun iddiaçılarla heç bir qonşuluq münasibəti yoxdur, o zaman məhkəmə yuxarıda qeyd edilən mülki qanunverciliyin, mülki hüquq subyektlərinin bərabərliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərini düzgün tətbiq etməyərək yanlış qərar vermişdir. Onun iddiaçılarla heç bir qonşuluğu olmadığı halda, iddiaçıların torpaqları ilə onun torpağı həmsərhəd olmadığı halda məhkəmənin ona qarşı belə bir iddia qəbul etməsi, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərin olmaması müqabilində iddiaçıaların xeyrinə əsası olmayan qanuna zidd qətnamə qəbul edibdir. İddiaçı Firdovsinin qardaşı Tahir də əvvəllər onlara qarşı iddia verdikdə guya yolu zəbt etdiklərini, guya onun gediş-gəlişinə mane olduqlarını irəli sürmüşdür. Lakin dəfələrlə həmin məhkəmə mübahisələrində bu günkü iddiaçının qardaşı Tahir məhkəmələri uduzmuşdur. X10 hələ 2010-cu ildə münasibətdə Tərtər Rayon Məhkəməsinə zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi, habelə işıq xəttinin və yolun ləğv edilməsi tələbi ilə iddia vermişdir. X13 həmin iddiası təmin edilməmiş, cavabdeh, X14 Rayon Məhkəmisnin 08 sentybar 2010-cu il tarixli, 2(061)- 343\2010 saylı qətnaməsindən apellyasiya qaydasında Gəncə Apelyyasiya Məhkəməsinə şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsi 25 may 2011-ci il tarixli, 2(104)-342\2011 saylı qətnaməsi ilə verilmiş şikayəti təmin etməmişdir. X15 Apellyasiya Məhkəməsinin 25 may 2011-ci il tarixli, 2(104)-342/2011 saylı qətnaməsi ilə razılaşmayaraq kassasiya şikayəti vermişdir. Lakin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2011-ci il tarixli, 2(102)-3117\11 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmə özünün 17 oktyabr 2011-ci il tarixli, 2(102)-3117\11 saylı qərarında müəyyən etmişdir ki, Tahir Məmmədovun mülkiyyətində 0.09 ha torpaq sahəsi vardır və Tahir Məmmədovun istifadəsində 0.16 ha zəbt həyətyani torpaq sahəsi vardır. Göründüyü kimi iddiaçı və ailəsi davamlı məhkəmələrə əsası olmayan iddialar verməklə məşğul olmuşdurlar. Tahirin illərdir etdiyini indi qardaşı Firdovsi edir. Yəni, bu ailə ənənəvi nifaqçılıq xasiyyətinə uyğun olaraq qonşularına zərər, ziyan vurmaqla məşğuldurlar. Bu günkü iddiaçı Firdovsinin qonşusu şəhid ailəsi olan, X4r. Ancaq qardaşı Tahir kimi Fridovsi də bu gün şəhid ailəsinə qarşı çıxmaqdan çəkinərək, əsası olmadan ona qarşı iddia irəli sürübdür. O isə iddiaçının ona nisbət etdiyi torpaq sahəsinin mülkiyyətçisi deyil. İddiaçılar onun onlarla qonşu olmağını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilmədilər. Hətta birinci instansiya məhkəməsi də öz qətnaməsində maraqlı bir fakta toxunaraq qeyd edir ki, tikinti texniki ekspertizasının 10\525 saylı, xx.xx.2023-cü il tarixli rəyinə əsasən iddiaçıalra məxsus 0.13 ha torpaq sahəsinin cavabdeh tərəfindən tutulmadığı öz təsdiqini tapmışdır. Bu onu deməyə əsas verir ki, ekspertiza da müəyyən etmişdir ki, onun iddiaçılarla heç bir qonşuluq sərhədi yoxdur. Məhkəmə tikinti texniki ekspertizasının 10\525 saylı xx.xx.2023cü il tarixli rəyində qeyd olunan digər məsələyə gediş-gəliş yolunun guya onun tərəfindən tutulmasına gəldikdə isə, bunun özü rəyin birinci hissəsinin təsbiti ilə zidiyyət təşkil edir və həqiqəti ifadə etmir. Onların iddiaçının heç bir torpaq sahəsini zəbt etmədikləri halda, əksinə hələ onun şəhid ailəsinin torpağını da əlindən almaq istəməsi ilə, ümumi istifadədə olan yolu zəbt edib İddiaçı1 onlara qarşı iddia qaldırmaq hüququnu əsassızlaşdırmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xhaiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, həqiqətən də X6 onun bacısı olmaqla, həm də qudasıdır. Lakin, torpaq sahəsinə onun aidiyyəti yoxdur. Sadəcə olaraq, mübahisəli torpaq sahəsinə yaxın yaşadığı üçün bacsı həmin torpaq sahəsinə nəzarət etməyi ona həvalə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X11 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izahat verib bildirmişdir ki, Cavabdeh1 ilə onun torpaq sahəsinin şəhid ailəsinin ailə üzvünə məxsus olduğu iddia etdiyi Fizzə İsgəndərova doğma bacı qardaşdırlar. Cavabdeh1 cavabdehlik daşımamaq üçün şəhid ailəsi üzvü statusundan imtiyaz kimi istifadə edərək, torpaq sahəsinin onun tərəfindən deyil, öz bacısı tərəfindən çəpərləndiyini iddia etməkdədir. Həmçinin, Fizzə İsgəndərova oğlu ilə Cavabdeh1 qızı ər-arvad olmaqla, qudadırlar. Fizzə İsgəndərovanın oğlu kimi qeyd olunan Nofəl İsgəndəov isə Bərdə rayonunda qeydiyyatda olmaqla, onların kəndinə aidiyyəti yoxdur. Mübahisələndirilən torpaq sahəsinin isə Nofəl İsgəndərova heç bir aidiyyəti olmamaqla, bələdiyyə mülkiyyətinə olan torpaq sahəsidir. Cavabdeh onun həyətyanı qonşusu deyildir. Lakin, Cavabdeh1 torpaq sahəsi onun torpaq sahəsinə yaxınlıqda yerləşməklə, mübahisəli torpaq sahəsini də o zəbt etmişdir. Əgər torpaq sahəsini Fizzə İsgəndərova və ya Nofəl İsgəndərov zəbt etsə idi, onlara qarşı iddia qaldırardı. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayarq, müstəqil tələb sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Nümayəndəsi qismində məhkəmə iclasına gəlmiş X6 Mülki Prosessual Məcəllənin 69.1-1ci maddəsinin tələbi baxımından nümayəndə qismində iştirak etmək səlahiyyətinə malik olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 47. 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 84. 1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis və ekspert rəyindən, o cümlədən mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-481A Kod 61100048 saylı şəhadətnamədə qeyd olunmuş 0,13 ha torpaq sahəsi ilə həmin torpaq sahəsinin paralelində olan bələdiyyə mülkiyyətindəki torpaq sahəsinin arasında yerləşən, bələdiyyə müşkiyyətində və ümumi istifadədə olan gediş-gəliş yolunun 381 kvadratmetr hissəsi Cavabdeh1 tərəfindən zəbt edilərək çəpərlənmişdir. Cavabdeh1 mülkiyyətində olan, JN 218 A KOD:61100048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.15 ha torpaq sahəsi isə mübahisəli ərazidən kənarda yerləşir. Cavabdeh1 iddiaçılarla qonşuluğunun olmadığını, mübahisəli torpağın X2 məxsus olduğunu, mübahisəli torpaq sahəsinə yaxın yaşadığı üçün X1 anası və onun isə bacısı olan X3 həmin torpaq sahəsinə nəzarət etməyi ona həvalə etdiyini və torpaq sahəsinin onun tərəfindən çəpərlənmədiyini iddia etmişdir ki, cavabdehin qeyd olunan etirazı iş materialları ilə təsdiq olunmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Tərtər rayon Dövlət Arxivinin 08 yanvar 2018-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunan, X2 verilmiş 0,10 ha torpaq sahəsinin məhz mübahisəli ərazidə yerləşməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmçinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 şəxsin 07 dekabr 2022-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş plan-sxemdən də göründüyü kimi mübahisəli ərazi bələdiyyənin mülkiyyətində olmaqla, iddiaçıların evinə gediş-gəliş yolu kimi ümumi istifadədə olan yoldur. Bundan başqa məhkəmənin sorğusu əsasında ünvan 1mayəndənin vermiş olduğu cavab məktubunda cavabadeh Cavabdeh1 iddia etdiyi torpaq sahəsinin Tərtər rayonu Hüsənli Bələdiyyəsinin mülkiyyətində olması və 1998-ci il tarixdən hal-hazıra qədər həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunaraq istifadə olunduğu qeyd olunmuşdur. İş üzrə iddiaçı da yolun məhz cavabdeh tərəfindən zəbt edildiyini, sadəcə olaraq Cavabdeh1 iş üzrə cavabdehlik daşımamaq üçün şəhid ailəsinin üzvü olan bacısının statusundan imtiyaz kimi istifadə etmək niyyəti ilə torpaq sahəsinin bacısı oğluna məxusus olduğunu iddia etdiyini bildirmişdir ki, iddiaçının bu arqumenti işin digər hallarına uyğun olmaqla inandırıcı və ağılabatan olmuşudur. Beləliklə, məhkəmə kollegiysı cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iş materialları ilə İddiaçı1 və İddiaçı2 məxsus Tərtər rayonu Hüseynli kənd ərazisində yerləşən **********54 reyestr nömrəli 0.13 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunun 381 kv.m hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilərək çəpərlənməsi, bununla da cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıların mülkiyyətindən öz istədiyi kimi istifadə etmək hüququnun məhdudlaşması iş materialları ilə sübut olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(061)-14/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar