Məhkəmə qərarları › İş №2(104)-237/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-237/2024

19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-237/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəlik hüququ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 Qaraxan oğlunun və üçüncü şəxs X14 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mirasın bölünməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 251 saylı arayışdan görünür ki, Quliyev X21 RİHB-nın Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Şahdağ kəndində həyat yoldaşı X5 məxsus fərdi yaşayış evində yaşayır.

2. Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 182 saylı arayışdan görünür ki, X3 mərhum qayınanası X22 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Mərhumun ilkin dəfn xərclərini X7 çəkmişdir.

3. Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 252 saylı arayışdan görünür ki, İddiaçı mərhum X4nun adına Gədəbəy RİHB-nın Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin Şahdağ kəndində 1963-cü ildə tikilmiş ümumi sahəsi 110 kv.m fərdi yaşayış evi və 0.26 ha həyətyanı torpaq sahəsi vardır.

4. Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 255 saylı arayışdan görünür ki, İddiaçı mərhum X4 ölən bir günə kimi Gədəbəy rayonu, Şahdağ kəndində yaşamışdır və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatda qalmış ailə üzvləri kimi oğlu İddiaçı və gəlini X7 qeyd edilmişdir. Başqa yerdə yaşayan ailə üzvləri kimi oğlu X26, oğlu X29, oğlu X16 və oğlu Cavabdeh qeyd edilmişdir.

5. Gədəbəy rayonu İHB-nin Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 290 saylı arayışdan görünür ki, İddiaçı mərhum anası X27 ölən bir günə kimi Gədəbəy rayonu, Şahdağ kəndində yaşamışdır və xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra təsərrüfatda qalmış ailə üzvləri kimi oğlu İddiaçı və gəlini X7 qeyd edilmişdir. Başqa yerdə yaşayan ailə üzvləri kimi oğlu X26, oğlu X29, oğlu X16 və oğlu Cavabdeh qeyd edilmişdir. İşdə olan X26, X29 və X16 tərəfindən notarial qaydada verilmiş ərizələrdən görünür ki, onlar atalarında qalmış miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişlər və miras əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almaq niyyətində deyildirlər.

6. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X7 nikahlarını 01 iyun 1990-cı il tarixdə bağlamışlar.

7. Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X15 və X22 nikahlarını xx.xx.1960-cı il tarixdə bağlamışlar.

8. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Gədəbəy rayonu, Şahdağ kəndində doğulmuşdur. Atası qrafasında X15, anası qrafasında X22 qeyd edilmişdir.

9. Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X15 xx.xx.2018-ci il tarixdə, X23 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

10. JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 29 iyun 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu Şahdağ kəndində X8, X11, İddiaçı, X3, X17, X13 və X18 ümumi birgə mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir.

11. Gədəbəy rayon Notariat ofisi tərəfindən X12 ünvanlanmış 23 iyun 2023-cü il tarixli, 398 nömrəli məktubdan görünür ki, miras mülklə əlaqədar mübahisə olduğuna görə İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

12. Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 190 saylı məktubdan görünür ki, İddiaçı mərhum X15 və X11 mirasından imtina ilə bağlı məlumat Gədəbəy rayon notariat ofisində aşkar edilməmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X29 bildirmişdir ki, iddiaçı və cavabdeh onun qardaşıdır. Ata və anasından fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Valideynlərinin sağlığında və onlar vəfat etdikdən sonra onlardan miras qalmış evdə qardaşı İddiaçı yaşamış və torpaq sahəsini İddiaçı əkibbecərmişdir. Onun miras əmlakdan hər hansı pay tələbi yoxdur və ona çatası payı İddiaçı verir. Valideynlərinə İddiaçı baxmışdır və hazırda onlardan qalmış miras əmlakı iddiaçı idarə edir.

14. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X28 məhkəmə iclasında şahid X29 ilə eyni məzmunlu ifadə vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum anası X9 miras qalmış, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və mərhum X4ndan miras qalmış, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən, JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli fərdi yaşayış evindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X4 ilə anası X22 1956-cı ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar, xx.xx.1960-cı ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından o, X26, X29, X16 və Cavabdeh olmaqla 5 övladı olmuşdur. X4 xx.xx.2018-ci ildə, anası X22 xx.xx.2022-ci ildə vəfat etmişdir. Atası və anasının sağlığında onların Gədəbəy rayonu, Şahdağ kəndində torpaq sahəsi olmuş, həmin torpaq sahəsində 1963-cü ildə ümumi sahəsi 110 kv.m olan fərdi yaşayış evi tikdirmişlər. Həm valideynlərinin sağlığında, həm də onların ölümündən sonra həmin evdə o və ailə üzvləri yaşamışdır. Bu səbəbdəndir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu, Şahdağ kəndində X4nun, anası X11, onun, arvadı X3 və övladları X17, X13 və X19 ümumi birgə mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Ev ərizəyə əlavə etdiyi Şahdağ kənd İƏD üzrə nümayəndəlyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən atasının adına qeyd edilmişdir. Həmin evdə valideynləri və o ailə üzvləri ilə birlikdə yaşamışlar. Valideynlərinə o baxıb qulluq etmişdir. Valideynləri vəfat edəndə bütün dəfn xərclərini o və həyat yoldaşı qarşılamışdır. Bu barədə Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli arayışını ərizəsinə əlavə etmişdir. Atasının və anasının ölümündən sonra da, onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq o qəbul etmiş, miras əmlak üzəriəndə sahiblik və istifadəni həyata keçirmişdir. O, atasının və anasının vəfatından sonra onlardan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Digər qardaşları X26, X29 və X16 valideynlərindən miras qalmış əmlakdan heç bir pay tələb etmirlər, onlar bu barədə notarial qaydada imtina ərizələri vermişlər. Odur ki, qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdeh olan qardaşı Cavabdeh valideynlərinin ölümündən uzun müddət əvvəl, təxminən 40 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. O, heç vaxt həmin torpaq sahəsini istifadə etməmiş, nə valideynlərimin sağlığında, nə də onların ölümündən sonra həmin torpaq sahəsində yerləşən evdə yaşamamışdır. Bu da onu göstərir ki, valideylərindən qalmış miras əmlakı qanun üzrə vərəsə olaraq təkcə o qəbul etmişdir. Miras kütləsi ilə bağlı qeyd etmək istəyir ki, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha torpaq sahəsinə dair JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə vardır. Həmin şəhadətnaməyə əsasən torpaq sahəsinin 2/7 hissəsi valideynlərindən (1/7 hissə atasından, 1/7 hissə anasından) miras qalmışdır. Eləcə də, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi Gədəbəy rayonu Şahdağ kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 252 nömrəli arayışa əsasən, X4nun adına qeyd edilmişdir. Yaşayış sahəsi ikimərtəbəli olmaqla birinci mərtəbə zirzəmidən, ikinci mərtəbə 2 otaqdan ibarət fərdi yaşayış evindən ibarətdir. Həmin əmlakı X4nun və anası X1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasında heç bir maneə olmamış və onların həmin əmlaka dair mülkiyyət gözləntiləri olmuşdur. Qeyd olunanlara əsasən hesab etmişdir ki, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi anası X9, 1/7 hissəsi X4ndan və həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli fərdi yaşayış evi X4ndan qalmış miras kütləsinə daxil edilməlidir.

17. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə oxşar izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun qardaşıdır. Cavabdeh 1983-cü il tarixdə ailə quraraq Bakı şəhərinə köçmüşdür. Cavabdeh özünün Şahdağ kəndində evi və torpaq sahəsi vardır. Cavabdeh ailə qurub köçdükdən sonra ata evinə gəlməmiş, fərdi yaşayış evində yaşamamış və torpaq sahəsindən istifadə etməmişdir. Fərdi yaşayış evini atası inşa etdirmişdir. O, Rusiya Federasiyasının vətəndaşıdır. Ata evinə mütəmadi olaraq gəlib-getmişdir. Fərdi yaşayış evi və torpaq sahəsi onun nəzarətində olmuşdur. O, Rusiya Federasiyasında olan zaman evin açarı nəzarət edilməsi üçün digər qardaşı X20 olmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

18. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh ona qarşı olan iddia tələbini etiraf etməmiş və izahatında göstərmişdir ki, o, 1983-cü il tarixdən Bakı şəhərində yaşamışdır. İddiaçı onun qardaşıdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və orda yaşamışdır. O, ata evinə daimi olaraq gəlib-getmişdir. Ona məxsus əşyalar həmin evdə olmuşdur. İddiaçı ata və anasından qalmış miras əmlakı qəbul etməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsi ilə (hakim M.Kazımov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mərhum X8 və X11 ölümündən sonra qalmış JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsinin 2/3 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 178.1, 178.2, 1133.1, 1133.2, 1159.1, 1159.1.1., 1166, 1243.1, 1243.2, 1243.3 və 1246 maddələrinə istinad edərək hesab etmişdir ki, X11 ölümündən sonra Gədəbəy rayonu, Şahdağ kəndində sahəsi 0.26 ha olan torpaq sahəsinin 1/7 hissəsi, X8 ölümündən sonra Gədəbəy rayonu, Şahdağ kəndində 0.26 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi miras qalmışdır. Həmin əmlaklar X6 və X9 qalmış miras kütləsinə daxil edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı və ailəsi Rusiya Federasiyanın vətəndaşıdır, o, ailə üzvləri ilə daima Rusiya Federasiyasının ərazisində yaşamışlar. O, isə Bakı şəhərində qeydiyyatda olmasına baxmayaraq daima Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən ata yurduna gedib-gəlmişdir. Ata-anasına o qulluq etmiş, onların həmişə qayğısına qalmışdır. Ataanasının qış aylarında özü ilə Bakı şəhərinə gətirərək baxmış, yay aylarında isə hamısı birlikdə Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən evlərində yaşamışlar. Ata evini 1991- 1992-ci illərdə əsaslı təmir etdirmişdir. Atası vəfat etdikdən sonra İddiaçı anasını da götürüb Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan o, ata evinə daim gəlib-getmiş, həmin evdə yaşamışdır. İddiaçı heç vaxt ata evində yaşamamış, Rusiya Federasiyasında yaşamış, ata-analarına heç bir qayğı göstərməmişdir. Bu faktı qonşuları da təsdiq edə bilər. Həmçinin onun ata evində olan əşyaları İddiaçı və digər qardaşı Əli Quliyev tərəfindən yararsız hala salınmışdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, anası Zinyət Quliyeva vəfat edərkən onun dəfn xərclərini gəlini Kifayət Quliyeva çəkmişdir. Qeyd edir ki, anasl xx.xx.2022-ci il tarixdə vəfat etmişdir ki, həmin vaxt və ondan təxminən 6 ay sonra Kifayət Quliyeva ümumiyyətlə Azərbaycan Respublikasında olmamışdır. Həmin tarixdə iddiaçı və arvadı Rusiya Federasiyasında olmuşlar.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, etirazı onunla əsaslandırmışdır ki, X4 ilə anası X22 1956-cı ildə qeyri-rəsmi olaraq ailə qurmuşlar, xx.xx.1960-cı ildə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından o, X26, X29, X16 və Cavabdeh olmaqla 5 övladı olmuşdur. X4 xx.xx.2018-ci ildə, anası X22 xx.xx.2022-ci ildə vəfat etmişdir. Atası və anasının sağlığında onların Gədəbəy rayonu, Şahdağ kəndində torpaq sahəsi olmuş, həmin torpaq sahəsində 1963-cü ildə ümumi sahəsi 110 kv.m olan fərdi yaşayış evi tikdirmişlər. Həm valideynlərinin sağlığında, həm də onların ölümündən sonra həmin evdə o və ailə üzvləri yaşamışdır. Bu səbəbdəndir ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu, Şahdağ kəndində X4nun, anası X11, onun, arvadı X3 və övladları X17, X13 və X19 ümumi birgə mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-034D KOD 50531018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib edilmişdir. Ev iddia ərizəsinə əlavə etdiyi Şahdağ kənd İƏD üzrə nümayəndəlyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən atasının adına qeyd edilmişdir. Həmin evdə valideynləri və o ailə üzvləri ilə birlikdə yaşamışlar. Valideynlərinə o baxıb qulluq etmişdir. Valideynləri vəfat edəndə bütün dəfn xərclərini o və həyat yoldaşı qarşılamışdır. Bu barədə Şahdağ kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli arayışını ərizəsinə əlavə etmişdir. Atasının və anasının ölümündən sonra da, onlardan qalmış miras əmlak olan həmin fərdi yaşayış evini və evin yerləşdiyi həyətyanı torpaq sahəsini faktiki olaraq o qəbul etmiş, miras əmlak üzəriəndə sahiblik və istifadəni həyata keçirmişdir. O, atasının və anasının vəfatından sonra onlardan qalmış miras mülkə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Gədəbəy Notariat Ofisinə müraciət etmiş, lakin qardaşı Cavabdeh mirasın qəbul edilməsi ilə bağlı mübahisə yaratdığına görə Gədəbəy Notariat Ofisi ona xx.xx.2023-cü il tarixdə imtina məktubu vermiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Digər qardaşları valideynlərindən miras qalmış əmlakdan heç bir pay tələb etmirlər, onlar bu barədə notarial qaydada imtina ərizələri vermişlər. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, guya ata-anasından qalmış mirası təkcə o qəbul etmişdir. Lakin bu hal tamamilə yalandır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil2 Qaraxan oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirdi və şikayətin təmin edilməməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X29 göstərdi ki, mirasda olan payını iddiaçı olan qardaşına vermişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

27. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

28. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(104)-237/2024 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsi qismən, İddiaçı mərhum X8 və X11 ölümündən sonra qalmış JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan, Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsinin onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4 birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edildiyi hissəsində mübahisələndirildiyindən, hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının məhz mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.

38. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tam, obyektiv araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

39. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməsi nəticəsinə gəlmişdir.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı ilə vərəsəlik hüququnun bir sıra institutlarının tətbiqi köklü olaraq dəyişilmişdir. Belə ki, vərəsəlik hüququnun əsas elementlərindən biri olan “mirasın qəbul edilməs müddəti” institutu öz praktiki əhəmiyyətini itirmişdir. Odur ki, iddiaçının miras əmlaka olan hüquqlarına mirası qanunla müəyyən edilmiş müddətlərdə qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notariat qaydasında mirasdan imtina edilə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi mirasa münasibətdə hüquqları qalmaqda davam edir. Odur ki, şəxsin konkret müddətlərdə mirası qəbul edibetməməsinə görə onun miras əmlaka dair hüququnun müəyyən edilməsi barədə yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı mövqeyə uyğun deyildir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.

43. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

44. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

45. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

46. İş materiallarından göründüyü kimi, mərhumlar X15 və X22 nikahlarını xx.xx.1960-cı il tarixdə bağlamışlar. Onların nikahlarından 5 övladı – İddiaçı, X26, X29, X16 və Cavabdeh olmuşdur. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli qərarı ilə Gədəbəy rayonu, Şahdağ kəndində X8, X11, İddiaçı, X3, X17, X13 və X18 ümumi birgə mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi verilmişdir. X15 xx.xx.2018-ci ildə, X22 xx.xx.2022-ci ildə ölmüşdür. X2 və X10 mirasdan pay tələbləri yoxdur, lakin digər vərəsələr mirasdan qanunla müəyyən olunmuş qaydada imtina etməmələri barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişlər. Hazırda mirasın predmetini JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasən ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsi təşkil edir.

47. İş materiallarına əlavə edilmiş Gədəbəy rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 190 saylı məktubdan da görünür ki, İddiaçı mərhum X15 və X11 mirasından imtina ilə bağlı məlumat Gədəbəy rayon notariat ofisində aşkar edilməmişdir.

48. Göründüyü kimi, vərəsələrdən İddiaçı və Cavabdeh mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmişlər, bununla da vərəsələr mübahisəli miras əmlakı qəbul etmişlər. Üçüncü şəxs X29 Mülki Məcələninin 1256-cı maddəsində nəzərdə tutulmuş müddətlərdə mirasdan imtina etməmişdir. Belə ki, üçüncü şəxsin birinci instansiya məhkəməsindəki icraat zamanı şahid qismində verdiyi ifadəsindən də məlum olur ki, o, mirası qəbul etmiş və hazırda ona çatası paydan iddiaçının xeyrinə imtina edir. Məhkəmə kollegiyası bu xüsusatla bağlı qeyd edir ki, vərəsənin mirası qəbul etdikdən sonra ona çatası paydan hansı vərəsənin xeyrinə imtina etməsi proseduru mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. O, yalnız miras əmlakda olan payına hüquqlarını müvafiq qaydada rəsmiləşdirdikdən sonra öz iradəsinə uyğun olaraq həmin əmlakı özgəninkiləşdirə bilər. Bu səbəbdən kollegiya hesab edir ki, mərhum X15 və X9 qalmış mirasın predmetini təşkil edən əmlak iddiaçı, cavabdeh və üçüncü şəxs arasında payları bərabər olmaqla bölünməlidir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin mirasın predmetini təşkil edən 2/7 hissəsi üzərində hər birinin 1/3 hissədə olmaqla İddiaçı, Cavabdeh və üçüncü şəxs X14 payları müəyyən edilməlidir.

50. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-718/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilsin. JN-034D KOD 50531018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında ümumi birgə mülkiyyətdə olan Gədəbəy rayonu, Şahdağ kəndində yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinin mərhumlar X15 və X9 miras qalmış 2/7 hissəsinə birinci növbədə vərəsələr-İddiaçı, Cavabdeh və üçüncü şəxs X14 hər birinin 1/3 hissədən ibarət olmaqla payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar