Məhkəmə qərarları › İş №2(104)-2366/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2366/2023

15.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2366/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, iddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, İddiaçı2 nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-104/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: ünvan 1 ünvanı çoxmənzilli binadır. Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanı ilə bitişikdir. X5 AN-İ ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Səbuhi Xasayev 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv.m olan qeyri-yaşayış binasının tam hissəsini 5000 manata Cavabdeh satmışdır. X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Cavabdeh məxsus 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektinin arxa hissəsi ünvan 1 ünvanıdır və oradakı torpaq sahəsi bina sakinlərinin daimi istifadəsindədir. Cavabdeh qeyri-qanuni olaraq 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə onların istifadələrində olan torpaq sahəsini zəbt edərək tikintini 40 kv.m-ə çatdırmış, hətta ikinci mərtəbəni də qeyri-qanuni olaraq inşa etdirmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 4 ünvanında qeyri-qanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ünvan 5 ünvana məxsus torpaq sahəsində qeyriqanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı çoxmənzilli binadır. ünvan 6bdeh Cavabdeh məxsus 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektinin arxa hissəsi ünvan 1 ünvanıdır və oradakı torpaq sahəsi bina sakinlərinin daimi istifadəsindədir. Cavabdeh qeyri-qanuni olaraq 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə onların istifadələrində olan torpaq sahəsini zəbt edərək tikintini 40 kv.mə çatdırmış, hətta ikinci mərtəbəni də qeyri-qanuni olaraq inşa etdirmişdir ki, faktiki olaraq gələcəkdə onların binalarının qəzalı vəziyyətə düşməsinə səbəb olacaqdır. Belə ki, yağış yağarkən cavabdehin qeyri-qanuni tikdirdiyi binanın 2-ci mərtəbəsinə yağış suyu yığılaraq mənzillərinin divarlarını rütubətləndirir. Eyni zamanda ikinci mərtəbədən onların mətbəxi qarşısında giriş-çıxış qapısı qoymuş və pilləkənləri də onların istifadəsində olan torpaq sahəsinə qoymaq niyyətindədir. Özünün şəxsi mənafeyi üçün sakinlərin ümumi istifadəsində olan torpaq sahəsindən ticarət obyekti kimi istifadə etmək qanunvericiliyə uyğun deyildir. Əlavə olaraq bildirmişlər ki, cavabdehin qeyri-qanuni tikinti işi aparmasına görə barəsində inzibati xəta haqqında 14 mart 2021-ci il tarixdə protokol tərtib edilmişdir. Həmin protokol Gəncə şəhəri İcra Hakimiyyətinin 18 fevral 2021-ci il tarixli təqdimatına əsasən tərtib edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-104/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Məhkəmə baxışı zamanı xüsusi bilik tətbiqinə ehtiyac olduğu üçün iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29- 06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli tikilinin 24,0 kv.m hissəsi həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir və cavabdeh tərəfindən istifadə edilir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsi Cavabdeh hesabına sökülməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmadan, yalnız iddiaçı tərəfin izahatlarında qeyd etdiklərinə əsasən qətnamə çıxarmışdır. Belə ki, o, Qarabağ Əlilləri və X2 sədridir. ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini İddiaçı1 mərhum əri Zabil Əsgərovdan 2019-cu ildə almışdır. Qeyri-yaşayış sahəsi sənəd üzrə 12.4 kvm olsa da, Zabil Əsgərov ona satan zaman yaşayış sahəsinin faktiki sahəsi 40 kv.m idi və Z.Əsgərov ondan 40 kv.m-in pulunu alıb. O, alan zaman sahədə Zabil Əsgərov tərəfindən inşa edilmiş otaq və arxada 2 ədəd anbarı var idi. Oranı hətta peraşki sexi kimi istifadə ediblər. Həmin otaq və anbarlar bərbad halda olduğu üçün o, onları söküb yerində tikinti inşa etmişdir. O, faktiki olaraq 40 kv.m sahəni aldığı üçün tikintini də 40 kv.m sahədə inşa etdirmişdir. Göründüyü kimi iddiaçıların qeyd etdiyindən fərqli olaraq, o, torpaq sahəsini zəbt etməmişdir, elə onların özlərinə pul verib almışdır. İkincisi, onların özləri tərəfindən inşa edilmiş tikili də binaya bitişik idi. Necə olur ki, iddiaçı (onun mərhum əri) tikdirəndə qanuni olur, binanı qəzalı vəziyyətə salmır, o tikdirəndə qanunsuz olur və binanı qəzalı vəziyyətə salır. Üçüncüsü, tərəfindən inşa edilmiş, qeyd edilən tikilinin qanuniləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir və hazırda onun obyektinin sənədləri hazırlanır. Bundan başqa iddiaçılar qeyd edirlər ki, guya o, onların mətbəxinin qarşısına giriş-çıxış qapısı qoymuş və pilləkəni də onların istifadəsində olan torpaq sahəsinə qoymaq fikri var. Bununla bağlı qeyd edir ki, giriş-çıxış qapısının iddiaçıların mətbəxinə heç bir aidiyyatı yoxdur. Məhkəmə hazırki işlə bağlı yerli baxış keçirmədiyindən bu halları müəyyən etməmişdir. Ümumiyyətlə, onun tikililəri iddiaçıların heç bir hüququnu pozmur. Buna görə hesab edir ki, iddiaçıların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Həmçinin o pilləkəni də iddiaçıların torpaq sahəsinə qoymur. Çünki torpaq onlara məxsus deyil. O torpaq sahəsinə qanunsuz olaraq pilləkən qoyursa bunu torpağın mülkiyyətçisi mübahisələndirə bilər, hazırki iş üzrə iddiaçılar deyil. Bundan başqa məhkəmə qətnamə çıxararkən 14 mart 2021ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsaslanmışdır. Belə ki, guya həmin protokolla o, ünvan 8 ünvanında qanunsuz tikili apardığı üçün barəsində inzibati protokol tərtib edilmişdir. Bu tamamilə yalandır. Belə bir protokol yoxdur. İş materiallarına iddiaçılar tərəfindən təqdim edilmiş həmin protokol saxtadır. Məhkəmə bunu kifayət qədər araşdırmadan qətnamədə qeyd etmiş və protokola əsaslanmışdır. Bundan başqa məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, onun inşa etdiyi tikilinin 24.0 kvm sahəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021-ci il tarixli aktında qeyd edilmişdir ki, guya həmin torpaq sahəsində bina yaşayışçılarının talvarı, anbarı, hamamı və tualeti var. O, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə və eləcə də 23 aprel 2021-ci il tarixli aktla razı deyildir. Belə ki, onun obyektinin heç bir hissəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində deyil. Daha dəqiq desə, həmin torpaq sahəsi heç vaxt, yaxud ən azından o, Zabil Əsgərovdan obyekti alan zaman bina sakinlərinin istifadəsində olmamışdır. Bina sakinlərinin həmin torpaq sahəsində nə anbarları, nə talvarları, nə də sair tikililəri mövcud deyil. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçı2 nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət ... İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ....;

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

4. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.

Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikası «Bələdiyyə torpaqlarının idarə edilməsi» haqqında Qanunu Həmin qanunun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Həmin qanunun 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qətnamənin ləğv olunması tələb olunduğuna görə qətnamə tam yoxlanmalıdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, AN-İ ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 şəhəri, Səbuhi Xasayev 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv.m olan qeyri-yaşayış binasının tam hissəsini 5000 manata Cavabdeh satmışdır. X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2020-ci il tarixli fərdi yaşayış evinin texniki pasportuna əsasən ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı1 adına qeydə alınmışdır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Gəncə Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2012-ci il tarixli fərdi yaşayış evinin texniki pasportuna əsasən ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evi X4 adına qeydə alınmışdır. Bundan əlavə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Şeyxbahəddin küçəsi bina 38, mənzil 8 daşınmaz əmlakın dövlət reyestrində 110 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020ci il tarixdə İddiaçı1 adına qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Şeyxbahəddin küçəsi bina 38, mənzil 1 daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə tikili A-da sahəsi 27.3 kv.m olan 1 yaşayış otağı X4 adına, tikili A-da sahəsi 22.4 kv.m olan 1 yaşayış otağı, 12.0 kv.m köməkçi sahə X7 adına qeyd edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 5 ünvana məxsus torpaq sahəsində qeyri-qanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddiaçıların istifadəsində olan ümumi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün iş üzrə ekspert rəyi alınmışdır. Ekspert rəyi ilə cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2021-ci il tarixli rəyindən görünür ki, qərardadın 1-ci sual üzrə ünvan 11 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş (qeyri-yaşayış) sahəsi ticarət obyektinin 1ci mərtəbə səviyyəsində inşa olunmuş qeyri-yaşayış sahəsinin 36.0 kv.m olduğunu nəzərə alaraq Cavabdeh mülkiyyətində olan 12.4 kv.m daxilində inşa edilmədiyi müəyyən edilmişdir. Qərardadın 2- ci, 3-cü, 4-cü və 5-ci sualları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Gəncə Layihə -Tədqiqat idarəsinin mütəxəssislərinə aid olduğundan (mütəxəssis rəyi təqdim olunmadığından) bu suallar üzrə tədqiqat aparılmamışdır. Həmçinin işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı, cavabdeh və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikilinin dövlət mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi, cavabdeh tərəfindən inşa edilmiş 40.0 kv.m mübahisəli tikilinin 16.0 kv.m hissəsi **********29-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24.0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/589 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanında Cavabdeh tərəfindən inşa edilmiş qeyriyaşayış sahəsinin üzərində aparılmış əlavə tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarix 160 No-li qərarı ilə təsdiq edilmiş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1, 4.2.-ci bəndinin tələblərinə uyğun olmadığı, cavabdeh tərəfindən inşa edilən tikilinin digər şəxslərin mənzil hüquqlarını pozub-pozmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadığı, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29- 06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli tikilinin 24,0 kv.m hissəsi həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşməsi və cavabdeh tərəfindən istifadə edilməsi eksperiza rəyi ilə müəyyən edilmişdir. Həmçinin məhkəmə kollegiyası tərəfindən qeyd olunan torpaq sahəsinə və əmlaka yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh inşa etdiyi tikili şəhərsalma və tikinti qanunvericiliyində qeyd olunmuş normalarla uyğun tikilməməklə iddiaçıların hüquqlarını məhdudlaşdırır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin 16 kv.m hissəsi **********29-06301 reyestr nömrəli Çıxarışa əsasən Cavabdeh qanuni istifadəsində olan torpaq sahəsində, 24,0 kv.m hissəsi isə, həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 3-cü bəndinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, ümumi istifadədə olan torpaqların mülkiyyətə verilməsini qanunvericilik nəzərdə tutmamışdır. Həmçinin, qanunvericilikdə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Göründüyü kimi apellyatorun şikayəti onun formal mülahizələrinə əsaslanmaqla təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

Nəticəvi hissə:

Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-104/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar